Əliş Abdulla 
 

Bir fərdin şəxsiyyət kimi formalaşmasında onun nitq qabiliyyəti çox mühüm əhəmiyyət daşıyır. İnsan düzgün nitqə sahib olmaq, ümumiyyətlə, danışa bilmək üçün əvvəlcə eşidə bilməli, yəni, səsləri tanımalıdır. İnsan eşitməyə ana bətnində 20-ci həftədən etibarən başlayır. Ətraf mühiti tanıma, nitq qabiliyyəti isə insan dünyaya gəldiyi andan etibarən yaranır, inkişaf edir və formalaşır. Eşitmə ilə bağlı hər hansı problemimiz yarandıqda isə ilkin olaraq audiologiya mütəxəssisinə - audioloqa müraciət etməliyik. Bəs, audioloqa konkret hansı hallarda müraciət etməliyik? Audioloqu lor həkimindən nələr fərqləndirir? Bu kimi suallarımıza cavab almaq üçün audioloq Firuzə Qəniyeva ilə həmsöhbət olduq... 

- Audiologiya ixtisasına harada yiyələnmisiniz? 

- Orta təhsilimi Bakıda bitirdikdən sonra Türkiyənin Hacettepe Universitetində audiologiya və nitq pozğunluğu ixtisasına yiyələnmişəm. 2017-ci ildə Azərbaycana qayıtmışam və 5 ildən artıqdır ki, burada fəaliyyət göstərirəm. Azərbaycana qayıtmazdan əvvəl Türkiyədə də bir müddət fəaliyyət göstərmişəm.

- Ümumilikdə, audiologiya nədir? 

- Audiologiya eşitmə, nitq terapiyası, nitq pozğunluqları, eləcə də, başgicəllənmələr üzərində ixtisaslaşmış bir sahədir. Audiologiyanın audioloji tərəfi eşitməni, başgicəllənməni əhatə edir və bu problemlərlə birbaşa bağlıdır. Nitq-səs terapiyası tərəfi isə əgər insanlarda nitq, səs pozğunluğu, kəkələməlik varsa, bunların müalicəsi, terapiyası, reabilitasiyası üzərində dayanır. 

- Audiologiya daha çox hansı tibb sahələri ilə əlaqəlidir? 

- Audiologiya qulaq-burun-boğaz ixtisasından çıxmış, hələ də onun tərkibində olan bir sahədir və birbaşa onunla bağlıdır. Bundan başqa, nevrologiya, fizioterapiya, psixiatriya, uşaq psixologiyası, neonatologiya və bu kimi ixtisaslarla əlaqəlidir. Məsələn, travma almış və ya miozit keçirmiş birinin müalicəsi bizim sahə ilə bağlıdır. 

- Audioloq-nitq-səs mütəxəssisi kimdir və hansı işləri görür? 

- Audioloq yeni doğulmuş körpədən yetkin yaşlı insana qədər bütün yaş intervallarını əhatə edən, eşitmə, nitq və bədən tarazlıq problemlərini aşkar edən, müayinəsini və reabilitasiyasını həyata keçirən şəxsdir. Bundan başqa, audioloq uşaqlarda nitq inkişafının ləngiməsinin qarşısının alınması, yarıq-dodaq-damaq problemlərində pozulmuş nitqin bərpa olunması, yumşaq damaqda hər hansı problemlə bağlı səsin buruna qaçmasının (nazal səslənmə) aradan qaldırılması, həmçinin, səslərin düzgün tələffüz edilməməsi, kəkələməlik və hər hansı xəstəliklə əlaqədar itirilmiş danışıq səsinin bərpa edilməsi, insult keçirmiş xəstələrdə udqunma, danışma, səs hafizəsinin geri qaytarılması kimi problemlərlə də məşğul olur. Digər tərəfdən, audiologiyada qulaqla bağlı olan başgicəllənmə problemləri də var. Başgicəllənmənin bir çox növləri var. Bunlar arasında qulaqla bağlı olan patologiyalar da var. Audioloq başgicəllənmənin növünü, səbəbini, hansı xəstəlikdən irəli gəldiyini tapır, əgər cərrahi müalicə lazımdırsa, qulaq-burun-boğaz həkiminə istiqamətləndirir, yox reabilitasiya lazımdırsa, audioloq özü bu işin öhdəsindən gəlir. Eşitmədə də həmçinin, vəziyyət dəyərləndirilir, əgər cərrahi müdaxilə lazım deyilsə, eşitməni dəstəkləyən cihazlar - eşitmə cihazı, koklear implant, sümük yoluna, orta qulağa implant (təbii ki, eşitmənin növündən asılı olaraq) təyin edir, daha sonra xəstənin reabilitasiya prosesini həyata keçirir. Həmçinin, nitqin inkişafının hansı mərhələdə olduğunu dəyərləndirir və buna uyğun olaraq hər xəstəyə individiual reabilitasiya proqramı təyin edir. 

