Azərbaycan torpaq uğrunda, vətən uğrunda ən çox döyüşlər aparmış, şəhidlər vermis, başı bəlalar çəkmiş ölkələrdən biridir. İstər Birinci Qarabağ müharibəsində, istərsə də, İkinci Qarabağ müharibəsində minlərlə vətəndaşımız şəhid oldu və yaralandı. Bölgədə ölkələrin müstəqil olmaq istəyi təbii ki, bir çox işğalçı diktatorların xoşuna gəlmirdi. Buna görə də, uzun illər ölkəmiz çətin tarixlər yaşadı. Müstəqillikdən sonra da şər qüvvələr Azərbaycandan əl çəkmədilər və bir çox qanlı planlarla Azərbaycanı hərb meydanına çevirdilər. Elə Qarabağ müharibələri də buna əsas sübutlardan biridir.
İstənilən mübahisə sona çatır, ancaq təcavüz fərqlidir. Bu, ölkələr arasında düşmənlik toxumları səpir. Azərbaycan torpaqları tarix boyu düşmən qüvvələrin kirli oyun səhnəsinə çevrildi və yaralarımız sağalmamış yenidən qanadıldı. Bu da gərginliklərin daha da artmasına səbəb oldu. Ona görə də, illər keçməsinə baxmayaraq, bu düşmənlik hələ də bitmir. Bu, bəlkə də, illər sonra tarixi faktların üzə çıxmasından sonra bitəcək. Və tarix bu prosesi alovlandıran, hətta yanıb kül olmasına səbəb olan qığılcımı illər sonra ortaya çıxaracaq. Ancaq bu da bir faktdır ki, tarix boyu kimlərinsə qurduğu məkrli planlar on minlərlə insanın ölməsinə, minlərlə ailənin dağılmasına səbəb oldu.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizdən biri də Ələkbər Əliyevdir. O, 22 dekabr 1955-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində dünyaya gəldi. 1972-ci ildə Muradxanlı kənd orta məktəbini bitirdi. Daha sonra Sumqayıt Politexnik Texnikumuna daxil oldu. Təhsilini başa vurduqdan sonra iki il hərbi xidmətə getdi. Azərbaycana qayıtdıqdan sonra Qubadlı rayon Kimya Birliyində işləməyə başladı. Bir müddət sonra isə o, doğulduğu kəndə qayıtdı və sovxoz direktorunun müavini vəzifəsinə təyin edildi.
Ermənilərin Azərbaycan torpaqlarına hücumu ilə ölkənin müxtəlif bölgələrindən könüllülər yığılaraq cəbhəyə axışmağa başladılar. Buna isə əsasən bir çox tanınmış hərbçilər öncüllük edirdilər. Ölkədə tanınan məşhur döyüşçülər var idi ki, onların çağırışı ilə işindən, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş Qarabağa döyüşə gedirdi. Ələkbər Əliyev də onlardan biri idi. O, məşhur Milli Qəhrəman Əliyar Əliyevin çağırışlarına ilk səs verənlərdən biri olmuş və ön cəbhəyə yollanaraq, döyüşlərə qoşulmuşdu. Əliyar Əliyev isə 1992-ci ildə taborda kəşfiyyat bölməsinin komandiri təyin edilmişdi. Onun həyata keçirdiyi əməliyyatlar dildən-dilə gəzirdi. Əliyar Əliyevin könüllülərdən ibarət dəstəsi camaat arasında "Pəhləvanlar taboru" kimi tanınırdı. Dəstəsi ilə birgə düşmənə qarşı keçirdiyi əməliyyatlardan birində 336 ermənini məhv etmişdi. Bu hadisədən sonra Ermənistanda hətta 3 günlük matəm də elan olunmuşdu. Onun cəsarətli və sadiq bir döyüşçü olması təbii ki, könüllülərin onun çağırışına səmimi şəkildə cavab verməsinə və güclü bir stimulla döyüşməsinə səbəb olurdu. Ələkbər Əliyev də o könüllülərdən biri idi və sovxoz direktorunun müavini vəzifəsində işləməsinə baxmayaraq, könüllülərə qoşularaq ermənilərə qarşı vuruşmağa başlamışdı. Həmin vaxtlarda Laçın rayonunun Suarası kəndində ağır döyüşlər gedirdi. Ələkbər Əliyev 7 avqust 1992-ci il tarixdə öz dəstəsi ilə həmin kəndə köməyə gedir. Orada çox sayda erməni silahlı qüvvələrinin üzvlərini məhv edir. Onlar ara vermədən irəliləməkdə davam edirlər, ancaq döyüşçülərin azlığı, silah-sursatların çatışmazlığı ciddi problemlərə səbəb olur. Üstəlik, kəndə dəstək qüvvəsi də gəlmir. Sayca az olan digər könüllülər isə cəbhənin müxtəlif istiqamətlərində vuruşurlar. Ələkbərgil müəyyən uğur əldə edə bilsələr də, düşmənin mühasirəsinə düşürlər. Ələkbər Əliyev öz əsgərlərini xilas etmək üçün hətta əlbəyaxa döyüşə də girir və neçə-neçə erməni quldurunu məhv edir. Ancaq buradan sağ çıxmağın çətin olduğunu artıq o da anlayır. Buna görə də, sözün əsl mənasında son nəfəsinə qədər döyüşür. O, bu döyüşdə 20-yə qədər ermənini məhv edir, özü isə şəhidlik zirvəsinə ucalır.
Ələkbər Əliyev evli idi, 4 övladı yadigar qaldı. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi. Xətai rayonundakı 204 saylı orta məktəb də onun adını daşıyır. Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır.