Əliş Abdulla 
 

Milyonlarla, hətta milyardlarla insanı eyni nöqtəyə cəmləşdirən, onları birliyə, bərabərliyə səsləyən, dünyanın siyasi, iqtisadi, sosial, mədəni - bütün sahələrində olan qarşıdurmaları bir müddətlik də olsa, susduran, eyni anda insanlarda sevincə, kədərə, gülüşə, göz yaşlarına səbəb olan bir hadisə düşünün. Yəqin ki, bir çoxlarınızın ağlına böyük konsertlər, karnavallar, müxtəlif ölkələrin milli bayramları və s. gəlir. Amma, xeyr. Bəzilərinin uşaqlıq xatirəsi olan bu hadisə, bəzilərinin də gələcək arzusudur. İngiltərəli jurnalist Martin Jakın da dediyi kimi: "O, təkcə böyük qlobal idman hadisəsi deyil, həm də daha dərin mədəni və siyasi əhəmiyyətə malikdir". Söhbət, futbol üzrə dünya çempionatından gedir.

Futbolun nə qədər populyar idman növü olduğu hər kəsə bəllidir. Dünyanın əksər ölkələrində ən çox izlənilən, üstəlik, kifayət qədər kapital qoyulan idman növü, heç şübhəsiz, futboldur. Futboldan danışanda isə ağla ilk olaraq super ulduz futbolçular, izdihamlı matçlar, əzəmətli futbol arenaları, çılğın azarkeşlər və s. gəlir. Və bir dünya çempionatında bütün bu sadalananların hər birini tapmaq mümkündür.

"Uzun və bahalı Amerika səyahəti"

Futbol üzrə dünya çempionatının tarixi ötən əsrin 30-cu illərinə qədər gedib çıxır. Tarixdəki futbol üzrə ilk rəsmi dünya çempionatının keçirilməsi bir növ Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) arasında yaşanan anlaşılmazlıq nəticəsində baş verib. Futbol Amerika Birləşmiş Ştatlarında (ABŞ) populyar idman növü olmadığından o, 1932-ci ildə Los-Ancelesdə keçirilən Yay Olimpiya Oyunlarının proqramına daxil edilmir. Buna görə də, 1930-cu ildə FIFA öz beynəlxalq turnirini keçirmək qərarına gəlir. Qurumun prezidenti Jül Rime bununla da ilk Dünya Kuboku turnirini təşkil etməyə başlayır.

1930-cu ildə müstəqilliklərinin 100-cü ildönümünü qeyd etdiyi üçün FIFA Uruqvayı ev sahibi ölkə təyin edir. Seçilmiş dövlətlərin milli assosiasiyaları çempionata komanda göndərmək üçün dəvət olunurlar.

Lakin yarışın keçirildiyi məkan kimi Uruqvayın seçilməsi Avropa ölkələri üçün Atlantik okeanı boyunca uzun və bahalı səyahət demək idi. O vaxtkı FIFA prezidenti Jül Rime, nəhayət, Belçika, Fransa, Rumıniya, Macarıstan və Yuqoslaviya (1918-2003-cü illər arasında mövcud olan dövlət. Tərkibinə indiki Serbiya, Xorvatiya, Sloveniya, Makedoniya, Monteneqro və Bosniya və Herseqovina dövlətləri daxil idi) komandalarını səfər etməyə razı sala bilir. Beləliklə, çempionatda yeddisi Cənubi Amerika, dördü Avropa və ikisi Şimali Amerika olmaqla, ümumilikdə 13 ölkə iştirak edir. Çempionatın finalında Uruqvay paytaxt Montevideoda 93 min nəfərlik izdiham qarşısında Argentinanı 4-2 hesabı ilə məğlub edərək Dünya Kubokunu qazanan ilk ölkə olur.

