Mahmud Adəmoğlu 
 

Bu gün də işdən yorğun-arğın gəldiyiniz günlərdən biridir. Ancaq qapını açar-açmaz sizi təbəssüm dolu bir çöhrə qarşılayır. Çantanızı əlinizdən alıb həmişəki yerinə aparır, mətbəxə keçərkən də "Əl-üzünü yu, çayını gətirirəm", - deyir. Kresloda yerinizi rahatlayan kimi bir fincan xoş ətirli çay qarşınızda hazır olur. Siz isə bir tərəfdən kanallara göz gəzdirir, bir tərəfdən də çayınızı qurtumlayırsınız. Tamından da bilirsiniz ki, çayda sizin xoşladığınız qızılgül ləçəyi var. Təşəkkür edin, "Çox sağ ol" deyin və əmin olun ki, sizin dəyər verməyiniz qarşı tərəfin bütün yorğunluğunu aparacaq.

Tez-tez belə bir suala rast gəlirik: "Ata övladına təşəkkür etməlidirmi?" Heç tərəddüd etmədən deyirik: "Etsə, daha yaxşı olar". Kiçiyin böyüyə təşəkkür etməsi ədəb, böyüyün kiçiyə təşəkkür etməsi təvazökarlıqdır. Valideynindən təşəkkür alan övlad ona dəyər verildiyini bilir, özünü daha ciddi, daha məsuliyyətli aparır. Yaxşılığa təşəkkürlə cavab vermək insanı yaxşılığa təşviq edir.

"Sizə təşəkkür edirəm" deyiminin qarşı tərəfi necə duyğulandırdığını, duyğulandırdığı qədər də onu necə ruhlandırdığını sözlə ifadə etmək mümkün deyil. Təsəvvür edin ki, qapısını döydüyünüz məmur səhərdən bəri o qədər yorğundur ki, yerindən qalxmağa, yanındakı rəfdən qovluğu götürməyə belə çətinlik çəkir. Üstəlik, kimə görəsə keçirdiyi stress, kimdənsə eşitdiyi acı söz ovqatına soğan doğrayıb. Amma bütün bunlara baxmayaraq, o məmur sizin işinizi həll edir, məsələn, gətirdiyiniz sənədə qol çəkib nömrə qoyur. Bütün bunlardan sonra sizin ona ürəkdən "Təşəkkür edirəm" deməyiniz, inanın ki, onun bütün yorğunluğunu çıxaracaq, stresini aparacaq.

Bəzən bir təbəssüm də təşəkkür ifadə edir. Bir xoş baxışda, bir səmimi mimikada da təşəkkür çalarları tapmaq mümkündür. Təşəkkürü candərdi, başdansovdu ifadə etmək isə elə təşəkkürün özünü hörmətdən salmaq deməkdir.

İnsana təşəkkür mənası daşıyan bir xeyli deyimlərimiz var. Bəzən bir "Sağ ol!", bəzən bir "Var ol!" deyərək qarşı tərəfə öz təşəkkürümüzü, səmimiyyətimizi bildiririk. Amma bütün bunlarla yanaşı, başqa bir ifadə də var ki, həm də ən şirin, ən səmimi dua yerinə keçir: "Allah razı olsun!" İnsanın ən böyük qazancı elə Allahın (c.c.) rizası, yəni rəğbəti, razılığıdır. Sən də qarşı tərəfə məhz o şərəfi, o səadəti arzulayırsan, həm də dua şəklində. Bizə görə insana təşəkkürün ən uca məqamı bu deyimlə ifadə olunur. Çünki Allah bir kəsdən razı olsa, o adam artıq hər şeyi qazanmış olur. Yerdə qalan hər şey onun üçün çox kiçik, çox adi gəlir.

İnsanlara təşəkkür edərkən əsl təşəkkür edilməli olanı unutmamalıyıq. Üstəlik, təşəkkür etməli o qədər nemətlərimiz var ki, saymaqla qurtarmaz: Acanda doyunca yeyə bilmək özü də bir nemətdir; ürəyin istəyəndə durub gəzə bilmək özü də bir nemətdir; hər səhər əl-qolunu yelləyə-yelləyə işə gedə bilmək özü də bir nemətdir... Amma bu qədər nemətin fərqinə vara bilmirsənsə, onda sən nemətin və nəhayət, səadətin nə olduğunu bilmirsən.

Ən kiçik, ən adi yaxşılığa belə təşəkkürlə cavab vermək həm o işin bərəkətini artırır, həm də o insanı həmişə yaxşı olmağa sövq edir. Unutmaq olmaz ki, bir insana Allahın (c.c.) verdiyi nemətlərin getdikcə artması həm də o insanın əlində-ovcunda olan nemətlərə şükür etməsindən asılıdır. Bu barədə Qurani-Kərimdə belə buyurulmaqdadır: "Əgər şükür etsəniz, Mən nemətlərimi daha da artıraram" (İbrahim, 14/7). Allah (c.c.) şükür edənlərə nemətlərini artırdığı üçün gərək insanlar da səmimi təşəkkür edənlərə rəğbətlərini, mərhəmətlərini çoxaldalar. Verilmiş nemətin qədrini bilməyənə nankor deyərlər.

