Biz XX əsrin az qala bütün futbol rekordlarını dahi futbol kralı Pelenin ayağına yazırıq. Bizim futbol statistikləri çox vaxt televiziya ekranlarından və ya qəzet səhifələrindən elan edirlər ki, Pele tarixdə hamıdan çox qol vurub. Amma bu yalnış məlumatdır. Biz Pelenin təkrarolunmaz oyununu görüb məftun olduğumuz üçün gözlərimiz qamaşır və oyununu görmək bizə nəsib olmamış əsl rekordçunu bu fonda nəzərdən qaçırırıq. Məlum olduğu kimi, 1997-ci ildə Beynəlxalq Futbol Statistikası Komitəsi görkəmli macar-ispan futbolçusu Ferens Puşkaşın nəticələrini yoxlayaraq, onu FİFA və UEFA tərəfindən qeydə alınmış oyunlarda vurduğu qollara görə bütün illərin və bütün xalqların ən güclü snayperi elan etmişdir. O, meydana çıxdığı 1066 (754 rəsmi və 312 qeyri-rəsmi) oyunda 1160 qol vurmuşdur. Pele isə meydana çıxdığı 1363 rəsmi və qeyri-rəsmi qeydə alınmış və ya alınmamış (bütün) oyunlarda (cəmi) 1281 qol vurmuşdur. Bu cür hesablananda F. Puşkaşın da, Eysebionun da, A. Fridenrayxın da, F. Binderin də və daha bir neçə nəfərin 1000 qol həddini keçdiyi bəlli olur və bu "minlər klubu"na Pele deyil, onun həmyerlisi Artur Fridenrayx (1892-1969) başçılıq edir: onun hesabında 1329 qol var (1000-ci qolunu 1929-cu ildə vurmuşdur). Beləliklə, Pele ikinci yerə keçir. Maraqlıdır ki, A. Fridenrayx Pelenin 1000-ci qolunu vurduğu günün ertəsi (20 noyabr 1969) 77 yaşında vəfat etmişdir.
Hər oyunda vurulan qolların orta sayına görə də dünya rekordu 30-40-cı illərin futbolunda qeydə alınmışdır: "Bimbo" ləqəbli avstriyalı Frans Binder 20 il ərzində cəmi 756 dəfə meydançaya çıxaraq, düz 1006 qol vurmuşdur. Belə snayperlik rekordunu təzələmək indiyə qədər heç kimə qismət olmamışdır və futbolun inkişaf yolu göstərir ki, heç kim bu təsəvvüredilməz, ağlagəlməz rekorda toxuna bilməyəcək. 30-40-cı illərin futbolunun inkişafında bask futbolçusu İsidro Lanqaranın 900-dən artıq qol vurması, braziliyalı Leonidasın 800 oyunda 760 qol vurması və digər yüksək statistika göstəriciləri də az rol oynamadı. Həmin illərdən kommunikasiya əlaqələrinin güclənməyə başlaması futbol meydançalarında qazanılan nailiyyətlərin və bununla elə futbolun özünün də təbliğinə böyük imkanlar açdı.
Tarixdə ilk beynəlxalq turnirlərin təşkilatçıları da ingilislərdir. Onların təklif etdiyi Böyük Britaniya Beynəlxalq Çempionatı hələ 1883/84-cü illərdən keçirilməyə başlamışdır.
Belə bir fakt da diqqəti özünə çəkir ki, hələ FİFA təsis olunmamış Beynəlxalq Olimpiya Komitəsi (BOK) 1900-cu ildə Parisdə keçirilən II Olimpiya oyunlarının proqramına futbol turnirini də salmış, beləliklə, futbolun beynəlxalq miqyasda təşkilatlandırılmasına öz töhfəsini vermişdi. 1904-cü ildə FİFA BOK-la əməkdaşlıqdan imtina etsə də, Sent-Luisdə keçirilən III Olimpiya oyunlarının da proqramında futbol oynanılmışdı. Yalnız 1908-ci ildə Londonda keçirilən IV Olimpiya oyunları zamanı FİFA-BOK əməkdaşlığı baş tutmuşdu və buna görə də, uzun illər ərzində FİFA Paris və Sent-Luis turnirlərini rəsmi qəbul etmir, olimpiya futbol turnirlərinin hesabını 1908-ci ildən qəbul edirdi.
