Yusif Zayıdov 
 

İstanbulun daha bir tarixi və turizm məkanı... Günün istənilən vaxtında insanların ən gur hərəkət etdiyi ünvan... İstər ölkə əhalisinin, istərsə də turistlərin ən çox maraq göstərdiyi yer: Eminönü və Sirkəci rayonu... Eminönü və Sirkəci rayonu həm də İstanbul nəqliyyatının ən mühüm şəbəkələrindən biridir. İstanbul, Haliç, Kadir Has kimi böyük universitetlər də bu əraziyə yaxın yerləşdiyi üçün tələbələrin kompakt yaşadığı bir ərazi kimi də tanınır. Ancaq burada addımbaşı gəzəcəyiniz və görəcəyiniz tarixi abidələr də az deyil. Elə Eminönü Meydanının özü də istanbulluların və turistlərin tez-tez ziyarət etdikləri bir meydandır.

Misir Bazarı

Məşhur Misir Bazarının (və ya orijinal adı ilə Misir Çarşısının) həm öz əsrarəngiz görünüşü, həm də burada satılan ədviyyatların füsunkar qoxusu insana xüsusi zövq verir. İstanbulun ən qədim bazarlarından biri olan Misir Bazarı Eminönü rayonunda Yeni Məscidin arxasında yerləşir. Misir Bazarı İstanbulun ən böyük bazarı olan Qapalı Bazardan (və ya orijinal adı ilə Kapalı Çarşıdan) sonra ikinci ən böyük bazardır. Bazar 1660-cı ildə Sultan IV Mehmet tərəfindən tikilib. İstanbuldan əvvəl ədviyyat yolunun son dayanacağı Misir olduğu üçün bazarın adı da Misir Bazarı adını alıb. 6 qapısı olan bazarda ədviyyat dükanlarından tutmuş suvenir dükanlarına qədər çoxlu dükanlar var. Ancaq keçmişdə olduğu kimi bu gün də bazarın ən məşhur dükanları dərman bitkiləri, gül toxumları və müxtəlif ədviyyatlar satan dükanlardır. Tarixində iki böyük yanğına şahidlik edən Misir Bazarı 1943-cü ildə aparılan bərpa işləri nəticəsində indiki şəklini alıb. Bundan əlavə, tarixi Pandeli Restoranı da burada yerləşir. Ləzzətli yeməkləri ilə məşhur olan bu qədim restoran Eminönünün girişində, bazarın ikinci mərtəbəsində yerləşir. Eminönündə, həmçinin, kənarda baha ala biləcəyiniz şeyləri ucuz ala bilcəyiniz satış mərkəzləri və bazarlar da var.

Yeni Məscid

Türkiyənin heç bir yerini məscidsiz təsəvvür etmək mümkün deyil. Bu ərazi də onun kimi. Ərazinin ən məşhur və tarixi məscidi isə Yeni Məsciddir. Bu məscidə həm də Validə Sultan Məscidi deyilir. İnşası bir il davam etsə də, tamamlanması illərlə davam edən bu məscid Eminönündə dəniz mənzərəsi ilə birləşərək möhtəşəm bir gözəllik yaradır. Yeni Məscidin ilk təməli 1597-ci ildə qoyulub. III Mehmedin anası Safiyə Sultanın əmri ilə təməli qoyulan məscidin memarı Memar Sinanın tələbələrindən (həm də o dövrün baş memarı) Memar Davud Ağadır. Yeni Məscidin maraqlı bir hekayəsi də var. Belə ki, Memar Davud Ağa vəba xəstəliyindən dünyasını dəyişəndən sonra bu möhtəşəm məscidin tikintisini baş memar Dalğıç Əhməd Ağa davam etdirir. Sonra III Mehmed vəfat edir və ənənəyə uyğun olaraq anası Safiyə Sultan köhnə saraya qayıdır. Ona görə də, məscidin tikintisi dayanır və tikinti 63 il yarımçıq qalır. Zaman keçir, sultan dəyişir və IV Mehmed taxta çıxır. 1660-cı ildə baş verən böyük yanğında Yeni Məscidə də ziyan dəyir. O zaman IV Mehmedin anası Xədicə Turhan Sultan məscidi tamamlamağı qərara alır. Artıq bu dəfə məscidin memarı baş memar Mustafa Ağa olur və məscid 1665-ci ildə istifadəyə verilir. Bu gün isə Yeni Məscid yerli və xarici turistlərin ən çox ziyarət etdikləri yerlərdən biridir. Məscid indi də öz funksionallığını və aktuallığını qoruyub saxlayır. Bu məsciddən başqa bölgədə Odabaşı, Qələndərxana, Zeynəb Sultan, Hidayət Məscidi və başqa məscidlər də yerləşir. Ərazidə, həmçinin, çoxsaylı hamamlar və külliyələr də var.

