Allahverdi Cəfərov 
 

Bu ilin fevral ayının 24- də Rusiya ordusunun Ukrayna ərazisinə daxil olması ilə bağlı ABŞ başda olmaqla dünyanın aparıcı iqtisadiyyatına sahib olan Avropa ölkələri, o cümlədən Yaponiya və Kanada kimi böyük dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladılar. Bildiyimiz kimi, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə Rusiyadır. Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ümumi idxalının təxminən 1/5-i Rusiyanın payına düşür. Buna görə də, şimal qonşumuza tətbiq edilən sanksiyalar Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Digər tərəfdən, bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanda inflyasiya səviyyəsi 13,2%-i göstərir ki, bu da 2008-ci ildən sonra qeydə alınan ən yüksək göstərici hesab olunur.

Yüksək inflyasiya, heç şübhəsiz, ən çox əhalinin real gəlirlərinə təsir edir və nəticədə, insanlar xərclərini azaltmağa başlayırlar. Belə bir vəziyyətdə, yəni, istehlakçıların daha az pul xərcləmək barədə düşündükləri bir dövrdə hansı sahələrə sərmayə qoymaq daha məqsədəuyğun olar?

Məlumdur ki, hazırda dünyanın bəzi aparıcı transmilli şirkətləri məhz qlobal iqtisadi böhranlar dövründə "parladılar". Son 100 ildə dünyada baş verən qlobal iqtisadi böhranlar dövrünü təhlil etdikdə belə görünür ki, aşağıda adlarını qeyd etdiyimiz iqtisadi fəaliyyət sahələri böhrandan daha az təsirləndilər.

50 qram paxlava, yoxsa 300 qram ət

İqtisadi böhranlardan ən az təsirlənən sahələrdən biri də qida və içki sektoru hesab olunur. Əgər böhran zamanı insanlar xərclərini azaltmağa başlayırlarsa, əmin olun ki, qida xərclərinə ən sonda nəzər salırlar. Məsələn, çörək Azərbaycanda çox istifadə olunan qida məhsuludur. Ən ağır iqtisadi böhranlar belə çörək satışına ciddi təsir edə bilmir. Bu səbəbdən böhran dövrlərində bu sahəyə sərmayə qoymaqdan çəkinməyə dəyməz.

Müşahidələr göstərir ki, böhran zamanı çörəklə bərabər çörək məhsulları, o cümlədən, şirniyyat satışı da artır. Mütəxəssislər belə hesab edirlər ki, şirniyyat satışının artmasının bir neçə mühüm səbəbi var. Şirniyyat insanda yüksək əhvali-ruhiyyə əmələ gətirir. Bu səbəbdən də, depressiyaya düşən insanlar daha çox şirniyyat qəbul edirlər. Şirniyyat digər ərzaq məhsullarına nisbətən insanda daha tez doyma hissi yaradır və insanlar da bu məhsula üstünlük verirlər. 40-50 qram paxlavanın qısa müddətdə verdiyi toxluq hissini 200-300 qram ət və ət məhsullarından almaq olmur.

Təsadüfi deyil ki, bir çox şirniyyat markası məhz böyük iqtisadi böhranlar dövründə "parlamağa" başladı. Dünyanın məşhur şokolad markalarından biri olan "Mars" 1930-cu illərdəki "Böyük Depressiya" dövründə ortaya çıxdı.

Böhran dövründə çəkinmədən görə biləcəyiniz işlərdən biri də kiçik məhəllə mağazaları açmaq ola bilər. Əgər bunun üçün kifayət qədər sərmayəniz yoxdursa, səyyar ticarətlə də məşğul ola bilərsiniz. İnsanlar daha az məhsul almaq istədikdə böyük marketlərə getmək istəmirlər. "Böyük marketlər böyük alış-verişlər üçündür" prinsipi uzun müddətdir insanlar üçün dəyişməz qalır. Əksər hallarda bir ölkədə iqtisadi böhranın səviyyəsi küçə ticarətinin səviyyəsi ilə düz mütənasib olur.

"Nə alsanız 1 manat"...

Böhran dövründə "Sabit qiymətli mağaza" açmaq da nisbətən daha az təhlükəsizdir. Yəqin ki, mağazaların üzərinə yapışdırılan "Nə alsanız 1 manat", "Nə alsanız 10 manat" kimi yazıları görmüsünüz. Belə mağazalar müştəriyə aldadılmaycağı və daha ucuz qiymətə məhsul ala biləcəyi inamını aşılayır.

