8 noyabr - Zəfər Bayramımızdır. Bu zəfər elə böyük, elə möhtəşəmdir ki, onun işığında təqvimimizdəki bütün qara rənglər silinib getdi və yerini işıqlı günlərə buraxdı. Bu zəfərlə biz təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu, vüqarımızı da geri qaytardıq. 8 noyabr - Tariximizin ən böyük zəfəridir. ...
Onlar elə gözəl, elə əziz idilər ki, ifadə etməyə söz yetmir. Onlar elə dəyərli, elə uca idilər ki, Allah (c.c.) onların əlinə azadlıq bayrağı vermişdi. Göy üzündə dəstə-dəstə gələn Əbabil quşları Məkkəni dağıtmaq üçün yola çıxan azğın Əbrəhənin ordusu üzərinə qızğın daşlar atıb onları məhv etdiyi kimi, bu igidlər də 28 il boyunca Qarabağda əzanımızı susduran, məbədlərimizi təhqir edən azğın düşmənin başına od ələdilər, onları yerlə yeksan etdilər. Onlar tarixin axarını dəyişdilər, onlar üzümüzdəki kədəri silib, bizə qüruru, fərəhi yaşatdılar.
Hərəsi bir elin yaraşığı, hərəsi bir evin dirəyi... Onların əli ilə xalqımızın tarixinə yazılmış bu zəfərdən sonra insanımızın bir-birinə münasibəti də dəyişdi. Hər birimiz çoxluğumuza, birliyimizə sevindik. Bir-birimizə güvənməyi, söykənməyi öyrəndik.
Kimisi nişanlı idi, kimisi ata namizədi idi, kimisi də döş cibində üç körpəsinin şəkillərini gəzdirirdi; sevdalı sevdasını, sevgili sevgisini, muradı olan muradını buraxıb gəlmişdi, amma burada hamısı bir sevdaya tutulmuşdular, biri orada, biri burada əl-ələ tutub Haqqa yürüdülər, quş kimi qanadlanıb uçdular. Biri yaşda bir az böyük idi, birinin heç iyirmi yaşı tamam olmamışdı, amma indi hamısı yaşıddır, hamısı doğmadır, hamısının da bircə adı var: ŞƏHİD.
***
II Qarabağ müharibəsinin başlanma tarixi 2020-ci ilin 27 sentyabrı göstərilsə də, əslində, bir neçə ay əvvəldən gərginlik pik həddinə çatmışdı. Erməni baş nazir Paşinyan başının dəstəsi ilə Şuşada yallı gedib bizə meydan oxuyanda, harsını ironiya ilə "Azərbaycanlılar muğam dinləmək istəyirlərsə, Şuşaya gəlsinlər" deyəndə, Paşinyan Avropada havadarlarına arxalanıb "Qarabağ Ermənistandır" hədyanını dilə gətirəndə 10 milyonluq Azərbaycanın əsəblərini tarıma çəkmişdilər. İyulun 12-də Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlar nəticəsində hərbçilərin və mülki şəxslərin qətlə yetirilməsi gərginliyi pik həddə çatdırdı. Xüsusilə də, general Polad Həşimovun və yanındakı bir neçə yüksək rütbəli zabitimizin şəhid edilməsi müharibəni qaçılmaz hala gətirdi. Azərbaycanın hər yerində vətənsevər oğullar bu həyasızlığa son qoymağı tələb etdilər. Gənclərimiz dəstə-dəstə hərbi komissarlığa axın edərək orduya yazılmaq istədiklərini bildirdilər. Ermənilərin bu azğınlığı beynəlxalq təşkilatlar, xüsusilə də, ATƏT tərəfindən sükutla qarşılandı. Onsuz da bu təşkilatın yarandığı gündən bəri ikiüzlü mövqe tutduğu, BMT-nin dörd qətnaməsi ortada olmasına baxmayaraq, ermənilərə "işğalçı" deməməsi onu göstərirdi ki, bunlar məsələni uzatmaq və Azərbaycanı məğlubiyyətlə barışdırmaqdan başqa bir məqsəd güdmürlər. ATƏT-in Minsk qrupunun yarandığı vaxtdan qəbul etdiyi sənədlərə diqqət yetirsək, görərik ki, indiyədək bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən söhbət açmır və hələ bu az kimi digər beynəlxalq təşkilatların işğal faktını əks etdirən sənədlər qəbul etməsinə açıq şəkildə etirazını bildirir.
