B2, B6, B9, həmçinin kalsium, maqnezium, dəmir, sink... Yəqin ki, bu adları siz də eşitmisiniz? Ancaq immunitet sisteminizin ən böyük silahı olan və sağlamlığınızın keşiyində duran bu vitamin və mineralları kifayət qədər tanıyırıqmı? Elə isə orqanizmimizin 7 enerji mənbəyinə nəzər salaq...
B2 vitamini:
B2 vitamini (onu başqa cür "riboflavin" kimi də adlandırırlar) hər şeydən əvvəl böyük enerji mənbəyidir. Bundan başqa, qanda eritrositlərin meydana gəlməsində də bu vitamin böyük rol oynayır. B2 vitamini dərinin, xüsusilə də gözlərin sağlamlığı üçün də çox vacibdir. Ancaq antibiotiklər bu vitaminin ən böyük düşmənidir. Sakitləşdirici dərmanlar da orqanizmdə B2 vitamininin azalmasına səbəb olur. Bəs bu vitamin daha çox hansı ərzaqlarda olur? Burada təbii ki, ilk növbədə ət, toyuq, balıq, süd, turp, ispanaq, yumurta və qarğıdalının adını çəkmək olar.
B6 vitamini:
B6 vitamini (onun bir adı da "piridoksin"dir) immunitet sisteminin ən yaxın köməkçisidir. Bu vitamin orqanizmin proteinləri və yağları "həzm etməsinə" də kömək edir. Məlumdur ki, qandakı hemoqlobinlər də B6 vitamini hesabına meydana gəlir. Bu vitaminin ən vacib funksiyalarından biri də depressiyaya qarşı müqaviməti artıran serotonin hormonunun meydana gəlməsində rol oynamasıdır. Qan təzyiqini aşağı salan dərmanlar B6 vitamini üçün çox təhlükəlidir. Toyuq, yumurta, böyrək, qara ciyər, düyü, soya, fındıq, fıstıq və s. tərkibində ən çox B6 vitamini olan ərzaqlar arasındadır.
B9 vitamini:
Hüceyrələrin formalaşmasında B9 vitamininin (onu həmçinin "folasin" və ya "fol turşusu" kimi də tanıyırlar) rolu böyükdür. Bundan başqa, B9 vitamini sağlamlığımız üçün də çox vacibdir. Belə ki, orqanizmdə B9 vitamininin azalması xərçəng və anemiya ehtimalını artırır, həmçinin uşaqların şikəst doğulmasına səbəb olur. Ona görə də, hamilə qadınlar bu məsələdə xüsusilə diqqətli olmalıdırlar. Xolesterolu aşağı salan, həmçinin hamiləliyin qarşısını alan həblər orqanizmdə B9 vitamininin azalmasına səbəb olur. Eyni şeyi aspirindən həddindən artıq istifadə edənlər üçün də demək olar. B9 vitamini daha çox qara ciyər, yumurta, keşniş, ispanaq, qreypfrut və portağalda olur.
Kalsium:
Kalsium orqanizmin ən vacib köməkçilərindən biri, bəlkə də ən birincisidir. Çünki sümüklərin və dişlərin möhkəm olması birbaşa orqanizmdəki kalsium səviyyəsindən asılıdır. Kalsiumun qanın laxtalanmasında da rolu böyükdür. Qalın bağırsaq xərçənginə qarşı ən güclü silahdır. Hamiləlik dövründə, həmçinin əmzikli qadınlarda kalsium azalır. Kafeinli içkilər də orqanizmdəki kalsium səviyyəsinin azalmasına səbəb olur. Ona görə də, bu dövrlərdə xüsusilə diqqətli olmaq lazımdır. Süd və süd məhsulları, balıq və balıq məhsulları, həmçinin qarğıdalı və kələm də kalsiumla zəngindir.
Maqnezium:
Maqnezium da sağlamlığımız üçün çox vacib olan minerallardan biridir. Belə ki, proteinlərin qana qarışması, həmçinin əzələlərin normal fəaliyyəti də (bu siyahıya sinirlərin normal fəaliyyətini də daxil etmək olar) birbaşa maqnezium mineralı ilə bağlıdır. Yaş, həmçinin pəhriz maqneziumun əsas düşmənləridir. Buna görə də, maqnezium çatışmazlığı bir çox problemlərin əsasının qoyulması deməkdir. Bu problemlərin ən başlıcası stress və ya depressiya problemidir. Digər tərəfdən, maqnezium çatışmazlığı iştahanın azalması, əzələlərin zəifləməsi, həmçinin gözlərin qaralması kimi problemlərlə də müşayiət olunur.
Dəmir:
Qanda hemoqlobinlərin meydana gəlməsində əsas amillərdən biri də dəmirdir. Menstruasiya və hamiləlik dövrlərində orqanizmdə dəmir səviyyəsi azalır. Eyni zamanda pəhriz saxlayan və ət yeməyən adamlarda da dəmir səviyyəsi az olur. Dəmir çatışmazlığı orqanizmdə anemiyaya gətirib çıxarır. Dəmirlə zəngin ərzaqlar ilk növbədə ət, balıq, paxla, lobya, yumurta və tərəvəzdir. Ancaq yüksək dozada dəmir qəbul etmək ürək döyüntülərinin artmasına səbəb olur. Kiçik uşaqlarda isə müxtəlif simptomlara, hətta ölümə də səbəb olur. Buna görə də, dəmirin dozasına diqqət yetirmək çox vacibdir.
Sink:
Sink immunitet sisteminin normal fəaliyyəti üçün çox vacib minerallardan biridir. Ona görə də, sink çatışmazlığı orqanizmin infeksiyalara qarşı müqavimətinin azalmasına səbəb olur, digər tərəfdən, dad və iybilmə orqanlarının zəifləməsinə gətirib çıxarır. Xüsusilə də, şəkər və böyrək xəstələrində sink çatışmazlığı özünü daha çox büruzə verir. Ət, toyuq, yumurta, balıq, lobya, noxud, həmçinin fındıq, fısdıq sinklə zəngin olan məhsullardandır. Yüksək dozada sink qəbul etmək saçların tökülməsinə, dırnaqların sınmasına, əzələlərin yorulmasına, sinir sisteminin pozulmasına və s. gətirib çıxarır.