Yalnız 70-ci illərdə FİFA öz tərsliyindən əl çəkəndən sonra 1900 və 1904-cü illərin göstəriciləri də rəsmiləşdirildi və 1900-cu ilin qalibi Böyük Britaniya futbol üzrə tarixdə ilk Olimpiya çempionu kimi FİFA tərəfindən etiraf edildi: C. Consun, K. Bekenhemin, B. Qroslinqin, A. Çelkin, T. Berricin, U. Kuaşın, A. Törnerin, F. Spekmenin, C. Nikolasın, C. Sellinin və C. Heslemin adları ilk olimpiya çempionları kimi qeydə alındı. Beləliklə, ədalət bərpa olundu - baxmayaraq ki, Parisdə də, Sent-Luis turnirində də cəmi üç komanda iştirak etmişdi. Üstəlik, bir qədər də keçmiş aydınlaşdı ki, hətta 1896-ci ildə I Olimpiya oyunları vaxtı da Afinada Böyük Britaniyanın iki yığma komandası baxış futbolu nümayiş etdirmişdi. Bütün bunlar göstərir ki, futbolun beynəlxalq arenada təşkilatlanması hələ XIX əsrdən başlamışdı və FİFA meydana gələnə qədər ayrı-ayrı regional təsisatlar və BOK da bu istiqamətdə mümkün olanı etmişdi. Həm də qeyd etmək yerinə düşər ki, 1904-cü ildə təsis edilmiş FİFA hələ ağır tərpənirdi və çərək əsrlik bir müddətdə əsasən özünün təşkilatlanması ilə məşğul idi. Bu arada isə Olimpiya oyunlarında (yalnız 1916-cı ildə dünya müharibəsi ilə əlaqədar keçirilməmişdi) və müxtəlif regional çempionatlarda və turnirlərdə (Böyük Britaniya Beynəlxalq Çempionatında, 1916-cı ildən Cənubi Amerika Çempionatında, Roka və Göre kubokları uğrunda turnirlərdə) beynəlxalq futbol yaşayır və inkişaf edirdi.
Bunların arasında ən kütləvi və daha sürətlə inkişaf edən və nüfuz qazanan isə Olimpiya oyunları olaraq qalmışdı: 1908-ci ildə FİFA da olimpiadalara maraq göstərməyə başlayanda London turnirində 5 ölkədən 6 yığma komanda iştirak etmişdisə, 1912-ci ilin Stokholm oyunlarında artıq 11 (qalib: Böyük Britaniya), 1920-ci ilin VII Antverpen oyunlarında isə 14 (qalib: Belçika) ölkənin yığma komandası mübarizə aparmışdı.
1924-cü ilin Paris Olimpiya turnirinə Cənubi Amerika çempionu Uruqvay çox güclü komanda çıxarmışdı. Andres Masalli, Hektor Skarone və onların dostları Parisdə hamını heyran edib, 22 komanda arasında VIII Olimpiya oyunlarının qalibi adını qazanandan sonra payızda yenidən Cənubi Amerika çempionatında qızıl medallara sahib oldular. Onlar KONMEBOL turnirindəki uğuru bir illik fasilədən sonra yenidən təkrar edib, 1928-ci ilin IX Amsterdam Olimpiadasına da büyük ruh yüksəkliyi ilə gəldilər və 17 ölkənin Olimpiya yığma komandasının iştirakı ilə keçən turnirdə qalib gəlib, dalbadal ikinci dəfə olimpiya çempionu adına layiq görüldülər. Bax, elə bu fonda, 1928-ci ildə FİFA-nın Amsterdam konqresində müntəzəm olaraq dünya çempionatlarının keçirilməsi qərara alındıqda, son illərin qəhrəmanı Uruqvay nümayəndələri bunu daha böyük məmnuniyyətlə qarşıladılar və elə ilk çempionatı təşkil etməyi öz öhdələrinə götürdülər.
