Müsahibə səhifəmizin növbəti qonağı xalq artisti Vidadi Həsənov oldu. Onunla bu günə qədər teatrda görülən işlər, problemlər, aktyorluq və digər sahələrlə bağlı müzakirələr apardıq. Tanınmış aktyor fərqli düşüncələri ilə söhbətimizə rəng qatdı. Elə bu səbəbdən də fərqli bir müsahibə alındı. "O yerdə ki, iş yoxdur, orada problem yoxdur" deyən xalq artisti bildirdi ki, Azərbaycanda kino və teatr sahəsində inkişafın ləngiməsinin əsas səbəbi maddi məsələdir. O istiqamətdə problemlər həll olunsa, onda keyfiyyətli əsərlər də ortaya çıxacaq. Ətraflı müsahibəni təqdim edirik...
- Teatrlarda bir çox rollar ifa etmisiniz. Bu gün teatrlara ayrılan diqqətdən razısınızmı?
- Aydın məsələdir ki, ideal heç nə yoxdur. Desəm ki, ümumiyyətlə diqqət və qayğı yoxdur, bu, yanlış olar. Desəm ki, diqqət və qayğı kifayət qədərdir, yenə də yanlış demiş olaram. Bilirsiniz, bu bir növ pul kimidir. Pulun çox olduğu heç vaxt bilinmir, ancaq az olduğu o dəqiqə bilinir. Dövlətimizin diqqəti, qayğısı var. Xüsusilə də, son illər bu diqqət, qayğı daha çoxdur. Məsələn, buna misal kimi Gəncə Dövlət Dram Teatrının yenidən tikilməsini göstərə bilərəm. Bu çox böyük hadisədir, bu çox böyük qayğıdır. Amma iş olan yerdə həmişə çatışmazlıqlar da olur. Ona görə də, hər sahədə olduğu kimi burada da çatışmazlıqlar var. O yerdə ki, iş yoxdur, orada heç bir problem yoxdur. Amma o yerdə ki, iş var, üstəlik, işgüzar mühit var, iş görən insanlar var, deməli, müəyyən problemlər də olmalıdır. Mən düşünürəm ki, bu gün üçün dövlətin teatrla bağlı diqqət və qayğısını qənaətbəxş hesab etmək olar.
- Teatr əvvəllər və indi: Necə müqayisə edərdiniz?
- Əvvəla deyim ki, bütün müqayisələr yanlışdır. Heç nəyi heç nə ilə mütləq mənada müqayisə etməzlər. Teatr hər zaman olub. SSRİ dövründə də bu sahə var idi, müstəqilliyimiz dövründə də bu sahə var. Teatr ayrı-ayrılıqda bir prosesdir. Onun haqqında qısa zaman kəsiyində danışmaq, fıkır yürütmək yanlış olar. Bu suala cavab verərkən, bildirim ki, teatr dövrünü əsasən iki mərhələyə, sovet və müstəqillik mərhələsinə bölmək olar. Təbii ki, bu dövrlərdə teatrın uğurlu, uğursuz vaxtları da olub. Məsələn, SSRİ dövründə böyük bir imperiyada Azərbaycan teatrı, Azərbaycan aktyorları çox böyük işlər görüblər, çox yüksək sənət əsərləri göstəriblər. Bu dövrdə çox böyük sənətkarlar yetişib. Müstəqillik dövrünə gəldikdə, təkcə teatr sahəsində deyil, ümumilikdə bütün sahələrdə bir durğunluq yaşandı. Bu, hamı üçün gözlənilməz idi. İctimai formasiya dəyişirdi. Nəyin necə olacağını bilmirdik. Amma indi bütün bu proseslər öz yoluna düşüb və necə deyərlər, hər şey yaxşılığa doğru gedir. Öz fikirlərimi təsdiqləmək üçün təkcə bir faktı demək istəyirəm. Bu il biz Azərbaycanda ilk dəfə müstəqil teatrların festivalını keçirdik. Səmimi deyim ki, mənim də xəbərim yox idi, biz festival keçirəndə gördük ki, Bakıda 20-yə yaxın müstəqil teatr var. Bu, çox gözəl göstəricidir, buna sevinmək lazımdır. Əlbəttə, bu teatrların çoxunun müstəqil binası yoxdur, stabil heyəti yoxdur, bir çox problemləri var. Amma bu yeni formalaşan məsələdir. Getdikcə daha da yaxşılaşacaq. Qeyd edim ki, Bakıda hər zaman teatr olub, hər zaman teatrı sevən insanlar olub. Həmişə də teatrla məşğul olmaq istəyən insanlar olub. Biz yaşda olan nəsil də hələ teatrdan bezib getməmişik. Deməli, hər şey yaxşıdır.