Son 100 ildə baş verən böhranlar zamanı öz populyarlığını itirməyən sahələrdən biri də tibbi xidmətlər, o cümlədən alternativ tibb və dərman satışıdır. İnsanlar daha az pul xərcləmək üçün xəstəxanalara və tibb mərkəzlərinə müraciət etməməyə çalışırlar. Əksər hallarda xəstəxanalara cərrahi əməliyyatlar üçün gedirlər. Tibbi xidmətləri daha çox orta tibb işçilərindən və xalq təbabəti ilə məşğul olan insanlardan almağa çalışırlar. Dərman satışının isə böhran və iqtisadi çətinliklər dövründə artacağı, yəqin ki, heç kimdə şübhə doğurmaz.

"Yaxşı sənətkar ancaq günortaya qədər ac qalar"

Təmirçi işi də böhran dövrlərinin cəlbedici işlərindən hesab olunur. Məlum məsələdir ki, yeni məhsullar almağa çətinlik çəkən insanların təmirçiyə daha çox ehtiyacı olur. Köhnə məişət əşyalarını yenisi ilə əvəz etməkdənsə, daha az xərc çəkərək təmir etdirmək böhran dövründə tez-tez rastlaşdığımız mənzərədir. Daha az inkişaf etmiş, iqtisadi böhran şəraitində olan ölkələrdə təmirçilərə daha çox tələb və ya ehtiyac olduğundan, bu sahədə həmişə yüksək rəqabət olur. "Yaxşı sənətkar ancaq günortaya qədər ac qalar" ifadəsindəki "sənətkar" sözü də böhran dövründə "parlayan" təmirçilər haqqında işlədilir.

Böhran dövründə tikinti sektorunda durğunluq yaşansa da, daşınmaz əmlakın alqı-satqısı və kirayəsində aktivlik artır. El arasında "makler" kimi tanınan daşınmaz əmlak agentlərinin işi böhran dövründə heç də pis olmur. İnsanlar daşınmaz əmlaklarını pula daha çox ehtiyacları olanda satırlar. Müflis olan obyekt sahibləri çıxış yolunu daşınmaz əmlakı satmaqda, ya da başqa bir şəxsə kirayə verməkdə görürlər.

Hər zaman yüksək tələbatın olduğu peşələrdən biri də kadrlar üzrə mütəxəssislər hesab olunur. Böhran dövründə bu peşəyə tələbat daha çox olur. Məlumdur ki, böhran işsizlərin sayını artırır. Belə olan halda iş üçün müraciət edənlərin sayı və onlar arasındakı rəqabət də artır. İş üçün müraciət artdıqca müəssisələr, şirkətlər daha yaxşı kadrları seçməkdə çətinlik çəkirlər. Bu zaman kadrlar üzrə mütəxəssislərə böyük ehtiyac yaranır.

Təhsil həm də böhrandan "qaçış" yoludur

İqtisadi tənəzzül dövrlərində populyarlığı artan sahələrdən biri də təhsil biznesidir. İşsizlik artdıqca təhsilli insanlara daha çox tələbat olur. İnsanlar daha yaxşı iş üçün daha çox oxumalı olduqlarını başa düşürlər. Böhran dövründə iş axtaranlar arasında rəqabət artır. Bəzən mağazada satıcı, restoranda ofisiant işləmək üçün xarici dil bilikləri tələb olunur. Əmək bazarının bu ehtiyaclarını qarşılamaq isə heç şübhəsiz ki, təhsil biznesi ilə məşğul olanların üzərinə düşür. Müasir dövrdə təhsil həm də böhrandan "qaçış" yoludur. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrə köçməyin əsas yollarından biri də həmin ölkələrdə təhsil almaqdan keçir.

Heç bir iqtisadi böhranın təsir edə bilməyəcəyi sahələrdən biri də dəfn xidməti sektorudur. Məsələn, ölkədə iqtisadi böhranın hansı səviyyədə olmasından asılı olmayaraq başdaşı düzəldən ustaların işi azalmır. Məşhur yazıçı Mark Tvenin bir deyimində olduğu kimi: "Yalnız ölüm və vergilər qaçılmazdır"...