Dünyada bugünkü vəziyyətə nəzər salanda deyə bilərik ki, İkinci Dünya müharibəsindən sonra ölkələr arasında gərginlik bu qədər artmamışdı. İlk dəfədir ki, Rusiyanın Ukraynaya girməsi ilə Qərb ölkələri Rusiya və müttəfiqləri ilə qarşı-qarşıya gəldi. Bu il fevralın 24-də Rusiya silahlı qüvvələrinin Ukrayna ərazilərinə girməsindən sonra bu proses bir növ çıxılmaz vəziyyətə düşdü. İndi bir çox politoloqlar hazırkı vəziyyətin əsas iki nəticəsinin olacağını dilə gətirirlər. Birincisi, Rusiya məğlubiyyətlə razılaşıb geri çəkilir, bu da Putin hakimiyyətinin sonuna gətirib çıxarır. İkincisi, nüvə müharibəsi başlayır və dünyada ağır təsirli dəyişikliklər baş verir. Qərb və Rusiyanın hərbi potensialını nəzərə aldıqda ikinci variantın da Putin hakimiyyətinin sonunu gətirəcəyini təxmin etmək çətin deyil. Bu isə öz növbəsində MDB ölkələrində ciddi yeniliklərə gətirib çıxaracaq. Bir çox dünya liderləri həm etdikləri çıxışlarda, həm də atdıqları addımlarda keçmişdə baş verən tarixi hadisələrdən qidalandıqlarını bildirirlər.
Bundan təxminən 80 il əvvəl dünyanın qarşı-qarşıya qaldığı çətin vəziyyətə nəzər salaq. SSRİ-Almaniya arasında müharibə başlamışdı. Bununla bağlı dünya liderləri arasında fikir mübadilələri gedirdi. Böyük Britaniyanın Baş naziri Uinston Çörçill Hitler Almaniyasına qarşı SSRİ-yə yardım təklif edir və 12 iyul 1941-ci ildə ikitərəfli müqavilə imzalanır. Almanların SSRİ-yə qarşı təzyiqləri davam edirdi. Yeni cəbhə açmaqla almanların Sovet Ordusuna təzyiqini azaltmaq lazım idi. Həm İngiltərə, həm də SSRİ müharibəni davam etdirə bilmək üçün maddi dəstək gözləyirdi. Qərb SSRİ-yə yardım etmək istəsə də, heç biri Avropaya da təsir edəcək əsas addımları Stalinin ixtiyarına vermək istəmirdi. Ona görə də, bütün bu məsələlərin həlli üçün görüşüb qarşılıqlı müzakirələr aparmaq şərt idi.
Ancaq belə bir vəziyyətdə nə İosif Stalin, nə Franklin Ruzvelt (ABŞ Prezidenti), nə də digər liderlər təhlükəli səyahətlər etmək istəmirdilər. Bütün bunlara baxmayaraq onların görüşü 1943-cü ilin noyabrında İranın paytaxtı Tehranda baş tutur. Stalin konfransa hamıdan tez gəlir. Görüşə əlil arabasında gələn Ruzvelt iclas otağına bitişik bir otaqda yerləşdirilir. Çünki Ruzvelt okeanın o biri tərəfindən uzun yol qət etmişdi və onun səhhəti o qədər də yaxşı deyildi. İlk olaraq Ruzvelt və Stalin görüşdülər. Çörçill isə öz komandası ilə konfransa yarım saat gec qatıldı. Həmin görüş tarixə Tehran Konfransı adı ilə düşdü. 28 noyabr-1 dekabr 1943-cü il tarixlərində SSRİ səfirliyində müttəfiq liderlər İosif Stalin, Franklin Ruzvelt və Uinston Çörçillin iştirakı ilə Tehran Konfransı keçirildi. Ancaq konfrans ərəfəsində SSRİ alman agentlərin Tehran Konfransında görüşəcək liderlərə qarşı sui-qəsd hazırladığı barədə məlumat yayır. Hətta SSRİ-nin əks-kəşfiyyat idarəsi Ruzveltin Tehrana gəlişindən bir neçə gün əvvəl şübhəli sui-qəsd planı barədə ABŞ xüsusi xidmət orqanlarına məlumat ötürür. Məlumatda konfransa bir neçə gün qalmış onlarla alman agentinin paraşütlə Tehrana salındığı bildirilir.