- Teatr insana nə verir? Bir insan nə üçün teatra getməlidir?
- Bəlkə də, bir az bəsit müqayisə olacaq, ancaq yenə də deyim. İnsan ac olanda yemək istəyir. Ac olmayanda yeməyə ehtiyac duymur. Teatr da insanın digər ehtiyacları kimidir. Adam var ki, o, teatra getmək ehtiyacı duyur, adam da var ki, teatrın varlığının və ya yoxluğunun onun üçün elə bir əhəmiyyəti yoxdur. Sən nə qədər təbliğat aparsan da, izah etməyə çalışsan da, o, "Mənə teatr lazım deyil" deyəcək. Biri "Mənə musiqi lazımdır", deyəcək, digəri ədəbiyyatla maraqlandığını bildirəcək, başqa biri kinonu sevdiyini söyləyəcək. Bu, normal haldır. "Bizim insanlar niyə teatra getmirlər?" demək ritorik sualdır. Bu sualın cavabı yoxdur. Heç kəs bu suala cavab verə bilməz. Getmək istəyən teatra gedəcək, getmək istməyən də getməyəcək.
- Vidadi müəllim, bir neçə bədii filmdə çəkilmisiniz. Onlardan biri də məşhur "Bəyin oğurlanması" filmidir. Uşaqdan-böyüyə hər kəs o dövrdə çəkilən filmləri sevirlər. Sizcə, bu gün də o cür filmlər çəkilir?
- İndi bir çox insanlar ancaq nostalji hisslərlə yaşayırlar. Bir çox insanlar bu gün çəkilən filmlərə baxmadan o cür müqayisə aparırlar. Mən bir neçə festivalda iştirak etmişəm. O festivallarda Azərbaycanın yeni filmləri nümayiş olunub. Bizim filmlər haqqında orada yüksək fikirlər deyilib. Hətta, Kazan festivalında bir çox peşəkar adamlar, böyük mütəxəssislər bu filmlər barədə çox yüksək fikirlər səsləndiriblər. Mən şəxsən bunun şahidi olmuşam və o fikirləri sosial şəbəkələrdə paylaşmışam. Belə olan halda indi belə filmlərin çəkilməməsi ilə bağlı fikirlə necə razılaşmaq olar? Gəlin, "Bəyin oğurlanması" filmini misal göstərək. Aktyorlar da, rejissorlar da, kinoşünaslar da qeyd edirlər ki, öz bədii dəyərinə görə bu film o qədər də yüksək film deyıl. O, daha çox regional filmdir. Düzdür, orada deyilən hər söz insanların dilindədir, orada deyilən hər söz zərbi-məsələ çevrilib. Amma bu film bədii dəyər baxımından zəif filmdir. Sən onu götürüb Azərbaycandan hansısa festivala aparsan, heç onu müsabiqəyə də salmazlar. Ancaq uşaqdan-böyüyə hamı o filmi sevir. "Əhməd haradadır" filmini sevməyən var? Ancaq ona kateqoriya veriləndə ən aşağ kateqoriya verilmişdi. Amma bizim elə mürəkkəb, elə qəliz filmlərimiz var ki, onlar uğur qazanıblar. Ola bilər ki, o filmlər Azərbaycanda göstərilər və bəyənilməz. Ancaq bu, o demək deyil ki, həmin filmlər uğurlu deyil. Bu baxımdan Azərbaycanda kino prosesi çox uğurlu gedir. Hər sahənin çatışmayan cəhəti var. Bizim sahənin də çatışmayan cəhəti maddi məsələdir. Bu məsələ həll olsa, biz daha yaxşı filmlər çəkə bilərik.
