İlyas Mustafa 
 

Kimi dindirsən gileylənir, insandan, zamandan, təmənnalı tanışlardan, üzü dönük dostlardan. Hər kəs istəyər ki, sadiq, səmimi dostları olsun, amma hər kəs də bilməlidir ki, özünə sadiq dost istəyən gərək özü də sadiq olmağı bacarsın. Həqiqi dost, həqiqətən də, böyük nemətdir, həyatının ən çətin anında məlhəm kimi yetişir və içindəki dərdi, qəmi yaz günəşi kimi əridib yoxa çıxarır. Gözəl bir söz də var: "Gözəl dost əttar kimidir, dükanına gedərsən, dükanındakı xoş ətir sənə də hopar və sən də razı qalarsan. Pis dost isə dabbaq kimidir, dükanına gedərsən, dükanındakı dərilərin ağır qoxusu üstünə çökər, sənin də, yanındakıların da ürəyini bulandırar".

Dost məsələsinə barmaqarası baxmayın. O, həyatımızın axarını dəyişən bir amildir. Yalqızlıq ancaq Allaha (c.c.) məxsusdur, heç bir insan özünü cəmiyyətdən təcrid edə, təkbaşına yaşaya bilməz. Hər kəsin mütləq az-çox sosial münasibətləri var. Adi şəraitdə hər kəslə xoş davranmağa çalışsaq da, bəzi şəxsləri özümüzə başqalarından daha yaxın hiss etmək qaçılmazdır. Hər insanın xarakteri fərqlidir. Dost seçərkən özümüzə daha yaxın hesab etdiklərimizi üstün tutarıq. Əslində, dostluq tamamən bir ruh uyğunluğudur. Yeni tanış olduğumuz insanlar arasında bu yaxınlığı hiss etdiyimiz insanlara qanımız daha çox qaynayır. Hələ onu tamamilə tanımasaq da, bilmədiyimiz bir qüvvə sanki onunla bizim aramızda bir bağ hörür, bizi bir-birimizə bağlayır. Əgər inanmırsınızsa, hazırda özünüzə ən yaxın bildiyiniz dostunuzla tanış olduğunuz ilk günləri xatırlayın, əminəm ki, dediklərimi təsdiq edəcəksiniz. Dostluq, əslində, ortaq dəyərlər ətrafında birləşməkdir. Bir zalımla bir fədakarın dostluğunu heç cür təsəvvür etmək mümkün deyil.

İş yoldaşı, sinif yoldaşı, əsgərlik yoldaşı... Hamımızın bu adlar, bölgülər altında çox sevdiyimiz, adı çəkiləndə üzümüzə təbəssüm qonan, həsrətlə bizə ah çəkdirən dostlarımız var. İtirəndə ürəyimizin bir parçasını da özü ilə aparan könül dostudur əsl dost. Bir dərdlə sınağa çəkiləndə sənin dərdini bölən, könlünə bir kədər buludu çökəndə səninlə gözü dolandır dost... Sevincini ilk bölmək istədiyin, səninlə birlikdə sənin qədər sevinəcəyinə inandığındır dost... Bir stəkan çayı qurtumlaya-qurtumlaya içdiyin, söhbətindən doymadığın həmsöhbətindir dost... "Söyləmə sirrini dostuna, dostunun da dostu var" atalar sözünə baxmayaraq, sirr hesab etdiyin hər sözünü söyləyə bildiyin yeganə sirdaşındır dost... Həqiqətən də, əgər sən ona dost deyirsənsə, demək sirrini, sözünü də ona söyləyə bilməlisən.

Belə başlayarıq bütün dostluqları... Əvvəlcə sonsuz bir sevgi hiss edərik, sonra hər sevincimizi, hər kədərimizi onunla bölüşməyə can atarıq.

Bilmirəm, insan bədəninin üçdə birinin su olmasındandırmı, ya nədirsə, həmişə eyni adaptasiya mərhələsini keçir, yəni, su doldurulduğu qabın şəklini aldığı kimi biz də, istəsək də, istəməsək də, içində yaşadığımız cəmiyyətin xüsusiyyətlərini götürürük. Bəlkə, elə buna görədir ki, "Dostunu mənə göstər, sənə kim olduğunu deyim" məsəli var. Bu vaxta qədər yaşadığımız dostluqlardan müsbət və ya mənfi bir çox keyfiyyətlər bizim xarakterimizə hopur. Dost var ki, dostuna siqaret çəkməyi öyrədir, dost var ki, kitab oxumağa alışdırır. Belə bir söz var: "Palaza bürün, ellə sürün". Əgər insanın önündə müsbət mənada örnək alacağı, dərs götürəcəyi bir dostu, bir yoldaşı yoxdursa, beləsi əlbəttə yerlərdə sürünməli olacaq.

