O, kino mədəniyyəti tariximizə "O olmasın, bu olsun", "Dəli Kür", "Qayınana" kimi möhtəşəm sənət nümunələri bəxş edib. Heç bir işi olmasaydı belə, təkcə "O olmasın, bu olsun" filmi Hüseyn Seyidzadə adını mədəniyyət tariximizə qızıl hərflərlə yazmağa kifayət edərdi. Kino tariximizin zirvəsi olan "O olmasın, bu olsun" qədər Azərbaycan reallığını, XX əsrin əvvəllərində Bakı həyatını əks etdirən ikinci bir əyani sənət nümunəsi tapmaq mümkün deyil. Bu filmdəki obrazların hər biri o dövrün siyasi, mədəni cərəyanlarından birini təmsil edir. Bu film o qədər dolu, o qədər zəngindir ki, hər baxanda yeni-yeni məqamlar, nüanslar kəşf edirsən. Bu filmdə səslənən deyimlərin bir çoxu xalq arasında zərb-məsəl kimi istifadə olunur. Doğrudur, Hüseyn Seyidzadəyə qədər dahi Üzeyir bəyin bu əsəri bir dəfə də lentə alınmışdı, ancaq o film bu qədər koloritli, dolğun alınmamışdı. H. Seyidzadə sanki Üzeyir bəyin bütün fikirlərini onun özündən alıb lentə köçürmüşdü. Bu film iki dahinin ortaq əsəri kimi dünyada bizi təmsil edən sənət incisidir. Filmdəki aktyor heyəti də son dərəcə ustalıqla seçilmiş, hər kəs öz rolunun öhdəsindən layiqincə gələ bilmişdir. Məşədi İbad rolunun ifaçısı, xalq artisti Əliağa Ağayev isə elə möhtəşəm bir obraz ortaya qoymuşdur ki, başqa heç bir rol oynamasa belə, təkcə Məşədi İbad adı ilə mədəniyyət tariximizə düşmək haqqı qazanmışdır.
Avropada, Amerikada da bu film çox sevildi və şöhrət tapdı. Hətta Hindistanın kino ulduzu Rac Kapur Bakıda səfərdə olarkən Gülnaz rolunun ifaçısını görür və tanıdığını bildirmək üçün həmin filmdən musiqini oxuya-oxuya ona yaxınlaşır.
H. Seyidzadə dünyaya göz açandan erməni xarakterini görüb tanımış, onların nə qədər xəbis xarakterli olduğunu bildiyi üçün bütün yaradıcılığında milli dəyərlərimizi ön planda tutmuş, sevə-sevə təbliğ etmişdir. Sovet dövründə türk-müsəlman dəyərlərini kino kimi populyar bir sənət növündə ön plana çəkmək ideologiyaya qarşı çıxmaq idi. Ona görə də, H. Seyidzadə kimi milli ruhlu bir sənətkar hər zaman təqiblər altında işləməli olurdu. Həmin illərdə Cahandar ağa obrazını səhnələşdirmək hər rejissorun işi deyildi. Seyidzadə bu işi böyük uğurla ortaya qoymuşdu. "Dəli Kür" dəfələrlə qayçılansa, doğransa da, yenə əzəmətli Azərbaycan kişisi obrazı bütün koloriti ilə ortadadır. Bəlkə də, bu film qədər doğranan ikinci bir film tapmaq mümkün deyil, təsəvvür edin ki, filmin sonluğu, Cahandar ağanın öldürülmə səhnəsi belə dəyişdirilmişdi. Təsəvvür edirsinizmi, sevə-sevə, bütün ağlını, zövqünü səfərbər edib ortaya qoyduğun sənət əsəri qayçılanır, dəyər verdiyin bütün məqamlar zibil yeşiyinə tullanır və yuxusuz gecələr uzunu düşünüb ərsəyə gətirdiyin əsər sənə mükafat deyil, tənqid, təhdid, qadağa gətirir. Buna dözmək o qədər də asan məsələ deyil. Ona film vermirdilər, bir neçə filmini yarımçıq halda əlindən alıb məhv etmişdilər, hər iclasda tənqid edir, xəyallarını gerçəkləşdirməyə imkan vermirdilər.
O, sovet repressiyasının qurbanlarından biridir. Repressiya təkcə o demək deyil ki, divara söykəyib güllələyirsən, həm də odur ki, sənətkarı dirigözlü əsir edirsən, arzularının, imkanlarının önünə sədd çəkirsən, sıxışdırırsan, uğuruna görə mükafat deyil, cəza verirsən. Kinorejissor Hüseyn Seyidzadə də bütün sənət həyatı boyu bu cür repressiya yaşadı. İndi də kino tariximizin bu möhtəşəm imzasının həyat hekayəsinə nəzər salaq.
