Müsahibə bölməmizin növbəti qonağı tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğludur. O, həm də dünyanın bir çox məşhur şairlərinin şeirlərini dilimizə tərcümə edib. Bu istiqamətdə Fin, Argentina, İspan, İtalyan, Fransız, Ukrayna, İngilis-amerikan, Yapon, Yunan və digər ölkə ədəbiyyatlarına müraciət edib. Həmçinin, Səlim bəyin bir çox şeir və esseləri də dünya dillərinə çevrilib. Şairlə olduqca maraqlı söhbətimiz baş tutdu. Bir ziyalı kimi onunla həm ədəbiyyatdan, həm sosial problemlərdən, həm də şeir sənətindən danışdıq. “İnsan bu dünyaya sənət üçün yox, həmin sənətlə həqiqətə, əsl hədəfə çatmaq üçün gəlir” deyən Səlim Babullaoğlu ilə müsahibəni təqdim edirik...
- Salam, Səlim bəy necəsiniz? Azərbaycanda tanınmış şairsiniz. Elə ilk sualımız da bu istiqamətdə olacaq. Şeirə nə vaxt başladınız və ümumiyyətlə, şairliyi necə ifadə edərdiniz?
- Bilirsiniz, mən ana tərəfdən babamın və nənəmin yanında böyümüşəm. Onlar inanclı müsəlmanlar idilər. Təsəvvüfü yaxşı bilirdilər, o cür də yaşayırdılar. Onların məclislərində də şeirlər oxunurdu. İlk şeiri elə orda babamın dilindən eşitmişəm. Xüsusən, Nizami Gəncəvinin, Füzulinin, Xaqaninin, Seyid Əzim Şirvaninin, Seyid Nigarinin şeirləri oxunurdu. Birini xatırlayım:
"Qova-qova gəldim bu düzəvvaya,
Fəğanım çıxıbdır ərşü-əlaya,
Üzüm haqq dərgahına, əlim duaya,
Xudaya, silaya yetirin məni"...
Başqa şeirlər də yadımdadır. Babam onları mənə oxutdurur, əzbərlətdirirdi. Onda mənim təxminən 3-4 yaşım var idi. O şeirləri babamın dilindən eşidir, oxuyurdum. Buna xoş bir şey kimi baxırdım. Hesab edirdim ki, əgər babam bunu mənə öyrədirsə, mən də onu öyrənməliyəm. Sonra məktəbə getməyə başladım. Atamın evinə qayıtdım. O dövrlərdə də atamın başına dostları yığışırdı. Atam şeir yazdığı üçün həmin məclislər şeirsiz ötüşmürdü. Fikirləşirdim ki, şeir gündəlik danışıqdan fərqli olan maraqlı nitq hadisəsidir və mən də o cür danışmaq istəyirdim. Burada bir haşiyə çıxım ki, 1979-cu ildə, mən onda hələ məktəbə getmirdim, ailəliklə Yesentuki, Kislovodsk və digər şəhərləri gəzməyə gedirdik. Pyatiqorsk şəhərində atam məni bir gün Lermontovun dueldə öldürüldüyü yerə apardı. Sonra orada başqa bir muzeyə getdik. Yadımdadır ki, Axundovun bağışladığı saz da var idi. Onda atamla gəzinti mənə əsrarəngiz gəlmişdi. Gecə anamı yuxudan ayıldıb ona Rusiyada gördüyüm Maşuk dağı barədə şeir deyəcəyimi bildirmişdim. Onda oxuma-yazma bilmirdim. Sonralar mən şeiri çox fərqli bir hadisə kimi qəbul etməyə başladım və ədəbiyyata bağlandım. Müxtəlif vaxtlarda şeirə münasibətim dəyişdi.
- Şeirə münasibətiniz hansı formada dəyişdi?
- Əvvəllər şeir yazmaq həvəsi çox böyük idisə, hədəf idisə, indi bu mənim üçün hədəf və məqsəd deyil. Şeir mənim üçün sadəcə olaraq, hədəf və məqsədə gedən vasitədir. Mənə elə gəlir ki, insan bu dünyaya şeir yazmaq üçün gəlməyib. Kimisi şeir yazır, kimisi jurnalistdir, kimisi pinəçidir və sair, bütün bunlar heç fərq eləmir. Mənə elə gəlir ki, bütün insanların ali və başqa hədəfi var. Və bu yolda onun peşəsi yalnız və yalnız vasitədir. Ancaq kimliyindən asılı olmayaraq hər kəs öz peşəsində peşəkar olmağa çalışmalıdır. Məşğul olduğu sahənin elmini də bilməlidir. Əks təqdirdə təkrarlar qaçılmaz olacaq.
