Müəyyən yaşdan, mütaliə təcrübəsindən sonra insana elə gəlir ki, artıq oxuduğu nəsə onu təəccübləndirə bilməz, nəsə öyrədə bilməz. Sanki daha az həyəcanlanır, daha az zövq alırıq. Yaxın günlərdə oxuduğum bir kitab mənə əvvəlki həyəcanımı geri qaytardı. Bill Geytsin "İlhamverici əsərdir..." dediyi, Obamanın "Möhtəşəm!!!" adlandırdığı Tara Uestoverin "Tələbə" memuarı...
Tara Uestover 1986-cı ildə ABŞın Aydaho ştatında anadan olub. Tara 2008-ci ildə Briqam Yanq Universitetinin bakalavr pilləsini bitirib. 2010-cu ildə elmi işçi kimi Harvard Universitetinə dəvət olunub, 2014-cü ildə isə (onda onun 28 yaşı var idi) Kembricdə tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. Kitab onun ilk qələm təcrübəsidir və "2018- ci ilin 10 ən yaxşı kitabından biri" seçilib. Bəs, Taranın həyatını bu qədər maraqlı edən nədir?
Təsəvvür edin, heç vaxt məktəbə getməyən, parta arxasında oturmayan, kiçik riyazi hesablamalardan başqa elmi əsası olan heç bir biliyə yiyələnməyən, yalnız yazıb oxumağı bacaran 16 yaşlı bir qız birbaşa ali məktəbə qəbul olur. İnanılmazdır, elə deyilmi?! Bəs, o buna necə nail olub?
Tara Aydahoda Mormon kiçik dini etnik qrupa mənsub olan 6 uşaqlı ailənin 2 qız övladından biridir. Burada "ailə" sözünü dırnaqda yazmaq daha doğru olardı. Çünki ailə insanın qayğı gördüyü, özünü təhlükəsiz hiss etdiyi yuvadır. Taranın isə bu cür yuvası olmayıb. O, uşaqlarını müdafiə etməkdən, qorumaqdan aciz olan türkəçarəçi anaya, övladlarının təhlükəsizliyini, sağlamlığını, təhsilini zərrə qədər düşünməyən cahil, mövhumatçı, xəstəruhlu ataya, daim fiziki və mənəvi zorakılıq tətbiq edən və bundan zövq alan mazoxist böyük qardaşa sahib olub. Kitabı oxuduqca Taranın 16 yaşına kimi məktəbə getməməsindən daha çox onun böyüdüyü ailə insanı ürküdür. Atasının maşın ölüxanasında, dəmir-dümürün içində hələ uşaqlıqdan fəhlə kimi işləyən, hər an ölümlə, təhlükə ilə üz-üzə gələn balaca qızcığazın arzuları, xəyalları heç kəsi maraqlandırmır. "Onun sinif otağı metal yığını, dərslikləri bir torba metal qırıntısıdır".
Tara nəinki məktəbə, hətta həkimə və ya hər hansı başqa dövlət qrumuna da getməyib. Onun mövcudluğunu sübut edən rəsmi sənədi belə yoxdur. Çünki bütün bunlar ailənin inancına ziddir. İnana bilirsiniz? XXI əsrdə Amerikada daş dövründəki kimi sivilizasiyadan təcrid olunaraq, müasir səhiyyədən, elm və texnikadan, dövlətin verdiyi imkanlardan uzaq yaşamaq...
İnsanın müharibənin ortasında belə olsa, sevən, qayğı göstərən bir ailəyə sahib olması onun özünü təhlükəsiz hiss etməsinə səbəb olur. Tara isə ailəsinin sayəsində özünü uçurumun kənarında, dağıntıların altında qalmış kimi hiss edir.