Hüseyn Seyidzadə 1910-cu il oktyabrın 15-də İrəvanda doğulur. 1918-ci ildə Hüseynin ailəsi doğma yurdu tərk edərək, əvvəl Tiflisə, sonra isə Bakıya köçməli olur. Kiçik yaşda Hüseyn atasını itirir və onların ailəsini əmisi Mirqasım Seyidov saxlayır.
Bir müddət Bakıda fabrikdə fəhlə işləyən Hüseyn 1928-ci ildə Bakı İşçi Teatrında aktyor kimi fəaliyyətə başlayır. Elə həmin il teatr onu Leninqrada təhsilini davam etdirməyə göndərir və o, 1930-cu ildə Bakıya, kinostudiyaya qayıdır və bir ilə yaxın Bakı kinostudiyasında rejissor köməkçisi işləyir. 1931-ci ildə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almağa başlayır. "Lenfilm", "Mosfilm", Maksim Qorki adına kinostudiyada təcrübə keçir, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor işləyir. Sovet ekranının adlı-sanlı ustaları ilə çiyin-çiyinə çalışır.
1936-cı ildə institutu bitirib Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada "Bakılılar", "Bir ailə" bədii filmlərində dublyaj rejissoru, rejissor assistenti işləyir. Müstəqil rejissor kimi fəaliyyətə isə "Ayna" filmi ilə başlayır. Amma film naməlum səbəblərdən yarımçıq dayandırılır. 1956-cı ildə Hüseyn Seyidzadə Azərbaycan kino tarixində ilk rəngli bədii film olan "O olmasın, bu olsun"u çəkir. İlk təqdimatından sonra film böyük tənqidlərə tuş gəlir.
1960-cı illərdə şair Novruz Gəncəli Alla Axundova ilə Hüseyn Seyidzadənin birgə yazdığı "Var olun, qızlar" ssenarisinin ona məxsus olduğunu iddia edir. Uzun məhkəmə çəkişmələrindən sonra Alla Axundova Hüseyn Seyidzadənin iştirakı ilə ssenarinin müəllifi kimi təsdiq olunur. Ancaq filmi rejissor Eldar Quliyev çəkir.
Hüseyn Seyidzadənin 1969-cu ildə ekranlaşdırdığı "Dəli Kür" filminin taleyi də xeyli ağrılı olur. Moskvada Kino Komitəsinə təhvil verilərkən onu filmin finalını dəyişdirməyə məcbur edirlər. Əks halda film, ümumiyyətlə, ekranlara buraxılmayacaqdı. Nəticədə, Hüseyn Seyidzadə məcbur olub filmin axırını dəyişir. Filmin sonluğu əslində belə çəkilmişdi - Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür. Onu vururlar. Cahandar ağa yaralı halda özünü suya atır. Bununla da film qurtarır və sonda "Ana Kür" mahnısı oxunur. Lakin rəhbərlik göstəriş verir: necə olursa olsun, bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də, rejissor həmin səhnəni kəsərək dəyişir, sonda Allahyar Cahandarı öldürür. Film uzun zaman bu cür göstərildi. Lakin sonradan filmin ilkin nüsxəsi tamaşaçılara təqdim olundu.