***
...Və nəhayət o gün gəldi. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatı elə sərt cavabla qarşılandı ki, ermənilər dəhşətə düşdülər. Anladılar ki, gün bu gündür. Anlamağına anladılar, ancaq artıq çox gec idi. Düşmən üzərinə aslanlar kimi hücuma keçən ordumuz müharibənin davam etdiyi 44 gün ərzində bir dəfə də olsun geri çəkilmədi. Hər gün yeni kənd və şəhərlərimizin azad edilməsi xəbərini bayram etdik. Zəfər üstünə zəfər qazanan ordumuz təqvimimizdəki matəm günlərinin üstündən qara rəngi silir, önümüzdə yeni tarix açırdı. Bu 44 gündə itkilərimiz də az olmadı, ancaq təsəllimiz onda idi ki, igidlərimiz haqq yolunda candan keçir, şəhid olurlar, qarşı tərəf isə işğal aləti kimi məhv olur.
Erməni baş nazir hər gün telefondan asılıb havadarlarından yardım dilənsə də, imdadına yetişən olmadı. Tarixdə ilk dəfə idi ki, ermənilər bizimlə təkbətək, üz-üzə qalmışdılar və bu döyüşdə hər şeylərini döyüş meydanında atıb qaçmaqdan başqa əllərindən bir şey gəlmirdi. Ermənilər etiraf edirlər ki, Azərbaycan əsgəri güllə yarası alsa da, yenidən ayağa qalxır, düşmənin üstünə yürüyürdü.
Onlar Azərbaycan əsgərinin cəsarətinin, qəhrəmanlığının mənbəyini anlaya bilmirdilər. Anlaya bilmirdilər ki, biz haqq uğrunda, vətən uğrunda vuruşuruq və bu yolda ölsək də, qalsaq da qalibik. Onlarda şəhidlik deyilən bir anlayış yoxdur və bizi onlardan üstün edən ən birinci amil də elə budur. Məhz bu amilin nəticəsi idi ki, 8-10 nəfərlik bir bölüyümüz 100 erməninin qoruduğu mövqeləri gözüyumulu aldı. Məhz bu şəhidlik ruhunun verdiyi cəsarət idi ki, 400 igidimiz Şuşaya girib bıçaqla, yüngül silahla minlərlə ermənini pərən-pərən saldı. Müharibədən sonra müsahibə verən neçə qazimizin "Mən şəhid ola bilmədim" deyə göz yaşı tökdüyünün şahidi olduq. Əsl silah, əsl güc məhz bu əqidə, bu düşüncədir.
Fransadan gəlmiş könüllü bir erməni Azərbaycan əsgərinin qəhrəmanlığını belə ifadə edir: "Onların gəlişi ölüm mələyinin gəlişi kimi idi. 3-4 nəfərlə gəlib, səngərdəki silahlı 20-30 erməni əsgərini öldürür, gəldikləri kimi də yoxa çıxırdılar. Biz onları gecələri ova çıxmış ac canavara bənzədirdik".
***
8 noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdilər. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generallar əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşada Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etdilər. Rusiya mətbuatı Şuşanın alınması haqqında belə yazırdı: "Azərbaycan Ordusu dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə, qan-tər içində qalxırdı. Nə yaralını, nə də şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar".
Fransanın "Le Monde" nəşri Şuşa uğrunda döyüşlərdə erməni qüvvələrinin darmadağın olduğunu yazırdı. Ukraynalı hərbi ekspert Aleksey Arestoviç isə vurğulayırdı ki, "Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, çətin hava şəraitində dağları yararaq qaytardı. PUA-sız, tanksız, artilleriyasız şəhəri aldılar".
Ermənistanın sabiq prezidenti Robert Koçaryan Azərbaycan Ordusunun həyata keçirdiyi Şuşanın azadedilmə əməliyyatından şok keçirdiyini etiraf etdi. O, erməni mətbuatına müsahibəsində bunun necə baş verdiyini hələ də anlamadığını deyir: "Hələ də başa düsə bilmirik ki, Azərbaycan Ordusu Şuşanı topsuz-tüfəngsiz necə ələ keçirdi? Onların Şuşaya daxil olmaları möcüzə kimidir. Nə biz, nə də hərbi ekspertlərimiz bunun necə baş verdiyini hələ də anlaya bilmirlər".
