İkinci Qarabağ müharibəsindəki qalibiyyətdən artıq 2 il ötür. 30 ildir işğalda qalan torpaqlarımızda tikinti işləri sürətlə davam edir. Bəzi bölgələrə qayıdış artıq başlayıb. Evlər, məktəblər tikilir. Bu, təbii ki, hamımız üçün sevindirici haldır. Ordumuzun, əsgərlərimizin fədakarlıqları sayəsində o torpaqlarda yenidən günəş doğmağa başlayır.
Budəfəki müsahibimiz 19 yaşında "Vətən Müharibəsi Qəhrəmanı" adı almış Abdullazadə Azər Rizvan oğludur. Azər Abdullazadə 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət müddətinin bitməsinə bir neçə gün qalmış Vətən Müharibəsi başlayıb. Döyüşlərdə cəsarətlə iştirak edib, düşmənin çox sayda canlı qüvvəsini zirehli texnikalarını məhv edib. 11 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və sağ gözünü itirib. Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020- ci il tarixli Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Yeri gəlmişkən qeyd edək ki, "Vətən Müharibəsi Qəhrəmanı" adı Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsidir. Bu ad Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir. İndiyə qədər bu ad cəmi 83 nəfərə verilib, onlardan 5-i generaldır.
Azər bəylə müsahibəni təqdim edirik:
- Azər bəy, gəlin, elə əvvəldən başlayaq. Vətən müharibəsinin başlaması ilə siz də yoldaşlarınızla birgə döyüşə yollandınız. Bu proses necə başladı və həmin anları necə xatırlayırsınız?
- Mən Abdullazadə Azər Rizvan oğlu 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olmuşam. 2009-cu ildə həqiqi hərbi xidmətə yollanmışam. N saylı hərbi hissədə tankçı olmuşam. Tərxis olmağıma 3-4 gün qalmışdı. 2020-ci il sentyabr ayında Vətən müharibəsi başladı. Mən də tankçı kimi döyüşlərə qatıldım. Biz döyüş başlamazdan qabaq bütün tankçılar bir yerə yığıldıq. Sözləşdik ki, inşallah torpaqlarımızı geri qaytarıb sonra yenidən bir yerdə görüşək. Onlardan çoxu şəhid oldu. Füzuli istiqamətində döyüşlərdə oldum və həmin vaxt başımdan yüngül yaralandım, hospitalda yatdım. Ancaq öz istəyimlə yenidən döyüşlərə yollandım. Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Düşmənin çox sayda canlı qüvvəsini, zirehli texnikasını məhv etmişəm. Ermənistan silahlı qüvvələrinə ağır zərbələr vurmuşuq. Cəbrayılın Hacılı kəndi uğrunda gedən döyüşlərdə oktyabrın 11-də tankımız vurulur. Tank komandiri leytenant Murad Nağıyev şəhid olur. Mən və sürücü mexanikim Elsevər Hümbətli ağır yaralanırıq. Daha sonra oradan bizi təxliyə edirlər və Füzulidə yerləşən hərbi hospitala gətirirlər. Orada ilkin olaraq əməliyyat edirlər. Həmin əməliyyatı edən də mənim doğma əmim hospitalın rəhbəri polkovnik Elçin Abdullayev olur. Ancaq vəziyyətim ağırlaşır və komaya düşürəm. Ona görə məni Bakıya hərbi hospitala gətirirlər. Gicgahımdan girən qəlpə olduqca böyük qəlpə idi. Bakıda bir neçə dəfə gözümdən, başımdan əməliyyat olundum. Sonra məni "Bona Dea" xəstəxanasına köçürdülər. Orada da əməliyyatlar keçirdim. 5 gün komada olmuşam. Tədricən əməliyyatlar olduqca irəliləyişlər oldu. Tankın içindən ağır dərəcədə yanıqla çıxmışdım. Hətta üz dərim bir neçə dəfə soyulub öz-özünə dəyişilib, bərpa olunub. Sağ gözümü itirmişəm, o biri gözüm zəif görür. Hazırda müalicələrim davam edir. Başımda və bədənimdə çoxsaylı qəlpələr var. Buna baxmayaraq, şükür Allaha yaxşıyam.
