Teymur İbrahim 
 

İnsan dünyamız, qalaktika, kainat kimi hər bir xırda detalı belə bir-birilə sıx əlaqədə olan mürəkkəb bir sistemdir. "Mr. Nobody" filmində bir fikir irəli sürülür ki, minlərlə kilometr uzaqlıqda baş verən bir hadisə hər hansı bir şəkildə bizim həyatımıza təsir edir. Bir fərd kimi insan və onun orqanizmi də belədir. İnsan orqanizminin hər hansı hissəsində yaşanan problem onun digər hissələrinə də təsirsiz ötüşmür. Ona görə də, sağlam həyat tərzini prioritet hesab ediriksə, heç bir hissəni gözdən qaçırmamalıyıq. Mövzumuz isə onurğadır.

Gündəlik həyatımızda, məişətdə, ədəbiyyatda, mətbuatda və s. sahələrdə əhəmiyyətini vurğulamaq istədiyimiz bir məsələni "onurğa" deyə ifadə edirik. Məsələn, bu şəxs komandanın "onurğası"dır və ya "onurğa sütunu"dur. Bu, onurğanın canlıların həyatı üçün nə qədər mühüm bir orqan olduğundan irəli gəlir.

Onurğa nədir?

Onurğa (və ya onurğa sütunu) insanda fəqərələrin bir-birilə birləşməsindən əmələ gəlir və gövdənin istinadını təşkil edir, üzərində başın, gövdənin və yuxarı ətrafların ağırlığını daşıyır. Onurğa sütununda onurğa beynini əhatə edən və qoruyan onurğa kanalı yerləşir. Onurğa sütunu olan təxminən 50 000 heyvan növü var. İnsan onurğa sütunu isə ən çox öyrənilən nümunələrdən biridir. İnsan onurğa sütununda normal olaraq 33-34 fəqərə var. Onurğa sütunu hər bir fəqərənin içərisindəki onurğa kanalı daxilində hərəkət edən onurğa beynini əhatə edir. Onurğa beyni sinirləri təmin edən və bədəndəki periferik sinir sistemindən məlumat alan mərkəzi sinir sisteminin bir hissəsidir. O, boz və ağ maddədən, həmçinin, mərkəzi boşluqdan, mərkəzi kanaldan ibarətdir.

Onurğa xəstəliklərinin səbəbləri hansılardır?

Bəzən heç ağlımıza gəlməyən səbəblərdən orqanizmimizdə, səhhətimizdə arzuolunmaz problemlərə, xəstəliklərə yol aça bilirik. Buna görə də, xəstəliklərlə mübarizə aparmağın ilk yolu onların hansı səbəbdən yarandıqları barədə məlumatlı olmaqdır. Müxtəlif qəzalar, anadangəlmə və irsi pozğunluqlar, iltihab, infeksiya, xəsarətlər (dərəcəsi yüngüldən travmatikə qədər dəyişir), yaşlanma ilə gələn degenerativ aşınmalar və s. onurğa xəstəliklərinə səbəb ola bilər. Onurğa xəstəliyinin inkişaf riskini artıran amillərə isə bunlar daxildir: həddindən artıq çəki və ya piylənmə, yanlış yük qaldırma texnikası, oturaq həyat tərzi, az kalsium qəbulu və ya xoşagəlməz qidalanma və həyat tərzi vərdişləri, məşqdən və ya peşə hərəkətlərindən həddindən artıq istifadə, təkrarlanan gərgin fəaliyyətlər və s.

Onurğa xəstəlikləri hansılardır?

Müasir dövrdə texnologiyanın qarşısıalınmaz və sürətli inkişafı insanların böyük bir qismini kompüter arxasında saatlarla qalmağa vadar edir. Artıq işlərimizin, demək olar ki, böyük bir qismini elektron texnika vasitələri ilə həyata keçiririk. Belə olan halda isə yuxarıda bəhs edilən amillər ortaya çıxır: az hərəkətlilik, oturaq həyat tərzi, düzgün oturmama qaydası və s. Xüsusən də, ofis şəraitində işləyən oxucular bu sadalananların onların da həyat tərzinin bir hissəsi olduğunu xatırlayacaqlar. Adi hesab oluna biləcək şərtlərə əməl etməmək sonda bizim "oturduğumuz yerdə" xəstəlik tapmağımıza gətirib çıxarır.

Onurğa xəstəlikləri içərisində ən geniş yayılmış olanı onurğa əyriliyi xəstəlikləridir. Bu xəstəliklərin bir sıra növləri var və hər biri müxtəlif səbəblərdən meydana gəlir.