Belə bir fakt maraqlıdır: əsrin əvvəllərinin ən mötəbər yarışları sayılan Olimpiya oyunlarına yalnız həvəskarlardan ibarət komandalar buraxılırdı və bu, Pyer dö Kuberten tərəfindən hazırlanmış Olimpiya xartiyasına müvafiq idi (həvəskar idmanın inkişafı prinsipinə bu gün də əməl edilir). Lakin həvəskarlar futbolu ilə paralel olaraq, dünyada peşəkar futbol sistemi də mövcud idi və həmin 1928-ci ildə güman edirdilər ki, bu profi idmanı əslində daha güclüdür və güclüdürsə, onda profilərin də iştirak edə biləcəyi bir turnir - dünya çempionatları da keçirilməlidir. Dünya futbolunda həqiqi güclülük nisbətini ayırd etmək üçün məhz belə yarışlara ehtiyac hiss olunurdu.
Çempionata marağı daha da artırmaq üçün FİFA 1928-ci ildə parisli zərgər A. Leflerə yunan mifologiyasında qələbə ilahəsi sayılan Nikenin təsviri formasında kubok hazırlamasını tapşırdı. Kubok 1,8 kq təmiz qızıldan hazırlandı və altlığı ilə birlikdə çəkisi 4 kq idi. Belə şərt qoyuldu ki, bu "Qızıl İlahə" üç dəfə dünya çempionu olan ölkəyə əbədilik veriləcək. Sonra az qaldı ki, elə V dünya çempionatında kubokun taleyi həll olunsun. Hər şeydən əvvəl uruqvaylılar profilərin daha güclü olması haqqında dedi-qoduları yığışdırdılar: 1930-cu ildə keçirilmiş birinci dünya çempionatında qalib gələn Uruqvay yığmasının əsas özəyini iki il əvvəl olimpiya çempionu olmuş futbolçular təşkil edirdilər. Balles-tros, Xose Nazassi, Maçeroni, Xose Leando Andrade, Fernandes, Alvaro Hestido, Dorado, Hektor Skarone, Kastro, Pedro Sea, İriarte (yalnız soyadı verilənlər profi, adı tam göstərilənlər isə Olimpiya çempionları idilər). Sonrakı iki çempionatı dalbadal italyanlar, IV çempionatı yenə də uruqvaylılar uddular və 1954-cü ilin İsveçrə dünya çempionatında artıq "qorxu" yaranmışdı ki, bu iki ölkədən biri "Qızıl İlahə"ni biryolluq apara bilər. Ancaq uruqvaylılar ancaq yarımfınala qədər irəliləyə bildilər və kubokun taleyi uzandı.
Bu minvalla Olimpiya futbol turnirləri və dünya çempionatları özünün təşkilat həllini tapdı, dünya futbolunun təşkili işləri yoluna düşməyə başladı.
Futbol bizə gəlib çıxandan sonra
Məlumdur ki, Azərbaycan XIX əsrin birinci rübündən Rusiya imperatorluğunun bir əyaləti idi. Bu bədheybət ölkənin paytaxtında ilk futbol oyunu 1893-cü ildə keçirilmişdi. Əsasən əcnəbilərdən ibarət iki komandanın görüşü rus çinovnikinə əyləncəli və gülməli təsir bağışlamışdı. Amma hər halda "Peterburqski listok" oyunu ehtirasla şərh etməkdən özünü saxlaya bilməyib yazırdı: "Tədbirdə antrakt elan edildi. Bu zaman, proqrama görə, cənab sportsmenlər ayaq topu oynamaqla publikanı əyləndirməyə başladılar. Oynamaq üçün 20 nəfər yazıldı. Oyunun mahiyyəti budur ki, oynayanların bir partiyası ayaği ilə, başı ilə, əlindən başqa hər yeri ilə kürəni qovub müqabil partiyanın qapısına salmağa can atır. Oyun meydançası bir qədər keçmiş başdan-başa palçıqla doldu. Ağ kostyumlu cənab sportsmenlər palçıq içində qaçışır, ara-sıra yıxılaraq palçıqda çabalayırdılar. Onlar tezliklə soba təmizləyənə çevrildilər. Publika aramsız qəhqəhələrlə gülürdü. Oyun bir partiyanın o birisi üzərində qələbəsi ilə bitdi".