"Qatır Məmməd" filmi ilə bağlı yaranan problem isə ona mənən böyük zərbə vurur. İlkin variantda "Gəncəbasarlı qisasçı" adlanan bu filmi çəkmək 25 oktyabr 1970-ci ildə Hüseyn Seyidzadəyə verilir. Ssenari isə moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoporta həvalə olunur. Hüseyn Seyidzadə ssenaridəki kəm-kəsiri aydın görür və iclasda öz fikirlərini açıqca deyir. Uzun mübahisələrdən, çəkişmələrdən, yazışmalardan sonra filmin çəkilişinə icazə verilir. Yeni ssenari müəllifləri cəlb olunur. Film başa çatmaq üzrə olanda kimlərinsə gizli oyunu nəticəsində 1974-cü ildə filmi Hüseyn Seyidzadədən alır, 4 illik əziyyətini heçə sayaraq, Rasim Ocaqova verirlər. Bir neçə rejissorun imtina etdiyi "Qatır Məmməd" filminə Rasim Ocaqov kinoda rejissor kimi ilk işi olaraq quruluş verir. Hüseyn Seyidzadə Qatır Məmməd roluna Əlabbas Qədirovu çəkmişdi, Rasim Ocaqov isə Şahmar Ələkbərovu çəkir. Xalq artisti Fuad Poladov bu filmin çəkilişi zamanı H. Seyidzadənin başına gələnlər haqda belə deyirdi:
"Seyidzadə "Qatır Məmməd" filmini öz ssenarisi əsasında çəkirdi. İlkin ssenarini Mixail Maklyarski və Kirill Rapoport adlı iki yəhudi yazmışdı. Seyidzadə də işi götürəndə şərt qoymuşdu ki, filmi mənə verirsinizsə, ssenariyə əlavələr etməyə də icazə verin. Maklyarski, Rapoport nə bilir, Qatır Məmməd kimdir?! Onun haqqında nə yaza bilərlər, axı?! Beləcə, filmin 80 %-i çəkilmişdi. Mingəçevirdə idik. Son kadrlar çəkilirdi. Birdən pul kəsildi. Bir həftə pul gözlədik, gəlmədi. Əvəzində filmin direktorunu Bakıya çağırıb dedilər ki, şələ-külənizi yığın, qayıdın. Seyidzadəyə də dedilər ki, bizə xəbər çatıb ki, sən ssenaridən kənara çıxırsan. O da bu barədə ilk gündən xəbərdarlıq etdiyini xatırlatdı. Təkid etdilər ki, qayıt, onların ssenarisini çək. Rejissor razılaşmadı. "Mən necə başlamışamsa, elə də bitirəcəyəm, ya da çəkmirəm", dedi. Və filmi onun əlindən aldılar. Hüseyn Seyidzadə belə möhkəm xarakterli insan idi. Hətta istəməyə-istəməyə çəkdiyi "Qayınana"da da nəsə etməyə çalışırdı, ancaq imkan vermirdilər. Onu hər tərəfdən sıxışdırırdılar. Çünki həddindən artıq ötkəm adam idi. Dili də var idi, dilçəyi də. Yaxşıya yaxşı deyirdi, pisə pis. O insan üçün ortaq məxrəc yox idi. Sözünü birbaş üzə deyirdi. Nə kinostudiyanın direktorundan qorxurdu, nə başqalarından. İstedadlı olduğu üçün və istedadına arxayın olduğu üçün belə xasiyyəti var idi".
1978-ci ildə Hüseyn Seyidzadə sonuncu filmi "Qayınana"nı çəkir. Baş rolunu Nəsibə xanım Zeynalovanın oynadığı bu film Azərbaycan kinosunun incilərindən biridir.
H. Seyidzadə rejissor kimi 43 il ərzində cəmi beş bədii film - "O olmasın, bu olsun", "Koroğlu", "Yenilməz batalyon", "Dəli Kür", "Qayınana", bir qısametrajlı bədii film - "Sovqat", iki sənədli film - "Əbədi Odlar diyarı" və "Doğma xalqımıza" ekranlaşdırıb. Hüseyn Seyidzadənin 1945-ci ildə çəkdiyi "Əbədi Odlar diyarı" tammetrajlı sənədli filmində doğma torpağın gözəllikləri, qədim abidələr tərənnüm edilib, tarixi şəxsiyyətlərin portretləri, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının rəşadəti və əmək qəhrəmanlığı öz əksini tapıb.
Hüseyn Seyidzadənin kino taleyində aldığı növbəti zərbə "Dərviş Parisi partladır" filmi ilə bağlı olur. Bu kinolent də bizə məlum olmayan səbəblərdən Hüseyn Seyidzadənin əlindən alınır. Bütün bu haqsızlıqlar, mənəvi zərbələr onu yormağa, sağlamlığını zədələməyə başlayır.
Onu haldan salan ürək ağrılarına baxmayaraq, yaşayıb-yaratmaq eşqi ilə hər gün kinostudiyaya gedib gəlir, işləməkdən yorulmur. Amma yenə də xoşagəlməz hadisələr, ünvanına deyilən haqsız iradlar, ədalətsizliklər hər addımda onu izləyir, işinə mane olur. Günlərin birində kinostudiyadakı iclasda yaranmış münaqişə vaxtı ona deyilən haqsız iradlara ürəyi dözmür və səhhəti pisləşir. Bir ay xəstəxanada yatır və 1979-cu il iyunun 2-də ürəyi partlayır.