30 ilə yaxın bir müddətdən sonra torpaqlarımız işğaldan azad edildi. Bu yolda Türkiyə və Pakistan sonuna qədər Azərbaycana dəstək olduqlarını açıqladılar. Beləcə, müharibə başlayandan bitənə qədər Azərbaycanın müxtəlif yerlərində üç bayraq birgə dalğalandı. Vətən müharibəsi bütün təzyiqlərə baxmayaraq, Türkiyə, Azərbaycan və Pakistan qardaşlığını daha da möhkəmləndirdi.
Əməkdaşlarımızla Pakistanın Azərbaycandakı səfirliyini ziyarət etdik. Cənab səfir Bilal Haye ilə görüşüb, ölkələrimiz arasındakı qardaşlıq münasibətləri və son günlər baş verən hadisələr barədə söhbət etdik. Həmin müsahibəni təqdim edirik:
- Cənab səfir, ilk olaraq Azərbaycanın torpaqlarını azad etmək uğrunda apardığı döyüşlərdə Pakistanın Azərbaycana dəstəyi barədə sizinlə danışmaq istəyirəm. Pakistan və Türkiyə haqq döyüşündə sona qədər Azərbaycanın yanında olduqlarını açıqladılar. Bu dəstək barədə nə deyə bilərsiniz?
- Mən Azərbaycan hökumətini və xalqını bu müharibədə qələbə çalması münasibətilə təbrik edirəm. Bu, nəinki Azərbaycan xalqı, eləcə də ona dost olan ölkələr, xüsusilə də, Pakistan üçün böyük qələbədir. Pakistan lap başdan Dağlıq Qarabağ məsələsinə görə Azərbaycana öz dəstəyini göstərmişdir. Və nəticədə, biz inanırıq ki, Azərbaycan beynəlxalq hüquq müstəvisində ədalətli mövqedədir, çünki sizin BMT-nin Təhlükəsizlik Şurasında mövqeyinizi dəstəkləyən çoxlu qətnamələr var. Ona görə də, biz şadıq ki, Azərbaycan erməni qoşunları tərəfindən uzun müddət işğal olunmuş ərazilərini azad etməyi bacardı və Pakistan Baş naziri də şəxsən Azərbaycan xalqını bu qələbə münasibəti ilə təbrik etdi.
- Döyüşlər davam etdiyi dövrdə Bakının müxtəlif yerlərində, həmçinin, Azərbaycanın digər rayonlarında üç bayraq Azərbaycan, Türkiyə və Pakistan bayraqları həmişə bir yerdə dalğalandı. Bu, demək olar ki, ilk dəfə baş verirdi. Bizim xalqlarımızı, ölkələrimizi bir-birinə yaxınlaşdıran nədir?
- İlk olaraq mən, Pakistan bayrağının Bakıdakı müxtəlif binalarda dalğalandığını gördükdə özümü çox xoşbəxt hiss etdim. Hətta, mənə bildirdilər ki, Pakistan bayrağı Bakıdankənar bölgələrdə də Azərbaycn bayrağı ilə birgə nümayiş etdirilir. Bu da onu göstərir ki, Azərbaycan xalqının Pakistana qarşı böyük sevgisi və hörməti var. Bilirsiniz, insanlar səfirlik binasına gəlib bizim bayrağımızı istəyirdilər. Və biz demək olar ki, bayraqlarımızın hamısını paylamışdıq. Ona görə də, səfirliyin bir yaxşı əməkdaşı və yerli azərbaycanlı bizə təxminən 100 bayraq hədiyyə etdi. Bu, bizim üçün böyük bir yaxşılıqdır. Biz düşünürük ki, sadə vətəndaşların Azərbaycan bayrağı ilə yanaşı, Pakistan bayrağını da nümayiş etdirməsi azərbaycanlıların bizə olan sevgisinin ifadəsidir. Mən ofisə gələrkən Pakistan bayrağının avtomobildə dalğalanmasını görürəm və insanların bizə olan böyük hörmətini görərək, sevindirəm. Bir sözlə, hər iki ölkə bir-birinə çox yaxındır və hörmət və sevgiləri qarşılıqlıdır.
- Hərbi istiqamətdə Azərbaycan və Pakistan daha hansı addımları atacaq?
