Rövşən Əhmədov 
 

Zaqafqaziya Müəllimlər Seminariyası Qafqazda təhsilin artması üçün atılan əsas addımlardan biridir. Azərbaycanlılar (o vaxt tatar adlandırılırdı), gürcülər, ermənilər və dağıstanlılar üçün ibtidai məktəb müəllimi hazırlamaq məqsədilə 1876-cı ildə Qoridə Müəllimlər Seminariyası açılır. Ümumi təhsil rus dilində olsa da, hər millətin öz ana dili və şəriət dərsi ayrıca tədris olunmağa başlayır. Orada bir çox məşhur azərbaycanlı müəllimlər yetişir, təhsilin artmasında, insanların maariflənməsində tarixi rol oynayırlar. Zaqafqaziya Müəllimlər Seminariyası açılanda azərbaycanlı ziyalıların təkidi ilə həmin qurumun nəzdində 3 il müddətinə müstəqil Azərbaycan şöbəsinin açılması barədə qərar verilir. Bildirilir ki, əgər təcrübə yaxşı nəticə versə, həmin şöbə azərbaycanlılar üçün müstəqil seminariyaya çevriləcək və Qoridən Azərbaycana köçürüləcək.

Beləliklə, xüsusi addımalr atılır və Qori Müəllimlər Seminariyasının direktoruna belə bir məktub göndərilir: "Sərdarın müavininin əmri əsasında seminariyanın nəzdində təsis olunacaq Azərbaycan şöbəsini yerləşdirmək və onu lazımi əşyalarla təmin etmək üçün Tiflis Hökumət Palatasına təklif edilmişdir ki, Zemstvodan yığılmış məbləğdən 4 min manat zati-alilərinizin sərəncamına versin. Hökumət palatası azərbaycanlı gənclərin maariflənməsi naminə qəlbən razı olmuş, bu işi özünə şərəf sanmışdır. Azərbaycanlılardan kənd müəllimləri hazırlamaq məqsədilə sərdarın baş idarəsinin göstərişi əsasında 1879-cu il sentyabrın 1-də seminariyanın nəzdində yeni təsis edilmiş xüsusi tatar şöbəsini yerləşdirmək üçün lazımi əşyaları almaqdan ötrü Zemstvo vergisindən pul buraxıldığını zati-alilərinizə bildirməyi hökumət palatası özü üçün şərəf bilir". Bundan sonra Azərbaycan dili və sünni təriqəti üzrə şəriət müəllimi vəzifəsinə Hüseyn Əfəndi Qayıbzadə, şiə təriqəti üzrə şəriət müəllimi vəzifəsinə isə molla Əbdülsalam Axundzadə təyin olunur.

Seminariyanın Azərbaycan şöbəsinə Aleksey Osipoviç Çernyayevski inspektor təyin edilir. Ancaq şöbənin açılmasına baxmayaraq ilk vaxtlarda təhsil almaq üçün sənəd verənlərin az olması qurumun rəhbərliyi arasında müəyyən narazılıqlara səbəb olur. Hətta bu şəkildə davam etdiyi təqdirdə seminariyadakı Azərbaycan şöbəsinin bağlanacağı danışılır. Aleksey Osipoviç isə şöbənin fəaliyyətini davam etdirməsi üçün hərəkətə keçir. O, İrəvanda, Naxçıvanda, Gəncədə, Şuşada, Şamaxıda, Qubada və Dərbənddə olur. Həmin bölgələrdən uşaq toplamağa başlayır. Məlumat üçün deyək ki, Aleksey Çernyayevski Şamaxıda kasıb rus ailəsində doğulub böyümüşdü və Azərbaycanla xüsusi bağlılığı olduğunu həmişə qeyd edirdi. Beləcə, bütün bu səylər boş qalmır və qısa bir vaxtda nəticə əldə edilir. Şuşadan Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Baba bəy Səfərəlibəyov, Lənkərandan Teymur bəy Məmmədbəyov, Qazaxdan İsmayıl ağa Vəkilov, Məmmədağa Şıxlinski, Şəkidən Rəşid bəy Əfəndiyev kimi şəxsiyyətlər təhsil uğrunda çıxılan bu yolda vacib addımlar atmağa başlayırlar. Azərbaycanlı tələbələr öyrənmə qabiliyyətləri, gözəl əxlaqları və yüksək mədəniyyətləri ilə seminariyanın digər millətlərdən olan üzvlərini heyrətə salırlar.