Şuşa uğrunda mübarizədə seçilən taktika dünya hərb tarixinə yazılası bir hadisədir. Hətta, NATO generalları da etiraf edirlər ki, Şuşa əməliyyatı hərb tarixində tamamilə yeni bir dövrdür.
***
Bəli, 2020-ci il bizim ilimiz oldu. Milyonlarla insanımızın dualarının həqiqətə çevrildiyi, həsrətlərin sona çatdığı, qisas, zəfər ili oldu. Hər biri əsrdən uca, hər anı qızıldan qiymətli 44 gün yazıldı tariximizə. Bu 44 gün sonunda əldə edilən zəfər 150 ilin intiqamı idi. Qazandığımız bu parlaq zəfər 2783 igidimizin canı bahasına əldə edildi. 1200-dən çox yaralımız, 100-dən çox itkinimiz oldu o 44 gündə. Düşmən tərəfin itkisi isə qat-qat artıq idi. Araşdırmalar göstərir ki, bizim əsgərlərimizin çoxu snayper, mina və minamyot yarasından şəhid oldu, yəni, düşmən bizə üz-üzə döyüşdə deyil, uzaqdan gizlənərək, məkrli yollarla zərər verdi.
***
Uca kitabımız Qurani-Kərimdə buyurulur ki, Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. Uca kitabımızın onlarla ayəsində şəhidlik və axirət həyatından bəhs edilir. Axirət həyatına inanmaq insanın kimliyini müəyyən edən ən mühüm amillərdən biridir. Təbii ki, inananla inanmayan bir olmaz. Şəhidlik axirət sevdasıdır. Haqq yolunda can əmanətini sevə-sevə təslim etməkdir.
Şəhidlik mövzusunda ən gözəl ədəbi nümunələrdən birini qələmə alan istiqlal şairi Mehmet Akif Ərsoy "Çanaqqala şəhidləri" şeirində deyir ki, şəhidlər tarix yazırlar, amma özləri yazdıqları tarixdən də böyük olduqları üçün hansısa tarixə sığmırlar, əbədiyyət aləminin sakinləri olurlar. Şeir möhtəşəm bir sonluqla tamamlanır:
"Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış duruyor Peyğəmbər".
Yəni, şəhidin dünyada heç bir şeyə ehtiyacı olmaz, onun üçün məzarının olub-olmaması da mühüm deyil, çünki şəhidi Peyğəmbər (s.ə.s.) bağrına basır, yeri Allahın (c.c.) mərhəməti içərisində, Allah Rəsulunun dizinin dibindədir. Bundan böyük mükafat olarmı?!
Bu tarixi zəfərdən söhbət açanda Birinci Qarabağ müharibəsinin qəhrəmanlarını yad etməmək haqsızlıq olar. Əliyarın, Fred Asifin, Allahverdi Bağırovun, Mübariz Qasımovun, 2016-cı ilin aprel şəhidlərinin şəxsində o igidlərimizin hamısına Allahdan rəhmət diləyirik. Bu gün Azərbaycana bu qüruru, bu şərəfi yaşadan əsgər və zabitlərimizin çoxu onlardan təsirlənib, onlardan öyrəniblər. Təkbaşına bir erməni hərbi hissəsini dağıdan Mübariz İbrahimov, əsgərini övladı kimi sevən, adı gələndə düşmənin canına vəlvələ düşən generalımız Polad Həşimov bu zəfərin qazanılmasında böyük pay sahibləridir. Hamısını sevə-sevə, rəhmətlə yad edirik.
***
Qazanılmış qələbəyə nə qədər sevinsən də, o gül üzlü şəhidlərə baxanda adamın içində sanki tonqal yanır. Bu ağrını, bu yanğını bir evə, bir elə buraxmaq olmaz, kimsə təkbaşına bu yanğını, bu ağrını çəkə bilməz. Bir xalqın, bir ulusun yanğısıdır bu yanğı. Ona görə də, paylaşmalı, bir-birimizə ortaq olmalıyıq. Ağrı paylaşılanda səngiyir, ağrını paylaşanlar xalq olurlar. Hamısını bağrımıza basırıq, hamısını dilimizin duasına yazırıq, tariximizin ən uca yerlərinə adlarını, şəkillərini həkk edirik o igidlərimizin, o şəhidlərimizin...
Allahım, onları mərhəmətinlə bürü, Sevimli Həbibinə (s.ə.s.) qonşu elə! Amin!