- Yeni çəkilən bədii filmlər daha çox komediya üzərində qurulur. Sizcə, başqa mövzulara niyə müraciət olunmur?
- İndi əksər insanların baxdığı filmlər komediya janrındadır. Əksəriyyət o filmləri zəif filmlər sayırlar, ancaq yenə də gedib baxırlar. Amma mən dediyim uğurlu filmlərin heç biri komediya janrında deyil. O filmlər sosial, ictimai məna kəsb edən gözəl sənət əsərləridir. O ki qaldı, komediya filmlərinə, gəlin, Türkiyə filmlərindən misal gətirək. Türkiyədə 70-ci illərdə çəkilən filmlərə nəzər yetirsək, Şabanın (Kamal Sunal) filmləri var idi. Hamı o filmlərə baxırdı, gülürdü. Amma o filmlər də indiki komediya filmləri kimi zəif filmlər idi. O filmlərin heç birinin yüksək bədii keyfiyyəti yox idi. Amma indi türk kinosuna baxın, ən yüksək kateqoriyalı festivallarda ən yüksək mükafatlara layiq görülürlər. Hər bir məsələyə prosesdə baxmaq lazımdır. Azərbaycan kinosu da dünya kinosunun keçdiyi bütün mərhələləri keçəcək. Ölkədə müxtəlif kommersiya filmləri çəkilir. Biri uğurlu, biri uğursuz olur. Ancaq təbii ki, uğurlu filmlər də olur. Hətta həmin filmlər xarici ölkələrdə də göstərilir. Bizim kinomuz da bu dövrləri keçəcək, yaxşı prodüserlər, yaxşı menecerlər yetişəcək. Onlar dünya kino prosesini izləyəcəklər və ona görə bu sahəyə pul qoyacaqlar. Onda onlar bu işə daha məsuliyyətlə yanaşacaqlar.
- Bir çox yeni çəkilən seriallarda da rol almısınız. Yeni Azərbaycan serialları haqqında nə deyə bilərsiniz?
- İlk növbədə onu deyim ki, bu xəmir hələ çox su aparacaq. Çünki bizim indiki seriallarımız şapalaqla üz qızartmaq kimi bir şeydir. Burada hamı günahkardır, amma heç kəsin günahı yoxdur. Ona görə də, gəlin, bu məsələni hələlik saxlayaq. Çünki bir-iki serialı çıxmaq şərti ilə bu sahə hələ ləng gedir. Bu isə bir az ağrılı məsələdir. Mən elə rejissor tanımıram ki, pis bir film çəkmək istəsin. Mən elə bir aktyor da tanımıram ki, pis bir rol oynamaq istəsin. Sadəcə olaraq, burada önə çıxan əsas məsələ maddi məsələdir.
- Bəzi film və seriallarda Azərbaycan dilinin normaları pozulur. Bəs, bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan dilinin qorunması ilə bağlı bir neçə dəfə təşəbbüslər olub. Dilimizi qoruyan mütəxəssislər var, peşə adamları var. Onlardan biri də ssenaristlərdir, aktyorlardır. Bizdə gündəlik seriallar çəkilir. O serialları yazan gənc yazıçılar dilin gözəlliyini bilirlər. Ancaq onlar hazırkı vəziyyətdə iki daşın arasında ssenarini yazmalı və təhvil verməlidirlər. Təbii ki, burada məsələnin maddi tərəfini də xatırlatmaq istəyirəm. Belə olan halda istər-istəməz səviyyə aşağı düşür və zəncirvari şəkildə dil normaları pozulur.