Firidun bəy Köçərli tələbə ikən yunan filosofu Sokratdan bəhs edən "Təlimati-Sokrat" əsərini tərcümə edir. Sonralar Saleh bəy Zöhrabbəyovla birlikdə "Təlimati-lisani-türki" dərsliyini tərtib edirlər. Rus, fars və ərəb dillərini yaxşı bilən tələbə Səfərəli bəy Vəlibəyov isə "Xəzineyi-əxbar" adlı ensiklopedik kitab hazırlayır. İlk buraxılışda təhsilini əla qiymətlərlə bitirdiyinə görə şura Səfərəli bəy Vəlibəyovu 1881-ci ildə seminariyada ana dili müəllimi kimi saxlayır. Firidun bəyi İrəvan gimnaziyasına, Teymur bəyi Lənkərana, Mirzə Əli Məhəmmədi isə Naxçıvana ibtidai rus-tatar məktəbinə müəllim göndərir. Rəşid bəy Əfəndiyev isə Şəki qəzasının Qutqaşen kəndinə məktəb müdiri kimi göndərilir.

Beləcə, Zaqafqaziya Müəllimlər Seminariyasına təhsil almaq üçün gedən azərbaycanlıların sayı ildən-ilə artmağa başlayır. Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Sultan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Müslüm Maqomayev, Şıxlinskilər, Süleyman Sani Axundov, Hacıbaba Süleymanov, Nəriman Nərimanov, Osman Əfəndiyev, İsfəndiyar Vəkilov, Fərhad Ağazadə və başqaları həmin seminariyanı bitirirlər və Azərbaycan tarixində silinməz izlər buraxırlar.

Ancaq 20-ci əsrin əvvəllərindən işlər bir az dəyişməyə başlayır. Uğurla təhsilə davam edən və peşəkar mütəxəssis kimi yetişən azərbaycanlılara qarşı qərəzli addımlar atan, İrəvanda işləyən M. A. Miropyev 1902-ci ildə quruma direktor təyin olunur və bununla da azərbaycanlılara pis münasibət başlayır. Bir neçə azərbaycanlı tələbə haqsız yerə seminariyadan qovulur. Borçalı Mustafa "vəhşi asiyalı" sözünə görə erməni Ter-Arutyunovu öldürür. Beləcə, tənəffüsdə ana dilində danışmaq azərbaycanlı tələbələrə qadağan olunur. 1900-cü il dekabrın 3-də hazırlıq sinfinin şagirdi Üzeyir bəy Hacıbəyliyə ana dilində danışdığına görə töhmət verilir.

Azərbaycanlı ziyalılar həmin dövrdə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi üçün fəaliyyətə başlayırlar. Məlumat üçün deyək ki, Azərbaycan maarifçiləri bu mühüm işə hələ 1884-cü ildən təşəbbüs göstərirdilər. Bu addımı isə məsafənin uzaq olması, Qoridə azərbaycanlıların yaşamaması, şagirdlərin azlıq təşkil etməsi və nəticədə, bunun müəllim kadrlarının arzuedilən səviyyədə hazırlanmasına mane olması ilə izah edirdilər.

Nəhayət, 1918-cı ildə Qori Seminariyasının Azərbaycan bölməsi Azərbaycan Respublikasının hesabına Qazax şəhərinə köçürülür və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı kimi böyük ziyalılar da həmin təhsil ocağının yetirmələridir.