19-cu əsrin ortalarından başlayaraq Cənubi Qafqazda maarifçilik hərəkatı başladı. Bölgədə təhsil müəssisələri açıldı, müxtəlif millətlərdən olan uşaqlar, o cümlədən azərbaycanlılar orada təhsil almağa başladılar. Bu həm də Qafqazda elmin inkişafı, təhsilin yayılması demək idi. Bu istiqamətdə görülən əsas işlərdən biri də İrəvan Müəllimlər Seminariyasının açılması oldu. Bu, Azərbaycan üçün olduqca vacib hadisə idi. Bunun əsas səbəblərindən biri seminariyanın tarixi torpaqlarımız olan İrəvanda fəaliyyətə başlaması idi. Digər tərəfdən, orada bir çox azərbaycanlı ziyalı yetişəcəkdi və bu isə xalqımızın gələcəyi demək idi.
8 noyabr 1881-ci ildə açılan İrəvan Müəllimlər Seminariyası Cənubi Qafqazda maarifçiliyin daha da artmasına gətirib çıxardı. Seminariya həm də qısa bir vaxtda İrəvanda elm və mədəniyyət mərkəzinə çevrildi. İlk dövrdə seminariyada 9 müəllim, 424 şagird var idi. Seminariyanın ilk direktoru isə Yakob Suşevski idi. Seminariyada böyük hazırlıq qrupu və birinci sinif fəaliyyət göstərirdi. Sonrakı illərdə İrəvan Müəllimlər Seminariyası 4 sinifdən ibarət oldu. Seminariyanın əsasnaməsi də Qori Müəllimlər Seminariyasının əsasnaməsi ilə eyni idi.
Təhsil müəssisəsində digər dərslərlə yanaşı Azərbaycan dili və şəriət dərsləri də nəzərdə tutulmuşdu. Doğma dilimiz və şəriət dərslərinin tədrisinə 1883-cü ildən başlandı. Burada ilk azərbaycanlı müəllim Axund Məhəmmədbağır Qazızadə oldu. Sonradan bu siyahıya Firidun bəy Köçərli, Rəşid bəy Şahtaxtinski, Həmid bəy Şahtaxtinski kimi azərbaycanlı müəllimlər də qoşuldu.
Seminariyada təhsil pullu idi. Şagirdlərin yalnız müəyyən bir hissəsi dövlət hesabına oxuyurdu. Məlumata görə, tələbələr birinci dərs ilində 210 manat, sonrakı illərdə isə 180 manat təhsil haqqı ödəməli idilər. Ödənişli təhsil alanlar ümumilikdə 20 faiz təşkil edirdi. Qalan şagirdlərin təhsili isə dövlət hesabına idi. Seminariyada təhsil alan 128 tələbədən 46-sı rus, 37-si erməni, 30-u azərbaycanlı, 6-sı gürcü, 9-u digər millətlərin nümayəndələri idilər. İrəvan Müəllimlər Seminariyasının ilk buraxılışı 1884-cü ildə oldu. Həmin il seminariyanı 4 azərbaycanlı bitirdi.
Bəzi qüvvələr seminariyada Azərbaycan dili və şəriətin tədrisindən narazı idilər. Ancaq buna qarşı çıxmaq elə də asan deyildi. Bunun əsas səbəblərindən biri təhsil müəssisəsinin Azərbaycanın tarixi bir hissəsi olan İrəvanda açılması idi. Digər tərəfdən, bölgədə yaşayan əhalinin əksəriyyətini soydaşlarımız, müsəlmanlar təşkil edirdi. Seminariyada fəaliyyət göstərən müsəlman şöbəsinin müdirləri isə aşağıdakılar idilər:
- Məmmədbağır Qazızadə;
- Rəşid bəy Şahtaxtinski;
- Həmid bəy Şahtaxtinski;
- Cəfər bəy Cəfərbəyov.
Bəhs etdiyimiz təhsil müəssisəsində işləyən müəllimlərin siyahısı isə belə idi:
- Molla Məmmədbağır Qazızadə - Şəriət və Azərbaycan dili müəllimi;
- Axund Məmmədbağır Kazımzadə - Azərbaycan dili müəllimi;
- Firidun bəy Köçərli - Şəriət və Azərbaycan dili müəllimi;
- Rəşid bəy Şahtaxtinski - Azərbaycan dili müəllimi;
- Rəhim Xəlilov - Azərbaycan dili müəllimi;
- Həmid bəy Şahtaxtinski - Azərbaycan dili müəllimi;
- Mirzə Cabbar Məmmədzadə - Azərbaycan dili müəllimi;
- Mirzə Cəfər Məmmədov - Azərbaycan dili müəllimi;
- Mirzə Məmmədvəli Qəmərlinski - Azərbaycan dili müəllimi;
- Axund Məmmədbağır Tağızadə - Şəriət və Azərbaycan dili müəllimi;
- Məmməd Axundov - Azərbaycan dili müəllimi.