Azərbaycan torpağına futbol gəlib çıxanda azərbaycanlılar hələ çarıq geyib, çadra örtürdülər və azərbaycanlı kişinin soyunub meydançaya çıxmağa halı yox idi: bizdə əsrin əvvəllində futbol oynamağa qeyri-millətlərin nümayəndələri başlamışdılar. Ancaq Azərbaycanda futbolun rəsmi tarixini 1911-ci ildən hesablamaq qərara alınmışdır, çünki Bakıda ilk stabil heyətli komandalar məhz həmin il yaradılmışdı: 1911-1914-cü illərdə "Balaxanski krujok futbolistov", "Drujina k sportu", "Stella", "Sportsmen", "Askold", "Unitas", "Britanski klub" futbolçuları Azərbaycanda müxtəlif yarışlar keçirirdilər. Hətta, 1912-ci ildə "Britanski klub" Tiflisdə yerli "Sokol" komandası ilə ilk şəhərlərarası oyun da keçirib 4:2 hesabı ilə qalıb gəlmişdi. Lakin bütün bu Bakı komandalarının heyəti yalnız gəlmələrdən təşkil edilmişdi və burada yerli əhalidən başqa, Bakıda yaşayan bütün digər millətlərin nümayəndələri təmsil olunmuşdular. Bu vəziyyət 30-cu illərin sonlarına qədər davam etdi. Yalnız 1923-cu ilə aid məlumatda bir müsəlman soyadına rast gəlirik (qapıçı Cəfərov), ümumiyyətlə isə həmin illərdə "üzümüzü ağardan" Azərbaycan futbolçularının siyahısında Malyutkin, Aqapov, Busalayev, Kosenkov, Maraxtanov, Çernışov, Pantsev, Frolov, Yeliseyev, K. Kuznetsov, Makoqonov soyadları ilə kifayətlənməli olurduq. Ümumiyyətlə, o dövrdə bütünlükdə SSRİ-də futbol hələ yeni relslər üzərində təşkilatlanma prosesini yaşayırdı və təbii ki, Bakıda vəziyyət Moskvadan yaxşı ola bilməzdi. 1935-ci ilədək Azərbaycanda nisbətən müntəzəm keçirilən yarışlar Bakı çempionatı sayıla bilərdi. Ancaq SSRİ Futbol Federasiyası 1936-cı ildən Sovet İttifaqı çempionatlarını keçirməyi qərara aldıqda, Azərbaycan futbolunda da sistemli işlər görülməyə başladı: 1935-36-cı illərdə birinci Azərbaycan SSR çempionatı keçirildi və Bakının "Stroitel yuqa" komandası ilk çempion adına layiq görüldü. 1936-cı ildə keçirilən SSRİ kuboku uğrunda yarışlarda da həmin komanda qalib gəlib, dubl etdi. (Təəssüf ki, bu tədbirlərə aid sənədlərin harada saxlanıldığı heç kimə məlum deyil).
Azərbaycanı ilk SSRİ çempionatında "Temp" adlı Bakı komandası təmsil edirdi. V qrupunda 2-ci yeri tutan "Temp" ikinci çempionatda Azərbaycanı artıq B qrupunda təmsil etmək hüququ qazandı. Bu komandanın tərkibində ilk azərbaycanlı türk oğlu Mirmehdi Ağayev hücum xəttində oynayırdı.
(Yazı Məmməd Adilovun "Futbol bizə qədər və... sonra" silsilə yazısından götürülmüşdür)