"Mənim utancım atamın məni metaldoğrayanın ülgücləri arasından çəkib çıxarmaq yerinə, bilərək ona tərəf itələməsindən irəli gəlirdi. Bu utanca boğulduğum vaxt anamın qonşu otaqda ola-ola, buna gözlərini yumub, qulaqlarını bağladığını, həmin an, ümumiyyətlə, mənim anam olmamağı seçdiyini bilməyimdən irəli gəlirdi".
Normal çevrəyə malik olduqdan sonra Tara artıq dərk edir ki, ilan onu sıxan köhnə qabığını tərk etdiyi kimi, o da istəməyərək belə olsa, ailəsindən, ona qoyulan qəliblərdən, qadağalardan qurtulmalıdır. Küllərindən yenidən doğulmalıdır. Seçimini etməli, təhsili üçün ailəsini qurban verməlidir. Bu, ilk baxışdan çox amansızcasına səslənsə də, Taranın həyatı ilə tanış olduqdan sonra ona haqq verəcəksiniz.
Kitabı oxuduqca, "Kaş ki, çətinliklərində bu qızcığaza kömək edə, onu müdafiə edə biləydim", düşüncəsinə qapılırdım. Taraya inanmayıb qızının fiziki zorakılığa məruz qalmasına göz yuman, onu müdafiə etməyən ananı çox qınayır insan. "Anam mənə inanmayanda mən də özümə inanmaqdan vaz keçdim". Bu sözlə Tara çırpınışlarını, söykənəcək son ümid yerini itirdiyini o qədər gözəl ifadə edir ki...
"Qadın susar, cavab qaytarmaz", "Qadın ərinə qarşı çıxmaz" şüuru bu dəfə Əfqanıstanda, Pakistanda yox, uzaq Amerikada da qarşımıza çıxır. Taranın anası məhz bu düşüncə tərzinə sahibdir. Ailə onun hesabına dolanarkən belə, o, yenə söz sahibi deyil. Buna görə də, Taranın özünəinam, özünümüdafiə hissi yoxdur, atasına, qardaşına etiraz edə bilmir. Çünki onun təsəvvüründə cəsarətli, mübariz, məqsədi olan, özünü müdafiə etməyi bacaran qadın modeli yoxdur. Ailə kiçik cəmiyyətdirsə, ailədə söz demək hüququ olmayan, haqları tapdalanan bir qıza cəmiyyət nələr etməz ki?! Bu cür ailənin töhfəsi isə mazoxist oğul və nevroz qızdır.
Taranın ailəsi haqqında oxuduqca "Məlalə mənəm" kitabından Məlalə Yusifzeyin atası Ziyaəddini xatırladım. Pakistan kimi qadın haqlarının sıfır olduğu ölkədə Ziyaəddin öz canı bahasına qızına təhsil verir, ona xəyallarını gerçəkləşdirməkdə kömək edir. Tara isə atası haqqında danışarkən şərti verdiyi adla xitab edir. Çünki onun adını fəxrlə çəkəcək atası yoxdur. "Biz inanmışıq ki, yıxılsaq, atamız buna heç bir şəkildə reaksiya verməyəcək. Düşünmüşük ki, bunun üçün əvvəlcə ölməliyik".
Yuxarıda qeyd etdiklərim Taranın necə çətin şəraitdə təhsil aldığının sübutudur. Biz burada təhsilin bir qızı müsbət mənada necə dəyişdirdiyinin, nələri qazandırdığının, hansı uğurların qapılarını açdığının şahidi oluruq. Bu uğur təkcə təhsil baxımından deyil, fərdi inkişaf, özünüdərk, özünəinam baxımından da çox əhəmiyyətlidir. "Özünüzü əqli köləlikdən qurtarın. Özünüzdən başqa heç kəs şüurunuzu azad edə bilməz". Taranın necə dəyişdiyinin şahidi olmaq üçün isə "Tələbə"ni oxumalısınız.
Kitab uzun müddət yaddaşımda iz buraxacaq unudulmaz əsərlərdən oldu. Düşünürəm ki, valideynlərə və yeniyetmələrə kitab xüsusən faydalı olacaq.