- Bəs indi əsas hədəf və məqsədiniz nədir?
- Mənim üçün indi hədəf, böyük səslənməsin, düzgün yaşamağa çalışmaqdır. Hədəf Allahdır. Həmd və şükür olsun Ona. Hədəf Onun təqdirini qazanmaqdır. Hədəf Yer üzü ilə bağlı deyil. Ədəbiyyat isə sənətdir, formalar tarixidir, məzmun tarixi deyil. Fransız sənətşünası Jorj Polti 19-cu əsrə qədər yazılmış 3 minə yaxın dramaturji əsəri təhlil etmiş və bu qənaətə gəlmişdi ki, dünyada insanların toxuna biləcəyi mövzuların sayı 36-dır. Hətta bu sayı 4-ə qədər də ixtisar edənlər olub. Düşünürəm ki, bu mövzuları daha da ixtisar etmək və 2 mövzu üzərində dayanmaq olar: Həyat və ölüm... Əslində, mənim şeirlə bağlı son dediyim vəziyyətə gəlməyimə Qurandakı "Şüəra" ("Şairlər") surəsi təsir edib. Son ayələrində şairlər barəsində xoşa gəlməyən sözlər deyilir, ancaq təbii ki, istisnalar var. Fikrimcə bu ayə bütün ali hədəfləri olanlar üçün kompas rolunu oynamalıdır. Mənə elə gəlir ki, şeiri dəyişməyə cəhd etmək lazım deyil, həyat tərzini dəyişmək lazımdır. Həyat tərzini dəyişdikcə insanın ruhi təcrübəsi dəyişəcək və bu, onun yazdığı mətnlərdə əks olunacaq. İnsanın özü islah olunduqca, arındıqca, onun şeiri də islah olunacaq, arınacaq. Öz balaca təcrübəmdə bunun bir neçə dəfə şahidi olmuşam.
- Bir çox insan var ki, şeiri sevmir. Nə üçün şeir oxumalıyıq və ya qulaq asmalıyıq?
- Bu sualın cavabı sadədir. Şeir ünsiyyətin bir növüdür, amma ali bir növüdür. Bilirsiniz, bizim yaşadığımız həyat bəzən bizə çox nizamsız, narahat və xaotik görünür. Gün ərzində çoxlu yerlərə gedirik, qaçırıq, müxtəlif işlərlə məşğul oluruq. Həyatımız bir az dağınıq xarakter alır sanki. Düşünməyə vaxtımız qalmır, baş verənləri analiz etməyə vaxtımız qalmır. Bizim həyatımızın sanki harmoniyası pozulur. Birdən hər hansı bir şeir, söz bizim gündəlik həyatımızı sahmana salır. Poeziya axı harmoniyadır. Ona görə də, həqiqi poeziya, həqiqi şeir gündəlik dağınıq istifadə etdiyimiz sözləri sahmana salır. Biz o sahmana salınmış sözləri oxuduca bir az da özümüzü sahmana salırıq. Məhrum olduğumuz harmoniyanı bərpa edirik. İnsanlar məhz bunun üçün şeiri dinləməlidirlər. Söhbət əlbəttə ki, kamil şairlərdən və kamil şeirlərdən gedir. Biz dolayı yolla o sözlərdə əks olunan enejini də qəbul edirik. Misal üçün mən özümü çox pis hiss edəndə, darıxanda bizim böyük şairlərin, xüsusən, Nizami Gəncəvinin əsərlərini oxuyuram. İnanın ki, çox yaxşı enerji alıram və yenilənirəm.
- Şeirlər və ya bənzər sənətlər bəzən zərərli bir hala çevrilir. Meyxana barədə nə fikirləşirsiniz?
