Tükəzban Məmmədli 
 

Fərqli ölkəyə, dinə, irqə mənsub olan qəhrəmanların həyatlarını oxumaq çox maraqlı olur və bu qəhrəmanlar real şəxslərdirsə, bu maraq ikiqat artır. Hər fərqli coğrafiya fərqli həyat tərzi, fərqli dünyagörüşü, fərqli mədəniyyət deməkdir. Ən son oxuduğum kitaba qədər Somalidən olan hər hansı bədii və ya real əsər qəhrəmanı ilə tanış deyildim. Somali dedikdə xəyalımda ancaq aclıq, səfalət və toz içərisində bir dəri, bir sümük uşaqlar canlanırdı, ta ki Samiyə ilə tanış olana qədər...

Samiyə italyan yazıçısı Cüzeppe Katotsellanın 40 ölkədə 500 min nüsxədən çox satılan "Demə ki, qorxuram..." romanının, həm də Somalinin qəhrəmanıdır. Müəllif 2012-ci ildə televiziyalardan birində Samiyənin həyat hekayəsini eşidir və qısa bir vaxtda bu əsəri yazmağı qərara alır.

Əsər qumbara yağışı altında dərs almağa məcbur olan, teatrın, əyləncənin (hətta rəngli geyimin belə) qadağan olduğu, insanların barıt qoxusu ilə nəfəs aldığı, qanunsuzluğun at oynatdığı Somalidə Samiyə adlı qızın qaçmaq sevgisindən bəhs edir.

İki düşmən qəbilədən, abqal və darud qəbiləsindən olan 8 yaşlı Əli və Samiyə bir damın altında yaşayan dostlardır. Bu sarsılmaz dostluq onlara atadan, babadan miras qalıb. Gözünü müharibə ilə açmış, dənizə uzaqdan həsrətlə baxan bu uşaqların tək əyləncəsi tozlu küçələrlə qaçmaqdır. Özləri cansız, cılız olsalar da, kiçik ürəklərində böyük arzular bəsləyirlər. Samiyə atlet olmaq, ölkəsini dünyada tanıtmaq, Əli isə onun məşqçisi olmaq istəyir.

Samiyə böyüdükcə öz arzularına doğru daha qətiyyətli addımlar atır, hər gün davamlı olaraq qaçır, balaca məşqçi dostunun plastik butulkalardan hazırladığı çəki daşları ilə məşq edir. Ayağına geydiyi nimdaş ayaqqabıya baxmayaraq yaşadığı şəhərdə yarışlarda iştirak edir və dəfələrlə birincilik qazanır. Sonra o, bu uğurlarını ölkə üzrə yarışlarda da davam etdirir.

Heç vaxt peşəkar qaçışla məşğul olmayan Samiyə 2008-ci ildə Pekin Olimpiya Oyunlarında Somalini təmsil edir və finiş xəttinə sonuncu çatır. Nə normal idman ayaqqabısı, nə də normal idman geyimi olan Samiyə bir anda bütün dünyanın marağını cəlb edir, hətta ulduza çevrilir. Ancaq bu ulduz vətəninə qayıdan kimi sönür...

İslamçı "Əş-Şabab" qruplaşmasının, vətəndaş müharibəsinin həyatı iflic etdiyi bir vaxtda Somalidə heç kəsi hansısa bir atletin arzuları maraqlandırmır, hətta maneələr, qadağalar daha da şiddətlənir. Artıq həyatı bahasına məşqlərə davam edən Samiyə küçələrdə istədiyi kimi qaça bilmir... Qadağalar Samiyəni nəinki həvəsdən salır, əksinə onu daha da inadkar, əzmli edir. İndi onun hədəfi 2012-ci ildə baş tutacaq London Olimpiya Oyunlarında iştirak etmək, vətənini təmsil etməkdir. Bütün dəhşətlərə, çətinliklərə baxmayaraq Samiyə vətənini çox sevir, ölkəsini tərk etməyi bir an belə düşünmür.

Lakin günlərin bir günü hər şey məhv olur, indi Samiyə bir an belə Somalidə qalmaq istəmir. Minlərlə somalili kimi o da qeyri-qanuni yolla Aralıq dənizini keçmək, miqrant kimi Avropaya getmək istəyir. Bəs, o məqsədinə çatacaqmı? London Olimpiya Oyunlarında iştirak edəcəkmi? Əli və Samiyənin aqibəti necə olacaq? Əziz oxucu, bunu yalnız əsəri sonadək oxumaqla öyrənə bilərsən.

İnsanın yeməyə qarındolusu yeməyi, ayağına geyməyə adi ayaqqabısı, yaşamağa kiçik belə olsa evi, nəfəs almağa təmiz havası, doyunca tamaşa etməyə dənizi... olmayanda onun əlində ailəsi, dostları, ümidləri, arzuları qalır. Samiyə belə deyirdi: "Hə, müharibə dənizi əlimdən alıb apardı. Digər tərəfdən, müharibə məni qaçmağa vadar etdi. Çünki mənim qaçmaq arzum dəniz qədər dərindir. Qaçmaq mənim dənizimdir"...

Əsəri oxuyarkən qızını dəstəkləyərək, hər çətinlikdə yanında olan, sözləri ilə onu motivasiya edən, fədakar dost və ata kimi Samiyənin atasına böyük rəğbət duyuruq. O, sanki olacaqları hiss edirmişcəsinə qızına belə nəsihət edir: "Adam gərək heç vaxt qorxduğunu dilinə gətirməsin, mənim balaca Samiyəm! Heç vaxt! Əgər belə olsa, qorxduğun şeylər sənə daha böyük görünəcək, səni üstələyəcək".

Samiyə miqrant kimi ölkəni tərk etdiyi o qorxunc "səyahət" zamanı atasının sözlərini hər an xatırlayır. Romandakı həmin hissələri oxuyarkən aldadılan, alçaldılan, satılan, insanlıqdan çıxmış somalililəri gördükcə, Samiyənin bu "səhayət"dən sağ çıxdığına inanmaq olmur. Bütün bu vəhşiliklərə, təcavüzkarlıqlara, zorakılıqlara baxmayaraq Avropaya qeyri-qanuni miqrant axını illərdir davam edir.

Əziz oxucu, Samiyənin həyat yolu onu sənə sevdirəcək, bəzən səni məyus edəcək, bəzən həvəsləndirəcək, bəzən də cılız bədəninin gücü səni heyrətləndirəcək. Hər zövqə xitab edən, tərcümə və nəşr keyfiyyətini də çox bəyəndiyim "Demə ki, qorxuram..." romanını sevərək tövsiyə edirəm.