Uşağa hörmət etmək əslində, onu bir fərd kimi qəbul etmək, qabiliyyətlərini göstərməsinə imkan vermək, hər hansı bir təhlükə yoxdursa, davranışlarına müdaxilə etməməkdir. Hətta o, bir səhvə yol verdikdə belə valideynlər onu mühakimə etməməli və ancaq bu şəkildə səhvlərini düzəltməlidirlər. Bu baxımdan, valideynlər öz uşaqlarına qarşı nə çox sərt, nə də çox yumşaq mövqe tutmalıdırlar. Əgər uşaq təhlükəli davranışlara yol verirsə, ya da təhlükəli vərdişlər nümayiş etdirirsə, valideynlər ancaq o vaxt bu uşağa müəyyən qadağalar tətbiq edə bilərlər. Əgər valideyn uşağına yuxarıda qoyulan çərçivədən kənar qadağa qoyursa, deməli bu, onun uşağına həddindən artıq müdaxilə etdiyini göstərir. Unutmayın ki, bu, gələcəkdə o uşağın həm valideyninə, həm də başqalarına hörmətsizlik və itaətsizlik göstərməsi üçün zəmin hazırlamaq deməkdir. Digər tərəfdən, valideynlərin burada unutduqları başqa bir məsələ isə uşaqların hörmət etmək üçün hörmət görmək ehtiyacı hiss etmələridir. Çox vaxt bu həssas məsələni dərk edə bilməyən valideynlər bu davranışları ilə uşaqlarına həm hörmətsizlik, həm də itaətsizlik etmək üçün nümunə olurlar. Bir sözlə, ata, ana və uşağın qarşılıqlı hörmət içərisində olması onların səmərəli ünsiyyət qurmasına da imkan verir. Digər tərəfdən, valideynlər daha "hörmətli" bir uşaq yetişdirmək istəyirlərsə, daha "hörmətli" davranışlar göstərməlidirlər. Bundan başqa, valideynlər öz uşaqlıq dövrləri ilə uşaqlarının uşaqlıq dövrlərinin fərqli olduğunu da unutmamalıdırlar.
Qadağa qoymaq, hətta cəza vermək uşaq tərbiyəsində tövsiyə edilən üsullar olsa da, əgər siz burada həddindən artıq ifrata varsanız, zaman keçdikcə uşağınız buna boyun əyməyəcək və hətta, yeri gəlsə, qarşı belə çıxacaq. Məsələn, qonaq gələndə ata-anasına qarşı hörmətsiz sözlərdən istifadə edəcək və bununla da qisas almaq kimi şüuraltı bir davranışa yol verəcək. Yetkinlik dövrünə yaxınlaşdıqca isə bu davranış daha amansız bir hal alacaq.
Uşağın hörmət davranışını öyrənməsində bu üç valideyn tipinin təsiri çox böyükdür. Bunlar bir qayda olaraq komandir, bitərəf və əsgər valideynlərdir. Belə ki, uşaqlarının davranışlarını idarə edən, bəyəndiyi davranışı görəndə mükafatlandıran, bəyənmədiyi davranışı görəndə cəzalandıran valideynlər komandir valideynlər adlanır. Belə valideynlər uşaqlarına hədə-qorxı gələ, hətta zorakılıq belə tətbiq edə bilərlər. Nəzarətin həmişə onlarda olmasını istəyən bu valideynlər uşaqlarını itaətə məcbur edir və bununla da onlara hörmət davranışını öyrətdiklərinə inanırlar. Əslində, onların ən böyük səhvləri də elə bundadır. Belə valideynlərin uşaqlarından bəziləri qorxaq və cəsarətsiz olduqları halda, bəziləri də qoçaq və cəsarətli olurlar. Təbii ki, dırnaq arasında...
