Bütün dünyada 3 dekabr fiziki məhdudiyyəti olan şəxslərin günü kimi qeyd olunur. Bu günlə əlaqədar olaraq sizi bizim məhdudiyyət kimi gördüklərimizə nemət kimi baxan Mətanət Qüdsi ilə tanış etmək istədik. Ondan özünü təqdim etməsini istədikdə isə cavabı belə oldu: "Dünyanı yalnız sevginin xilas edəcəyini düşünən, hər kəsi sevgiyə səsləyən, hər sözündə, hər cümləsində ən mühüm işimizin sevmək olduğunu ifadə edən, əslində, enerji və enerjimizin yaratdığı möcüzələrə inanan, saçları qızılı qadın. Yaradılan hər şeyi sevən, hər kəsi sevgi üçün səfərbər etməyə çalışan, hətta deyərdim, ali məqsədi bu olan bir insan. Standart məlumatlara qalanda isə 1997-ci il 31 iyulda Şəmkir rayonunda anadan olmuşam. Amma bunlar özünü təqdim etmək üçün 3-cü, bəlkə də 4-cü yerdə gəlir".
- Ömrünün bir ili üçün (13-14 yaşlarında) özünə "Neqativ insan idim" deyən Mətanət Qüdsi, indi ani də olsa özlüyündə neqativlik hiss edirmi?
- Ömrümdən itirdiyim bir il, məktəb və ev arasında boşluq olan bir il var idi, yəqin, o ili nəzərdə tutursunuz. İndi dərk etdikdən sonra görürəm ki, o neqativlik cahil bir insanın düşüncəsi idi. Bəli, mümkün deyil ki, olmasın, nəticədə biz insanıq. Ağlamaq da, gülmək də, təəssüflənmək də insana xas olan xüsusiyyətlərdir. Əslində, insanı insan edən də elə bu xüsusiyyətlərdir. Biri var dünyəvi şeylər üçün cahilcəsinə heyifsilənmək, neqativliyə sürüklənmək, biri də var Yaradanın, Allahın sənə verdiyi ağrı-acı üçün hisslərə qapılaraq, məyus olmaq. Dərindən düşünəndə görürük ki, hər şeyin səbəbi var. Mümkün deyil ki, səbəbsiz bir qarşılaşma olsun. Bəzən küçədə, yolda, avtobusda 2-3 insanın bizə aid olmayan etdiyi söhbətlər belə bizə bir mesajdır. İnsan bunları dərk etdikcə dünyanı dərk edir. Çünki sən də dünyanın bir parçasısan.
- Sizin uğurunuzun sirri nədir və uğurunuz nə vaxtdan başladı?
- Baxır ki, insan nəyi uğur hesab edir. Hər kəsin uğur anlayışı, sevgi, kədər anlayışı fərqlidir. Mənim uğurum özünü tapmaqdır. Bilirsiniz, yaşadığını hiss etmək böyük uğurdur və nə üçün yaşadığının fərqində olmaqdır. Bizim qazandığımız digər şeylər ki, var uğura gedən yolda qazandıqlarımızdır. Sirri, səbəbi isə əslində düşüncədir, niyyətdir. Pozitiv düşünə bilərsən, amma sənin niyyətin saf, təmiz deyilsə, bu bir qədər çətin olur. Hətta, demək olar ki, mümkünsüzləşir. Uğurumu bəzən 5-6 yaşımda, bəzən 11-12 yaşımda tapıram. Əgər belə demək olarsa, uğurum özümü fərqli hiss etdiyim, ətrafa fərqli pəncərədən baxdığım andan başladı. Məsələn, istənilən sahədə, istənilən mövzuda, istənilən vəziyyətdə iki yol var. Mən həmişə o yolu ya tək getdim, ya da o yolda bir-iki insan var idi. Kiçik yaşlardan heç vaxt özümü kütlə içində görmədim. Elementar bir misal verim, məktəbdə sinifimizdə 21 uşaq var idi, mənim fikrim həmişə fərqli olurdu. Təbii ki, bu yaxşı olmaq və ya üstün olmaq mənasında deyildi. Ya onlarla razılaşmırdım, ya da fərqli bir fikir deyirdim. Ya onlar məni başa düşmürdü, ya da mən onları anlamırdım. Və bundan çox vaxt əziyyət çəkirdim. Çətin olurdu, çünki, bu dünya ilə ayaqlaşa bilmirdim. Düşünürdüm ki, dünyaya ya yüz, iki yüz il əvvəl gəlməli idim, ya da sonra. Deyirdim ki, yaş artdıqca özünü tapmaq yolu da yeni başlayır. Ancaq indi məni çətinliklər narahat etmir.
