Əvvəlcə "Hümmət" təşkilatının, sonra isə Rusiya bolşeviklərinin tərəfini tutdu. 1927-ci ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayda məruzə etdi. Türk xalqlarının birliyini, ortaq türk əlifbasını təbliğ etdi. "El aşıqları", "Tapmacalar", "Koroğlu" dastanlarını toplayıb çap etdi. "Hamını bəzər, özü lüt gəzər" tapmacasına görə ittiham olundu. Dövlət Təhlükəsizliyi İdarəsinin zirzəmisində Mircəfər Bağırov tərəfindən güllələndi. Harada dəfn olunduğu bilinmədi.
İ nsanın tərcümeyi-halındakı rəqəmlər onun kimliyi haqqında çox az şeyləri ifadə edir. Əsas olan o insanın nə düşünməsi, hansı amal uğrunda və necə mübarizə aparmasıdır. Bu yazının qəhrəmanı Vəli Xuluflu da ötən əsrin əvvəllərində şimaldan gələn əsintinin vədlərinə ümidlənib umduğu ədaləti görməyən və Stalin repressiyasının qurbanı olan ziyalılarımızdandır.
Vəli Xuluflu 1894-cü il may ayının 26-da Şəmkir rayonunun Xuluf kəndində (bu qədim kənd Şəmkir SES dəryaçasının altında qalıb) anadan olub. İbtidai təhsilini mollaxanada alan Vəli sonra "Mədrəseyi-ruhaniyyə" məktəbində oxuyub və 1913-cü ildən həmin məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirib, müəllimlik edib.
1918-ci ilin əvvəllərində Vəli yenidən Gəncəyə gedir, pedaqoji təhsil verən ikiaylıq kursda təhsil alır və "Mədrəseyi-ruhaniyyə"də aşağı sinif müəllimi təyin edilir. Həmin dövrə qədər o, "Hümmət" təşkilatının üzvü idi. Bu mərhələdən sonra Rusiya Sosial Demokrat Fəhlə Partiyasının sıralarına qoşulur. Fəhlələrin və məzlum kəndlilərin mənafeyini qorumaq adı altında inqilab etmiş bolşeviklərlə əməkdaşlığa başlayır. Tanış olduğu inqilabçı-bolşeviklərin tapşırıqlarını yerinə yetirir. 1920-ci ildə Azərbaycan XI Qırmızı Ordu tərəfindən işğal olunandan sonra Azərbaycan K(b)P-nin I qurultayında nümayəndə kimi iştirak edir, Gəncə quberniyası Qəza Partiya Komitəsində əvvəlcə təlimatçı, sonra katib vəzifəsində işləyir, bölgədə aparılan sovetləşmədə fəallıq göstərir, eyni zamanda, bolşevik-daşnak həmrəyliyinin quruculuq adı altında apardığı soyğunçuluğun qarşısını almağa çalışır.
O dövrdə sovet quruluşuna qarşı çıxan insanlar qaçaq dəstələri yaradaraq çöldə-bayırda gizlənir, öz mübarizələrinə davam edirdilər. Gəncəbasarda hamı yaxşı bilirdi ki, Qaçaq Əbdüləli Vəli Xuluflunun yaxın qohumudur. Məhz buna görə də, bolşeviklər Vəli Xulufludan şübhələnir və 1921-ci ildə onu partiya sıralarından xaric edirlər.
Vəli Xuluflu bolşeviklərə bəslədiyi ümidlərin boşa çıxdığını görüb 1922-ci ildə Bakıya gəlir, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olur.
V. Xuluflu bu dövrdən sonra gücünü, enerjisini xalq ədəbiyyatımızın tədqiqinə, türk xalqlarının birliyinə sərf etməyə başlayır. Şəmkir, Tovuz, Gədəbəy, Qazax rayonlarına gedir, axtarışlar aparır, materiallar toplayıb 1926-cı ildə "El aşıqları" kitabını çap etdirir.