"Hər iki cəbhədə uduzan Almaniya"

Almaniya 13 avqust 1936-cı ildə 1942-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün rəsmi müraciət etdi. Bu vaxta qədər almanların dünya kuboku yarışlarında heç bir ciddi uğuru yox idi. Onlar heç bir dünya çempionatına ev sahibliyi etməmiş və çempion da ola bilməmişdilər. Onlar üçün uğur sayıla biləcək yeganə nəticə 1934-cü ildə İtaliyada keçirilən çempionatda dünya üçüncüsü olmaları idi. Amma, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Amma burada bir paradoks da var ki, bu mövzuda "fələk" rolunu elə Almaniyanın özü ifa edir.

1 sentyabr 1939-cu ildə Almaniya ordusunun Polşaya hücumu ilə dünya tarixinin ən qanlı müharibələrindən biri - İkinci Dünya müharibəsi başladı. 1945- ci il sentyabrın 2-də isə Tokio vaxtı ilə saat 09:02-də ABŞ-ın Missuri döyüş gəmisində Yaponiyanın qeyd-şərtsiz təslim olması haqqında kapitulyasiya aktı imzalandı və bununla da dünya müharibəsi başa çatdı. İkinci Dünya müharibəsi qanlı nəticələrlə yanaşı, həm də dünyanı futbolsuz qoydu. 1942 və 1946-cı illərdə keçirilməsi nəzərdə tutulan dünya çempionatları baş tutmadı. Almaniya dünya müharibəsində məğlub olduğu kimi, dünya çempionatına da ev sahibliyi edə bilmədi. 

"Soyuq qış aylarında hərarətli futbol ziyafəti"

Hər 4 ildən bir keçirilən dünya çempionatlarının 22-cisi bu il Qətərdə baş tutacaq. Qətərdə keçiriləcək Dünya Kuboku bir çox ilkləri ilə yadda qalacaq. Bu, ərəb dünyasında keçirilən ilk dünya kuboku olaraq tarixə keçəcək. Builki çempionat futbol azarkeşlərinin də alışdığı isti yay aylarında yox, sərin payız-qış aylarında keçiriləcək. Qətərdə yay aylarında temperatur həddindən artıq yüksək olduğu üçün oyunların qış aylarında keçirilməsi qərara alındı.

FIFA-2022 32 komandanın iştirak etdiyi sonuncu turnir olacaq. Belə ki, 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi ilə keçiriləcək turnirdə iştirakçı sayı 48 komandaya qədər artırılacaq.

Qətərdəki çempionatda Avropadan 13 (Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Fransa, Almaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, İspaniya, İsveçrə, Uels), Asiyadan 6 (Avstraliya, İran, Yaponiya, Qətər (ev sahibi), Səudiyyə Ərəbistanı, Cənubi Koreya), Afrikadan 5 (Kamerun, Qana, Mərakeş, Seneqal, Tunis), Şimali Amerika (Kanada, Kosta Rika, Meksika, Amerika Birləşmiş Ştatları) və Cənubi Amerikadan (Argentina, Braziliya, Ekvador, Uruqvay) isə 4 ölkə birincilik üçün mübarizə aparacaq. 32 ölkə hər birində 4 komanda olmaqla 8 qrupda yarışacaq. Hər qrupda oynanılan 6 görüşün nəticələrinə əsasən birinci və ikinci olan komandalar növbəti 1/8 final mərhələsinə yüksələcək. Ümumilikdə, 64 matçdan ibarət çempionatın finalı 18 dekabr Bakı vaxtı ilə saat 19:00-da 80 min nəfərlik "Lusail Iconic" stadionunda start götürəcək.