- Bir ara cavabını axtardığınız və psixoloqlara belə verdiyiniz "İnsanlar niyə yaranıb?", "Biz niyə yaşayırıq?", "Yer-göy, kainat niyə yaranıb?" suallarınıza cavab tapa bilmisinizmi?
- Bu sualı cavablandırmaq həm ağırdır, həm də asan. Var olmağa və ya yoxluğa doğru getdiyini düşünmək, əslində, insana faciəli hisslər yaşadır. İnsan bir anlıq öz daxilini sübut edir. Az əvvəl də sualımız var idi, özünüzü neqativ hiss edirsinizmi? Bax, o anlarda özümü neqativ hiss edirəm. Axı, sən cahillikdən çıxırsan. Dəyişiklik dövrü ağrılı bir proses olur. Buna təəssüf də eləmirəm. Bəli, mən o sualları hamıya verdim. Birinci şeirimdə kəpənəklər, ikinci şeirimdə buludla söhbətim oldu. Dediyim kimi insanlarda istədiyimi tapa bilmirdim və daxilimdə danışırdım. Əslində, o kəpənək də, o bulud da daxilimdən gələn səs idi. Yaradanın səsi idi, hansı ki, mənimlə danışırdı. Mən onlara sual verirdim, onlar mənə. Düşünürəm ki, hələ də axtarışdayam. İnsanın həyatı axtarışdır. Elə bir insan ola bilməz ki, hər şeyi kəşf eləsin. İnanıram ki, bu mümkün deyil. Yüz illər sonra da mümkün olmayacaq. Bu sual ətrafında danışmaq hər kəs üçün uyğun olmur. Qəbul etmək çətinləşir. İnsan birinci növbədə özünü tapmalıdır. Özünü tapandan sonra daha da sadələşir, daha da rahat olur.
- Heç bir fiziki məhdudiyyəti olmayan insanlar sizə yaxınlaşıb deyirlərmi ki, siz mənim üçün əsl nümunə oldunuz?
- Çox olur. Həddən artıq çox olur. İstər şəhərdə, istər sosial şəbəkələrdə həddən çox olur belə insanlar. Bir şeyi qeyd edim. Belə insanların o sözü deməsi çox xoş olur. Sevinirsən ki, sən hansısa bir insana motivasiya ola bilirsən. Hansısa insanı müsbətə kökləyə bilirsən, fikirlərindən bir balaca qığılcım yarada bilirsən. Bu gözəldir, xoşdur, üstəlik, o insanlar fərqində olmadan mənə özümü tapmaqda kömək edirlər. İnsanın cisminin, əzalarının heç bir mahiyyəti yoxdur. "Mən bunu etdim", "Mən bunu bacardım". Əslində, mən deyə bir şey yoxdur. Əsas məsələ ruhun, düşüncənin vacib olduğunu göstərməkdir. İnşallah ki, onlar da bunun fərqinə varırlar. Görürlər, bilirlər, anlayırlar. Amma bu da əsas deyil. Əsas özünü dərk etməkdir.
- Sizə görə insan özünü niyə və nə vaxt xoşbəxt hiss edə bilər? Və siz xoşbəxt insansınızmı? Hər danışığınızda, müsahibənizdə qarşı tərəfə müsbət enerji göndərirsiniz. Heç ümidsizliyə düşdüyünüz olurmu? Olursa, onu nə ilə özünüzdən uzaqlaşdırmağa çalışırsınız?
