Abid Öməroğlu 
 

DÜŞÜNCƏLƏRİMİZ BİZİ SAĞLAM VƏ YA XƏSTƏ EDƏ BİLƏR 

"Fraza" jurnalının budəfəki müsahibəsində psixoloq Tahir Akqubayevlə düşüncələrin bədənə təsirindən və insanda stresə səbəb olmasından danışdıq. Müsahibimiz düşünərkən beyində baş verən dəyişikliklərdən bəhs etdi, hansı halda düşüncələrin insanı hətta xəstə edə biləcəyi haqda danışdı. 

- Tahir bəy, əvvəla bizə beyin haqqında məlumat vermənizi istərdik.

- İnsan beyni haqda danışmaq o qədər də asan deyil. İnsan beyni təxminən 1,5 kq ağırlığında, kainatda kəşf edilmiş, daha doğrusu, edilməkdə olan ən mürəkkəb orqandır. Beyin yüz milyardlarla hüceyrədən təşəkkül tapır. Bu hüceyrələrdən hər biri ayrı-ayrılıqda qarmaqarışıq şəhərə bənzəyir. Çünki bir hüceyrə bütün insan genini ehtiva etməklə yanaşı, mürəkkəb bir sistemin hərəkətini də tənzimləyir. Düşünmək dediyimiz proses də elə beyində baş verir.

- Bəs düşünmək deyəndə ilk olaraq biz nəyi anlamalıyıq?

- Düşünmək sistemli və necə gəldi fikirlərlə nəticələnən zehni prosesdir. Zehnin informasiyanı müqayisəli və əlaqəli şəkildə ardıcıl düzməsinə düşünmək deyilir. Düşünmə prosesinə təsir edən ailə, tərbiyə, təhsil, mühit və s. bir çox amil var. Məhz buna görə də, hər insanın düşünmək şəkli özünəməxsusdur. İnsanlar arasındakı düşüncə fərqlərinin olması da buradan irəli gəlir. İnsan beyni müxtəlif şöbələrdən ibarətdir. Düşünəndə beyinin müxtəlif nahiyələrində fərqli proseslər baş verir. Bununla əlaqəli bir çox tədqiqatlar var. Ancaq fizioloji olaraq beyində nələrin və hansı ardıcıllıqla baş verdiyini dəqiq demək hələlik bir az çətindir. Düşünmək prosesinə psixoloji baxımdan nəzər saldıqda isə bunun qavrayışla və duyğularla əlaqəli olduğunu görürük. Qavrayış cisim və hadisələrin bütün keyfiyyət və xassələri ilə beyində əks olunmasıdır. Duyğular isə indiki anda insana təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin beyində əksidir.

- Düşünmə prosesinə təsir edən amillər nələrdir? 

- İnsanın düşünmə prosesinə onun hazırkı əhvalı - ac, susuz, yuxusuz, şən, kədərli və s. olması da birbaşa təsir edir. Çünki bunlar əhvalda, əhval düşüncələrdə, düşüncələr də davranışlarda özünü göstərir.

- Düşünmənin beyində necə cərəyan etdiyi elmə tam olaraq məlumdur? 

- Beynimizdə yüz milyard hüceyrə var. Beyin hüceyrələri iki yerə ayrılır: qliya hüceyrələr və neyronlar. Neyron iki xüsusi ucu olan beyin hüceyrələridir. Bu uclardan biri elektrik siqnallarını almaq, digəri isə ötürmək funksiyasını yerinə yetirir. İnsan beynindəki neyronlar ana bətnində 7-ci həftədən etibarən yaranmağa başlayır. Ağıl, məntiq, düşüncə, zəka kimi koqnitiv proseslərin, həmçinin, duyğuların hamısı neyronların bir-biri ilə əlaqəsi nəticəsində meydana gəlir. Neyronların əsas vəzifəsi beyinin verdiyi qərarlara uyğun bioelektrik sinqallar yaratmaq və neyron qrupu əmələ gətirməkdir. Beyin bir şeyi nə qədər çox təkrar edirsə, neyronlar arasındakı bağ bir o qədər güclənir və möhkəmlənir. Beyin yeni bir şey öyrənəndə isə yeni neyron birləşmələri əmələ gəlir. Beynimiz saniyədə 400 milyard bit məlumat qəbul edir. Bunların təxminən 2000 biti işlənilir və şüurlu zehin 5-9 bitlik məlumatı ayırd edir. Buna 7±2 diqqət deyilir. Birdən çox şeyə fikir verməyə çalışarkən diqqətimizin dağılması da buna görədir. Bu mənada düşünmək beyində yeni və ya mövcud neyronlar arasındakı bağı aktivləşdirməkdir. Qısacası, düşüncə beyindəki hüceyrələrə gedən siqnallara verilən kimyəvi reaksiyaların məcmusudur.

