Magistrlik dissertasiyamın müdafiəsində münsiflər heyətindəki müəllimlərdən biri mənə belə bir sual vermişdi: "Nazim, sən bu elmi işi, araşdırmanı başqa hansı formada yaza bilərdin?" Bu sualı həmişə yadımda saxladım və heç vaxt da unutmadım. Bu gün də soruşan olsa ki, Həzrət Şuaybın (ə.s.) Mədyən xalqına söylədiyi: "Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm" (Hud, 11/88) sözünü günümüzdə kimin dili ilə, başqa hansı liderin, ya da hansı tarixi şəxsiyyətin sözləri ilə deyə bilərsən? Deyərdim ki, bu sözləri eyni həqiqətləri lokal çərçivədə Saakaşvilinin sözləri ilə də səsləndirmək olar. Bir jurnalist ona, "Ölkədə rüşvətxorluğun, korrupsiyanın kökünü necə kəsə bildiniz?" deyə soruşanda o, "Mən özüm almadım", cavabını verdi. Yəni, sözüm və özüm, sözüm və əməlim bir oldu. İnsanlara dediklərimə əvvəla özüm əməl etdim, özüm yaşadım. Budur, Həzrət Şuayb (ə.s.) da əsrlər əvvəl insanlara dediklərini əvvəla özü həyatında tətbiq edir, sözü və əməli arasında ziddiyyət yaşamırdı.
Həzrət Şuaybın (ə.s.) peyğəmbər olaraq göndərildiyi Mədyən diyarı Yəməndən Suriyaya, İraqdan Misirə qədər uzanan iki əsas ticarət yolunun kəsişməsində yerləşirdi. Belə mühüm bir amil o günlərdə Mədyən xalqını ticari baxımdan çox varlandırmışdı. Ancaq sahib olduqları bütün bu nemətlər onlarda Cənab Allaha (c.c.) şükür vəsiləsi deyil, əksinə Allahı (c.c.) inkar, zəifləri əzmək, zülm və təkəbbür vəsiləsi olmuşdu. Ölçü və tərəziləri saxta idi. Hər kəsin iki tərəzisi var idi. Mal alarkən ağır tərəzidən, mal satarkən yüngül tərəzidən istifadə edirdilər. Yolları kəsərək karvanlardan malları ucuz qiymətə alır, camaata isə baha qiymətə satırdılar. Ticarət mallarına xərac qoyur, ağır vergilər alırdılar. Bütün bu baş verənlərin fonunda Həzrət Şuayb (ə.s.) mədyənlilərə dürüst və ədalətli olmağı tövsiyə edir, bunu söyləyərkən də öz həyatını nümunə göstərirdi. Əslində, Həzrət Şuaybın (ə.s.) xalqa özünü nümunə göstərməsi, bir növ xalqa hesabat verməsi, sözün əsl mənasında, "Mən etmirəm, siz də etməyin", deməsi idi.
Qeyd edək ki, Həzrət Şuayb (ə.s.) ümmətinin zəif tərəflərini müalicə etmək, cəmiyyəti islah etmək üçün göndərilmişdi. Ancaq hər şeydən əvvəl o özü islah olmuşdu. Əks halda, islah olmamışların bu haqdaki fikir və tövsiyələri fayda verə bilməzdi. Çünki gözlər hər zaman, hər dövrdə nümunə axtarır. Bu mənada "İnsanlar gözləri ilə eşidirlər" desək, hər halda səhv etmərik. İnsanlara gözləri ilə eşitdirmək isə sözü və özü bir olmaqdan keçir. Əks halda, həm günümüzdə dünyanın bir çox yerində, həm də Həzrət Şuaybın (ə.s.) yaşadığı Mədyən şəhərində olduğu kimi cəmiyyətin düzəlməsi bir möcüzədən asılı olar. Halbuki Cənab Allah (c.c.) cəmiyyətlərin düzəlməsi üçün qayda və qanunlar qoyur, bunları peyğəmbərlərin dili ilə bizə çatdırır. Bu qayda-qanunlardan biri, bəlkə də, ən mühümü doğruluq, dürüstlük, sözü və özü bir olmaqdır.