- Bilirsiniz, xoşbəxtlik an məsələsidir. Statusundan asılı olmayaraq hər bir insan xoşbəxtdir. Əgər insan yer üzündə ən ali varlıq statusu alıbsa, o xoşbəxtdir. Yaşamaq, düşüncə, seçim, yaratmaq qabiliyyəti heç bir canlıya yox, insana verilibsə, o artıq xoşbəxtdir. Mən də xoşbəxtəm. İnsan istədiklərinə çatanda xoşbəxt olur. Mən faydalı insan olduğumu düşünəndə çox xoşbəxt oluram. Allahın bizə bəxş etdiyi nemətləri (görə bildiklərimiz, toxuna bildiklərimiz, hiss edə bildiklərimiz, istifadə edə bildiklərimiz, bir sözlə hər şey) hiss etdiyim vaxt özümü çox xoşbəxt hiss edirəm. Ümidsizliyə düşdüyüm cahil vaxtlarım da olub. Son dövrlərdə isə ard-arda həyatımın eniş xəttini yaşadım. İndi o dövrdən çıxıram. Arınıram. Bunu ümidsizlik yox, yenə deyirəm, eniş adlandırıram. Çünki mən ilk nöqtədən çıxış yolunu tapmışam və mən ilahi eşqə doğru gedirəm. İnşallah, sonsuza kimi də gedəcəyəm. Mən həmin anda dərk edirdim ki, hər şey ip nazilib-nazilib üzülən yerindən başlayır. Təsəvvür edin ki, bir çaxnaşma baş verir, vulkan püskürməyə başlayanda içəridə hər şey sonlanır. Sonradan bunun zərərləri olur. Baxın göy guruldayır-guruldayır, sonra şimşək çaxır, yağış yağır və hər şey sakitləşir. Bunlar təbii proseslərdir. İnsan da kainatın bir parçasıdır və eyni proseslər bizdə də gedir. Biz də o bulud kimi doluruq, daşırıq, ancaq yağış anında hər şeyi yarıda qoyuruq. O anı qəbul etmirik. Amma bilmirik ki, gözəl nəticə bunun sonunda gəlir. O an qəbul olunanda ağrı-acı daha rahat keçir. Gəlin, bunu belə dəyərləndirək. Tutun ki, tort üçün biskvit bişiririk. Onun hər şeyini hazırlayıb sobaya qoyuruq, amma şişən anda çıxarırıq. Onda nə olur? Biz onun bişməsinə mane oluruq. Bizim bütün həyatımız belədir. Biz hər şeyi ağrılı-əzablı yollarla gətiririk, amma yarıda qoyuruq. Çünki yoruluruq, amma bilmirik o an gəlir.
- Düzdür, çox yerdə danışmısınız, ancaq istərdim ki, bir də bizim oxucularımıza dostunuz sarı kəpənəkdən danışasınız...
- Bəli, kəpənək - mənim ilahi səsim. İçimdən məni yaşamağa səsləyən kəpənək. Sınaqlarımın qaynar dövrlərində danışmaq, bölüşmək istəyirdim. Sizə bir sirr açım ki, mən danışmayanda stresə düşürəm. Danışmaq, yazmaq mənə bir növ güc verir, motivasiya verir. Yəni, həyatın sevgidən ibarət olması ilə bağlı yazdıqlarımı insanlarla paylaşmaq. Bütün yazdıqlarımın altında insanları sevgiyə səsləmək dayanır. Təbii ki, hər kəsin sevgi anlayışı fərqlidir. Amma mən yaradılışdan, həqiqi eşqdən, ilahi sevgidən danışıram. Belə deyim, mən orijinal sevgidən bəhs edirəm. O dövrdə kənddə evimizdə oturmuşdum, birdən özümü yaşıl çəmənliyin ortasında hiss etdim. Yenə deyinirəm, özümlə danışıram. Sarı kəpənək qonur ovucumun içinə. Mən ona problemlərimi danışıram, o mənə təsəlli verir. O vaxt o mənə dedi ki, sən xoşbəxt olacaqsan. İstər-istəməz içimdə belə bir sual səsləndi ki, axı məni bu xoşbəxtliyə kəpənək səsləyib. Heç kimin olmadığı vaxtlarda o burada olub. Ona görə də, mən vəfasızlıq edə bilmərəm. Mən xoşbəxt olmalıyam və kəpənəyi tutub deməliyəm ki, mən xoşbəxt oldum. Sənin dediyin o gün gəlib çatdı. Elə oradaca söz verdim ki, yox, bu kəpənəyi yaşatmalıyam. Çox sual verirlər ki, kəpənək var idimi? Təbii ki, heç bir kəpənəkdən söhbət getmirdi. Nə oturduğum yer yaşıllıq idi, nə oturduğum stul yellənən stul idi. Nə də səsli dialoq var idi. Heç nə yox idi. Bütün bunlar mənim daxilimdə baş verən, mənim gözümə görünən, şüurlu şəkildə xəyalını qurduğum və daxilimdən gələn səs idi. İnsanın düşüncəsi haradadırsa, cismi, ruhu da oradadır.