- Düşünərkən beyində hansı dəyişikliklər baş verir?

- İnsanın real yaşadığı hadisə onun beynində hansı prosesləri aktivləşdirirsə, təsəvvür etdiyi hadisələr də eyni prosesləri həqiqətdə yaşayırmış kimi aktivləşdirir. İstənilən bir şey haqqında düşünəndə beyindəki həmin şeylə əlaqəli neyronlar aktivləşir. Bir şeyi həddindən çox düşünəndə beynimiz həmişəkindən daha çox enerji sərf edir.

- İnsan eyni cür düşünərək, eyni cür davranaraq, eyni duyğuları yaşayaraq dəyişə bilər?

- Düşünmək diqqəti bir şey üzərində cəmləşdirmək, enerjini ora yönəltməkdir. Düşüncələr isə beyinə avtomatik gələn şeylərdir. Beynimizdən hər gün orta hesabla 50-70 min düşüncə keçir. Nə haqqında çox düşünürüksə, həmin şeylə əlaqəli neyronlar daha çox aktivləşir (beyinin enerjisini də azaldır) və biz bunu həqiqət zənn etməyə başlayırıq. Beləcə, düşüncələr həyatımıza nəzarət etməyə başlayır. Eyni cür düşünən insan eyni cür seçimlər edir. Eyni seçimlər eyni cür davranışlara səbəb olur. Eyni davranışları edən insan da oxşar duyğuları yaşayır. Bu da həyatda eyni situasiyaların təkrarlanması və nəzarətin düşüncələrin əlinə keçməsi deməkdir. Buna görə də, eyni cür düşünərək, eyni cür davranaraq, eyni duyğuları yaşayaraq dəyişmək sadəcə olaraq mümkün deyil. İnsan nə düşünsə, beyində buna uyğun bir kimyəvi maddə ifraz olunur. Bu maddələr də insanın əhvalına birbaşa təsir edir. 

- Düşüncələrimiz və vərdişlərimiz arasında bir əlaqə var?

- İnsanın düşünmə şəkli düşüncə səviyyəsini (qəlibini) yaradır. Həmin səviyyədə özünəxas kimyəvi maddələr ifraz edir. İfraz olunan bu maddə o düşüncəyə xas duyğu yaradır. Bu da dairəvi şəkildə davam edir. Duyğular düşüncələrə, düşüncələr də duyğulara rəhbərlik edir. Nəticədə, biz hiss etdiyimiz kimi düşünür və düşündüyümüz kimi hiss edirik. Bu da bir müddət sonra vərdişə və xarakterin bir hissəsinə çevrilir. Vərdiş tez-tez təkrarlamaqla əldə olunan və şüursuz, avtomatik şəkildə yerinə yetirilən düşüncə, davranış və duyğuların məcmusudur. Buna fərqli aspektdən baxsaq, "Düşüncələr beyinin, duyğular da bədənin dilidir" deyə bilərik. Və insan hansı dildə çox danışırsa, o dili daha yaxşı mənimsəyir. "Mən buyam" demək beyinə həmin adam olmaq haqda əmr verməkdir. Beyin də ona verilən əmrləri müsəlləh əsgər kimi qeyd-şərtsiz yerinə yetirməyə çalışır.

- Düşüncələr insanda stresə səbəb ola bilər?