- Azərbaycan və Pakistan arasındakı müdafiə əlaqələri möhkəmdir və artıq bir sıra sahələrdə iki ordu bir-birilə əməkdaşlıq edir. Və Pakistan hərbi məktəbləri Azərbaycan hərbçiləri (zabitləri) ilə silahlı qüvvələr və həmçinin, hava qüvvələri üzrə təlimlər keçirlər. Bu əməkdaşlıq çox yaxşıdır. Biz düşünürük ki, bu əməkdaşlığın növbəti mərhələsinə keçmək lazımdır. Bildiyiniz kimi, Pakistan ordusu dünyanın ən böyük ordularından biridir. Bizim mütərəqqi hərbçilərimiz və həmçinin, müasir avadanlıqlarımız var. Və biz inanırıq ki, zaman keçdikcə müdafiə əlaqələri daha da genişləndiriləcək. Əlaqələrimiz başqa sahələrdə də genişləndiriləcək. Məsələn, biz başa düşürük ki, Azərbaycan Ordusu azad olunmuş ərazilərə daxil olur və orada təmizləmə işləri aparır. Biz həmin ərazilərin minalanması barədə də eşitmişik. Pakistanın ərazilərin minalardan təmizlənməsi və onların zərərsizləşdirilməsinə dair çoxlu təcrübəli ekspertləri var ki, onlar bu işdə Azərbaycan ordusuna dəstək ola bilərlər. Əməkdaşlığımızın yeni imkanları üçün iki ölkə səy göstərəcək.
- Bilmək istərdik, Pakistan xalqı Dağlıq Qarabağ məsələsi ilə ümumiyyətlə, son günlər baş verən hadisələrlə nə qədər tanışdır?
- Dağlıq Qarabağ məsələsinə ümumi olaraq Pakistan dərsliklərində toxunulurdu. Çünki Pakistan Azərbaycana lap əvvəldən, yəni, 1990-cı illərin əvvəllərindən, Azərbaycan müstəqilliyini qazandığı dövrdən ona dəstək olur. Lakin bu son müharibə dövrü ərzində, xüsusilə 6-7 həftə sürən müharibədə Pakistan xalqı bu münaqişənin bütün təfərrüatı ilə tanış oldu. Bizim xalqımız Azərbaycan əraziləri olan Kəlbəcər, Laçın və tarixi şəhər olan Şuşanı tanıdı. Mən onu da qey dedim ki, bu münaqişə barəsində, Azərbaycanın mövqeyi və vəziyyəti barədə, sizin müharibədəki davamlı uğurlarınız barədə məlumatlandırma işində medianın da rolu var. Və sizin Pakistandakı, İslamabaddakı səfirliyiniz Pakistan xalqını bu məsələ ilə bağlı məlumatlandırmaqda mühüm rol oynadı.
- Bu baş verənlər sonrakı mərhələlərdə hər iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?
- Mən deyərdim ki, Qarabağ münaqişəsi hər iki dost ölkəni daha da yaxınlaşdırdı. Çünki mən xatırlayıram ki, öz millətimin nümayəndələrini Azərbaycan prezidentinə təqdim edəndə prezident Pakistan barədə yaxşı qeydlər etdi. O, Pakistanın dəstəyini və əməkdaşlığını yüksək qiymətləndirdi və xüsusilə qeyd etdi ki, indi Azərbaycan bilir ki, kim onun yanındadır, kim də digər tərəfdədir. Ona görə də, biz inanırıq ki, bu münaqişə Azərbaycan və Pakistanı daha da yaxınlaşdırdı. Biz, nəinki, müdafiə əməkdaşlığında, həmçinin, ticarət və sosial məsələlərdə də, biznes və turizm sahələrində də əlaqələrin gücləndirilməsində çoxlu imkanlar görürük.
- Hər iki ölkə arasında yeni hanısa əlaqələrin qurulması planlaşdırılırmı?
- Bəli. Mən bayaq qeyd etdiyim kimi, biz iqtisadiyyat və ticarət əlaqələrində çox böyük əməkdaşlıq gözləyirik. Biz həmçinin, hər iki tərəf üçün turizmi stimullaşdırmaq üçün potensial görürük. 2019-cu ildə 40.000-dən çox pakistanlı turizm üçün Azərbaycana səyahət etdi. Təəssüf ki, bu il pandemiya ilə əlaqədar olaraq şərait turizm üçün əlverişli olmadı. Biz ümid edirik ki, virusa qarşı mübarizə apardıqca sağalma dərəcəsi yüksələcək və gələn il üçün turizm yenidən hər iki tərəfdə inkişaf edəcək. Və biz həmçinin, ticarət və biznes sahəsinə təkan verəcəyik.
