Yasin Kərimli 
 

Şərq təsəvvüf görüşündə iki mühüm ifadə var: pir və şeyx. Hər iki sözün türkcədə qarşılığı "qoca" mənasına gəlir. "Pir" fars, "şeyx" ərəb sözüdür. Hər iki söz də mənəvi lider, hər hansı təsəvvüf düşüncəsini təmsil edən möhtərəm zat üçün işlədilir. Amma ortada çox mühüm bir fərq var: Pir - hansısa təsəvvüfi düşüncənin başındakı, yəni, o düşüncəni ilk dəfə ortaya qoyan, onu şəkilləndirən və həyata vəsiqə qazandıran şəxsdır. Şeyx isə sonrakı mərhələdə piri əvəz edən, onun qoyub getdiyi düşüncəni, ideologiyanı davam və inkişaf etdirən liderdir. Qısa şəkildə ifadə etsək, pir başlayan, şeyx isə davam etdirəndir.

Təkcə təsəvvüfi düşüncədə deyil, elmi araşdırmalar sahəsində də pirlər, şeyxlər var. Bu yazıda haqqında danışacağımız akademik Həmid Araslı ədəbiyyatşünaslığımızın əsl pirlərindən biridir. Ədəbiyyat adlı xəzinəmizin təməl sütunlarında, daha doğrusu, tarixi mənəvi sərvətimizin araşdırılaraq xalqımıza qazandırılmasında Həmid Araslının mühüm payı var. İstər "Koroğlu" dastanlarının toplanaraq kitab halına gətirilməsində, istər Nizami Gəncəvi irsinin öyrənilməsində, istər Məhəmmməd Füzuli irsinə sahiblənməyimizdə, ən başlıcası isə "Kitabi-Dədə Qorqud" kimi təməl kitabların işıq üzünə çıxarılaraq tədqiq edilməsində Həmid müəllimin rolu əvəzsizdir. Əgər diqqət etdinizsə, bu saydıqlarımız ədəbiyyatımızın ən böyük ünvanlarıdır. Həmid Araslı böyük tədqiqatçı olduğu üçün böyük ünvanlara müraciət etmiş alimdir. Yəni, araşdırmaq istədiyi mövzudan çəkinməmək, mövzunun üzərinə gedərək ana xətti ortaya qoymaq Həmid müəllimin araşdırma üslubudur.

Həmid müəllimin keçdiyi məhsuldar həyat yoluna qısa da olsa nəzər salaq, onun hansı vəzifələri daşıdığına və həmin vəzifələrdə hansı yeniliklərə imza atdığına diqqət edək və yenidən elmi araşdırmalarına dönək...

Həmid Məmmədtağı oğlu Araslı 1909-cu il fevralın 23-də Gəncə şəhərində anadan oldu. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən biri idi. Atası qəzetlərdə çıxışlar edir, şəriət məsələləri ilə bağlı mülahizələr söyləyirdi. Ancaq Həmid iki yaşına çatmamış atası vəfat edir. Gəncənin Şah Abbas məscidinin nəzdindəki mədrəsədə təhsil almağa başlayan Həmid Araslı çox keçmir ki, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur. 1922-ci ildə Gəncə Müəllimlər Seminariyasına daxil olan Həmid oranı bitirdikdən sonra Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləyir. O, bu illərdə folklor nümunələrini toplamaqla məşğul olur, şagirdlərini də bu işə cəlb edir. H. Araslı 1929-cu ildə Bakıya gələrək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur.

1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsini bitirir, həmin institutun aspirantı olur. 1932-ci ildə Gəncə Şəhər Maarif Şöbəsi müdirinin müavini, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda assistent və dosent (1932-1935), SSRİ EA Azərbaycan filialının nəzdində Əsaslı kitabxananın Şərq şöbəsinin müdiri işləyir (1936-1937). Həmin illərdə şərq xalqlarının əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaradır və fondun direktoru olur. AEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi, şöbə müdiri, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi katibi, direktor müavini, eyni zamanda, Azərbaycan Dövlət Universitetinin Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri (1944-1962), AEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Mətnşünaslıq şöbəsinin müdiri (1954-1955), Yaxın və Orta Şərq Xalqları İnstitutunun (hazırda Şərqşünaslıq İnstitutu) Ədəbiyyat şöbəsinin müdiri (1968-1970), 1970-ci ildən ömrünün sonunadək həmin institutun direktoru vəzifəsində işləyir.

Həmid Araslı 1943-cü ildə filologiya üzrə namizədlik, 1954- cü ildə filologiya üzrə doktorluq dissertasiyalarını müdafiə edir, 1955-ci ildə professor elmi adı alır. 1962-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilir.

Həmid müəllimi tanıyan, yazdığı dərsliyi tədris edən müəllimlər onun haqqında "Həmid Araslı təkcə görkəmli alim, ədəbiyyatşünas deyildi, həm də gözəl şəxsiyyət idi" - deyə danışırlar: - "O əsl millətsevər, cəsur, qeyrətli və ləyaqətli vətəndaş, örnək alim, mülayim rəftarlı, həlim təbiətli, mədəni, həmişə asta danışan nurlu insan idi".

Həmid Araslının müdafiə etdiyi dissertasiyaların mövzularına baxanda onun nə qədər geniş zamana qanad açdığına, necə nəhəng ədəbi simalara müraciət etdiyinə heyrət etməyə bilmirsən: "XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik, "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" mövzusunda doktorluq dissertasiyası. Təsəvvür edin ki, ədəbiyyatımızın təməl sütunlarını təşkil edən böyük şəxsiyyətlərin əksəriyyəti elə bu mərhələlərdə yer almaqdadır. Yəni, Həmid Araslı əslində bütün Azərbaycan ədəbiyyatının araşdırıcısıdır.

H. Araslı həm də ən böyük folklor araşdırıcılarımızdan biridir. O, müasir Azərbaycan folklorşünaslığının təməlini qoyan alimlərdəndir. Həmid müəllim Azərbaycan şifahi xalq ədəbiyyatı və folklorunun tədqiqi sahəsində də böyük əmək sərf etmişdir. "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" kitabı və "Aşıq yaradıcılığı" əsərlərində Qurbani, Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər və b. klassik aşıqların həyat və yaradıcılığı, XVII əsrdə yaranan "Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" və "Koroğlu" eposu haqqında orijinal elmi mülahizələr irəli sürmüşdür.

H. Araslının yaradıcılığının mühüm bir sahəsi də "Kitabi-Dədə Qorqud"un tədqiqi və nəşri ilə bağlıdır. Repressiyanın baş alıb getdiyi bir dövrdə bir xalq üçün bu qədər mühüm və tarixi dəyərləri ehtiva edən, milli pasport deyiləcək qədər zəngin bir mənbəyi ortaya çıxarmaq, təbliğ və nəşr etmək böyük risk tələb edirdi. Hər cür təhdidə, təzyiqə, tənqidə baxmayaraq, Həmid müəllim bu böyük vəzifəni uğurla həyata keçirə bildi.

Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində H. Araslının müstəsna xidməti olmuşdur. 1943-1944-cü illərdə nəşr olunmuş iki cildliyin - "Müxtəsər Azərbaycan ədəbiyyatı" tarixinin ilk cildində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsini vermiş, o əsrlərdə yaşayan sənətkarların dolğun portretlərini yaratmağa müvəffəq olmuşdur.

H. Araslı XX əsr Azərbaycanının elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri idi. Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars, ərəb dillərinə yaxşı bələd olan alim tədqiqatlarında olduğu kimi, dərsliklərində də klassik Azərbaycan şeirinin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirir, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soykökünə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəmirdi. Alimin Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı mühüm xidmətlərindən biri də 1960-cı ildə nəşr olunan üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabıdir.

Alim türkdilli Azərbaycan ədəbiyyatının təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai, Füzuli kimi sənətkarların da Azərbaycan ədəbiyyatı tarixindəki yerini müəyyənləşdirir və onların bədii-ictimai fikir tarixinə təsirini aydınlaşdırır. Azərbaycan şairlərindən İ. Həsənoğlu, Q. Bürhanəddin, İ. Nəsimi, Ş. İ. Xətai, Kişvəri, Həbibi, M. Füzuli, Qövsi, Saib, R. Məsihi, Fədai, Vidadi, Vaqif və başqaları haqqında ilkin mötəbər tədqiqat, dəyərli elmi-nəzəri ümumiləşdirmələr də H. Araslıya məxsusdur.

H. Araslının klassik irsin öyrənilməsi ilə bağlı fəaliyyətinin mühüm bir hissəsi Nizami və Füzuli yaradıcılığının tədqiqi istiqamətindədir. SSRİ və dünya ədəbiyyatşünaslığında yanlış konsepsiyaların geniş yayıldığı bir vaxtda Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla yanaşdı, "Şairin həyatı", "Nizami Gəncəvi əsərləri" və ayrı-ayrı tədqiqatlarında şairin öz irsinə əsaslanaraq onun türkcə düşünərək farsca yazdığını elmi dəlillərlə sübut etdi. Alim Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövrün, mərhələnin yetirdiyini irəli sürdü.

O, Məhəmməd Füzulinin də ardıcıl tədqiqatçısı və Azərbaycandan uzaqlarda tanınan naşiri idi. Şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu - rus və Azərbaycan dillərində nəşr edilən "Böyük Azərbaycan şairi Füzuli" monoqrafiyasında öz əksini tapır.

H. Araslı Nəsiminin də ilk araşdırıcılarından sayılırdı. O, mətnşünas alim kimi də çox məhsuldar idi. Onun bu sahədəki fəaliyyəti Azərbaycan mətnşünaslıq elmində ayrıca bir mərhələ təşkil edirdi. Alim müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etdirdi. Bu sahədəki axtarışları, klassik irslə yaxından tanışlığı, əlyazmalarla işləmək səriştəsi sayəsində mətnlər üzərində təshihlər apardı, sözlük və şərhlərə yenidən nəzər saldı. Bunun nəticəsidir ki, tərtib etdiyi mətnlər tədqiqatçılar tərəfindən daha mötəbər sayılır. H. Araslı 1939-cu ildə "Kitabi-Dədə Qorqud"u nəşr etdirməklə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, eləcə də, bütün türkologiya elminə böyük xidmət göstərdi. Alim əsərin nəşri ilə yanaşı, onun tədqiqi və təhlili ilə də ciddi məşğul oldu.

H. Araslı həyatı boyu yüksək ixtisaslı kadrların hazırlanması üçün də fədakarlıqla çalışdı, təkcə Azərbaycanda deyil, Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik etdi, onlarla elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirdi.

Həmid Araslı 1983-cü ildə vəfat etdi. Məzarı Fəxri Xiyabandadır.