- Stress bir mənada bədənin müdafiə sistemidir. Əslində, həyatda qalmaq streslə birgə yaşamaqdır. Meşədə gedərkən yırtıcı heyvanla qarşılaşdığınızı təsəvvür edin. Gözümüz həmin heyvanı görəndə qeyri-ixtiyari simpatik sinir sistemi hərəkətə keçir və beyinə sürətlə təhlükənin olduğunu xəbər verir. Beyin də ən qısa vaxtda gücü çatacaqsa, döyüşmək, çatmayacaqsa, təhlükəsiz yerə qaçmaq qərarına gəlir. Bu vaxt bədəndəki qanın çox hissəsi ayaqlara və qollara gedir. Yəni, bədən döyüşmək və ya qaçmaq üçün fizioloji olaraq hazır vəziyyətə gəlir. Və bu proses saniyələr ərzində baş verir. Bu, bədənin özünü qorumaq və həyatda qalmaq üçün etdiyi əsas həmlədir. Və bütün bunlar stress hormonu adlanan kortizolun ifrazı ilə baş verir. Bu mənada stress həm də bədənin tarazlığının pozulmasıdır.

- Başqa hansı hallar stress yaradır?

- Əfsus ki, müasir insanın həyat tərzi stress hormonunun mütəmadi ifrazına səbəb olur ki, bu da daha çox stress altında olmaq deməkdir. Müasir insanın həyat tərzinə nəzər saldıqda bu gərginlik hələ kiçik yaşlardan başlayır və sonra da artaraq davam edir: Bağça, məktəb və universitetdən sonra bu gərginlik iş həyatında da özünü göstərir. Beləcə, onlarla, hətta yüzlərlə xırda, fikir vermədiyimiz səbəblər stress hormonunun normadan qat-qat artıq ifraz olunmasına səbəb olur. Bu da özlüyündə qanın təzyiq və miqdarındakı tarazlığı pozur, immunitet sistemini zəiflədir, yuxu pozğunluğunu artırır.

- Stresin başqa hansı zərərlərindən danışmaq olar?

- Stress eyni zamanda təzyiq, şəkər, xərçəng, çəki azlığı və ya çoxluğu, enerji balansının pozulması, beyin funksiyalarının pozulması və s. kimi bir çox problem və xəstəliyin ortaya çıxması üçün əlverişli zəmin hazırlayır. Təbiətdəki bütün canlılar qısamüddətli stresə dayana bilirlər. Uzun müddət stress vəziyyətində olmaq isə xəstəliklərə açıq olmaqdır. Təbiətdəki heç bir canlı uzunmüddətli streslə mübarizə aparmaq iqtidarında deyil. Stress vəziyyətində bədənin enerjisinin çoxu streslə mübarizəyə sərf olunduğuna görə, başqa işlər üçün enerji demək olar ki, qalmır. Ən əsası stress hormonlarının uzunmüddətli və nizamsız təsiri xəstəlik yaratmaq iqtidarında olan genləri də dəyişir.

- Onda belə çıxır ki, düşüncələr və ağlımıza gələn xatirələr bizi gərginləşdirə, hətta xəstələndirə bilər? 

- Bəli, insan təkcə düşünməklə də stress yaşaya bilir. Yaşadığı hər hansı mənfi təcrübəni düşünmək bədəndə yırtıcı heyvan görəndə aktivləşən simpatik sinir sistemini eynilə hərəkətə keçirir. Yəni, bədən üçün təhlükənin real və ya irreal olmasının heç bir fərqi olmur. Qısacası, düşüncələr və ağlımıza gələn xatirələr bizi gərginləşdirə, hətta xəstələndirə bilər. Bu nöqteyi-nəzərdən bədənə stress yaşatmamağın yolu düşüncələrə fikir verməkdən keçir desək, yanılmarıq.

- Yaxşı bəs, düçüncə və stress yolu ilə bədəndə fiziki ağrı əmələ gələ bilər?

- Sinir sistemi "döyüş və ya qaç" (stress) vəziyyətinə keçəndə adrenalin hormonu əzələlərə külli miqdarda enerji göndərir. Bu enerji insanın daha yaxşı döyüşməsi və ya qaçması üçündür. Bunlar baş vermədikdə həmin enerji toxumalarda yığılıb qalır ki, bu da əzələlərdə ağrı yaradır. Beləcə, səbəbsiz ağrıların necə yarandığını da anlamış oluruq.

- Bəs stress beyinə necə təsir edir?

