Rəvan Məmmədov 
 

Karib böhranı SSRİ ilə ABŞ arasında baş verən, hər iki ölkənin bir-birini təhdid etməsi və bu istiqamətdə təhlükəli addımlar atması nəticəsində 16-28 oktyabr 1962-ci il tarixləri arasında meydana gələn böhrandır. Bu tarixlərdə SSRİ və ABŞ arasında gərginlik maksimum həddə çatmış və hər iki ölkə bir-birinə hər an nüvə silahı atmağa hazır vəziyyətə gəlmişdi. Belə ki, ABŞ-a məxsus ballistik raketlər İtaliya və Türkiyədə yerləşdirilmiş, buna cavab olaraq isə Sovet raketləri Kubaya aparılmışdı. Amerikalılar bu böhranı "Raket böhranı", kubalılar isə "Oktyabr böhranı" adlandırırlar. Soyuq müharibə dövrü çəkişmələrinin kifayət qədər qızışdığı və dünyanın nüvə fəlakətinin bir addımlığından qayıtdığı Karib böhranının izləri hələ də yaddaşlarda qalmaqdadır. Bu hadisə, həmçinin, öz əhəmiyyətinə görə dünya siyasi tarixinin yaxın dövrdə baş verən ən vacib hadisələrindən biridir. Digər tərəfdən, həmin dövrdə ABŞ artıq nüvə silahından istifadə etdiyi üçün onun necə bir təsirə malik olduğu hər kəsə məlum idi. ABŞ nüvə silahını Yaponiyada iki dəfə sınaqdan keçirmiş və 1945-ci il avqustun 6-da Xirosimaya, 1945-ci il avqustun 9-da isə Naqasakiyə atom bombası atmışdı. Nəticədə, 250 mindən çox insan həyatını itirmiş, böyük bir ərazi xarabalığa çevrilmişdi.

ABŞ və SSRİ arasındakı gərginlik hələ 1950-ci illərdə başlamışdı. Hər iki ölkə hərbi gücünü artırır, ətrafdakı ölkələrə təsir edərək öz tərəfinə çəkməyə çalışırdı. SSRİ-nin Koreya və Çində kommunizmi hakimiyyətə gətirməsi, hətta ABŞ-ın ən yaxınındakı Kubanı da ələ alması hər iki dövlətin ciddi şəkildə bir-birinə qarşı çıxması demək idi.

Sosialist addımları ilə tanınan Fidel Kastro 1959-cu ildə hakimiyyətə gəldikdən sonra ABŞ-la ciddi problemlər yaşamağa başladı. Bu səbəblə SSRİ-dən kömək istəyən Kastro ABŞ-ın əsas düşmənlərindən birinə çevrildi. Həmin vaxtlarda Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) müxtəlif planlar qurur və Kubada Kastro hakimiyyətini devirməyə çalışırdı. Hətta bu istiqamətdə bir çox addımlar da atılırdı.

Nəticədə, SSRİ lideri Nikita Xruşşov Kubanın bu cür təzyiqlərə tab gətirməyəcəyini, gec və ya tez devriləcəyini düşünür və ani bir qərarla Kubaya Sovet nüvə silahlarının yerləşdirilməsi barədə əmr verir. Əməliyyat gizli həyata keçiriləcək və dünya bundan xəbər tutmayacaqdı. Hətta əməliyyat o qədər gizli həyata keçiriləcəkdi ki, SSRİ-nin ABŞ-dakı səlahiyyətli səfiri Anatoli Dobrıninin və BMT-dəki daimi nümayəndəsi Valerian Zorinin belə bundan xəbəri olmayacaqdı. Xruşşovun planına əsasən SSRİ ABŞ-ın yaxınına nüvə silahı yerləşdirəcək və beləliklə, ABŞ-a qarşı daha güclü mövqe tutacaqdı. Ancaq ABŞ kəşfiyyatı bundan xəbər tutur. Casus təyyarələr Sovet nüvə mərkəzlərini qısa vaxtda müəyyən edir. Prezident Con Kennedi uzun müzakirələrdən sonra Kubanın dənizdən mühasirəyə alınması barədə qərar verir. 1962-ci il oktyabrın 22-də isə onlara qarşı embarqoya başlayır. Həmin günlərdə SSRİ gəmiləri Atlantik okeanı ilə Kubaya yaxınlaşırdı. Buna görə də, Xruşşov hadisə ilə bağlı açıqlama verməyə məcbur olur. O bildirir ki, silahlar müdafiə xarakterlidir və gəmilərin dayandırılması üçün əmr verməyəcək. O, 1962-ci il oktyabrın 27-də Con Kennediyə məktub göndərir. Bildirir ki, ABŞ 1961-ci ildə Türkiyədə tikdiyi nüvə mərkəzlərini sökdüyü təqdirdə SSRİ də Kubada eyni addımı atacaq. Con Kennedi isə cavab verir ki, Rusiya Kubada nüvə yerləşdirilməsi istəyini geri çəksə, həmin ölkəyə qarşı mühasirəyə son verəcək və işğal planını həyata keçirməyəcək.

