Vəzir Orucov 1956-cı ilin 26 dekabrında Tərtər rayonunun Xoruzlu kəndində doğulub. Onun dünyaya gəlməsindən cəmi 7 il əvvəl atası və digər yaxınları erməni zülmündən əziyyət çəkmişdilər. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu. 1974-cü ildə məktəbi bitirdikdən sonra Bakı Yüngül Sənaye Texnikumuna qəbul olunur. Bir il sonra hərbi xidmətə çağırılır və 1977-ci ildə ordudan tərxis olunduqdan sonra texnikumda təhsilini davam etdirir.
1984-cü ildə Vəzir Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə işləməyə gedir. Elə həmin şəhərdə də ailə qurur və bir oğlu dünyaya gəlir. Ailəsi ilə birgə 10 ilə yaxın Rusiyada yaşayır. 1992-ci ilin fevral ayında Ermənistan ordusu Xocalıda soyqırım törədir. Onlarla azərbaycanlı, qadın, uşaq, qoca, hətta körpələr belə qətlə yetirilir.
Bu hadisə dünyanın dörd bir tərəfində bütün azərbaycanlıları sarsıdır. Vəzir Orucov da həmin hadisədən təsirlənir. Və Rusiyada gənc ailəsi ilə birgə yaşamasına baxmayaraq, döyüşlərə qatılmaq və qətliam törədən düşmənlə vuruşmaq üçün Azərbaycana qayıdır. Ölkəyə qayıdan Vəzir Orucov qısa müddət sonra müharibəyə qatılmaq üçün icazə alır. Döyüşə başladığı ilk gün 4 erməni hərbçisini öldürür, birini isə əsir götürür.
Qarabağda göstərdiyi şücaətlərə görə, bir müddət sonra kəşfiyyat qrupu ona həvalə olunur. Erməni hərbi birləşmələrinə qarşı bir çox əməliyyatlarda iştirak edir və düşmənin çox sayda canlı qüvvəsini məhv edir.
1992-ci ilin 29 iyununda səhər saat 4-5 radələrində Levonarx - Həsənqaya əməliyyatı başlayır. Vəzir Orucov kəşfiyyat qrupu ilə birgə xüsusi tapşırığı yerinə yetirmək üçün hərəkətə keçir. Həmin döyüşdə 87 düşmən əsgəri məhv edilir və əməliyyat uğurla başa çatdırılır. Ümumilikdə isə 1 aya yaxın davam edən döyüşlər, iyul ayının 4-dən 5-nə keçən gecə Ağdərənin azad edilməsi ilə başa çatır.
Ancaq, düşmənin hücumları davam edir. Vəzir Orucov və döyüş yoldaşları hər gün yeni əməliyyat planı cızaraq, düşmənə qarşı hərəkətə keçir. Onun döyüş yoldaşları deyirlər ki, biz hücum edəndə çalışırdıq ki, düşmənə səngərin arxa tərəfindən hücum edək. Çünki, qarşı-qarşıya vuruşanda onlar qaçıb mövqələrdən uzaqlaşırdılar. Vəzir planı elə hazırlayırdı ki, itkilər ya heç olmurdu, ya da az olurdu.
Vəzir döyüşlərdən birində ayağından yaralanır. Vəzirin qardaşı Dadaş Orucov həmin günləri belə xatırlayır:
"Vəzir dedi ki, məni döyüş yoldaşlarımla eyni xəstəxanaya göndərmə. İstəmirəm, mənim döyüşçülərim ağrı çəkdiyimi görsünlər. Ancaq yavaş-yavaş sağalmağa başlayırdı, hələ ayağa qalxmamışdı. Elə həmin vaxtlarda dedilər ki, balaca qardaşınız Əlyar da yaralanıb". Vəzir bunu eşidəndə ilk dəfə ayağa qalxır. Hospitaldan çıxır və evinə qayıdır. Müalicəsinə ailəsinin yanında davam edir. Bu vaxtlarda Vəzirin yoxluğundan istifadə edən erməni hərbçiləri Ağdərəyə hücum edərək, oranı işğal edir. Bunu eşidən Vəzir hələ tam sağalmamış yenidən batalyona qayıdır və döyüşlərə başlayır.