- Bir az da yaradıcılığınızdan danışaq...
- Yaradıcılıqdan danışmaq... Əslində, elə insanın özü yaradıcılıqdır. Belə də ki, həyatda gördüyümüz hər iş yaradıcılıqdır. Mən ev işləri görməyi sevirəm və o gün mətbəxdə iş görəndə ağlıma bir fikir gəldi ki, qadınlar ən yaradıcı insanlardır. İncəsənətlə bağlı, yaradıcılıqla bağlı özümün yaradıcı düşüncələrim olub. İstəmişəm yazım, yaradım. Özü də maraqlısı odur ki, mən kənd adamıyam və bununla fəxr edirəm. Mən torpağa, suya, daşa, qayalığa, bataqlığa bələb adamam. Həmişə nəsə hazırlayanda çaya düşürdüm. Oradan müəyyən daşlar toplayırdım. Lazımsız tullantı əşyaları toplayırdım ki, onlardan yeni nə isə hazırlayım. Bu da mənə zövq verirdi. Bunlarla da yaradıcılığa başlamışam. Sonra toxuculuğa, rəssamlığa getdim. Bunlarla əl işlərinə başladım. Sonra düyü, sünbül kimi dənli bitkilərdən bayraq, gerb, butalar hazırladım. Ümumiyyətlə, 5 yaşımdan 5-ci sinifə kimi demişəm ki, rəssam olacağam. Çalışmışam ki, incəsənətin bütün sahələrində özümü sınayım. Hətta, müəyyən səhnələrdə tamaşalar da oynamışam. İnteraktiv Forum Teatrının, beynəlxalq layihənin iştirakçısı da olmuşam.
- Həyata keçirdiyiniz hansı layihələriniz var?
- Hazırda sıralayacaq çox layihələr var. Mənim həmişə ana mövzum əlillik olub. Sağlamlıq imkanları məhdud olan uşaqlar və onların valideynləri olub. Hər şey ailədən başlayır. Çünki ilk dəstək oradan gəlir. Çalışıram, ailələr övladlarına dəstək olsunlar ki, həmin uşaqlar da cəmiyyətin bir fərdi olduğunu hiss etsinlər. Bir çox sosial, yerli, beynəlxalq layihələrimiz olub. "Fiziki məhdudiyyətli gənclər arasında ardıcıl təlimlərin təşkili", iki dəfə beynəlxalq "Aikido əngəl tanımır", Nəsiminin 650 illiyi ilə bağlı "Əlilliyi olan gənclər arasında tədbirlərin təşkili", "Biz bacardıq", "Bacarmaq istəyirik", "Əngəlsiz düşüncə", "Əngəlsiz addımla" kimi layihələrlə gənclərin yanında olmağa çalışmışıq. Bunları çox da açıqlamaq tərəfdarı deyiləm, axı bu işlər xeyriyyə xarakterlidir. Biz həmin an sadəcə olaraq gözəl vaxt keçirmişik. Düşünürəm ki, onların bizə ehtiyacı yoxdur, amma biz bu işdən zövq almışıq.
- Həyata keçirmək istədiyiniz ən böyük arzunuz nədir?
