Mahmud Adəmoğlu 
 

Təmizlik geniş anlayışdır. Bu məfhum ətraf mühitdən tutmuş əl-ayağımıza, geyim-kecimimizə, fikir-düşüncəmizə qədər hər şeyi ehtiva edir. Hər şeydə təmizlik axtarırıq, təmiz olmayan insan olsun, heyvan olsun, əşya olsun rəğbət görməz. Təmizlik - gigiyenadır, sağlamlıqdır, bəzəkdir, gözəllikdir, özünə hörmətdir, özünə dəyər verməkdir...

Dinimiz sözün hər mənasında təmizlik mövzusuna xüsusi diqqət ayırır. İstər əxlaqi-mənəvi sahədə, istərsə də, fiziki-maddi mənada təmizlik dinimizdə təkidlə təşviq edilir. Qurani-Kərimin Bəqərə surəsində "Allah təmiz, pak olanları sevər!" - buyurulur. "Təmizlik imandandır", - deyən Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) insanları sözün hər mənasında təmiz olmağa, bir an belə olsun təmizlik qaydalarından uzaq olmamağa çağırır. Namaz ibadətinə hazırlaşan insan qüsllü, dəstəmazlı olmaqla yanaşı, həm də ağlını, düşüncəsini təmizləməli, hər cür dünya işlərini - iş-gücü, alış-verişi, davanı, küskünlüyü yaddaşından atmalıdır. Doğrudur, bu təmizlik hər kəsin bacarmadığı təmizlikdir, amma ibadətə hazırlaşan hər kəs buna çalışmalıdır. Bu mövzuda bir söhbəti dəyərli oxucularla paylaşmaq istəyirik:

Rəsulullahın (Ona Allahın salamı olsun!) küçədən keçdiyini görən uşaq onun yanına qaçır və atasının evdə namaz qıldığını deyir. Uşağa təbəssümlə baxan Allahın Elçisi bir qədər durandan sonra:

- Sənin atan indi bazardadır, - deyir və yoluna davam edir.

Uşaq evə qaçır və atasının namaz üstə olduğunu görür. Ata namazı qurtaranda uşaq bir az əvvəl olanları ona danışır. Ata da kədərli halda başını aşağı əyir və:

- Peyğəmbərimiz doğru buyurur, oğlum, mən burada namaz qılsam da, bütün fikrim bazarda alış-verişdə idi, - deyir.

Yəni, Allaha yönələn insan dünyadan qurtarmalı, fikrən təmizlənməlidir.

Təbii ki, mənəvi təmizlik çox mühüm məsələdir, bu mövzuda nə qədər yazılsa, danışılsa, kifayət etmir, amma biz bu yazıda daha çox fiziki mənada təmizlikdən, gigiyenadan bəhs edəcəyik. İnsanın geyiminin köhnə olması qüsur deyil, kirli olması qüsurdur. Çoxları Həzrət Əlinin (Allah ondan razı olsun!) yamaqlı paltar geydiyini söyləyir, amma bir nəfər də olsun onu çirkli paltarda gördüyünü dilə gətirmir. Paltara çəkilən ütü təkcə ona şaxlıq, gözəllik vermək üçün deyil, həm də mikroblardan, viruslardan təmizləmək üçündür. Havadan üstümüzə ələnən hər cür çirkab, toz əvvəlcə əynimizdəki paltara təmas edir, ona görə də, paltarın təmizliyinə diqqət etmək düşməni kənarda qarşılamaq kimidir. İnsanın açıq rəngli, xüsusilə, ağ çalarlı libaslar geyinməsi daha çox bəyənilir. Çünki açıq rəng insanın əhvali-ruhiyyəsini yaxşılaşdırır, ona nikbinlik gətirir. Ağ libas geyinən insan ətrafdakılara müsbət emosiyalar bəxş edir. Həm də ağ libas geyinmək insanın üzərinə bəzi məsuliyyətlər gətirir. Kir ağ rəngin üzərində daha aydın göründüyü üçün, libasın təmizliyinə daim diqqət yetirmək tələbatı yaranır. Bu yolla insan həm öz sağlamlığını qoruyur, həm də başqalarına narahatlıq vermir.

Bədəni təmiz saxlamaq, tez-tez yuyunmaq, kir və üfunət yaradan halları aradan qaldırmaq həm təmizliyin, həm də sağlamlığın ən mühüm tələblərindəndir. İnsanın bədəni və geyimi həmişə təmiz və səliqəli olmalıdır. Xatırlayırsınızsa, bir neçə il əvvəl koronavirus yenicə yayılmağa başlayanda mütəxəssislərin ən çox verdiyi məsləhət əllərin sabunla möhkəm-möhkəm yuyulması istiqamətində idi.