Erməni ordusu Vəzir və döyüş yoldaşlarının olduğu bölgələrdə uğur əldə edə bilmirdilər. Ondan artıq qorxuya düşmüşdülər. Hətta, zərərsizləşdirilən bir erməni snayperinin cibindən Vəzirin fotosu çıxmışdı.
Vəzir öz döyüş yoldaşları arasında cəsarətli, mərd, istənilən çətin vəziyyətdə döyüş yoldaşlarının yanında olan və o qədər də sadə biri kimi tanınırdı. Döyüş yoldaşlarının sözlərinə görə, ona heç kəs komandir deyə müraciət etmirdi. Hətta, ən yeni hərbçilər belə ona "komandir" deyə müraciət edəndə "Mənim adım Vəzirdir" deyə cavab verirdi.
Qarabağda Vəzirlə tanış olan rusiyalı jurnalist Aleksandr Nevzorov onunla bağlı bir xatirəsini danışır:
"Heç kəs inciməsin, ancaq, indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi. Görkəminə görə seçilməyən çalsaçlı, sadə adam idi. Mən Sərsəng su anbarı dərəsində ikən orada hərbçilərin təşvişini müşahidə edirdim. Ön cəbhədən çıxarılan avtobusa minməyə çalışırdılar. Mən UAZ-a əyləşən bir nəfər gördüm. Onu işə salmağa başladı və bu UAZ hər kəsin qaçdığı yerə doğru istiqamət götürdü. O yer cəhənnəm kimi idi, 500 insan cəsədi sərilmişdi. Həmin yerdə partlayışlar olur, güclü yanğınlar baş verirdi. Ermənilər ora hücuma keçmişdi. Mən gördüm ki, bu insan ora getməyə hazırlaşır. Mən ona dedim ki, ağlını itirmisən? Hara gedirsən? Cavab verdi ki, orada yaralılar var. Çətin idi... Bir yerdə getdik əlbəttə ki. Orada ermənilər tərəfindən tutulan Pskov desantçıları vardı. Bizi güllələməyə hazırlaşırdılar. Pskov desantçıları məni tanıdılar və dedilər gəl bizim tərəfə keç. Mən dedim ki, heç bir problem yoxdur. Onlar dedilər ki, bu azərbaycanlı ilə nə edəcəyik? Mən dedim ki, necə yəni nə edəcəyik, buraxın getsin. Onlar mənimlə razılşadılar və zəncirvari şəkildə Vəziri bir-birinə ötürdülər və dedilər ki, indi bu azərbaycanlı qaçacaq, amma siz ona atəş açmayın. Vəzir, vurulan UAZ-a yaxınlaşdı. Uzun müddət nəsə axtardı və avtomatını çıxardı. Çevrilib mənim əlimi sıxdı və qaçmadı, sadəcə yeridi. Elə gedirdi ki, Şekspirin heç bir qəhrəmanı elə yeriyə bilməzdi. O kürəyini çevirib, gedirdi və göstərirdi ki, bax budur, hədəfəm, amma mən qaçmayacağam. Oradakı hərbçilər havaya atəş açmağa başladılar, ancaq Vəzir addımlarını sürətləndirmədi".
Vəzirin sonuncu döyüşü Ağdərə rayonunun "Qlobus" yüksəkliyi uğrunda olur. 22 mart 1993-cü ildə başlayan həmin döyüşdə Vəzir mövqeyini dəyişdiyi vaxtda erməni snayperi tərəfindən vurularaq şəhid edilir. Vəzir Orucov Bakıda Şəhidlər Xiyabanında dəfn edildi.
Ruslan Yusibov