- Bəlkə də real səslənməyəcək, amma heç vaxt ən böyük arzum olmayıb. Düşünürəm ki, nə yaxşı da olmayıb. Çox istəklərim olub, hədəfim, çatmaq istədiyim pillələr olub. Düşünürəm ki, ən böyük arzu deyə bir şey yoxdur. Sənin ehtiyacın olan şey elə sənin arzundur. Arzular arzu olaraq qalmamalıdır. Arzular hədəfə çevrilməlidir. Bunun xüsusi bir qaydası da yoxdur. Bir şeyi istəyəndə özünə sual ver ki, mən bunu niyə istəyirəm? Həqiqətən, mənim ehtiyacım olduğu üçün, sosial vəziyyətimi yaxşılaşdırmaq üçün, yoxsa kimlərdənsə fərqlənmək üçün? Mənim fikrim elədir ki, ikincisi olan halda məsələ çox çətinləşir. Bu mənim fikrimdir, razılaşmaya bilərlər. Hesab edirəm ki, sənin istədiyin şeyin heç kəsə ziyanı olmamalıdır. Hazırda mən istəyirəm ki, maşın alım. Amma bu sırf sosial ehtiyacımı qarşılamağım üçündür. İndi avtobusdan, taksidən istifadə edirəm və bu həm maddi, həm də fiziki baxımdan mənə əlverişli deyil. Amma heç vaxt kimləsə ayaqlaşmaq istəyim də olmayıb. O halda ki, insan özünü başqası ilə müqayisə edəcəksə, "Məndə filankəsdən daha yaxşısı olsun" deyəcəksə, eqosunu doyurmağa çalışacaqsa, uduzacaq. Əslində, uğurun da sirri budur. Mən heç düşünməzdim ki, haçansa, prezident mükafatına layiq görülərəm, qurduğum təşkilat dövlət lisenziyası alar. Halbuki, o təşkilat 8 il idi ki, fəaliyyət göstərirdi.
- Sizə verilməsini istədiyiniz, amma heç vaxt verilməyən sual olubmu?
- Düzü, bu sual məndə təbəssüm yaratdı. Nə yalan deyim, heç vaxt o sual hansıdır deyə düşünməmişəm. Bir müddət əvvələ qədər mən sevgidən danışanda təəssüf ki, bu cümlələri eşidirdim. "Sevgi yoxdur", "Sevgiyə inanmıram" və s. O sözləri eşidəndə fikirləşirdim ki, niyə mənə sual vermirlər ki, "Sənin sevgi anlayışın nədir?", "Sevgi deyəndə nəyi nəzərdə tutursan?", "Sevgi deyəndə insanları hara səsləyirsən?" Düşünürdüm ki, bu insanlar görəsən, sevginin nə olduğunu o qədərmi dərk etmirlər? Son dövrlərdə diqqətimi çəkən və mənə verilməsini istədiyim suallar insanların düşüncə və davranışlarına aid olan suallardır. İstəmirəm ki, şablon suallar verilsin.
- Yeniyetmələrə tövsiyələriniz...
- Bax, bu sual çox mühümdür. Mən çox şey danışa bilərəm, çox döngələrdən keçən biri kimi təcrübələrimi bölüşə bilərəm. Əgər yeniyetmə statusu daşıyırsınızsa, həyatla, iradə gücü ilə, ilahi eşqlə, həqiq eşqlə, Yaradana olan, Onun yaratdıqlarına olan sevgi ilə bağlı bir söz eşidirsinizsə, mütləq o ipin ucundan tutun. Axtarışda olun. Yeniyetmə və gənclərə həm tövsiyə edirəm, həm də rica edirəm ki, özünüzü axtarın, tapın. Bu həyatdakı qayənizi tapın. Çünki heç kəs bu dünyaya əbəs yerə, təsadüfən gəlməyib. Ümumiyyətlə, həyatda təsadüf deyə bir şey yoxdur. Burada mən ona görə rica etdim ki, bir insanın yaxşılığı ətrafın, cəmiyyətin yaxşılığıdır. Bütün insanlar bir-birinə bağlıdır. Bütün yaradılmışların cəmi Yaradana bərabərdir...
Aygün Zayıdova