Həmin il gənc tədqiqatçının Şamxor və Tovuz saz-söz ustadlarından bəhs edən ikinci "El aşıqları" kitabı işıq üzü görür. 1928-ci ildə isə "Tapmacalar" kitabını tərtib edir. 1927-ci ildə "Koroğlu" dastanının Aşıq Hüseyn Bozalqanlının yenidən yazdığı iki qolunu, 1929-cu ildə isə dörd qolunu və altı nağılvari əhvalatı kitab halında nəşr etdirir. 1927-ci il sentyabrın 16-da yenidən kommunist partiyasının sıralarına daxil olur. 1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna elmi katib vəzifəsinə irəli çəkilir. Az sonra institutun bazasında yaradılmış Dil-Ədəbiyyat və İncəsənət İnstitutuna direktor təyin edilir və 1933-cü ilin dekabrınadək bu vəzifədə işləyir. 1933-cü ildə bir müddət Mərkəzi Arxiv İdarəsinin müdiri, Dövlət Elmi Şurasının sədr müavini vəzifələrini tutur.
1933-cü ildən SSRİ EA-nın Azərbaycan şöbəsinin mütəxəssisi olur. 1936-cı ildən SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunun direktor müavini və digər vəzifələrdə işləyir.
Vəli Xuluflu Azərbaycanda yeni əlifba ideyasının qızğın tərəfdarlarından idi. Alimin ideya silahdaşı Xalid Səid Xocayevin yazdığına görə, o, yeni türk əlifbasına keçmək işinə lap əvvəldən yardım edirdi. 1920-30-cu illərdə Azərbaycanın elmi və mədəni həyatında çox böyük rol oynadı. Rəsmi sənədlərdə tarixçi kimi tanıdılsa da, onun dilçiliyə və ədəbiyyatşünaslığa aid əsərləri heç də tarixə həsr edilmiş əsərlərindən az deyil. Məsələn, 1925-ci ildə yazmış olduğu "Yeni türk əlifbası ilə yazı qaydaları" adlı kitabçasında o, savadlı bir dilçi alim kimi diqqəti cəlb edir.
O, bütün fəaliyyəti boyu harada işləməsindən asılı olmayaraq ömrünü Azərbaycan xalqının mədəni həyatının yüksəlişinə, savadlanmasına, maariflənməsinə həsr edir. Həmin ağır dövrdə çətinliklə də olsa, bir çox kitablar nəşr etdirir: "Yeni türk əlifbası ilə yazı qaydaları" (1925), "Yeni türk əlifbası ilə yazı qaydaları" (1926-cı il, II nəşri), "Koroğlu" (1927), "Koroğlu" (1929-cu il, II nəşri), "İmla lüğəti" (1929), "Tapmacalar" (1929), "Panislamizm, imperializm və ruhaniyyət" (1929), "Din və qadın" (1930), "Din və mədəni inqilab" (1930), "Səlcuq dövlətinin tarixi quruluşuna dair" (1930), "Məhərrəmlik münasibətilə" (1932). O, eyni zamanda yüzlərlə qəzet və jurnal məqaləsinin müəllifidir.
Türk dünyasına möhkəm tellərlə bağlı olan Vəli Xuluflu ərəb, fars, rus, türk dilləri ilə yanaşı, alman, türkmən, tacik dillərini də bilirdi. O, qurultayda qaldırdığı və həmkarları tərəfindən dəstəklənən bu məsələnin reallığa çevrilməsi üçün Krıma, Qazaxıstana, Özbəkistana, Başqırdıstana, Kazana, Türkmənistana və Tacikistana səfərlər etmiş, mütəxəssislər və elm adamları ilə görüşmüş, mühazirələr oxumuş, fikir mübadiləsi aparmışdı. Alma-Ata və Daşkənddə keçirilən birinci türkoloji qurultayda və iki plenumda çıxış etmişdi.