Stalinin baş köməkçisi Vyaçeslav Molotov təhlükəsizlik tədbirləri çərçivəsində görüşün sovet səfirliyində keçirilməsinin daha məqsədəuyğun olduğunu tərəflərə çatdırır. ABŞ və Böyük Britaniya bu istəklə razılaşır. Sonralar isə "alman agentləri" ilə bağlı deyilənlərin uydurma olduğu, Stalinin hər iki lideri öz məkanlarına aparmaq üçün hiylə qurduğu versiyası ortaya çıxacaqdı.
İclasda dünya ölkələrinin gələcək taleyi ilə bağlı müzakirələr aparılır. Türkiyə və İranla əlaqələr, Yuqoslaviya əməliyyatı, Yaponiyadakı vəziyyət danışılır. ABŞ və Böyük Britaniyanın əsas istəyi SSRİ-nin müharibə siyasətinə tam əməl etməsi və bu istiqamətdə hərtərəfli dəstək alması idi. Stalin müəyyən şərtlər daxilində bu tələblə razılaşır. Müxtəlif fikir ayırılıqları olmasına baxmayaraq faşist Almaniyasına qarşı yeni cəbhənin açılmasına dair ortaq qərar qəbul olunur. Bununla da tarixi Tehran Konfransı bitir. Bu, Stalinin 1941-ci ilin iyunundan bəri gözlədiyi addım idi və bu qərara görə ikinci cəbhə Fransada açılacaqdı. Bu, dünya tarixində İkinci Dünya müharibəsi kimi böyük bir hadisənin taleyini həll edən qərar olur. Beləliklə, SSRİ müharibədən qalib kimi çıxır, Adolf Hitlerin sonrakı taleyi isə naməlum qalır.
İkinci Dünya müharibəsindən sonra sözün əsl mənasında dünyada nizam yenidən quruldu, sərhədlər yenidən cızıldı. Asiyada, Afrikada və Latın Amerikasında milli-azadlıq hərəkatı gücləndi. ABŞ-ın və SSRİ-nin nüfuzu kifayət qədər gücləndi və onlar dünyanın super dövlətlərinə çevrildilər. Almaniya, Vyetnam, Koreya isə parçalandı.
Tarixin ən qanlı müharibəsi kimi tanınan İkinci Dünya müharibəsi qurbanlarının sayı dəqiq bilinmir. Ancaq altı il davam edən və dünyanın 70-ə yaxın dövlətinin cəlb olunduğu bu müharibədə həlak olanların təxmini sayının 70 milyona yaxın olduğu deyilir. Onlar içərisində milyonlarla mülki insanlar var idi.
Bu gün isə şərtlər fərqlidir. 80 il əvvəlki Almaniyanın yerində bir növ Rusiya durur. ABŞ və digər ölkələr isə ona qarşı açıq şəkildə müharibəyə qoşulmasalar da, həm silah, həm də maddi tərəfdən Ukraynaya dəstək verirlər. Açıq ordu çıxarmaları və ya nüvə müharibəsinin başlaması isə an məsələsidir.
Rusiyanın bir neçə günə Ukraynaya daxil olmaq və Kiyevi tutaraq, "işi bitirmək" planı həyata keçmədi. Bunun əksinə Rusiya daha çox məğlubiyyətə yaxınlaşdı. Rusiya minlərlə texnikası ilə yanaşı, minlərlə hərbçisini itirdi. Hətta bir çox insanın gözləmədiyi səfərbərlik elan olundu. Bugünkü şərtlərə əsasən deyə bilərik ki, Rusiyanı çətin sınaqlar gözləyir. Ölkə daxilində də müharibəni istəməyənlərin sayı durmadan artır. İnsanlar haqlı olaraq "Bizim Ukraynada nə işimiz var?" deyirlər. Bundan başqa, dünyanın bir çox ölkələrində müharibə qığılcımları görünür, etiraz aksiyaları artır. Görünən odur ki, 80 ildən sonra sərhədlər yenidən qurulacaq. Proseslərin necə cərəyan edəcəyini isə tarix göstərəcək.