- Tankın vurulduğu həmin anı necə xatırlayırsınız?
- Ayın 11-nə qədər çox sayda düşmən məhv etmişdik. Zirehli texnikalarını, atəş nöqtələrini darmadağın etmişdik. Cəbrayılda elə bir sığınacaqları var idi ki, inanmazdılar biz ora girə bilək. Ancaq biz oranı da məhv etdik. Bir nəfər də düşmən sağ buraxmadıq. Həmin gün biz düşmən tərəfindən nişan alındıq. Tankın içərisində hədəfdə olduğumuzu göstərən siqnal səsləri gəldi. Eyni vaxtda iki tərəfdən nişan alınmışdıq. Birini vura bildik, ancaq digəri bizi vurdu. Tankda 3 nəfər idik. Tankı idarə edən sürücü mexanik idi. Mən atıcı idim, bir nəfər də tank komandiri idi. Həmin an çox çətin an idi. O barədə çox danışmaq istəməzdim. Çox pis vəziyyətə düşmüşdüm. Vurulanda özümdə idim, hiss edirdim. Ancaq sonradan qan itirmədən huşum getməyə başladı. Tədricən ayılır, sonra yenə özümdən gedirdim. Tank parçalanmışdı. Məni tankın içindən sürücü mexanikim çıxardı. O, hazırda xidmətdədir.
- Döyüş vaxtı çox sayda erməni hərbçilərini, sığınacaqlarını məhv etmisiniz. Sizin üçün döyüşdə ən yaddaqalan hadisələrdən danışmağınızı istərdik.
- İlk döyüşlərimiz Füzulinin kəndləri uğrunda getdi. Sonra Cəbrayıl istiqamətində davam etdik. Döyüş vaxtı insan başqa heç nə fikirləşmir. Ancaq düşməni məhv etmək, torpaqları azad etmək barədə düşünürsən. Ailəni belə unudursan. Şükür Allaha ki, güclü döyüşlər nəticəsində 30 ildir işğalda olan torpaqlarımızı 44 günə geri qaytardıq. Bu, güclü Azərbaycan oğullarının, güclü ordumuzun sayəsində oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hazırda xidmətdə olan hərbçilərimizi də Allah qorusun. Baş verən hadisələrdən ən yaddaqalan hadisələrdən biri döyüş yoldaşımın tankı ilə düşmən tankının üz-üzə gəldiyi andır. Həmin vaxt o, cəmi bir neçə saniyə qabağa düşərək düşmən tankını məhv edə bildi. Çox təsirli an idi. Düşmən tankının bizə bir mərmi belə atmağına imkan vermədi. Qürurverici hadisə idi. Bizə koordinatlar verilirdi, xəritələrlə irəliləyirdik. Düşmənin çox sayda hədəflərini vururduq. Onlardan biri bizim irəliləməyimizə mane olurdu. Mən atıcı olaraq həmin nöqtəni məhv edəndən sonra yolumuz açıldı və irəliləməyə başladıq. Düşmən bizim ordumuzla bacara bilmirdi. Biz bunun şahidi olmuşuq. Onlar ancaq mülki əhaliyə atəş açaraq bizi dayandırmağa çalışırdılar. Bunları söz xətrinə demirəm, birbaşa gördüyümüz hadisələrdir, silahlarını qoyub qaçırdılar. Bəzən qarşımıza düşmən piyadaları çıxırdı. Onları məhv etmək üçün tankın üzərinə quraşdırılmış 7,62 mm pulemyotdan istifadə edirdik.
- Bildiyimiz kimi, ermənilər bölgədə minlərlə mina basdırmışdılar. Onlara düşməmək üçün hansısa xüsusi tədbirlər görülürdümü?
- Biz minaya düşməmək üçün düşmənin ən çox istifadə etdiyi yollarla gedirdik. Bir çox yerlərdə isə bizdən əvvəl irəliləyən ordumuzun digər hərbçiləri yollar açmışdı, ərazi minalardan təmizlənmişdi. Digər tərəfdən, bizim tankların qabaq hissəsində öz minatəmizləyəni olur. Onların vasitəsilə də minalardan qurtulmaq olurdu.