Xruşşov da, Kennedi də nüvə müharibəsinin dünyanı, ən əsası da öz ölkələrini fəlakətə sürükləyəcəyini bilirdi. Bu səbəblə, hər iki lider gərgin vəziyyətdən ən uyğun şəkildə çıxış yolu axtarırdı. Xruşşov öz təklifi ilə ABŞ-dan cavab gözləyirdi. Nəhayət, Kennedi açıqlama verir və Türkiyəyə yerləşdirdikləri nüvə silahlarını köhnəldikləri üçün 6 ay ərzində sökəcəklərini bildirir. Sonra da, "ABŞ-ın onsuz da Kubanı işğal etmək fikri yox idi", - deyə o həmçinin əlavə edir. Xruşşov Kennedinin təklifini müsbət qarşılayır. Nəticədə, embarqo sona çatır və Kubadakı sovet gəmiləri geri çəkilir. Beləliklə, 1962-ci il Karib böhranı sona çatır.

Bu böhrandan sonra ABŞ və SSRİ arasında nisbətən yumşalmalar baş verir. Nüvə müharibəsinin astanasından qayıdan ölkə liderləri sonrakı dövrlərdə daha təmkinli davranmağa başlayırlar. Ancaq SSRİ-də Xruşşov məsuliyyətsizlikdə günahlandırılır və o, hakimiyyətdən uzaqlaşdırılır. Qərb tərəfdə isə hadisələr fərqli şəkildə cərəyan edir. Fransa ABŞ-la əlaqələrinin inkişafı istiqamətində mühüm addımlar atır və öz nüvə proqramını qurmağa başlayır.

ABŞ və SSRİ böhrandan sonra nüvə silahlarının yayılmasının qarşısını almaq üçün 1963-cü il iyulun 5-də "Nüvə silahlarının sınaqdan keçirilməməsi barədə saziş" imzalayırlar. ABŞ və SSRİ arasında nisbi sakitlik uzun müddət davam edir. Ancaq bu, təbii ki, işin ancaq üzdə görünən tərəfləri idi. Hər iki ölkə bir-birinə qarşı digər dövlətlərlə yaxınlaşmaqda və starteji hədəflərdə yerləşməkdə davan edirdilər. Ancaq SSRİ rəsmi şəkildə 1991-ci ilin oktyabrında dağılır. Tərkibindəki dövlətlər müstəqilliklərini elan edirlər. Daxildə bir çox qarışıqlıqlar meydana gəlir. Bundan sonra isə ABŞ artıq Rusiya ilə qarşı-qarşıya qalır. Hər iki ölkə arasında növbəti ən təhlükəli gərginlik isə Ukraynaya görə ortaya çıxır. Qərbə yaxınlaşan və Rusiyadan uzaqlaşan Ukrayna Rusiyanın təcavüzünə məruz qalır. Rusiya NATO-nun genişlənməsini bəhanə gətirərək 2022-ci il fevralın 24-də Ukraynaya hücum edir. Ancaq orada gözləmədiyi bir müqavimətlə qarşılaşır. Rusiya orada bir neçə şəhər və kəndi işğal etsə də, bütün Qərbin həm maddi, həm də silah dəstəyi davam edir və nəticədə, Ukrayna ordusunun əks hücumu ilə ərazilər geri alınmağa başlayır. Hadisələr bu şəkildə cərəyan etdiyi üçün hazırda bir çox mənbələr ən pis ehtimalın, yəni, nüvə müharibəsi ehtimalının artdığını bildirirlər. Bu isə illər sonra dünyanın yenidən ciddi təhlükə altında olması və yeni "Karib böhranı"nın başlaması deməkdir.