Nəzmiyyə Sadıqova 
 

Bəşər tarixinin başlanğıcından bu günə kimi insan həyatına rəng qatan kəşflərdən biri də filmlərdir. Məhz, həmin filmlər yarandığı gündən tək incəsənətə və mədəniyyətə deyil, həmçinin, insanların dünyagörüşünün formalaşmasına da böyük təsir etmişdir. İlk zamanlar filmlər səssiz və ağ-qara süjetlərdən ibarət olsa da, texnologiya inkişaf etdikcə, həmin filmlərin yerini səsli və rəngli filmlər almışdır. Azərbaycanda isə ilk rəngli film "O olmasın, bu olsun" bədii filmidir. Azərbaycanın film salnaməsinin şedevrlərindən biri olan bu film 1956-cı ildə bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hüseyn Seyidzadə tərəfindən çəkilmişdir. Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin - Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, sevginin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin (Ağasadıq Gəraybəyli) bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, başqa mürtəce obrazlar da öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. Həmçinin, Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindən biri olan "O olmasın, bu olsun" filmi ilk nümayiş etdirilən zaman bir çox tamaşaçı və kinoşünasın tənqidinə məruz qalmışdır. Hətta filmin Bakı kinoteatrlarında nümayişindən sonra respublika mətbuatında "Müvəffəqiyyətsiz film" başlıqlı kəskin tənqidi resenziya dərc edilmişdi. İnsanların fikrinə görə, film həmin dövr üçün xalqın mentalitetinə uyğun deyildi. Bununla yanaşı, Tamara Gözəlovanın sözlərinə görə, insanlar filmin baş rolunda 15 yaşlı bir qızın oynaya biləcəyini qəbul edə bilmirdilər. Lakin bütün bu tənqidlərə baxmayaraq "O olmasın, bu olsun" filmi zaman keçdikcə bütün dünyada, eləcə də, ölkəmizdə sevilərək baxılmağa başladı. Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində nümayiş etdirilən bu film Azərbaycan kinosunun şöhrətini dünyaya yaydı. İran, İraq, Yaponiya, Avstriya, ABŞ, İsveçrə, Macarıstan və digər ölkələrin tamaşaçıları filmə xüsusi maraq göstərdilər və elə bu gün də "O olmasın, bu olsun" dünyanı dolaşmaqdadır.

Filmin özü qədər kadr arxasında baş verən hadisələr və aktyorların həyatları da olduqca maraqlıdır. Bəzi mənbələrdə yer alan məlumatlara görə, film çəkilib qurtardıqdan sonra nəzərdə tutulan vaxtdan uzun alındığı üçün bəzi hissələr kəsilir. Məsələn, filmin qonaqlıq səhnəsindəki dava kimi... Həmçinin, dava səhnəsində istifadə olunan qablar bişmiş gildən hazırlanmışdı. Bu səbəbdən, qablar harasa dəyən kimi parça-parça olurdu. Lakin Lütfəli Abdullayevin (Balaoğlan) Məmməd Zəkinin (Bəy) başına vurduğu qab əsl materialdan olduğu üçün aktyorun başı yarılır və çəkilişə təcili yardım çağırılır. Bundan əlavə, film çəkilən zaman Lütfəli Abdullayev pilləkəndən yıxılır. Lakin hadisə təbii alındığı üçün həmin hissə filmdən çıxarılmır. Film zamanı baş verən bədbəxt hadisələrdən biri də Münəvvər Kələntərlinin (Yengə) kiçik barmağının sınmasıdır. Belə ki, Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır və yengəni yerə yıxır. Bu məqamda yerə yıxılan aktrisa kiçik barmağını sındırır. Lakin çəkiliş qrupu aktrisanın barmağının sındığını ancaq həmin çəkilişlər bitəndən sonra bilir. Deyilənə görə, həmin səhnədə aktrisa əslində ağrıdan ağlayırmış.

Filmin baş qəhrəmanlarından biri olan Tamara Gözəlova verdiyi müsahibələrdən birində bildirir ki, əslində, filmdə baş rola seçiləcəyinə həm özü, həm də valideynləri inanmırmış. Hətta atası onun filmə çəkilməyinə tamamilə razı deyilmiş. Lakin rəsmi qurumların xahişindən sonra atası razı olur. Hətta belə bir iddia da var ki, əgər atası Tamara Gözəlovanın filmdə yer almasına icazə verməsə imiş, onu partiya sıralarından çıxaracaqlarmış. Bir çox tamaşaçı və kinoşünasın fikrinə görə, Tamara Gözəlovanın ifası filmə xüsusi rəng və ahəngdarlıq qatıb. Bundan başqa, filmdə Gülnazla Sənəmin Məşədi İbadla sağollaşıb getdiyi səhnədə Gülnazın "Əmi, sağ olun, daha biz gedək", deməsi aktrisanın öz improvizəsi olub.

Filmin digər baş rol ifaçılarından biri olan Arif Mirzəquliyev əslində Sərvər obrazı üçün nəzərdə tutulmamışdı. Həmin rol ilk dəfə Rəşid Behbudova təklif olunur. O, əvvəlcə bu təkliflə razılaşır, hətta bu rola görə onu hər kəs təbrik edir. Lakin bir müddət sonra Rəşid Behbudov həmin roldan imtina edir. Buna səbəb isə Sərvər obrazının gimnaziyada oxuyan tələbə olması idi. Həmin dövrdə isə Rəşid Behbudovun 40 yaşı olduğu üçün o özünü bu rola uyğun bilmir.

Oxşar hadisə filmin digər baş rollarından biri olan Əliaga Ağayevin də (Məşədi İbad) başına gəlir. Belə ki, Məşədi İbad rolu üçün rejissor Hüseyn Seyidzadə aktyor Mirzəağa Əliyevi çəkməyi planlaşdırırmış. Lakin çəkilişlər başlayan ərəfədə aktyor vəfat edir və rol Əliağa Ağayevə qismət olur. Bu rol Əliağa Ağayevə çatana qədər də bir neçə aktyordan keçir. Hətta, filmə çəkilmək üçün o dövrdə ən real namizəd xalq artisti Mirzə Babayev idi. O, çəkilişlərə tam hazırlaşmışdı. Filmin baş operatoru Əlisəttar Atakişiyev son anda Əliağa Ağayevin oynadığı tamaşaya baxır və onu Məşədi İbad roluna təklif edir. Hüseyn Seyidzadə bu təkliflə razılaşır və Məşədi İbad rolunda Əliağa Ağayev çəkilir. Mirzə Babayev isə yalnız Məşədi İbadın mahnı və muğamlarını oxuyur.

Yəqin ki, bir çoxumuz "Heç hənanın yeridir?" ifadəsini həm işlətmiş, həm də eşitmişik. Elə, məhz, bu ifadə məşhur obraz Məşədi İbadın süjetində yer alan sözlərdir. Nəticə olaraq, yalnız "O olmasın, bu olsun" filmi deyil, hətta orada yer alan ifadələr də zaman keçdikcə xalq tərəfindən sevilərək rəğbət qazanır və gündəlik həyatda yer alır. Ümumiyyətlə, bu film Azərbaycan kinosunda bir inqilab idi. Çünki həmin dövrün demək olar ki, bütün məşhur aktyorları bu film üçün toplaşmışdı. Lakin əfsuslar olsun ki, hazırda həmin aktyorlardan heç biri həyatda deyil.