Dost seçərkən bizdən daha yüksək, daha gözəl əxlaqa sahib olan insanları üstün tutsaq və onun xarakterindəki o yüksək dəyərləri, keyfiyyətləri əxz etməyə çalışsaq, heç şübhəsiz, biz bu dostluqdan çox böyük şeylər qazanmış olarıq. Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) də buyurur ki, insan dostunun dini üzrədir. Yəni, sən kimi sevirsən, kimi seçirsən, kimi örnək alırsansa, demək onun kimi olmağa can atırsan. Bu, heç də o demək deyil ki, hər kəs ancaq öz dindaşı ilə oturub-durmalı, başqaları ilə münasibət qurmamalıdır. Burada söhbətin mövzusu könül məsələsidir.

Əgər bu mövzuda, yəni, dost seçmək məsələsində seçici olmasaq, qarşımıza çıxan hər kəsə könül qapılarımızı açsaq, onunla səmimi olmağa çalışsaq, sarsıntı,peşmanlıq halları da bizim üçün qaçılmaz olacaq. Dostluqdan anladığımız məna təkcə süfrə dostu anlayışı ilə məhdudlaşdırılmamalıdır. Dost dediyiniz insan sizin üçün həm də örnək şəxs olmalıdır, siz ondan öyrənməli, onunla müəyyən qədər inkişaf etməli, irəliləməlisiniz. Bu dostluq sayəsində sizin həyata baxışınız getdikcə genişlənməli, hər şeyə daha pozitiv, daha nikbin gözlə baxmağı öyrənməlisiniz. Daha doğrusu, bu dostluq ətrafınızda baş verənləri bütün ibrətli cəhətləri ilə sizə göstərən bir gözlük olmalıdır. Başınıza bir bəla, bir müsibət gəlsə, bu dostluq könlünüzə təsəlli olmalı, sizi yandıran alovun üstünə su kimi səpilməlidir. Sizi həmişə yaxşılığa, gözəlliyə yönəltməli, içinizdəki müsbət potensialın inkişafına işıq tutmalıdır. Bir sözlə, bu dostluq mahir bir sənətkar kimi sizi yenidən inşa etməlidir.

Əgər dostluq dediyimiz münasibətdən umduqlarımız bu sayılanlar deyilsə, onun sonunun düşmənçiliyə çevrilməsi heç də sürpriz sayılmamalıdır və çoxumuz da bu mənzərənin dəfələrlə şahidi olmuşuq. Əslində, dostluq tərəflərin müsbət mənada bir-birindən faydalanmasıdır. Əgər dostluğun uzun sürməsini istəyiriksə, bu münasibətin, bu mənfəətin, yuxarıda dediyimiz kimi mənəvi dəyərlər üzəriində qurulmasını (və yaşamasını) təmin etməliyik. Əks təqdirdə, Anadolu ozanı Aşıq Veysəlin "Dost-dost deyə neçəsinə sarıldım. Bihudə dolandım, boşa yoruldum" dediyi kimi biz də nə qədər axtarıbarasaq da, əsl dost tapa bilməyəcəyik.

Aşıq dünyadan vəfa ummadığı üçün şeirini "Mənim sadiq yarım qara torpaqdır" qənaəti ilə tamamlayır. Əslinə qalanda dostluq məsələsi də fərdlərə görə dəyişir. Amma mütləq dostdan danışmaq istəyiriksə, böyük bir mütəfəkkirin söylədiyi "Dost istərsən, Allah yetər" düsturu ağla gəlir. Allah (c.c.) bir insanın dostudursa, o insanın heç bir qəmi, dərdi olmaz, bir insanın Allah qatında dəyəri yoxdursa, dünya onu əl üstündə gəzdirsin, heç bir faydası olmaz.

Allah (c.c.) vədində doğru, ən sadiq dostdur. Vəli, yaxud övliya dediyimiz insan əslində Allah (c.c.) dostu olmaq şərəfinə nail olmuş uca zatdır. İbrahim Peyğəmbərin (ə.s.) adının əvvəlinə əlavə edilmiş Xəlilullah ünvanı Allahın dostu deməkdir. Quranda möminlərin Allah dostu olduğu müjdələnir. Klassik ədəbiyyatda Allah (c.c.) haqqında "Rəfiqi-əla" ("Uca dost") ifadəsinə tez-tez rast gəlmək mümkündür. Yunus Əmrə də şeirlərində "Çağırıram dost, dost" deyir və Allaha bu müraciəti ilə diqqəti cəlb edir.

Dost - sevdiyin, üz tutduğun, bənzəmək istədiyin varlıqdır. Bu mövzu həm də insanın özünü tanıması baxımından mühümdür. Hər kəs könlünə boylansın, dost məqamını kimə təslim edirsə, ona baxsın və özünü tanısın. Sən kimin dostusan və ya kimdir sənin dostun?