Allahverdi Cəfərov 
 

Bir insana eyni şərtlər və eyni əməkhaqqı ilə 2 iş təklif edilir. Hansı ki, bu işlərdən biri onun əvvəlki iş yeridir... Aparılan çoxsaylı araşdırmalar və müşahidələr göstərir ki, insanların böyük bir hissəsi keçmiş iş yerlərində işləməyə üstünlük verirlər. Hətta bəzi hallarda digər iş təklifi daha əlverişli şərtlər və əməkhaqqı təqdim etsə də, insanlar seçim zamanı yenə də əvvəlki iş yerlərinə üstünlük verirlər. Bunun müxtəlif səbəbləri var. Ancaq onlardan 2-si həmişə geri qayıtmaq üçün əsas səbəb olur:

- Keçmiş iş yeri insanlar üçün xoş xatirələrin, dostların olduğu məkan deməkdir;

- Keçmiş iş yeri kollektivə uyğunlaşmaq probleminin olmaması deməkdir.

İnsanların keçmiş iş yerlərinə bu cür dəyər verməsi şirkətlərə də həmin insanlardan faydalanma imkanı verir. Bəs, bu imkanlara nələri daxil etmək olar?

Bir çox ölkələrdə geniş yayılmış bir təcrübə var. Şirkətlər keçmiş işçilərin bir araya toplandığı cəmiyyətlər, ictimai təşkilatlar təsis edə bilər. Məsələn, ətraf mühitin qorunması ilə bağlı qeyri-hökumət təşkilatı təsis etmək olar. Bu təşkilatın üzvləri həftə sonları bir araya gələ və ətraf mühitin qorunması ilə bağlı tədbirlər görə bilərlər. Bir həftə ağac əkə bilərlər, başqa bir həftə dəniz kənarını təmizləyə bilərlər və s.

Bu cür cəmiyyətlərə, təşkilatlara üzv olanlar şirkət dəyərlərinin ortaq daşıyıcıları hesab olunurlar. Vaxtilə bir yerdə işləyən insanlar ayrı-ayrı yerlərdə işləsələr də, onları bir-birinə bağlayan ortaq xatirələr var. Keçmiş işçilər arasında yaxın dostluq əlaqələrinə sahib olan şəxslər də yəqin ki, kifayət qədər çox olur. Belə bir cəmiyyətin, ya da təşkilatın olması istənilən şirkət üçün sosial kapital bazasının genişlənməsi deməkdir. Məlumdur ki, sosial baza nə qədər geniş olsa, şirkətlər məhsul və xidmətlərini o qədər daha geniş kütlələrə çatdıra bilərlər.

Keçmiş işçilərin hansı ictimai işlərə maraq göstərdiyini, hobbilərinin nələr olduğunu şirkətin kadrlar şöbəsində bilirlər, ya da bilməlidirlər. Şirkətin kadrlar şöbəsi həftə sonları mütəmadi olaraq futbol oynayan keçmiş işçilərinin kimlər olduğunu bilməli və onları bir komandada birləşdirməyi bacarmalıdır.

Keçmiş işçilər bir araya toplandıqları zaman təkcə ortaq xatirələrdən danışmamalıdır. Şirkətin kadrlar şöbəsi, ya da bu iş üçün məsul şəxs seçilmiş işçi şirkət barədə məlumatları onlarla paylaşmalıdır. Keçmiş iş yeri haqqında yeni xəbərləri eşitmək əksər insanlar üçün maraqlıdır. Bu cür məlumatları sosial şəbəkələr vasitəsilə də keçmiş işçilər arasında paylaşmaq olar. Ortaq sosial şəbəkə qrupları yaratmaq və orada şirkətlə bağlı məlumatları paylaşmaq mümkündür.