- Hansı şikayəti olan xəstələr audioloqa müraciət edə bilərlər? 

- İlk növbədə, yeni doğulmuş körpələr. Ümumiyyətlə, dünyada protokol bu şəkildədir ki, doğumdan sonra xəstəxananı tərk etməzdən əvvəl ən vacib müayinələrdən biri də eşitmə müayinəsidir. Çünki valideyn eşitmə itkisini hiss etməsə, daha sonra uşaqda olan eşitmə itkisi inkişaf geriliyinə səbəb ola bilər. Ona görə də, vacibdir ki, uşaq doğulan kimi eşitmə testindən keçsin. Uşaq 48 saatdan sonra 3 ayına qədər yeni doğum müayinəsi, bundan əlavə isə ildə bir dəfə eşitmə müayinəsi olunmalıdır. Valideyn təklikdə uşağın danışmadığını başa düşməyə bilər, ancaq əgər bağçada baxıcısı uşaq üçün "Uşaq çox diqqətsizdir" deyirsə, valideyn mütləq şəkildə eşitmə müayinəsi üçün müraciət etməlidir. Uşaq danışmırsa, təbii ki, bunun genetik tərəfləri ola bilər. Amma "Nənəsi də, anası da gec danışmışdı" deyib ötüşdürmək olmaz. Bu halda hökmən audioloqa müraciət edilməli və uşağın eşitməsi dəyərləndirilməlidir. Əgər eşitməsi normaldırsa, o zaman artikulyasiya orqanları dəyərləndirilməlidir. Bundan əlavə, gözlə görülə bilən - səslərin tələffüz problemi, kəkələmə, səs çıxarıla bilməməsi, başgicəllənmə şikayəti - bunlarla bağlı problem yaşandıqda audioloqa müraciət etmək olar.

- Eşitmə müayinəsi hansı yaşdan etibarən keçirilməlidir? 

- Eşitmə müayinəsi doğumdan 48 saat sonra artıq mütləq şəkildə aparılmalıdır. Uşaqlar 0 yaşından müayinə edilməli və bu, ildə bir dəfə təkrar olunmalıdır. Əgər az da olsa, eşitmə itkisi varsa, bu uşaqlar ildə iki dəfə müayinə olunmalıdırlar. Ehtiyac varsa, cihazlandırılmalı, ya da ehtiyac varsa, müalicə olunmalıdırlar. Bu, ən çox ona görə vacibdir ki, əgər uşaqlar vaxtında eşitməsələr, nitq qabiliyyətləri inkişaf etməyəcək. Çünki biz ana bətnindən etibarən eşitməyə başlayırıq. 6-7 aydan sonra isə bu eşitmə şüurlu şəkildə dinləməyə keçir. Bu zaman isə hecaların təkrarı başlayır - "ba-ba", "nənə"... Və bəzi ailələr bunu uşağın "baba", "nənə" deməsi kimi qiymətləndirirlər. Əslində isə bu, bir uşağın dil qazanma prosesinin başlanğıcıdır. Uşaq özünü dinləyir və eyni səsi təkrarən çıxararaq heca təkrarı dediyimiz mərhələyə qədəm qoyur. Bu səslər hər hansı qrammatik məna kəsb etməyən səs təkrarlarıdır. Bundan sonra tək hecalı sözlər, daha sonra qısa sözlər və cümlələr başlayır. Əgər uşaq 1 yaşına çatırsa və heca təkrarı etmirsə, valideyn mütləq eşitmə müayinəsi üçün müraciət etməlidir.

- Eşitmə insan üçün nə əhəmiyyət daşıyır və eşitmə azlığında nələrlə üzləşə bilərik? 

- Eşitmə çox mühüm faktordur. Az əvvəl də dediyim kimi, uşaq eşitmirsə, danışmayacaq. Çünki uşaq ətrafdakı səslər haqqında heç bir fikrə sahib deyil. Bundan başqa, eşitmə olmadığı halda beyində ümumi inkişaf da çox ləng getməyə başlayır. Ona görə də, eşitməsi olmayan uşaqlara orta və yüngül dərəcəli autizm, zəka geriliyi kimi diaqnozlar qoyula bilər. Belə uşaqlarda beyinin ümumi inkişafı çox ləngiyir. Digər tərəfdən, eşitmə itkisi olan insanlar çox unutqan olurlar. Qarşısındakını anlamaq problemi yüksək dərəcəyə çatır. Yaşlı nəslə gəldikdə isə bu zaman altsheymer və demans problemləri ortaya çıxa bilər. Eşitməyən bir uşaq beyin geriləməsi olduğu üçün eyni zamanda yeriməyə də bilər. 

- Valideynlər uşaqlarının nitqi üçün nə vaxtdan və hansı hallarda narahat ola bilərlər? 