Azərbaycanlı alimin türk xalqlarının yaxınlaşmasına xidmət edən fəaliyyəti Kremlin də diqqətindən yayınmırdı. Türk xalqlarının ortaq latın əlifbasına keçməsini qısqanclıqla qarşılayan Moskva bu ideyaya, bu təşəbbüsə çox mənfi münasibət bəsləyirdi. Moskvanın göstərişi ilə türkdilli respublikalardakı bütün türkoloq alimlər ciddi nəzarətə götürülmüşdü.
Rəhbərlik etdiyi Dil-Ədəbiyyat və İncəsənət İnstitutu 1933-cü ildə ləğv edildikdən sonra bir müddət Mərkəzi Arxiv İdarəsinin müdiri, həmin ilin may ayından Dövlət Elm Şurasının sədr müavini, 1936-cı ildən isə SSRİ EA Azərbaycan Filialının Tarix İnstitutunun direktor müavini və digər məsul vəzifələri tutur. O, 1920-1930-cu illərdə latın qrafikalı əlifbaya keçidin tərəfdarı və fəal təbliğatçısı olur. Hətta bu barədə 1925-ci ildə "Yeni türk əlifbası ilə yazı qaydaları" adlı kitab da nəşr etdirir. Rəsmi sənədlərdə tarixçi-şərqşünas kimi tanıdılan Vəli Xuluflunun dilçiliyə və ədəbiyyatşünaslığa dair çıxışları, əsərləri, tədqiqat işləri ona elmi dairədə və ictimaiyyət arasında böyük folklorşünas alim, fəal yazıçı-publisist kimi də şöhrət qazandırır.
Məlum olduğu kimi, 1927-ci ildə Bakıda keçirilən Birinci Ümumittifaq Türkoloji Qurultayında məruzəçi olmuş və hətta kiçik bir məlumatla belə çıxış etmiş türkoloqların hamısı qara siyahıya salınaraq məhv edildi. Vəli Xuluflu da həmin siyahının ön sıralarında yer alan milli ziyalılardan biri idi. Bunun üçün bəhanə tapmaq o qədər də çətin deyildi. Vəli Xuluflu 1928-ci ildə Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə Azərbaycan tapmacalarını toplayıb nəşr etdirmişdi. Bəlkə də, əsrlərlə xalq arasında dolaşan tapmacalardan sətiraltı məna tapan Dövlət Təhlükəsizliyi İdarəsi əməkdaşları alimə qarşı bir vasitə kimi istifadə etmişdilər. Məsələn, cavabını, açmasını uşaqların da əzbər bildiyi bir tapmaca: "Hamını bəzər, özü lüt gəzər". Bu tapmacada sətiraltı məna tapan müstəntiq: "Siz bununla düşmənin dəyirmanına su tökürsünüz, yəni sovet adamları hamını geyindirir, özü lüt gəzir..." deyə ona irad tutmuşdu.
1929-cu ildən dosent, 1931-ci ildən professor kimi fəaliyyət göstərən Vəli Xuluflu dolayısıyla, elmi yolla xalqı birliyə, bu birliyin fonunda azadlığa, müstəqilliyə səsləyən məqalələr yazır, konfranslarda çıxışlar edir, kitablar çap etdirir, ancaq dilindən dövlət əleyhinə açıq-saçıq söz qaçırmırdı.
Vəli Xuluflu əksinqilabçı və millətçi təşkilatın üzvü kimi Dövlət Təhlükəsizliyi İdarəsinin 4-cü şöbəsi tərəfindən 1937-ci il yanvarın 28-də gecə həbs edilir. Onun həbs olunması barədə orderi Xalq Daxili İşlər Komissarlığında məsul vəzifə tutan, həmin dövrdə azərbaycanlılara qənim kəsilən erməni Sumbatov və onun əlaltısı Qalstuyan imzalayırlar.