Günümüzdə cəmiyyətlərin, idarə və qurumların, təhsil ocaqlarının, oradakı pedaqoq və müəllim heyətinin, ümumiyyətlə, cəmiyyətdəki hər bir insanın bu metoda, sözü və özü bir olmağa nə qədər çox ehtiyacı var. Yəni, "İnsanı düzəltsən, dünya da düzələr" zərb-məsəlinin canlı nümunəsini Həzrət Şuaybın (ə.s.) həyatında görürük. Həzrət Şuayb (ə.s.) dövrünün haqq dininin təmsilçisi, elçisi idi. Bir mənada o, İslam peyğəmbəri idi. Onun, "Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm" (Hud, 11/88) sözünü həqiqi mənada anlamağa çalışsaq, görərik ki, bu sözlər zamanın hər dövründəki, həyatın hər təbəqəsindəki idarəçilərə, rəhbərlərə, ümumiyyətlə bütün insanlara yol rəhbəri olacaq gücə sahibdir.
Quran ayələrində Həzrət Şuaybın (ə.s.) bu sözlərini dəstəkləyən başqa ayələr də var. Müsəlmanların söz və davranışlarının bir-birinə uyğun olmasından bəhs edən digər ayə belədir: "Ey iman gətirənlər! Etməyəcəyiniz şeyləri nə üçün deyirsiniz?" (Saff, 61/2). İslam alimləri bu ayəni şərh edərkən qeyd edirlər ki, burada mənanı: "Etmirsinizsə, o zaman deməyin" şəklində anlamaq əskikdir. Burada nəzərdə tutulan məna belədir: "Madam ki, deyirsiniz, o zaman dediklərinizə elə birinci özünüz əməl edin".
Çünki insanlara təsir etməkdə birinci amil də məhz budur. Söylədiyimiz, dediyimiz sözlərin qarşıdakı şəxslərdə təsir meydana gətirməsi, onların bu sözləri qəbul etməsi söylədiyimiz şeylərə bizim əməl etməyimizdən asılıdır. İnsanlara yaxşı işlər görmələrini əmr etdiyimiz halda, buna əks olaraq özümüzü unutmaq, özümüzü bu yaxşı işlərdən kənarda görmək, insanların vicdanlarında təkcə bu çağırışı səsləndirənlərə qarşı deyil, dəvət edilən yaxşı işlərə qarşı da şübhə oyandıracaq təhlükəli bir haldır.
Ancaq söz və əməlimizin, danışıq və həyat tərzimizin bir-birinə uyğun gəlməsini təmin etmək elə də sadə bir iş deyil. Bunun üçün Cənab Allaha (c.c.) yaxın olmalı, söz və əməlimizin bir olması üçün Ondan (c.c.) kömək istəməliyik.
Həyatda hər birimizə verilən müəllimlik, valideynlik və s. kimi müxtəlif rollar var. Biz bu rolları icra edərkən Həzrət Şuayb (ə.s.) kimi: "Sizə dediklərimə əvvəla özüm əməl edirəm", "Sizə söz deyərkən özümü də nəzərdə tuturam", "Sözlərim öz həyatıma və davranışlarıma müxalif deyil" deyə bilirikmi? Yoxsa, misal üçün əldə, damaqda siqaretlə övladlarımıza, tələbələrimizə və ya şagirdlərimizə siqaretin zərərlərindən danışırıq?
Haşiyə çıxaraq burada bir məqamı da bildirmək istəyirəm. Bir neçə il əvvəl iqtisadçı bir alimdən jurnal üçün müsahibə almışdıq. Orada səsləndirilən bəzi fikirləri bu günlərdə Həzrət Şuaybla (ə.s.) bağlı bu yazını hazırlayarkən yenidən xatırladım. Həmin müsahibədə iqtisadçı alim belə deyirdi: "Dünyadakı mövcud iqtisadi problemlər resurslar məhdud olduğu üçün deyil, ədalətli bölüşdürülmədiyi üçün baş verir". Resursların, əldə edilmiş gəlirlərin ədalətli bölüşdürülməsi Həzrət Şuayb (ə.s.) kimi sözü və özü bir olan insanların varlığından keçir. Əslində, təhsilin əsas məqsəd və mahiyyəti də sözü və özü bir olan insan yetişdirmək deyilmi?