Bığ-saqqalın uzunluğunu həmişə səliqə ilə nizamlamaq, saqqalın bir qarışdan artıq qalan hissəsini kəsmək, yemək yeyərkən, su içərkən bulaşmasın və mikrob mənbəyi olmasın deyə, bığları saqqaldan daha qısa saxlamaq - bütün bunlar şəxsi gigiyena tədbiri olmaq etibarilə çox faydalıdır.

Təmizlik, gigiyena məsələsindən danışanda, heç şübhəsiz ağız təmizliyinə, diş qulluğuna xüsusi əhəmiyyət vermək lazımdır. Dişlərin sağlamlığı orqanizmin ümumilikdə sağlam olmasının şərtlərindən biridir. Çünki qida ağızda yaxşı çeynənməsə, həzm sisteminin işi çətinləşir və nəticədə, mədə-bağırsaqla bağlı problemlər yaranır. Diş ağrısı əsəb sisteminə çox mənfi təsir göstərir.

İslam dişlərə qulluğun ən səmərəli üsulunu təklif edir. Bu, dişləri misvakla təmizləməkdən ibarətdir. Misvak unikal xüsusiyyətlərə malik bitkidir. Onun meyvəsi yeyilir, yarpaqlarından iltihab əleyhinə, yağından revmatizmə qarşı müalicə vasitəsi kimi istifadə olunur. Çubuğu isə həm diş fırçasını, həm də diş pastasını uğurla əvəz edir. C vitamini, flüor və efir yağları ilə zəngin olan misvak kariesin, diş daşlarının qarşısını alır, damağı və mina təbəqəsini möhkəmləndirir, ağızdakı xoşagəlməz qoxunu aparır, dişləri ağardır, damaqdakı qanaxmaları kəsir və s. Həmçinin, misvak həzm sisteminin fəaliyyətini yaxşılaşdırır.

Hazırda diş təmizliyi üçün geniş diş pastası seçimi var. Yatmazdan əvvəl və yuxudan duranda dişləri fırçalamaq uşaqlarda tərbiyə halına gətirilməlidir. Əgər ağız təmizlənməsə, dişlər arasında qalan ərzaq qırıntıları dişlərin çürüməsinə səbəb ola bilər. Unutmayaq ki, yetkinlik yaşına çatdıqdan sonra insan dişində inkişaf dayanır, yəni, çəkilən dişin yerində yenisi bitmir. Hər kəs təsdiq edər ki, insan sonradan qoyulma dişlə ana dişi ilə yediyinin ləzzətini ala bilmir. Dolayısı ilə, dişləri qorumaq həm də hər cür dad-ləzzət zövqünü qorumaq deməkdir.

Dırnaqları uzatmamaq və vaxtında kəsmək də dinimizdə təkid edilən əməllərdəndir. Biz istəsək də, istəməsək də, çox yerə təmas edirik və təbii ki, bu zaman əllərimiz hər yerə toxunur. Yəni, insanın ən çox çirklənən bədən üzvü əlləridir. Əllərin təmizliyi, barmaqlar arasının təmiz yuyulması, dırnaq altının təmizliyi mühüm gigiyenik şərtlərdir. Çünki insanın qidalanması da bir çox hallarda vasitəsiz olaraq əllərlə icra olunur. Dırnaq altının çirkli olması ağız yolu ilə mikrobun, virusun bədənə daxil olması deməkdir. Dırnaq altına toplanmış çirkabdan qurtarmağın yolu dırnaqların vaxtlı-vaxtında səliqə ilə kəsilməsidir. Kəsilmiş dırnaqların da ora-bura atılması deyil, səliqə ilə toplanması və bir yerə basdırılması daha doğrudur. Əgər basdırmaq imkanınız yoxdursa, onu kağıza və ya parçaya bükülü halda zibilə də ata bilərsiniz.

Bədənin tez tərləyən nahiyələrinin təmiz saxlanılması da çox mühümdür, çünki tər qoxusu qısa müddətdə həm insanın özünü, həm də yaxındakıları narahat edir. Doğrudur, indi tər iyinin qarşısını alan müxtəlif parfümeriya məhsulları var və gənclik onlardan geniş istifadə etməyə meyillidir. Olsun, amma məsələni həll etməyin yolu əvvəlcə o tərdən, çirkdən qurtarmaq, sonra parfümeriyadan istifadə etməkdir. Yəni, yuyunmaq, təmiz olmaq lazımdır, problemin üstünü "örtmək" məsələnin həlli deyil. Təbii ki, bu mövzuda söhbəti kifayət qədər uzatmaq olar.

Təmizlik həm də gözəllikdir, gözəlliyin ən mühüm şərtlərindən biridir. Sizlərə sözün hər mənasında, yuxarıda bəhs etdiyimiz kimi, həm əxlaqi-mənəvi, həm də fiziki-maddi təmizlik arzulayırıq.