Seminariya Azərbaycanın tarixində olduqca mühüm rol oynadı. Bu, həm savadlı ziyalıların, həm də savadlı müəllimlərin yetişməsinə gətirib çıxardı. Hər iki halda İrəvandakı seminariyada soydaşlarımızın silinməz izlər buraxması gələcək üçün vacib hadisə idi. Oranı bitirən azərbaycanlılar arasında Əhməd bəy Qaziyev, Əli Əşrəf Qaziyev, Həsən bəy Axund Molla Xəlil bəy oğlu Qaziyev, Fərəməz Mahmudbəyov, Yusif bəy Qaziyev (Qazızadə), Məmməd bəy Əli bəy oğlu Mahmudbəyov, Xəlil Məmmədəliyev, Həsən Nəsirbəyov, Saleh Məşədi Teymur oğlu Güllücinski, Ağa bəy Rəhim bəy oğlu Firudinbəyov, Abbas Allahverdi oğlu Qədimov, Əli Sultanov, Fərrux bəy Ağakişibəyov, Əli Cəlilzadə, Mirzə Bağır Əliyev, Şıxəli bəy Firudinbəyov, Cəfər bəy Cəfərbəyov, İbrahim Şahtaxtlı, Vahid Musabəyov, Rəşid bəy İsmayılov, Həbib bəy Səlimov, İsmayıl bəy Şəfibəyov, Haşım bəy Vəzirov, Mirzə Abbas Məhəmmədzadə, Cabbar Məhəmmədzadə, İbatarixində olduqca mühüm rol oynadı. Bu, həm savadlı ziyalıların, həm də savadlı müəllimlərin yetişməsinə gətirib çıxardı. Hər iki halda İrəvandakı seminariyada soydaşlarımızın silinməz izlər buraxması gələcək üçün dulla bəy Muğanlinski, Hüseynəli bəy Rüstəmbəyov, Tağı bəy Səfiyev, Haşım bəy Nərimanbəyov, Şamil bəy Mahmudbəyov, Həmid bəy Şahtaxtinski kimi xalqımızın bir sıra tanınmış nümayəndələri və maarif fədailəri də var idi. Türkiyənin məşhur rəssamlarından sayılan İbrahim Səfi də həmin seminariyanın məzunları arasında idi.
Seminariyada dərs deyən ilk müəllim Axund Məmmədbağır Qazızadə isə 1853-cü ildə İrəvanda dünyaya gəlmişdi. O, İrəvan progimnaziyasını bitirmişdi. O dövrün savadlı ziyalıları və müəllimləri arasında olan Axund Məmmədbağır Qazızadə həm də seminariyada Azərbaycan bölməsinə ilk rəhbərlik edən maarifçilərimizdən biri idi. Məmmədbağır Qazızadə 1911-ci ildə İrəvan Müəllimlər Seminariyasının bir qrup əməkdaşı ilə Tiflisdə Azərbaycan dilində nəşr olunmuş "Ana dili" dərsliyinin də həmmüəlliflərindən idi. O, həmçinin şəriət dərslərinin yüksək səviyyədə keçirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, gənc soydaşlarımızın seminariyaya daha çox cəlb edilməsi istiqamətində də xüsusilə səy göstərirdi.
Ancaq 1918-ci ildə ermənilərin türklərə qarşı törətdikləri kütləvi qırğınlar nəticəsində dərslər dayandı. Bəzi azərbaycanlı müəllim və şagirdlər də bu soyqırımın qurbanı oldu. Sağ qalanlar isə Türkiyə və Azərbaycana sığındı. 37 ilə yaxın fəaliyyət göstərən seminariya 1918-ci il avqustun 6-da bağlandı.
Son olaraq bildirmək istəyirik ki, imperiyanın işğalı altında, olduqca çətin şəraitdə azərbaycanlı ziyalıların fəaliyyəti öz bəhrəsini verdi. Belə ki, Azərbaycanda xalq maarifinin bütöv bir dövrü məhz İrəvan Müəllimlər Seminariyası məzunlarının fəaliyyəti ilə bağlı oldu.