- Mən meyxana haqqında bir çox verilişlərdə fikirlərimi demişəm. Bütün işlər və sənətlərdə onunla məşğul olan kamil sənətkardırsa, o xeyir gətirir. Onunla məşğul olanlar sənətkar deyillərsə, o hökmən ziyanlı olur. Bu bədahətən söz demək sənəti yaxşı da, pis də ola bilər. Tutaq ki, biz "Salam" deyirik. O gözəl bir sözdür. Amma mənası həm də sülh demək olan bu sözü bir-birimizə deyəndə elə bir vurğu ilə deyə bilərik ki, aramızda sülhdən əsər-əlamət qalmaz. Ona görə də, meyxana mənim düşüncəmə görə, müasir folklordur. Amma təəssüf ki, deyilən meyxanaların böyük hissəsi ziyanlıdır. Bu sənətin keyfiyyəti yox, onu deyənlərin keyfiyyətindən asılıdır. Ümumiyyətlə, sənət yarışmaq üçün deyil. Bunu sənətə müncər etmək, onun səciyyəsinə çevirmək olmaz. Sən heç kimlə yarışmamalısan, özünü düzəltməyə çalışmalısan. Məşhur bir ifadə var: "Söz və kitab hazırlıqsız adamın əlində atəşə bənzər. Ya özünü yandırar, ya da ətrafındakını".
- Şeirləriniz içərisində xüsusi əhəmiyyət verdikləriniz varmı?
- Belə bir ifadə var: "Siz bilsəydiniz, şeir hansı küllükdən cücərən çiçəyə bənzəyir". Bəzi şeirlər baş verir. Məsələn, zəlzələ kimi... Bəzi şeirlər gün doğan kimi doğur. O şeirlər xüsusi ilhamla və ya xüsusi bir halla yazılır. Cavan vaxtı yazdığım bəzi şeirlər var ki, çoxu lirik səciyyəlidir. Fikirləşirəm ki, onları yazmasaydım, heç nə dəyişməzdi. Bəlkə də, daha yaxşı olardı. Amma bütövlükdə 1997-ci ildən bu yana vaz keçmək istədiyim, məni təəssüfləndirən bir şeir yazmamışam. Əlbəttə ki, fərqli hissi impulsla yazılmış şeirlərim var. Mən bilirəm ki, o kütləvi auditoriya üçün deyil.
- Azərbaycanda ən yaxşı 3 şair adını çəksə idiniz, kimlərin adını çəkərdiniz?
- Bilirsiniz, bu təsnifləndirmələr həmişə qüsurlu olur. Sən ilk 3 şairin adını çəkib, qalan böyükləri geridə qoyursan. Müasir ədəbiyyatdan 3 şeir adı çəkə bilərəm. Hüseyn Cavidin "Qız məktəbində" şeiri, Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeiri və Vaqif Səmədoğlunun bu şeirini qeyd edə bilərəm:
"Yollar uzun, yollar gödək
Nə fərqi var hansı eldə,
Hansı yolda azasan?
Ellər min-min, dillər min-min,
Nə fərqi var... hansı eldə,
Hansı dildə susasan?"
- Eyni sualı dünya ədəbiyyatı barəsində versək?..
- Dünya ədəbiyyatından, dünya şairlərindən öyrəndiklərim çoxdur. 3 şair adı çəkim... Türkiyə ədəbiyyatından Nazim Hikmət, Polşa şairi Çeslav Miloş, İngilis ədəbiyyatından Tomas Strenz Eliot.
- Sovet dövrü ədəbiyyatı... Müasir dövr ədəbiyyatı... Necə müqayisə edərdiniz?
- 2012-ci ildə mən Londonda olanda Riçard Makkeynlə görüşdüm. 70-80-ci illər ingilis poeziyasının təmsilçilərindən biri idi. O həm Türkiyə türkcəsini yaxşı bilirdi, həm də rus dilini yaxşı bilirdi. Hər iki dildən tərcümələr etmişdi. O, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən haqqında ağızdolusu danışırdı. Bizdə çox yaxşı poeziya var. Dünyanın istənilən yerinə təqdim edə biləcəyimiz və etdiyimiz poeziyadır. Sovet şeirinin ən böyük bəlası bütün bəzək-düzəklərə baxmayaraq dinsizlik idi. Yaradanı insanlar öz həyatlarından çıxaranda ortada bir şey qalmır. Bütün kateqoriyalar mənim fikrimcə saxtalaşır. Sovet dövrü ilə indiki dövrün ədəbiyyatını müqayisə etsək, deyə bilərəm ki, Yaradan anlayışı qayıtdı. Əgər bizim yazdıqlarımız, hazırladıqlarımız insana yol göstərə bilirsə, ona əməli şəkildə dəstək ola bilirsə, onda demək ədəbiyyat doğru yoldadır. Düsturu da bilirsiniz: "Bir adamı xilas etsən, bəşəriyyəti xilas etmiş sayılarsan". Ədəbiyyatın əsas məqsədi insana və cəmiyyətə xidmətdir.