Allaha şükür etməyin ən qısa və ən səmimi ifadəsi "Əlhəmdulillah", yəni, "Ey məni yaradan, yaşadan və hər cür nemətlər verən Allahım, Sənə Sənin layiq olduğun qədər həmd olsun!" deməkdir, insana təşəkkürün ən yüksək məqamı isə "Allah razı olsun!" deyə dua etməkdir. Çünki bəndənin bu dünyada ən böyük qazancı Allahın (c.c.) rizasına qovuşmaqdır. Amma istəsəniz, "Təşəkkür edirəm" də deyə bilərsiniz, çünki bu mənanı anlayan adam hər iki sözdən eyni mənanı çıxaracaq, arı qonduğu bütün çiçəklərdən bal çəkdiyi kimi.

Allaha şükür, insana (və ya insanlara) təşəkkür edən bir insanın gözü-könlü tox olar. Bu cür insan reallığı qəbul edər, həyatından məmnun olar. Təşəkkür etməyi bacaran insan lazım gələndə üzr istəməyi də bacarar. Təşəkkür etməyən insan isə heç üzr istəməyi də bacarmaz. Allaha şükür etmək hər kəsin insanlıq borcudur. Həm də insan dili və qəlbi ilə şükür etməyi özünə vəzifə bilməlidir. Allaha şükür etməklə bəndəyə təşəkkür etmək arasında bir əlaqə var. İnsanı bütün varlığı, mahiyyəti, duyğusu və düşüncəsi ilə yaxşı tanıyan Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) belə buyurmuşdur: "İnsanlara təşəkkür etməyi bilməyən Allaha şükür etməyi də bilməz."

Bəli, Allaha şükür etmək insan üçün çox vacib, çox mühüm ibadətdir. Çünki bizi O yoxdan var edib; bizə həyat verib; bütün digər yaratdıqlarından daha üstün imkanlar bəxş edib. Ağac da canlıdır, ancaq o bir yerdən başqa yerə hərəkət edə bilməz. Heyvan da canlıdır, ancaq bizə verilmiş ağıl kimi bir nemətdən məhrumdur. Müsəlman olduğumuz, sağlam, rahat yaşadığımız üçün də nə qədər şükür etsək, yenə azdır.

İnsanın vəzifəsi, Peyğəmbərimizin də bir hədisi-şərifində buyurduğu kimi, müsibət baxımından özündən daha pis vəziyyətdə olanlara baxmaq və şükür etməkdir. Rahatlıq və varlılıq baxımından da şükür edə bilmək üçün özündən daha çətin vəziyyətdə yaşayanlara baxmaq və sahib olduğu nemətlərin qiymətini bilməkdir. İnsan nemətin qədrini bildikcə Allah da onun bərəkətini artırar.

Peyğəmbərimiz (s.ə.s.) buyurur: "Sağlamlıq, varlılıq və nüfuz kimi nemətlər məqamında sizdən daha yaxşı vəziyyətdə olanlara deyil, daha pis vəziyyətdə olanlara baxın ki, Allahın sizə vermiş olduğu nemətləri kiçik və adi görməyəsiniz."

Naşükürlük mənəvi xəstəlikdir, çünki naşükürlük paxıllığın, xəbisliyin anasıdır, Allahın (c.c.) verdiklərinə etirazın ən bariz nümunəsidir. Şükür etmək isə mənəvi rahatlıqdır, Allahın (c.c.) verdiyinə razılıqdır.

Şükrün çöhrədəki ifadəsi təbəssümdür, xoş ifadədir, qarşı tərəfə şəfqət dolu baxışdır, "Mən sizi sevgiyə, dostluğa, səmimiyyətə, əmin-amanlığa dəvət edirəm" deməkdir. Şükür etmək zənginlikdir, naşükür olmaq yoxsulluqdur. Şükür etmək ətrafına pozitiv enerji paylamaq, rast gəldiyi insana, ağaca, suya... nə isə xoş bir şey bağışlamaqdır, dünyadan aldığın mənfi yükləri müsbət enerjiyə çevirib dünyaya qaytarmaqdır, naşükür olmaq isə hər şeyi çətinləşdirməkdir, ağırlaşdırmaqdır, fəlakətin, zülmün qapısını açmaqdır. Sükür etmək gül əkmək, naşükür olmaq isə tikan əkməkdir.

Çöhrənizdən təbəssüm, könlünüzdən şükür, dilinizdən təşəkkür əskik olmasın! Həmişə gül əkənlərdən olun!