- Valideynlər əgər uşaqları 1 yaşına çatıbsa və heca təkrarı yoxdursa, 2 yaşına çatıbsa və 150-200 söz deyə bilmirsə, həmçinin, minimum iki sözü yanaşı qoyub cümlə qurmağı bacarmırsa, mütləq müayinə üçün müraciət etməlidirlər. Çünki genetik faktorun üzərinə yıxaraq, 3 yaşından sonra uşağa danışmağı qazandırmaq daha çətin olacaq. Uşağın bir qulağı təmiz eşidərsə, ancaq digər qulağında eşitmə itkisi olarsa, təmiz danışa bilər. Ancaq əgər uşaqda diqqət dağınıqlığı hiss olunarsa, mütləq eşitmə testi olunmalıdır. - Hansı hallarda eşitmə cihazından istifadə olunmalıdır? - Əgər hər hansı bir fərddə geri qazanılması mümkün olmayan eşitmə itkisi varsa, onda o, problemin yerindən, səbəbindən və dərəcəsindən asılı olaraq eşitmə cihazı ilə təmin edilməlidir. Rəqəmsal proqramlaşdırıla bilən eşitmə cihazları, koklear implant, orta qulağa və ya sümüyə implant oluna bilən müxtəlif cür eşitmə cihazları var. Buradan valideynlərə təkidlə tövsiyə edirəm ki, eşitmə cihazının görüntüsünü övladları üçün kompleks halına gətirməsinlər. Uşaq və ya yetkin insan əgər eşitmirsə, ətrafındakı insanlar onsuz da bunu başa düşəcəklər. Ona görə də, əgər həkimləri tövsiyə edirsə, eşitmə cihazını vaxtında taxmaq çox vacibdir. Çünki nə qədər tez eşitmə cihazı tətbiq olunsa, eşitməni təmin etmək bir o qədər asan olar. 

- Eşitmə və nitq terapisti kimi tövsiyələriniz...

- Eşitmə və nitq terapisti kimi insanlara tövsiyəm odur ki, eşitmə qabiliyyətlərini qorusunlar. İnsanlar musiqini qulaqlıqlarda yüksək səslərlə dinləməməlidirlər. Çünki qulaqlıq səsi qulağa birbaşa təzyiqlə ötürür. Açıq havada dinamikdən dinlədiyimiz səsin bir qismi yayılır. O yayılmış səsin də bir qismi qulağa gedir, bir qismi geri qayıdır və beləcə, qulağımız zərər görmədən eşidir. Qulaqlıqda ətrafdakı küylərdən qurtulmaq üçün səsi artırdıqda qulağımızı travmaya məruz qoyuruq. Ona götə də, mümkün qədər yüksək səslərdən, qulaqlıqlardan uzaq durmaq lazımdır. Daha sonra ildə ən azı bir dəfə eşitmə müayinəsindən keçmək lazımdır. Bundan başqa, tövsiyələrim valideynlərədir. Valideynlər uşaqlarının inkişafını çox yaxından müşahidə etməlidirlər. Uşaq danışıqda inkişafını tamamlayırmı? Və yaxud da bütün səslərə reaksiya verirmi? Uşaqları telefondan, televizordan, texnologiyadan uzaq tutmalıdırlar. 3 yaşına qədər uşaqlar bunlarla heç ünsiyyətdə olmamalıdırlar. 3 yaşından sonra gün ərzində 15-30 dəqiqə məşğul ola bilərlər. Normal eşidən, normal inkişaf edən, eşitmə orqanında heç bir problemi olmayan 5 yaşında uşaqlar gətirirlər ki, danışmır: "Məktəbə az qalıb, 1 ayın içində uşaq danışa bilər?" - deyirlər. Araşdıranda isə görürük ki, uşaq bütün günü telefonla təmasda olur. Uşağın sosial-psixoloji inkişafı yox səviyyədədir. Ünsiyyət qura bilmir, davranış pozğunluğu var. Özünü ifadə edə bilmədiyi üçün də özünəqapanma baş verir. Valideynlər unutmamalıdırlar ki, uşaqların eşitmələrinin inkişafı üçün ən yaxşı səs insan səsi və gözlərinin (hətta beyinlərinin də) inkişafı üçün ən yaxşı görüntü insan simasıdır. Çünki insanın simasında, mimikalarında olan mürəkkəblik heç bir yerdə yoxdur. Eyni zamanda frekansların zənginliyi baxımından da insan səsi çox seçilir. Ona görə də, uşaq doğulandan etibarən onunla söhbət etmək lazımdır. Biz buna "kəlmə bombardmanı" deyirik. Uşaqları bu "bombardmana" məruz qoyuruq, sonra da 2 yaşından sonra "partlayışı" görürük. Artıq 2 yaşından sonra uşağı susdurmaq olmur. Onda valideyn də təəccüblənir ki, uşaq bunları nə vaxt öyrəndi. Çünki uşaq o vaxta qədər öyrəndiyini 2 yaşından sonra tətbiq etməyə başlayır.