Kifoz

Kifoz torakal və sakral bölgələrdə meydana gəldiyi üçün onurğanın qeyri-adi dərəcədə həddindən artıq qabarıq əyriliyidir. Normal torakal onurğa 1-ci torakaldan 12-ci döş fəqərəsinə qədər uzanır və 20° ilə 45° arasında dəyişən bir qədər kifotik bucağa malik olur. Onurğanın yuxarı hissəsinin "yumruluğu" 45°-dən yuxarı olduqda, bu hal kifoz və ya hiperkifoz adlanır. Şeyermann kifozu hiperkifozun ən klassik formasıdır və yeniyetməlik dövründə inkişaf edən pazvari fəqərələrin nəticəsidir. Səbəbi hazırda məlum deyil və kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir. Kifozun yüksək dərəcələri şiddətli ağrılar, tənəffüs və həzm problemləri, ürək-damar pozğunluqları, nevroloji kompromis və s.-lə müşaiyət olunur. Kifozun Postural kifoz, Şeyermann kifozu, anadangəlmə kifoz, qidalanma kifozu, Gibbus deformasiyası, post-travmatik kifoz kimi növləri var. Kifoz diaqnozu müşahidə və ölçmə yolu ilə qoyulur. Müxtəlif üsullarla müalicəsi mövcuddur. Müalicə zamanı "Milwaukee brace" breketlərindən, "Schroth" üsulundan (uzanmış vəziyyətdə qalmaq, kürək nahiyəsinin altına yastıq qoymaq), həmçinin, cərrahiyyə üsulundan (ağır hallarda) istifadə olunur.

Skolioz

Skolioz onurğanın yana doğru əyri olduğu vəziyyətdir. Əyri, adətən, "S" və ya "C" şəklində olur. Bəzilərində əyrinin dərəcəsi sabitdir, bəzilərində isə zaman keçdikcə artır. Əksər halların səbəbi bilinməsə də, genetik və ətraf mühit faktorları isitisna olunmur. Sinir-əzələ problemləri ilə yanaşı, irsi xəstəliklərin və ya ətraf mühitin səbəb olduğu şərtlər skoliozun bilinən səbəblərindəndir. Skolioz insanların təxminən 3 faizində rast gəlinir. Ən çox 10 ilə 20 yaş arasında inkişaf edir. Qadınlar kişilərlə müqayisədə daha ciddi şəkildə təsirlənir. Yüngül skolioz, adətən, problem yaratmır, lakin daha ağır hallarda nəfəs almağa və hərəkətə təsir edə bilər. Ağrı, adətən, böyüklərdə olur və yaş artdıqca daha da pisləşir. Diaqnoz rentgen şüaları ilə təsdiqlənir. Müalicə əyriliyin dərəcəsindən, yerindən və səbəbindən asılıdır. Kiçik əyrilər sadəcə olaraq vaxtaşırı müşahidə edilə bilər. Müalicələrə bərkidilmə, xüsusi məşqlər, duruşun yoxlanılması və cərrahiyyə daxildir. Əgər lazım gəlsə, breket taxılmalı və böyümə dayanana qədər gündəlik istifadə edilməlidir.

Kifoskolioz

Kifoskolioz onurğanın həm koronal, həm də sagittal müstəvidə anormal əyriliyini təsvir edir. Bu, kifoz və skoliozun birləşməsidir. Gövdənin "S" və ya "C"yə bənzər forma alması, hipertoniya, nevroloji pozğunluqlar kimi əlaqəli xəstəliklərin olması, anormal yeriş kifoskoliozun açıq əlamətləridir. Kifoskolioz bir insanda həyatın müxtəlif mərhələlərində və müxtəlif səbəblərlə özünü göstərə bilər. Tez-tez xəstələrdə digər problemlərə (ağciyərlərin ventilyasiyası, ağciyər hipertenziyası, gündəlik işləri yerinə yetirməkdə çətinlik, həmyaşıdları arasında qəbuledilmə problemindən irəli gələn psixoloji problemlər və s.) səbəb olur. Diaqnoz molekulyar testlə təsdiqlənir. Kifoskolioz üçün müəyyən müalicə yanaşmasını seçmək qərarı xəstənin yaşından, xəstəliyin səbəbindən (postural, anadangəlmə və s.), xəstə üçün cərrahiyyə ilə bağlı risklərdən və s. asılıdır. Müalicə zamanı daha çox fiziki prosedurlardan, breketlərdən, həmçinin, cərahiyyə üsullarından istifadə edilir.

Lordoz

Lordoz belin anormal daxili əyriliyi kimi müəyyən edilir. İnsan onurğasındakı lordoz insanların kütləsinin böyük hissəsini çanaq sümüyünə gətirməyi asanlaşdırır. Onurğadakı lordoz insan skeletinin əsas fizioloji uyğunlaşmalarından biri hesab olunur ki, bu da insan yerişinin enerji baxımından səmərəli olmasına imkan verir. Lomber lordoz, bel hiperlordozu, lomber hiperlordoz kimi növləri var. Lordoz insanın onurğa, ayaq, omba və əzələlərində yaşanan müxtəlif nüanslar nəticəsində meydana gələ bilər. Lomber hiperlordozun ölçülməsi və diaqnozu çətin ola bilər. Hiperlordozun görünən əlaməti bel nahiyəsinin anormal dərəcədə böyük qövsünün olması, insanın mədəsinin, ombasının şişməsidir. Bu problemi aradan qaldırmaq üçün bəzi bərpaedici məşqlərdən, breketlərdən ("Boston brace") istifadə edilə bilər. Həqiqi müalicə üsulu hesab olunmasa da, lordozun sağalmasında Tay çi çuan sənətindən də yararlanmaq olar. İnsanın daha az oturması, arxası üstə yatması hallarında əyriliyin düzəlməsi bir neçə ay çəkə bilər.

Bir sözlə, komandanızın "onurğa sütunu" olmaq istəyirsinizsə, onurğa sütununuza biganə olmayın.