Laçın rayonu Azərbaycanın ən gözəl təbiətə malik, ən maraqlı və strateji bölgələrindən biridir. Rayonun 1 şəhər mərkəzi, 125 kəndi var. Dağlıq bölgədir. Ən hündür nöqtəsi 3594 metr hündürlüyündəki Qızılboğaz dağıdır. Həkəri çayı və onun qolları orada yerləşir. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstündür. Rayonun torpaq sahəsi 166 min 488 hektardır. Ondan 75 min 781 hektarı kənd təsərrüfatına yararlıdır, 12 min 102 hektarı isə əkin yeridir.
Laçın rayonu uğrunda 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24 min 374 nəfər uşaqdan 18 nəfəri şəhid olub. 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynini itirib. İşğalla əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib. 6 Milli Qəhrəmanı var. Budəfəki yazımızda da həmin silsilədən Oqtay Güləliyev haqqında danışacağıq.
Oqtay Güləli oğlu Güləliyev 10 noyabr 1962-ci ildə Laçının Xaçınyalı kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə yollanıb. 1984- cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul olunur və təhsilini orada davam etdirir. Sonrakı vaxtlarda Laçın polisində işləməyə başlayır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hücumlarının artdığı həmin dövrlərdə Oqtay Güləliyev polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak etməyə başlayır. Döyüş yoldaşları ilə birgə bir çox kəndlərin erməni işğalından azad edilməsində xüsusi rolu olur. Oqtaygilin ən yaddaqalan əməliyyatlarından biri "Daşaltı əməliyyatı" zamanı baş verir. Həmin əməliyyat 1992-ci il yanvarın 25-də axşam saatlarında başlayır, yanvarın 26-da başa çatır. Daşaltı kəndinin erməni hərbi qüvvələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev rəhbərlik edir. Bu əməliyyatda yeni qurulmuş Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirlər.
Əvvəldən təyin edilmiş taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək şəhid edilir. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verir. Həmçinin, çox sayda hərbçilərimiz mühasirəyə düşür. Həmin vaxt Oqtay Güləliyev bölüyü ilə birgə bölgəyə gedir. Düşmənin mühasirəyə saldığı 80 hərbçimizin xilas edilməsi üçün əməliyyat başlayır. Düşmənin müqaviməti qırılır və həmin hərbçilər təhlükəsiz zonaya çıxarılır.
Oqtay Güləliyevin iştirak etdiyi başqa bir uğurlu əməliyyat isə Laçın dəhlizinin geri alınması üçün həyata keçirilən əməliyyatdır. Dəhlizi düşməndən geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatır. Laçın dəhlizi və nəticədə, Gorus-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə keçir. Lakin ermənilər üçün xüsusi strateji əhəmiyyətə malik dəhliz yenidən düşmən tərəfindən ələ keçirilir. Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşür. Və Oqtay Güləliyev 11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş zamanı şəhid olur.
Məlumat üçün deyək ki, Laçın dəhlizi 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən qondarma "respublika" ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir. Rəsmi olaraq Azərbaycan Respublikasının Laçın rayonunun bir hissəsidir. İkinci Qarabağ müharibəsindən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq 1 dekabr 2020-ci il tarixdən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarətinə keçir, işğaldan azad olunur. Laçın dəhlizi isə 26 avqust 2022-ci il tarixdə öz sahiblərinə, Azərbaycan tərəfinə təhvil verilir. Həmin bölgədə Oqtay Güləliyev kimi bir çox vətənpərvər şəhidlik zirvəsinə ucaldı.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Güləliyev Oqtay Güləli oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Bakıda Şəhidlər Xiyabanında dəfn olundu. Laçın şəhərində və Piçənis kəndində adına məktəb var.