- 20-ci əsrdə Hacı Zeynəlabdin Tağıyevin Pakistanda yayılan pandemiyaya şəxsi vəsaiti hesabına etdiyi dəstək barədə məlumatlar var. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, mən şəxsən pandemiyaya qarşı vaksin göndərən bu böyük xeyriyyəçi barədə eşitmişəm. Bu barədə məlumatlıyıq və o vaxt göndərilən vaksin indiki Pakistan ərazisini təşkil edən ərazidə insanların həyatını xilas etməyə kömək etdi. Mən düşünürəm ki, burada müsəlmanların yaşaması səbəblərdən biridir. Bu, Zeynalabdin Tağıyevin uzaq bölgədə yaşayan müsəlmanlara olan sevgisindən irəli gəlirdi və biz də hər zaman bu xeyirxah jesti yüksək qiymətləndiririk.
- Azərbaycan və Pakistan dostluğunu daha da inkişaf etdirəcək hansısa planlar varmı?
- Faktiki olaraq, çox planlar var. Dostluğumuz güclüdür, ümumi sahəyə, maraqlara və siyasətə təsir edir. Biz həmişə Azərbaycanın Hindistan tərəfindən işğal olunmuş Kəşmir vilayəti məsələsinə olan dəstəyini qiymətləndiririk. Biz inanırıq ki, iki ölkə insan hüquqları və zorakılıqları, Kəşmir münaqişəsi, iqlim dəyişikliyi, COVID-19-la bağlı məsələlərdə danışıqları davam etdirəcək. Hər iki ölkənin birgə əməkdaşlığı üçün çoxlu məsələlər var.
- Yeri gəlmişkən, Kəşmir məsələsi barədə sizdən soruşmaq istəyirik. Kəşmir probleminin həlli yaxın gələcəkdə mümkün olacaqmı?
- Bildiyiniz kimi, Kəşmir çox mürəkkəb məsələdir. Bu məsələ uzun müddətdir ki, BMT-nin gündəmindədir. Bu, BMT-nin gündəmindəki ən köhnə məsələlərdən biridir. Müəyyən qədər sizin Qarabağ münaqişəsinə bənzəyir. Çünki o da BMT-nin gündəmində olan məsələlərdəndir. Siz hərbi güc tətbiq edərək, ərazini BMT qətnamələrinə görə azad edə bilirsiniz. Kəşmir münaqişəsində isə müharibə məsələnin həlli deyil. Çünki həm Pakistan, həm də Hindistan nüvə silahlarına malikdir. Hər iki ölkədə çox böyük sayda əhali yaşayır. Və müharibə başladığı təqdirdə nüvə partlayışı üçün böyük risk yarana bilər ki, bu da, nəinki, hər iki ölkəyə, həmçinin ətraf ölkələr üçün də təhlükə yaradar. Ona görə də, biz dost ölkələrdən və beynəlxalq təşkilatlardan işğal olunmuş Kəşmir vilayətində insan hüquqları zorakılığını dayandırması üçün Hindistana təzyiq etmələrini xahiş edirik. Bizim insanların həyatı hər gün çətinləşir. Karantin rejiminə görə insanların yaşayış şəraiti çətinləşir. Və bu təkcə indiki karantin rejimi ilə əlaqədar deyil. Əvvəldən qoyulmuş karantin rejiminə görədir. Hindistan höküməti sistematik olaraq işğal edilmiş Kəşmirdə insanların demoqrafik gələcəyini dəyişir. Çünki Kəşmirdə müsəlmanlar faktiki olaraq çoxluq təşkil edir. Və Hindistan kənardan Kəşmirə əhali köçürməklə əhalinin demoqrafik balansını dəyişməyə çalışır. Lakin biz ümid edirik ki, əgər beynəlxalq təşkilatlar Hindistanı işğal olunmuş Kəşmirə tətbiq etdiyi faşist rejimini və geridə qalmış siyasətini dayandırmağa çağırsa və Kəşmirdəki əhaliyə öz gələcəkləri barədə qərar vermək hüququnu versə, hansı ki, bu BMT tərəfindən qəbul edilib, işlər öz həllini tapar. Pakistan dövləti inanır ki, Kəşmir əhalisi bu münaqişədə mühüm tərəfdir. Kəşmir əhalisinə ya Hindistanı, ya da Pakistanı seçmək üçün seçim hüququ verilməlidir. Ona görə də, istəyirik ki, Kəşmirə öz gələcəyini seçmək hüququ verilsin. Bu, bizim mövqeyimizdir.
- Artıq bir müddətdir Pakistanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərirsiniz. Bu barədə təəssüratlarınızı bilmək istərdik...
