İngilis Kraliçası Viktoriya: "Bu qeyri-adi uğurunuzu nə ilə izah edə bilərsiniz?" - deyə Helen Kellerdən soruşdu, - "Üstəlik, görmədiyinizə və eşitmədiyinizə baxmayaraq!.."
...Helen Keller həm gözləri görmədiyi, həm də qulaqları eşitmədiyi halda uşaq tərbiyəsi sahəsində cığır açmış və bu sahədə böyük əsərlər meydana gətirmişdi. Ancaq Keller kraliçaya verdiyi cavabda uğurunun mənbəyini başqa bir adla ifadə etdi: "Əgər Enn Sallivan olmasa idi, Helen Keller də olmazdı". Əslində, Enn Sallivan özünü Helen Kellerin təhsilinə həsr edən adi bir müəllimə idi. Halbuki Enn Sallivanın da həyatı Helen Kellerin həyatı qədər tanınmağa layiq idi...
Enn Sallivanın uşaqlığı iztirablarla keçmişdi. Kiçik yaşda yüksək hərarət keçirdiyi üçün demək olar ki, heç görmürdü. Üstəlik, bu, onda psixoloji problemlərə də səbəb olmuşdu. Hətta bir dəfə onu müalicə edən həkimlər Enn Sallivandan ümidlərini kəsmiş və dəlilik diaqnozu qoymuşdular. Və axırda Enn Sallivanı Boston şəhərinin kənarındakı bir dəlixananın zirzəmisində qıfıl altına saldılar. İndi yanına kim gəlirsə-gəlsin, onun gözlənilməz hücumlarından öz payını alırdı. Bəzən isə kiçik Enni ətrafındakı hər şeyi görməməzliyə vurur və saatlarla, bəlkə də, günlərlə öz içinə qapılırdı. Bir sözlə, hamı ondan ümidini kəsmişdi. Ancaq bir nəfərdən başqa...
Yaşlı bir tibb bacısı Enni üçün hələ də bir ümid olduğuna inanırdı. Bu "ümidsiz uşağa" sevgi göstərməyi özünə borc bilən tibb bacısı hər gün ona baş çəkməyə gəlirdi. Enni ilk vaxtlar tibb bacısını demək olar ki, heç cür qəbul etmir, ancaq yaşlı qadın Enniyə baş çəkməkdə davam edirdi. Üstəlik, hər dəfə gələndə ona cürbəcür şirniyyatlar gətirir, sevgi və şəfqət dolu sözlər söyləyirdi. Çünki yaşlı tibb bacısı kiçik Enninin ancaq sevgi və şəfqət görəcəyi halda yenidən özünə gələ biləcəyini düşünürdü.
Nəhayət, həkimlər kiçik qızda dəyişikliklər müşahidə etməyə başladılar. Əvvəllər ancaq nifrət və qəzəb gördükləri bu kiçik uşaqda indi sevginin və şəfqətin ortaya çıxdığını görməyə başladılar. Sonra da heç bir il keçməmiş "ümidsiz uşaq" Enn Sallivanı dəlixanadan buraxdılar.
Enn Sallivan sonrakı həyatında eynilə o tibb bacısı kimi başqalarına kömək etmək arzusu ilə yandı. Bəlkə də, elə buna görə Helen Kellerdəki gizli qabiliyyəti ilk dəfə görən o oldu. Enn Sallivan Helenin titrəyən bir şama bənzəyən həyatı dünyaya işıq saçan bir məşələ çevrilənə qədər onu sevdi. Təbii ki, Enn Sallivan təkcə onu sevmir, həm də həyata hazır olması üçün əlindən gələni edirdi. Bəli, Helen Kellerin Helen Keller olmasına səbəb Enn Sallivan idisə, Enn Sallivanın da Enn Sallivan olmasına səbəb o yaşlı tibb bacısı idi.
Əslində bu, ucu-bucağı olmayan bir zəncirdir və bu zəncirin ucunun nə qədər keçmişdə və ya nə qədər gələcəkdə olduğunu heç kim bilmir. Bəs siz necə bilirsinizmi?..