Soyuq bir yanvar sabahı idi. Bir nəfər Vaşinqton metrostansiyalarından birində skripka çalırdı. O, təqribən 45 dəqiqə ərzində İohann Sebastyan Baxın altı əsərini çaldı. Və bu 45 dəqiqə ərzində təqribən 1000 adam skripkaçının qarşısından keçdi. Onların demək olar ki, hamısı sanki bir-biri ilə sözləşmişmiş kimi harasa tələsirdi. Skripkaçı ifasına başladıqdan üç dəqiqə sonra orta yaşlı bir adam skripkaçını görüb addımlarını yavaşlatdı. Ancaq bir neçə saniyə keçməmiş getmək məcburiyyətində olduğunu xatırladı və sürətlə yoluna davam etdi.
Skripkaçı bir dollarlıq ilk bəxşişini isə bundan bir dəqiqə sonra aldı. Bir qadın addımlarına ara vermədən bu bir dollarlıq bəxşişi skripkaçının qarşısındakı qaba atdı. Bir neçə dəqiqə sonra isə başqa bir adam ayaq saxlayıb skripkaçını dinləməyə başladı. Ancaq saatına baxan kimi, o da sürətlə yoluna davam etdi. Skripkaçının qarşısında ən çox dayanan isə üç yaşlarındakı bir oğlan uşağı oldu. Anasının bütün təkidlərinə baxmayaraq, uşaq skripkaçının qarşısından əl çəkmir və diqqətlə ona baxırdı. Nəhayət, anasının son təkidi uşağı hərəkət etməyə məcbur etdi. Ancaq oğlan yenə də teztez arxaya çevrilərək, skripkaçıya baxır və çarəsiz addımlarla anasının arxasınca gedirdi. Bu uşaq kimi hərəkət edən başqa uşaqlar da oldu, ancaq hamısı atalarının və ya analarının təkidinə məruz qalaraq, "hadisə yerindən" uzaqlaşdırıldı.
Metroda olduğu bu 45 dəqiqə ərzində skripkaçının qarşısında ancaq 6 nəfər (həm də çox qısa bir müddətə) dayandı. 20 nəfər isə ayaq saxlamadan skripkaçıya bəxşiş verməklə kifayətləndi. Skripkaçı burada olduğu müddət ərzində cəmi 32 dollar qazandı. O, ifasını bitirəndən sonra isə hər tərəfə dərin bir səssizlik çökdü. Ancaq bununla belə heç kim onun öz konsertini bitirdiyini hiss etmədi. Hətta bu az kimi heç kim onun dünyanın ən yaxşı skripkaçısı Coşua Bell olduğunu və əlindəki 3,5 milyon dollarlıq skripka ilə dünyada yazılmış ən qarmaqarışıq əsərləri ifa etdiyini anlamadı. Halbuki Coşua Bellin metrodakı bu konsertindən iki gün əvvəl Bostonda verdiyi konsertin biletləri orta hesabla 100 dollara satılmışdı. Onun adi bir paltarda metroda skripka ilə çıxış etməsi isə "Vaşinqton Post" qəzeti tərəfindən təşkil edilmişdi. Həm də sosial bir araşdırmanın tərkib hissəsi kimi.