- Azərbaycanda "Vətən Müharibəsi Qəhrəmanı" adı verilən 83 nəfərdən birisiniz. Bu barədə nə demək istərdiniz?
- Çox sağ olsun, cənab Prezident, mənə ən ali ad olan "Vətən Müharibəsi Qəhrəmanı" adı verdi. Bu mənim üçün həm çox fəxrli, həm də çox məsuliyyətli bir hissdir. Çünki Azərbaycanda bu adı alan 83 nəfərdən biriyəm. Mən xəstəxanadan çıxandan sonra müalicələrimi evdə almağa başlamışdım. Həmin vaxt ağrılarım çox olduğuna görə iynə ilə yatırdırmışlar. Yuxudan oyananda telefonuma zəng gəldiyini dedilər. Gördüm bizim döyüş yoldaşlarımız, komandirimiz hamısı mənə zəng ediblər. Danışdım, məni təbrik etdilər. Onda bu adın verildiyindən xəbərim oldu. Çox sevindim. Bizim döyüş vaxtı 727 nömrəli tank heyəti sözün əsl mənasında düşmənə qan uddurdu. Bizim komandirlərimiz də bildi ki, bu heyət düşmənin belini qırdı, onları çoxsaylı itkilərə məruz qoydu. Bu səbəblə briqada komandirimiz bizimlə bağlı yuxarı komandanlığa məruzə etmişdi. Onlar da baxıb qiymətləndirdilər və adlar verildi.
- Hazırda nə edirsiniz, hansısa bir işlə məşğulsunuzmu?
- Hazırda heç bir işlə məşğul deyiləm. İnşallah, qısa bir vaxtda işlə təmin edərlər. Ordu sıralarına məni qaytarmadılar, çünki səhhətimdə ciddi problemlər var. Ancaq daim Azərbaycan ordu sıralarına qayıtmağa hazıram. İş məsələləri zamanla həll olunacaq məsələlərdir. Biz Cənab Ali Baş Komandanla da görüşmüşük. Şəhid ailələrinə, qazilərə, qazi ailələrinə diqqət edilməsinin vacibliyini həmişə vurğulayır. Bizə diqqət və qayğı göstərilir. İnşallah, qısa bir vaxtda işlə də təmin olunaram.
- Ailəniz barədə məlumat verməyinizi xahiş edirik.
- Atam özü birinci qrup əlildir. Birinci Qarabağ müharibəsində iştirak edib. Əmim leytenant Natiq Abdullayev 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. İkinci Qarabağ müharibəsində qardaşım da, mən də iştirak etmişik. Qardaşım hazırda xidmətdədir. O, Suqovuşan, Murovdağ, Talış istiqamətində döyüşüb. İki qardaş, bir bacıyıq. Evli deyiləm. Hələ ki, elə bir planım yoxdur. Yəqin, işlə təmin olunandan sonra, həm də səhhətimdəki problemlər düzələndən sonra evlənərəm.
- Müharibədə olanda ailənizlə əlaqə saxlayırdınızmı? Çünki hər iki övladı döyüşdə olan valideynlər üçün hər şey göründüyü qədər asan deyil.
- Döyüş vaxtı ən çox qardaşımla əlaqə saxlayırdım. Valideynlərimlə danışanda ancaq qardaşımın irəlidə olduğunu bilirdilər. Mən onlara narahat olmasınlar deyə, irəli getmədiyimi, ehtiyatda qaldığımı söyləmişdim. Mən yaralanandan sonra da valideynlərimə deməmişdim. Evə gələnə qədər onların xəbəri yox idi. Evə gələndə onlar gördülər ki, mən yaralanmışam. Mən uşaqlıqda atama və nənəmə söz vermişdim ki, şəhid olan əmimin intiqamını alacağam. İndi tək əmimin yox, bütün şəhidlərimizin qisasını hərbçi yoldaşlarımızla birgə aldıq.