- Gördüyünüz yeni işlər barəsində məlumat verərdiniz...
- Bu il 3 antologiya hazırladıq. Azərbaycan Uşaq Ədəbiyyatı, Çağdaş Azərbaycan Ədəbiyyatı və Çağdaş Azərbaycan Nəsri. Hazırda rus dilində nəşr olunur. Moskvada nəşr ediləcək. Bu bizim işimizdir. Ukraynada "Bayraqdar" adı ilə Azərbaycan yazıçılarının Qarabağla bağlı hekayələri toplanmış toplu var, o çap olundu. Sentyabrın 27-dən Zəfər Gününə qədər 44 günlük müddətdə dünyanın 44 şairi Şuşa ilə bağlı qiraət etdilər, xoş sözlər dedilər. Layihələr çoxdur.
- Səlim bəy, sizinlə bir az da sosial məsələlərdən danışmaq istərdik. Azərbaycanda ya çox kasıb insanlar var, ya da çox varlı insanlar. Ümumilikdə, insanların rifahı barədə nə deyə bilərsiniz?
- Mən istəməzdim ki, çox kasıb və ya çox varlı insan olsun. Mən hesab edirəm ki, çox varlı olmaq ayıbdır. Eyni zamanda çox kasıb olmaq da ayıbdır. Mənə görə "Kasıb yaxşı adamdır, varlı pis adamdır" anlayışı və ya bunun əksi yanlışdır. Dünya Süleymana qalmayan dünyadır. Ac adamların olmasını heç istəməzdim. Kasıb adamların olması kimlərinsə laqeydliyi deməkdir. Arzu edərdim ki, cəmiyyətimizin varlı insanları bölüşməyi bacarsınlar. Qonşusunun, yaxınının qapısını döysünlər, onlara yardım etsinlər. Kim halal qazanırsa, o bölüşə bilir.
- Ailə həyatı qurmağınızın 25 ili tamam olur. Sağlam ailə barədə sizin fikirlərinizi bilmək maraqlı olardı...
Ailə həyatı qurduğum xanımı dünyaya gəldiyi ilk günlərindən tanıyıram. Belə hallar olduqca az olur. Mən ona çox təşəkkür edirəm. Bütün bu vaxtlar ərzində arxa cəbhə möhkəm olmasa idi, mən bir çox işləri görə bilməzdim. İnsanın həyatda yaşadığı çətin günlər, sınaqlar olur. O sınaqlardan düşünürəm ki, Həmidə xanım məndən daha mətanətlə çıxdı. Buna görə də, Allaha sonsuz minnətdaram. İnsan həyatının başlıca səbəbi Allaha inanmaqdır. Sonra bütün hər şey qaydasına düşür. Həyatımızda da çoxlu yaxşı şeylər baş verir.
- Səlim bəy, 50 illiyinizdir. Bütün bu illər necə keçdi?
- Nənəm Göyərçin xanımla biz ikimiz qaldığımız vaxtlar idi, səksənlərin əvvəli, uşaq idim. Bir gün nənəmlə divanda oturub söhbət edirdik. Mənə dedi ki, ay bala bu illər necə keçdi bilmədik. Elə bil yuxu idi. Əlbəttə, bəzən geriyə dönüb baxanda bu illərin yuxu kimi, sanki bir an içində keçdiyini hiss edirsən. Amma yaşadığımız anlar, hadisələr var. Görülən və ya görülməyən işlərin təəssüfü var. Mənim atam sərt adam idi. İndi düşünürəm ki, görünür, mənim kimi adamlarla sərt olmaq lazımdır. O mənə həmişə deyirdi ki, kim olursunuzsa-olun, yaxşı adam olun. Mən bu günə qədər bunun çox vacib bir şey olduğunu düşünürəm. Ləyaqətlə yaşamağa çalışıram. Hər halda çalışıram. Amma çətindir. Çünki biz insan ehtiraslarının içində yaşayırıq. Fərdi islaha böyük əhəmiyyət verirəm. Allah özü bizi qorusun və hifz etsin.