Aygün Zayıdova 
 

Uğur təkcə vətənini öz vətənində təmsil etmək deyil. Uğur həm də vətənini ondan uzaqda, həm də adına zərrə qədər xələl gətirmədən təmsil etməkdir. Hətta bu uğur yolu birincidən daha çətindir. Çünki vətəndən uzaqda, sənin vətənini tanımayanlara həm öz sahəni, həm də öz vətənini (üstəlik, bütün tarixi və mədəniyyəti ilə) tanıtmağa çalışırsan. Və burada zərrə qədər də olsa, səhvə yol vermək haqqın yoxdur. Çünki ən adi səhv təəssüf ki, həm sənin, həm də vətəninin adına xələl gətirəcək...

Bu dəfə uğur hekayəsi səhifəmizin qəhrəmanı fizik-alim Anar Rüstəmovdur. Onun insanlıqla bağlı fərqli fikirləri var. O düşünür ki, bu dünyanın sonu gəlmədən insanlar bu dünyanın sonunu gətirəcək. Çünki durmadan yeni silahların kəşfi bunu bir növ labüd edir.

Anar Rüstəmov 1977-ci ildə Şamaxı rayonunda, ziyalı ailəsində anadan olub. O, kasıb bir ailənin övladı olub. Nə üçünsə bu cür elm adamları, adətən, kasıb ailələrdən çıxırlar. Bəlkə də, yaşadıqları həyatın çətinlikləri onları daha mübariz olmağa səsləyir və onlar da bunu daha sərfəli enerjiyə çevirirlər. Beləcə, o boşluğun yerini elmləri daha yaxından öyrənmək həvəsi doldurur. Onun özü də belə düşünür ki, kasıblıq olmasaydı, Anar Rüstəmovun stimulu olmazdı. Üstəlik, bu böyük stimulun qarşısını maddi problemlər belə kəsə bilməyib. Və bu gün onun böyük bir nüvə mərkəzində işləməsinin bir səbəbi də budur.

Anar Rüstəmov 1994-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə, nəzəri fizika kafedrasına daxil olur. 1998-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirir. Elə həmin il BDU-nun fizika fakültəsinə nəzəri və riyazi fizika ixtisası üzrə magistratura pilləsinə daxil olur və 2000-ci ildə magistratura pilləsini də fərqlənmə diplomu ilə bitirir.

Həyatda bəzi hadisələr (çox vaxt da gözlənilməz hadisələr) insan taleyinin istiqamətini dəyişir. Heç ummadığın bir vaxtda elə bir hadisə və ya elə bir insanla qarşılaşırsan ki, həyatında yeni bir səhifə açılır.

Uğur hekayəmizin qəhrəmanı da eyni taleyi yaşayır. O, universiteti bitirdikdən sonra Rusiyaya yollanır. Onun bu ölkəyə yolu azərbaycanlı alim Abdulla Muxtarovun sayəsində açılır. Abdulla Muxtarovla tanış olandan sonra Anar Rüstəmov zərrəciklər fizikası ilə maraqlanmağa başlayır. Və bu maraq onu Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna aparır. Hətta illər sonra fizik eşidir ki, sən demə, onun o instituta getməsi üçün alim Abdulla Muxtarovun xanımı məktub yazır. Hətta məktub o qədər səmimi yazılır ki, məktubda bu sözlərdən istifadə edilir: "Bizim uşaq sizə gəlir"...

Əmək fəaliyyətinə 2000-ci ildə başlayan Anar Rüstəmov Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Zərrəciklər Fizikası Laboratoriyasına elmi işçi kimi qəbul olur.

2002-ci ildə isə o, Almaniyanın Darmştadt şəhərində yerləşən Ağır İonların Elmi Tədqiqatları Mərkəzinə elmi işçi kimi dəvət edilir. Və dəvəti qəbul edən alim orada yerləşən HADES təcrübəsində işləməyə başlayır.

2003-cü ildə isə o, Almaniyanın Darmştadt Texniki Universitetinin doktorantura pilləsinə daxil olur. 2006-cı ildə Almaniyada təcrübi nüvə fizikası və proqramlaşdırma sahəsində müdafiə edir və atom və nüvə fizikası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alır. Qürurverici haldır ki, o, Almaniyada fizika üzrə ilk doktor adı alan həmyerlimizdir.

2006-2011-ci illərdə Anar Rüstəmov Almaniyanın Ağır İonların Elmi Tədqiqatları Mərkəzində işləyir. 2011-ci ildə isə Almaniyanın Höte adına Frankfurt Universitetində, Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) NA61/SHINE və ALICE təcrübələrində tədqiqatlarını davam etdirir. O, həmçinin, Frankfurt Universitetində Subatom Fizikası, Nüvə Fizikası, Statistik Fizika fənlərindən mühazirələr oxuyur və Almaniya, Polşa, Misir, İtaliya və Türkiyədən olan tələbələrin elmi işlərinə rəhbərlik edir.

Anar Rüstəmov informasiya texnologiyaları sahəsində də tədqiqatlar aparır və çoxlu sayda riyazi alqoritmlər və modullar yazır. Bu proqramlardan hazırda CERNdə, həmçinin, Almaniya, Rusiya və Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən nüvə mərkəzlərində geniş istifadə olunur.

