"Azad qardaşım var, onunla xoşam,
Mən gərək sahili sahilə qoşam,
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha"...
Bu kövrək, nisgilli, dərdli misraları Güneydə açdığı gözlərini Quzeydə yuman böyük şairimiz, dərd nəğməkarımız Söhrab Tahir ötən əsrin 70-ci illərində, cəllad Sovet imperiyasının nərildədiyi illərdə qələmə alıb. Bəzən bir xalqın taleyini onun bir fərdinin həyat hekayəsindən asanca oxuyub öyrənmək olar. Bu mənada Söhrab Tahirin taleyi o taylı-bu taylı Azərbaycanımızın qısaldılmış taleyi kimi də oxuna bilər.
***
1988-ci ilin sonlarından başlayan xalq hərəkatı yüksələn xətt üzrə inkişaf edirdi. 1989-cu ilin sonlarında Azərbaycanın hər tərəfində azadlıq, müstəqillik ruhu hakim idi. Küçə və meydanlarda sovet imperiyasından ayrılmaq, güneyli-quzeyli Azərbaycanın birləşməsi istiqamətində çağırışlar səsləndirilirdi. Nəhayət, genişlənən demokratik hərəkat nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. Əli silahlı rus əsgərlərinin əlindən xalqın bu cəsarətinə kənardan tamaşa etməkdən başqa bir şey gəlmədi. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.
1990-cı il noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabrın 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayan, lakin Azərbaycanda doğulub böyüyən həmvətənlərimiz də qeyd edirlər. Azərbaycan Respublikasında isə bu gün dövlət bayramıdır. Hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Müxtəlif mənbələrin məlumatlarına görə, təkcə İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya və ABŞda (bu siyahıya Skandinaviya və Yaxın Şərq ölkələrini də əlavə etmək olar) böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.
***
Biz 31 dekabrı haqqını verərək, bizi ayıran zalım qüvvələrin kölələrinin gözlərinin içinə baxaraq həmrəylik məqamına çevirmişik. Hər yolun əvvəli, sonu olduğu kimi, hər dərdin də bir başı, bir sonu var. Bizim bu həsrət yolumuzun yaşı iki yüz ildən artıqdır. Şimaldan qara bulud kimi üstümüzə axın edən rus işğalçıları farslarla əlbir olub bizi parçaladılar. Biz təkcə ikiyə bölünmədik, Tiflisə qədər uzanan kəndlərimiz, Borçalımız əlimizdən alındı, Dərbəndimizi bizdən qopardılar, İrəvanı, Dərələyəzi, Göyçəni əlimizdən alıb ermənilərə peşkəş etdilər və qurduqları o oyuncaq erməni dövlətini başımıza bəla açdılar.
Bulud adətən bərəkət gətirir, amma bu bulud bizə fəlakət gətirdi. 1813-cü ildə "Gülüstan", 1828-ci ildə "Türkmənçay" müqaviləsi ilə bizi Araz boyu bölən fars və rus qəsbkarları xalqın gücünü hesaba qatmadılar. Elə düşündülər ki, şimalda sovet xalqı deyilən oyuncaq bir cəmiyyət düzəldərək, yaxud da cənubda məktəbi "dəbistan", elmi isə "fərhəng" edərək məsələni öz xeyirlərinə həll edəcəklər. Anlamadılar, anlaya bilmədilər ki, zülmlə məqsədə çatmaq, istədiyini əldə etmək mümkün olmur. Bu gün tarixin təkəri geriyə dönür. Bu gün bizi bölənlərin özləri can hayındadır.
***
Bütün bu dediklərimizdən sonra mətləb üstünə gəlmək istəyirik ki, bu gün bizə hər zamankından daha böyük, daha mətin həmrəylik lazımdır. O böyük kişilərin dediyi kimi, sözün həqiqi mənasında ƏLDƏ, DİLDƏ, KÖNÜLDƏ HƏMRƏY olmağı bacarmalıyıq.
İnsan oğlu bəzən səbirsiz olur, mərhələ-mərhələ irəliləyən prosesi bir göz qırpımında tamamlamaq istəyir, amma o məşhur atalar sözündə deyildiyi kimi, xəstə çox arzulayır, amma armud vaxtında yetişir. Bu gün hər şeydən əvvəl öz içimizdə, bir-birimizlə həmrəy olmağı bacarmalıyıq. Bir qədər əvvəl Özbəkistanda keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə verilən mesajlar bizə həm qarşıda duran vəzifələrimizi göstərdi, həm də böyük ümidlər vəd etdi.
Biz Dünya Azərbaycanlılarının Həmrəyliyini möhkəmləndirmək üçün daha böyük həmrəylik, TÜRK həmrəyliyi yolunda çalışmalıyıq. Türk həmrəyliyinin təsisi həm azərbaycanlıların, həm özbəklərin, həm də digər türk cəmiyyətlərinin birliyini təminat altına almış olar. Unutmayaq ki, özbək də türkdür, türkmən də türkdür, qazax da, qırğız da, tatar da, başqırd da. Məsələ orasındadır ki, onlardan bəziləri öz dövlətini qoruyub saxlaya bildi, bəziləri isə hələ də istibdad altındadır. Böyük birlik onda olacaq ki, türk xalqlarının ortaq həmrəylik günü, ortaq əlifbası, ortaq ünsiyyət dili, ortaq bayrağı, ortaq pul vahidi, ortaq qanunları olacaq. Bax, o zaman həsrətində olduğumuz həmrəylik də əldə edilmiş olacaq.
***
Tarix boyu sınanmış bir həqiqət var ki, hər bir xalqın, dövlətin, cəmiyyətin gücü hər şeydən əvvəl onun ədalətindədir. Bu gün inkişaf etmiş ölkələrin gəldiyi bu yüksək mərhələ hər şeydən əvvəl onların qanun halına gətirdikləri və həyata keçirdikləri ədalət prinsipi sayəsindədir. Çünki hər uğurun təməlində ədalət var. Həzrət Əlinin (Allah ondan razı olsun!) gözəl bir sözü var: "Dövlətin dini ədalətdir". O yerdə ki, ədalət yoxdur, o yerdə zülmün hökm sürməsi labüddür.
Hər xalqın yüksələn, enən mərhələləri olur. Bu baxımdan bu gün bizim qarşımızda geniş üfüqlər açılır. Zaman artıq şüarçılıq zamanı deyil, əməli işə keçmək, qarşıda duran vəzifələri müəyyən edərək onların həllinə başlamaq lazımdır. Qanunların hakim olduğu demokratik cəmiyyət qurmaq hər bir türk dövlətinin qarşısında duran ən mühüm vəzifədir.
Bəli, çalışmalı, vuruşmalı, çox işlər görməliyik. Sözdə deyil, həqiqətdə həmrəy olmalı, hamımız çəkici eyni zindana vurmalıyıq. Allah bizə həqiqi, həm də doğru istiqamətdə həmrəylik ruhu nəsib etsin! Hamımızın həmrəylik bayramı mübarək olsun!