Burada diqqət edilməli olan mühüm məqamlardan biri keçmiş işçilərin ümumi müştəri kütləsindən fərqləndirilməsidir. Məsələn, şirkət hər hansı bir məhsul üçün endirim kampaniyası elan edəcəksə, bunu hər kəs üçün elan etməzdən əvvəl keçmiş işçilərinə bildirə bilər. Belə bir qərar keçmiş işçilərdə hələ də şirkətə bağlı olduqları hissini aşılamış olar. Yəqin ki, uzun illər uğurları üçün çalışdığınız keçmiş şirkətinizin yeni reklam afişasını hər kəs kimi küçədəki bilbordlardan görmək istəməzsiniz.

Keçmiş işçilərin şirkətlə bağlılığını gücləndirmək üçün təkcə onlara şirkətlə bağlı məlumatları verməklə kifayətlənmək olmaz. Eyni zamanda görüləcək işlərlə bağlı onlardan məsləhət də almaq olar. Təsəvvür edin ki, şirkətin yeni əməkdaşı vaxtilə onunla eyni vəzifəni icra etmiş keçmiş işçidən hansısa məsələdə məsləhət alır. Belə vəziyyət keçmiş işçidə təkcə özünəinamı deyil, həm də şirkətə olan bağlılığını artırmış olar.

Keçmiş işçilər arasındakı peşəkar mütəxəssislərin iştirakı ilə müxtəlif konfrans və təlimlər də təşkil edə bilərsiniz.

İnkişaf edib böyümək istəyən hər bir şirkət mütləq keçmiş işçiləri əlamətdar günlərdə yada salmalıdır. Onların ad günlərini təbrik etmək, yas və toy mərasimlərində iştirak etmək, bayramda xüsusi hədiyyələr göndərmək kimi tədbirlər böyümək istəyən şirkətlər üçün vazkeçilməz addımlardan olmalıdır.

Şirkətin keçmiş işçilərlə bağlı fərqləndirici tədbirləri olmalıdır. İldə bir dəfə keçmiş işçilərin ailəvi istirahətini təşkil etmək, yaxud da onlar üçün hansısa xüsusi endirim və ya güzəşt kampaniyaları təşkil etmək olar.

Məlumdur ki, yuxarıda qeyd olunan bu cür tədbirlərə şirkətlər böyük vəsaitlər xərcləməyəcəklər. Xərclədikləri kiçik vəsaitlərlə özlərinə böyük inam və etibar qazandırmış olacaqlar. Qeyd olunan tədbirlərlə hər bir keçmiş işçi öz iş və sosial çevrəsində şirkətin təbliğatçısına, təmsilçisinə, hətta bir çox hallarda maaş almadan işləyən işçisinə çevrilə bilər.

Unutmayaq ki, hər hansı bir şirkətin, ya da brendin gücü həm də onun sosial kapitalının - ona inanan, ona dəstək verən insanların çoxluğu ilə ölçülür. Bu gün dünyanın ən bahalı məhsulları, brendləri təkcə onların digərlərindən daha keyfiyyətli olmasına görə özlərinə alıcı tapmır. Bahalı brendlər özlərinə ona görə alıcı tapır ki, onlar insanlarda özlərinə qarşı digərlərindən daha inamlı, daha etibarlı təsir bağışlayırlar.

Aralarında heç bir əmək münasibətlərinin olmadığı keçmiş işçilərilə ünsiyyət quran, onlara hörmət və diqqətlə yanaşan şirkətlər kənardan necə görünür? Fikirləşmədən çox rahatlıqla deyə bilərik ki, belə şirkətlər etibarlı və vəfalı, dostluğa və keçmişə sədaqətli olurlar...

Elə isə belə bir şirkətlə kim tərəfdaş olmaq istəməz? Yəqin ki, çox az insan...

Sonda onu da qeyd edək ki, keçmiş işçilərin hamısı ilə yaxşı münasibət saxlamaq həmişə mümkün olmur. İşçilərin heç də hamısı öz istəyi ilə işdən ayrılmır. Aydındır ki, yuxarıda sadalanan tədbirlərin bu cür işçilərə şamil olunması qeyri-mümkündür. Bu səbəbdən də gələcəkdə "keçmiş işçi" adlandıracağınız insanlarla yenidən xoş ünsiyyət qurmaq istəyirsinizsə, kadr seçərkən daha diqqətli olmalısınız.