Özünün həbsi bir yana, qışın oğlan çağında ailəsini evindən çıxarır, mənzildən heç nə götürməyə icazə vermirlər. Həyat yoldaşı Fatmanisə, qızı Sunduz, oğlu Çingiz və qayınanası Fatma xanım indiki Vaqif küçəsindəki ikimərtəbəli mülkün yarımzirzəmisində birotaqlı mənzilə sığınmalı olurlar.
V. Xuluflu həbs edilən günün səhəri SSRİ Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsi 5-ci şöbəsinin rəisi Avanesyan tərəfindən dindirilir. İdarənin zirzəmisində saxlanılan Vəli Xuluflu Trotski-Zinovyevçi təşkilatın üzvü olmaqda, S. M. Kirovun qətlində iştirak etməkdə, 1934-1937-ci illərdə partiya və hökumət rəhbərlərinə qarşı terrorda, Azərbaycanın bölgələrində silahlı üsyan etmək üçün hazırlıq işləri aparmaqda, Mərkəzi Komitənin katibi Bağırova qarşı sui-qəsdin hazırlanmasında iştirakda, əksinqilabi və ümumittifaq pantürkist mərkəzinin rəhbəri Bəkir Çobanzadə və Əziz Qubaydulinin mövqeyini müdafiə etməkdə, rəhbər olduğu müəssisələrdə dövlət əmlakına zərər vurmaqda ittiham olunurdu.
Ailəsi Vəli Xuluflunun aqibəti haqqında heç bir məlumat əldə edə bilmir. Bütün bunlar yetməzmiş kimi 1938-ci ilin yazında Fatma xanım "xalq düşməni"nin həyat yoldaşı kimi həbs edilib sürgünə göndərilir. Uşaqlar nənənin himayəsində qalırlar. Nənə Qorki adına kitabxanada xadimə işləyərək, nəvələrini saxlayır. Sunduzgil analarının üzünü bir də 1946-cı ildə o, sürgündən qayıtdıqdan sonra görürlər.
Fatma xanım sürgündən xəstə qayıtmışdı. O, 1955-ci ilədək həyat yoldaşı barədə heç bir məlumat ala bilmədi. Buna görə də, onun dönəcəyindən gümanını çoxdan kəsmişdi. Çünki bilirdi ki, qayıdası olsaydı, indiyədək hökmən məktubu gələrdi. Buna baxmayaraq, Vəli Xuluflunun ailəsi yenə də ümidini üzmür, onun nə vaxtsa evinə dönəcəyinə ümid edirdi. Ancaq Vəli Xuluflunun qətlə yetirilməsi ilk dəfə Mircəfər Bağırovun məhkəməsində təsdiq olundu. Məhkəmədə iştirak edən yaxın qohumları Sunduzgilə bəd xəbər gətirdilər: "Bağırov etiraf etdi ki, Vəli Xuluflunu istintaq zamanı özü güllələyib. O boynuna aldı ki, həbs olunan bir neçə nəfərin, eləcə də Xuluflunun dindirmələrində dəfələrlə iştirak edib. Professor istintaqlarında Mircəfərin canını boğazına yığıb, onunla anlaşmaya gələrək müstəntiqlərin irəli sürdüyü ittihamları, əksinqilabçı-millətçi kimi çəkdiyi adları təsdiqləməyib. Sonuncu dəfə zirzəmiyə düşüb, onu dindirən Bağırov istintaq materialını Vəliyə uzadıb: "Qol çək!". Xuluflunun dilindən eşitdiyi "Yox!" kəlməsi birinci katibi o qədər qəzəbləndirib ki, dərhal əlini tapançasına atıb... Ancaq onun qətli sonradan başqa cür aktlaşdırılıb.
1937-ci il yanvarın 28-də həbs edilən və həmin il oktyabrın 13-də güllələnən Vəli Xuluflunun işinə 1956-cı il noyabın 17-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası yenidən baxdı, fəaliyyətində cinayət tərkibi olmadığına görə ona bəraət verdi.