- Əvvəla icazə verin sizə deyim ki, mən səfir kimi Azərbaycana, Bakıya gələndə bu mənim bura ilk gəlişim idi. Baxmayaraq ki, mən Azərbaycan haqqında dostlarımdan yaxşı sözlər eşitmişdim, mən burada əvvəllər olmamışdım. Biz bura ilk gün çatanda ailəm və mən özümüzü çox xoşbəxt hiss etdik. Çünki bizi hər yerdə xoş qarşıladılar. Aeroporta enəndən evə çatana qədər, işlərimə başlayandan artıq hiss etdim ki, azərbaycanlılar çox qonaqpərvər, çox mehribandırlar. Onlar Pakistanı ürəkdən sevirlər. Və bütün bunlar məni çox sevindirir. Nə yaxşı ki, məni bura Azərbaycana Pakistanın səlahiyyətli səfiri kimi göndərdilər. Mən hesab edirəm ki, iki ölkə arasındakı əlaqələri gücləndirmək üçün görməyə çox işimiz var.
- Azərbaycanın başqa hansısa şəhərində olmusunuz?
- Bəli, mən Gəncə şəhərində olmuşam. Çox çətin dövr idi. Mən digər diplomatik həmkarlarımla Gəncə şəhəri ermənilər tərəfindən ballistik raketlər vasitəsilə bombalananda oraya getmişdik. Və biz dağılmış yerləri ziyarət etdik. Sakinlərin, mülki vətəndaşların evləri dağıdılmışdı. Lakin indi mən yenidən Gəncəni ziyarət etmək istəyirəm, hansı ki, ora yenidən bərpa olunur, daha da yaxşılaşdırılır. Mən həmçinin işğaldan azad edilmiş digər əraziləri də görməyi ümid edirəm. Xüsusilə də, gözəllikləri barəsində çox eşitdiyim Kəlbəcər və Şuşanı görmək həsrətindəyəm.
- Həm Azərbaycanın, həm də Pakistanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı olduqca zəngindir. Bu sadaladıqarımın qarşılıqlı şəkildə hər iki ölkədə təbliğ edilməsi, öyrənilməsi barədə hər hansı işlər görülə bilərmi?
- Bəli, siz çox düzgün vurğuladınız ki, hər iki ölkə arasında zəngin mədəniyyət və tarix var. Bu sahə üzərində işləməyə ehtiyac duyulur. Bu ideyanı həyata keçirmək üçün çoxlu yollar var. Onlardan biri, iki ölkə üçün turizm sahəsini genişləndirməliyik ki, insanlar Azərbaycandan Pakistana getsinlər, Pakistanın gözəlliyini görsünlər, Pakistan xalqı ilə görüşsünlər, Pakistan mətbəxinə aid yeməklərdən dadsınlar və görsünlər ki, pakistanlılar bayramlarını necə qeyd edirlər, eynilə də pakistanlılar çox sayda buraya gəlsinlər, Azərbaycan mədəniyyətindən zövq alsınlar, onunla tanış olsunlar. Eləcə də, hər iki ölkənin televiziya kanallarının birgə fəaliyyətini planlaşdırıram ki, buna misal olaraq, birgə proqramlar, birgə sənədli filmlər, birgə teleserialları göstərmək olar. Bütün bunlar mədəniyyətimizin yaxşılaşmasına kömək edəcək. Bunlar mənim üzərində işləmək istədiyim bir neçə ideyalarımdan biridir.
- Azərbaycan yeməklərini dadmısınız, hansı yeməklərimizi xoşlayırsınız?
- Yaxşı tərəfi budur ki, azərbaycanlılar ət yeməklərini sevirlər. Həmçinin, pakistanlılar da əti xoşlayırlar. Mən bir neçə dəfə kababın dadına baxmışam. Mən həmçinin, sizdəki çərəzlərin də dadına baxmışam. Onlara misal olaraq mürəbbəni göstərə bilərəm ki, bu da pakistanlılar tərəfindən istifadə edilir. Keçən həftəsonu ailəmlə birlikdə nahar etdik və Azərbaycan kababı yedik, o, çox dadlı idi. Mən çalışacağam ki, müxtəlif yemək çeşidlərinin dadına baxım. Mən planlaşdırıram ki, əksər azərbaycanlıların ənənəvi işlərində iştirak edim. Onların toy mərasimlərini necə qeyd etdiklərini, milli yeməkləri necə bişirdiklərini görüm, hər bir azərbaycanlı kimi şənliklərdən zövq alım və Azərbaycan xalqının xoşbəxtliyini bölüşüm.
Ruslan Yusibov