İkinci qrup, yəni, bitərəf valideynlər isə uşaqlarına çox az sərhəd qoyur, ya da heç sərhəd qoymurlar. Nəticədə, bu valideynlər uşaqlarının həm özlərinə, həm də başqalarına hörmətsiz davranmalarına səbəb olurlar. Bu valideynlərin uşaqları real həyatda da necə davranmalı olduqlarını bilmirlər. Üstəlik, bu uşaqlar məsuliyyət qəbul etməkdə də çətinlik çəkirlər. Nəticədə, bu valideynlər bir qədər sonra səhv etdiklərini başa düşür və səhvlərini düzəltmək üçün uşaqlarına qadağa qoymağa başlayırlar. Ancaq hər istədiyini etməyə alışan uşaq təbii olaraq, valideyninə qarşı çıxır və nəticədə, valideyn bir müddət sonra uşağının tələbləri qarşısında təslim olmaq məcburiyyətində qalır.
Əsgər valideynlər isə hər kəsdən xidmət gözləyən uşaqlar yetişdirirlər. Belə ki, bu valideynlər yaşından asılı olaraq uşaqlarının görə biləcəyi bütün işləri (paltarlarını geyinmək, oyuncaqlarını yığışdırmaq və s. kimi) öz üzərlərinə götürür, uşaqları məktəbə başlayanda tapşırıqlarını yerinə yetirir, hətta su istəyəndə belə sularını ayaqlarına aparırlar. Nəticədə isə bu valideynlər son dərəcə "mənmərkəzçi" və ya "eqosentrik" bir uşaq yetişdirirlər. Belə uşaqlar məktəbdə müəllimlərini və sinif yoldaşlarını da öz işlərində istifadə etməyə çalışırlar. Bunun əksi ilə qarşılaşdıqda isə çox asanlıqla aqressivlik nümayiş etdirirlər.
Uşaqlarına əsl hörmət davranışını öyrədən valideynlər isə lider valideynlərdir. Belə valideynlər uşaqlarında xoşlarına gəlməyən bir davranış gördükdə onları anlamağa çalışır, onlarla bu barədə sakit və təmkinli bir üslubda danışırlar. Çünki bu valideynlər hörmətin bünövrəsində sevginin və anlayışın dayandığını bilirlər. Lider valideynlər uşaqlarına qadağa qoyanda belə alternativlər təklif edir və uşaqlarının öz seçimlərinin nəticələri ilə razılaşmalarına imkan verirlər. Məsələn, yüksək səslə musiqiyə qulaq asan uşağın otağına gələn ana uşağına birbaşa, "Musiqinin səsini azalt!" demir. "Ya qulaqlıq tax, ya səsini azalt, ya da bağla", - deyə təklif edir. Bu, həm də lider valideynlərin öz uşaqlarına inandıqlarını göstərir. Bir sözlə, belə valideynlər uşaqlarını dəyişdirməyə çalışmır, əksinə onlara səhvlərini düzəltməkdə kömək göstərirlər. Özlərinə qarşı inamları yüksək olan bu valideynlər uşaqlarının da özlərinə qarşı inamlarının yüksəlməsinə çalışırlar. Digər tərəfdən, uşaqlarındakı qabiliyyətləri görən bu valideynlər bu qabiliyyətləri daha da inkişaf etdirməyə çalışır, uşaqları uğursuzluğa məruz qaldıqda isə onları daha da həvəsləndirməyə cəhd göstərirlər. Bir sözlə, bütün hallarda belə valideynlər müsbət mövqe tutur və hadisələrin müsbət tərəflərini görməyə çalışırlar.
Bütün bu ata-ana tiplərində xarakterik xüsusiyətlər həlledici rol oynamasına baxmayaraq, valideynlər əgər istəsələr, özlərinə tənqidi mövqedən yanaşa və öz çatışmazlıqlarını özləri görə bilərlər. Bunun üçün isə onlar uşağa təsir etmək xəstəliyindən imtina etməli, avtoritetlərini təzyiq vasitəsinə çevirməməli, həmçinin, mübahisələrdən və münaqişələrdən qaçmalıdırlar.