Cəfər Baba Qalası

Eminönünün daha bir gəzməli yeri də Cəfər Baba Qalasıdır. Qala haqqında çoxlu hekayələr var. Bəziləri üçün zindan olan bu qala İstanbul Ticarət Palatası ilə Qalata arasında Haliç sahilində yerləşir. Rəvayətə görə Hz. Peyğəmbərin nəslindən olan Cəfər Baba adlı bir şəxsin adı ilə adlandırılıb. Abbasi xəlifəsi Harun ər-Rəşid tərəfindən Bizansa səfir göndərilən Cəfər Baba o dövrdə İstanbulda yunanlar və ərəblər arasında baş verən qarşıdurmada şəhid olan müsəlmanlarn cəsədlərinin küçələrdə qalmasını istəmir. Buna görə də o, dövrün imperatoru 1-ci Nikefora müraciət edir. Ancaq imperatorla sözləri düz gəlmədiyi üçün o sonradan onun adını daşıyacaq bu zindana atılır və elə bu zindanda da öldürülür. Cəfər Baba Qalası bir müddət həbsxana kimi istifadə olunur, daha sonra isə tarixi abidə kimi turistlərin ziyarətinə açılır.

Səbətçilər Sarayı

Səbətçilər Sarayı İstanbulun Fateh rayonunda yerləşir və Boğaza açılan möhtəşəm mənzərəsi ilə seçilir. Sarayburnu Səbətçilər Sarayı ll Murad dövründə tikilib. Onun da memarı baş memar Davud Ağa olub. Sarayın bir xüsusiyyəti də onun tikintisində istifadə edilən materialların müxtəlif rayonlardan gətirilməsidir. Səbətçilər Sarayı müxtəlif dövrlərdə müxtəlif məqsədlər üçün istifadə edilib. Respublika dövründə hərbi dərman anbarına, 1980-ci ildə isə Mətbuat və Yayım Baş İdarəsinin Beynəlxalq Mətbuat Mərkəzinə çevrilib. Bu gün isə saray Türk Yaşıl Aypara Cəmiyyəti tərəfindən istifadə olunur.

Tarixi Sirkəci Qatar Vağzalı

Türkiyənin tarixi Sirkəci Qatar Vağzalı da burada yerləşir. 11 fevral 1888-ci il tarixdə təməli qoyulan vağzalın tikintisi 1890-cı ildə tamamlanıb və açılışı da elə həmin ilin 3 noyabrında olub. Binanın yan fasadında vağzalın istifadəyə verildiyi tarix həm rumi, həm də miladi təqvimlə yazılıb. Vağzalın girişindəki saat qüllələrindəki saatlar isə Parisdən gətirilib. Saatlardan biri bu gün də işləməkdədir.

Gülhanə Parkı

Osmanlı dövründən qalan və keçmişdən bu günə kimi zənginliyini qoruyan Gülhanə Parkı Sarayburnu Parkı kimi də tanınır. Park 1912-ci ildən parka çevrilib və öz dövründə Topkapı Sarayının xüsusi bağlarından biri olub. Tarixdə bir çox hadisəyə şahidlik edən Gülhanə Parkı Tənzimat Fərmanının oxunduğu yer kimi də yaddaşlarda qalıb. Müəyyən dövrdə sultanlar tərəfindən baxımsız qalan bu park bir vaxtlar "Bitli Kağıthane" kimi də adlandırılıb. Atatürkün heykəli burada ilk dəfə 1926-cı ildə ucaldılıb. Bu parkla bağlı başqa yaddaqalan hadisə isə 24 noyabr 1928-ci il tarixdə Atatürkün latın hərflərini xalqa ilk dəfə bu parkda təqdim etməsi və ilk dərsini də elə bu parkda verməsidir.

Türkiyə İş Bankı Muzeyi

Türkiyə İş Bankı Muzeyi 2007- ci ildə açılıb. Onun yerləşdiyi bina 1890-cı ildə poçt binası kimi istifadəyə verilib. Sonra 2004-cü ilə qədər burada Türkiyə İş Bankının bir şöbəsi yerləşib. Hazırda muzeydə 10 zal var və hər zalda Türkiyənin iqtisadi inkişafını göstərən müxtəlif tarixi eksponatlar nümayiş etdirilir. Xatırladaq ki, haqqında danışdığımız bu yerlər Eminönü rayonunda yerləşən gəzməli yerlərdən ancaq bir neçəsidir. Ona görə də, biz də siz oxucularımıza həyatınızda ən azı bir dəfə bu tarixi yerlərdə olmağı arzu edir və necə deyərlər, "Gələrsən, görərsən" deyirik. Vəssalam... Növbəti dəfə sizinlə sağollaşdı Yusif Zayıdov.