Dünya kubokunun rəsmi emblemi Lissabonda yerləşən "Brandia Central" brendinq agentliyi tərəfindən hazırlanıb və 3 sentyabr 2019-cu ildə "Doha Tower", "Katara Cultural Village Amfiteatr", "Msheireb Downtown Doha" və "Zubarah"da eyni vaxtda keçirilən tədbirlər zamanı təqdim olunub. Emblemin dizaynı turnir kubokunu, sonsuzluq simvolunu və matçların keçiriləcəyi səkkiz stadionu əks etdirən "8" rəqəmini xatırladır. O, həmçinin turnirin qışda keçiriləcəyini ifadə etmək üçün şalların təsvirini və səhra təpələrinə bənzəyən dalğaları özündə ehtiva edir. Turnirin rəsmi maskotu 2022-ci il aprelin 1-də qrup mərhələsinin püşkatma mərasimi zamanı təqdim olunub. Onun adı olan "La'eeb" isə ərəb sözüdür və mənası "super bacarıqlı oyunçu" deməkdir. Dünya Kubokunun rəsmi saundtreki olan "Hayya Hayya ("Better Together")" adlı parçanı isə Trinidad Kardona, Davido və Aişa ifa edib.

Çempionat başlamamış hansı ölkənin qalib olacağını təxmin etmək olduqca çətindir. Lakin futbol mütəxəssisləri FIFA-2022- nin əsas favoritlərinin İngiltərə, Argentina, Fransa və Braziliya komandaları olduğunu bildirirlər. FİFA-nın açıqladığı son statistik göstəricilərə əsasən (25 avqust 2022) dünya ölkələrinin sıralaması bu şəkildədir: 1. Braziliya. 2. Belçika. 3. Argentina. 4. Fransa. 5. İngiltərə. Hansı ölkənin Dünya Kubokunu başı üzərinə qaldıracağını isə, sözsüz ki, zaman göstərəcək.

"Futbolun onlara Dünya Kuboku borcu var"

Tarix 11 oktyabr 2017-ci il. 1 il sonra - 2018-ci ildə Rusiyada 21-ci dünya çempionatı start götürəcək. Belə bir anda komandada işlərin heç də yaxşı getmədiyi Argentina millisinin DÇ-də iştirakı bir az müşkül görünürdü. Argentinanın super ulduzu Lionel Messinin çıxışı qınaq obyektinə çevrilir, komandasının uğursuz nəticələrində günahkar hər zaman olduğu kimi o göstərilirdi. Amma bir anda hər şey dəyişir. 11 oktyabr 2017-ci ildə Argentina Ekvadorla matçda 37-ci saniyədə 0-1 geriyə düşür. Və daha sonra səhnəyə o çıxır. Rəqib qapısına 3 qol vuraraq "hattrick" edən Leo komandasının mübarizəsində geri dönüş edərək Argentinanın dünya kuboku ümidlərini yenidən canlandırır. Matçdan sonra Messi haqqında danışan Argentina millisinin məşqçisi Xorxe Sampaoli bu sözləri işlədir: "Fakt budur ki, futbolun ona Dünya Kuboku borcu var və bizim ona Rusiyada bunu mümkün etməkdə kömək etmək şansımız var".

Amma bu cümləni təkcə Leo üçün işlətmək futbol naminə bir az haqsızlıq olar. Çünki Argentinalı superulduzla eyni taleyi yaşayan başqa biri də var. Söhbət, əlbəttə ki, Portuqaliya millisinin kapitanı, superulduz Kriştiano Ronaldodan gedir. Messi-Ronaldo qarşıdurması son 15 ilin, demək olar ki, əsas futbol duelidir. Hər ikisinin qazanmadığı kubok, vurmadığı rekord qalmayıb, təkcə dünya kubokundan başqa. Messi 2014-cü ildə dünya kubokunun bir addımlığında idi. Lakin Argentina son dəqiqələrdə buraxılan qolla finalda Almaniya yığmasına 1-0 hesabı ilə məğlub oldu. Kriştianoda isə belə bir şans hələ ki, olmayıb. Messi 35, Ronaldo isə 37 yaşındadır. Artıq hər ikisi də qəbul edirlər ki, böyük ehtimalla, bu, onlar üçün sonuncu dünya çempionatıdır.

Argentina və Portuqaliyanın bu il çempionluq uğrunda mübarizə aparmaları üçün bir səbəb də var: onların borcunu qaytarmaq. Sonda isə belə bir sual ortaya çıxır: Futbol bu il kimin borcunu qaytaracaq?