- "Döyüş və ya qaç" sistemi bütün gün aktiv olduqda qanın çox hissəsi ön beyindən arxa beyinə "hücum" edir. Və nəticədə, insan analitik düşünə bilmir. Bədən isə ancaq reaksiya verməklə kifayətlənir. Belə olduqda qavrayış da məhdudlaşır. Bu həm də reallıqları təhrif etmək deməkdir. "Döyüş və ya qaç" sistemi gün ərzində dəfələrlə aktiv olanda bədən həyəcan təbili çalmağa başlayır ki, bu vaxt insanın həssaslıq tələb edən işlərə taqəti və vaxtı qalmır. Daha əsəbi, səbirsiz, yorğun və əzgin olur.

- Uzunmüddətli stress insan həyatına necə təsir edir?

- Stress hormonlarının təsiri ilə yaranan duyğulara qəzəb, məyusluq, əsəbilik, nifrət, kədər, inamsızlıq, qorxu və s. kimi bir çox mənfi duyğunu misal vermək olar. Bədən stress altında olarkən insan hormonların təsiri ilə üç əsas şeyə yönəlir: bədən, ətraf və zaman. Və özünə daha çox bu cür sualları verir: "Necə görünürəm?", "Saçım necədir?", "İnsanlar mənim haqqımda nə düşünürlər?", "Vaxt niyə belə tez və ya gec keçir?" Bədən stress halında kənardan gələn təhlükəni insana tərcümə edir. Stress hormonu olan kortizol zaman keçdikcə insan beynindəki xatirələri birləşdirən nahiyədə (hippokamp) toxumaların strukturunu da dəyişdirməyə başlayır. Bu da insanın bilmədiklərindən uzaq durması, ancaq bildiklərinə yönəlməsi deməkdir. Yeni təcrübə bu hissədəki yeni neyronları çoxaldır. Bu mənada Aristotelin sözünü xatırlatmaq yerinə düşər: "Davamlı etdiyimiz şey nədirsə, biz oyuq. Bu halda mükəmməllik bir fəaliyyət yox, vərdişdir".

- Stresin qavrayışa təsiri varmı?

- Stress hormonları həm də öz reallığımızı həmin andakı duyğularımıza (əhvalımıza) uyğun qavramağımıza səbəb olur. Bu zaman ətrafımızda baş verənlərin daxilimizdən daha real olduğuna inanmağa başlayırıq. Çünki bütün diqqətimiz ətrafdan gələcək təhlükəyə yönəlir. Daxilimizə yönəlməyə, yaradıcılıq kimi fəaliyyətlərə vaxtımız qalmır. Yəni, enerjimizi maddi olan şeylərə sərf edirik. Enerjimizi maddi şeylərə yönəltdikcə də özümüzdən və ruhumuzdan uzaqlaşırıq. Və daxilimizdə axtarmalı olduğumuz şeyləri kənarda axtarmağa başlayırıq. Yanlış yerdə axtardığımıza görə də axtardığımızı heç vaxt tapa bilmirik.

- Bəs bunu dəyişmək üçün nə etməliyik?

- Düşüncələri dəyişəndə beyinin mexanizmi də dəyişir. Yəni, düşüncələrlə bədənin sağlamlığına və ya xəstəliyinə təsir etmək mümkündür. Bədəndə istifadəni gözləyən çox sayda genlər var. Gen zülal ifraz edir. Biz geni necə proqramlaşdırsaq, o həmin şeyə uyğun zülal ifraz edir. Bu barədə maraqlı araşdırmalar var. Məsələn, şəkər xəstələri bir saat güldükdə 23 yeni gen istehsal edirlər. Stresli insanlar meditasiya etdikdə isə bu say 800-ə çatır.

- İnsan düşüncələrinə necə nəzarət etməlidir? Buna tam nail olmaq olar?

- Əslində, nəyi çox düşünürüksə, bir mənada ona çevrilir, özümüzü onunla eyniləşdiririk. Bir insan onda asılılıq yaradan duyğu və düşüncələri müşahidə etməklə, fəaliyyət istiqamətini dəyişməklə, kim olmaq istədiyinə qərar verməklə, davranışları niyyətlərə uyğun hala gətirməklə düşüncələrinə nəzarət edə bilər. Buna nail olmaq üçün aşağıdakı suallardan istifadə etmək olar:

1. Nələrin xəyalını qurmaq mənə güc verir?

2. Enerjimi daha çox nəyə sərf edirəm?

3. Əslində, enerjimi nəyə sərf etməliyəm?

4. İstəyimə necə nail ola bilərəm?