Stiven Uilyam Hokinq 1942-ci ildə Oksford şəhərində (Böyük Britaniya) doğuldu. Məktəb illərində o da hamı kimi sağlam idi. Ancaq 18 yaşında tutulduğu bir xəstəlikdən əzələləri faəliyyətini itirdi. Həkimlər isə ona iki illik ömrü qaldığını dedilər. Ancaq aradan iki il keçsə də, Hokinq ölmədi. Üstəlik, Oksford Universitetini yüksək nəticə ilə bitirdi. Artıq o, öz xəstəliyinə də alışmışdı...
1965-ci ildə isə Hokinq ailə həyatı qurdu. Bu evlilikdən onun iki oğlu və bir qızı dünyaya gəldi. Çox keçmədi ki, Hokinq həyat yoldaşı Ceynin (Ceyn Uayldın) köməyi ilə doktorluq dissertasiyasını yazdı. Dissertasiyasını müdafiə etdikdən sonra isə Kembric Universitetində elmi işçi kimi fəaliyyətə başladı. 1970-ci ildə artıq o, əlil arabasına məhkum idi. Üstəlik, təkcə ayaqları yox, başı da sözünə baxmırdı. Ancaq bütün bunlara baxmayaraq, ilk kitabını yazdı. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçildi. 1978-ci ildə isə nəzəri fizika sahəsində ən yüksək mükafat olan Eynşteyn mükafatını aldı. Kembric Universitetinin Lukasian professorluğu dərəcəsinə yüksələndə isə tarix 1979-cu ili göstərirdi. Üstəlik, ondan əvvəl bu dərəcəni Kembric Universitetində təkcə İsaak Nyuton və Pol Dirak almışdı. Eyni il Hokinq "Eynşteynin təhlili" kitabını da yazaraq, Eynşteynin fiziki hipotezlərini təhlil etdi.
1981-ci ildə isə Hokinq "Super kosmos və super cazibə" adlı kitabını tamamladı. 1982-ci ldə o, artıq dörd universitetin fəxri professoru idi. O ilin başqa böyük mükafatını, "Britaniya Ordeni"ni isə ona Kraliça Elizabet təqdim etdi. 1983-cü ildə Hokinq "Kainatın ilk dövrü" adlı kitabını yazdı. "Zamanın qısa tarixi" kitabını yazanda isə (1985-ci il) o, sətəlcəmə tutuldu. Keçirdiyi əməliyyatdan sonra Hokinq nitq qabiliyyətini də itirdi. Nəticədə, həkimlər onun əlil arabasına nitq sintezatoru qoydular. O gündən Hokinq ətrafındakı insanlarla bu sintezator vasitəsilə "danışmağa" başladı. Hokinq bu sintezatora əmrləri hərəkət qabiliyyətini saxlamış sağ əlinin şəhadət barmağı ilə verirdi. Üstəlik, Hokinq universitetə hər gün bu əlil arabası ilə gedirdi. Bu iş üçün o, ən azı 1 kilometrə yaxın bir məsafə qət edirdi. Öz araşdırmalarında o, xüsusi kompüterdən istifadə edirdi. Məsələn, kvant fizikası ilə nisbilik nəzəriyyəsini birləşdirəcək nəzəriyyə üzərində də bu kompüter vasitəsi ilə işləyirdi. Təbii ki, bu işdə ona hamını heyrətdə qoyan yaddaşı da kömək edirdi. Həkimlər isə onun yaşadığı hər günü tibb sahəsində yeni bir rekord aldandırırdılar. Və beləcə, Hokinq nə az, nə çox, düz 76 illik bir ömür yaşadı. Həm də minlərlə, bəlkə də milyonlarla sağlam insanı heyrətdə qoyacaq bir ömür...