ABŞ, İtaliya, Rusiya, Avstriya, Portuqaliya, Kipr, Fransa, Polşa, Çin, İsveçrə və s. ölkələrdə keçirilən beynəlxalq konfranslara 50-dən artıq dəvət alan alim bu konfranslarda nüvə fizikası üzrə plenar çıxışlar edir. Eyni zamanda onun Avropa və Amerikanın yüksək impakt faktorlu elmi jurnallarında 180-dən artıq elmi məqaləsi çapdan çıxır.

İndiyə qədər alimin məqalələrinə 2801 dəfə istinad edilmişdir. O, nüvə toqquşmalarından alınmış nəticələrin statistik analizini yerinə yetirmək üçün ehtimal nəzəriyyəsinə əsaslanan bir neçə üsul təklif etmişdir. Hazırda həmin üsuldan dünyanın bir çox universitet və institutlarında istifadə olunur.

Anar Rüstəmov indiyə qədər bir sıra ölkələrdə beynəlxalq konfranslarda iştirak etmiş, hətta bu beynəlxalq konfransların təşkilatçısı olmuşdur. Onun elmi əsərləri elmi ictimaiyyət üçün ən etibarlı mənbədir, tədqiqatlarının nəticələri isə dəfələrlə beynəlxalq elmi konfranslarda öz qiymətini almışdır.

O, işi ilə əlaqədar əvvəllər Azərbaycana gec-gec gəlirmiş. Amma 2014-cü ildə burada Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Adil Qəribovla tanış olur və o gündən alimlə onun rəhbərlik etdiyi mərkəzdə əməkdaşlığa başlayır. Bundan sonra həmyerlimizin vətənə yolu tez-tez düşməyə başlayır. Onun dediyinə görə əvvəllər Azərbaycana 4 ildə bir gəlirmişsə, bu görüşdən sonra 3 ayda bir gəlməyə başlayır.

2016-cı ildə nüvə fizikası sahəsində əldə etdiyi uğurları nəzərə alınaraq o, CERN-in Elmi Şurasında səsvermə yolu ilə ALİCE təcrübəsinin fizika qrupuna rəhbər təyin olunur.

2017-ci ilin yanvar ayında Almaniyanın Heydelberq Universiteti nüvə fizikası sahəsində əldə etdiyi uğurları və göstərdiyi nəticələri nəzərə alaraq, Anar Rüstəmova professor adını verir.

2017-ci ildə Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun illik elmi şurasında nüvə fizikası sahəsində əldə etdiyi nəticələr haqqında mühazirələr oxuyur. O, həmçinin, 2017-ci ildə eyni instıtutda Azərbaycanın səlahiyyətli nümayəndəsi təyin edilir.

2017-ci ildə Çində keçirilən Beynəlxalq Nüvə Fizikası Konfransının təşkilatçısı olan Anar Rüstəmovun təşəbbüsü ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Milli Nüvə Tədqiqatları Mərkəzi CERN-in ALİCE və NA 61/ SHİNE təcrübəsinin tamhüquqlu üzvü seçilir.

2019-cu ildə Nüvə Toqquşmaları üzrə dünyanın ən böyük konfransı olan Quark Matter beynəlxalq konfransında plenar çıxış edir.

Yeri gəlmişkən deyək ki, CERN 12 min alimin işlədiyi bir mərkəzdir və burada bir azərbaycanlının olması həqiqətən qürurverici haldır. Nəzərə alsaq ki, Anar Rüstəmov orada həm də fizika qrupunun rəhbəridir, bu, dünyada yaşayan hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

CERN-də onkoloji xəstələrin müayinəsi aparılır, müxtəlif zərrəciklərinin şüaları ilə şüalandırılır və onların sağalmasına köməklik göstərilir. Bundan başqa, bu mərkəzdə hər gün işlətdiyimiz mobil telefonların toxunma panelləri (orijinal adı ilə "touch pad"ləri) ilk dəfə həmyerlimizin işlədiyi bu mərkəzdə kəşf olunaraq patentləşdirilmişdir. Eyni zamanda, hər gün dəfələrlə informasiya axtarmaq üçün xidmətindən istifadə etdiyimiz "www" protokolu da burada kəşf olunmuşdur.

Anar Rüstəmov CERN-də fizika qrupuna rəhbərlik edən və Almaniyada nüvə fizikası üzrə müdafiə edən ilk azərbaycanlıdır. 2018-ci ilin yanvar ayında isə o, BDU-da müdafiə edərək, Atom və Nüvə Fizikası üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

İndi isə mövzumuzu Anar Rüstəmovun bir fikri ilə yekunlaşdıraq. Alim müsahibələrindən birində vurğulayır ki, bütün aləmlərin yaradıcısı Allah fövqəltəbii qüvvədir: "Nə isə bir qüvvə, fövqəltəbii bir qüvvə var ki, hər şeyi O yaradır. Zərrəciyin kütləsini bir az dəyiş, hər şey dağılacaq, su və ya başqa şeylər olmayacaq. Demək, burada nə isə fövqəltəbii bir qüvvə var. Və o fövqəltəbii qüvvə mənim üçün Allahdır".

Maraqlıdır ki, həqiqi elmlə yaxından maraqlanan insanların Allahla fərqli bir bağlılığı olur. Onlar Allahı bizim kimi sadə insanlardan daha fərqli dərk edirlər.

Vəssalam! Daha bir uğur hekayəsinin sonuna çatdıq. Qismətsə, daha sonrakı uğur hekayələrində görüşmək niyyəti ilə...