- Sizcə, tarixi seriallar çəkilməlidirmi?
- Bizdə bu qədər tarixi filmlər çəkilib. Hansından razı qalmısınız? Ona görə tarixi seriallar çəkilməsə yaxşıdır. O cür serialları çəkmək asan məsələ deyil. Paltardakı detallar, sifət cizgiləri, təbiət mənzərələri və sair çox dəqiq olmalıdır. Buna isə külli miqdarda vəsait lazımdır. Türkiyə seriallarına baxın, demək olar ki, dünya teleməkanını zəbt ediblər. Elə bir ölkə yoxdur ki, orada türk serialları nümayiş etdirilməsin. Təbii ki, o səviyyəyə gəlib çatmaq üçün peşəkarlıqla yanaşı, maddi vəsait də əsasdır. Məsələn, bəzi deputatlarımız müəyyən məsələlərin həllində dünya təcrübəsini misal gətirirlər. Eyni şəkildə kinomuzun, teatrımızın problemlərini də dünya təcrübəsinə uyğun həll etmək olar. Çünki hər şeyi dövlətdən gözləmək olmaz. Ən azı ona görə ki, bu gün bizim bərpasını gözləyən Qarabağımız var. Düzdür, hər sahədə olduğu kimi, bu sahədə də müsbət yanaşmalar var. Ancaq nə edəsən ki, hələ də nəticə o deyıl.
- Aktyor olmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
- Bütün gənc aktyorlar kiçik teatrlardan yetişməlidirlər, orada rol oynamalıdırlar. Əvvəllər dram dərnəkləri var idi, xalq teatrları var idi. Müxtəlif yaşdan olan insanlar gəlir, orada tamaşalar oynayırdılar. İnsanların özünü realizə etmək üçün çoxlu imkanlar var idi. Təəssüflər olsun ki, indi çox az mədəniyyət evində teatr truppaları var. Bəzi insanlar ümumiyyətlə vaxt tapıb teatrla məşğul ola bilmirlər. Ona görə də, bu işi peşəkarlar, mütəxəssislər öz üzərlərinə götürməlidirlər. Aktyor olmaq istəyən bütün gənclərə deyirəm ki, sizə nə məsləhət versələr, heç birinə qulaq asmayın. Öz yolunuzla gedin.
- "Şair olmaq istəmirəm" adlı şeirlər kitabınız çıxdı və tamaşaçılar sizi həm də şair kimi tanıdı...
- Əslində, mənim yazdıqlarım şeir deyil. Onlar formasına görə şeirə oxşayır. Mənim yazdıqlarım fikirlərimdir, düşüncələrimdir, kağıza köçürürəm. Kağız da heç vaxt etiraz etmir, hər şeyə dözür. Amma mən onlara şeir demirəm. Çünki şair Ramiz Rövşəndir, Vaqif Səmədoğludur, Vaqif Bayatlıdır və sair. Biz sadəcə olaraq düşündüklərimizi kağıza yazırıq.
- Oynamaq istədiyiniz xüsusi bir rol var?
- Oynamaq istədiyim rollar çoxdur. Amma bu, səndən asılı deyil. Gərək, səni o rolda görən olsun, səni o rola dəvət edən olsun, sənə o rolu təklif edən olsun. Mənim isə xasiyyətim belədir ki, "Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə" prinsipini üstün tuturam. Arzusunda olduğum rollar çoxdur. İnşallah, nə vaxt dəvət olsa, qəbul edərəm.
- Və sonda yeni işləriniz barədə...
- Bilirsiniz ki, "M. Teatr Production" adlı bir teatrımız var. 2016-cı ildə ilk dəfə "Məsəl, ya..." adlı tamaşa ilə tamaşaçıların qarşısına çıxdıq. Üzeyir bəy Hacıbəylinin "Ordan-burdan" kitabı əsasında hazırlanmış bir tamaşa idi. Bu gün isə repertuarımızda müəllifi Rövşən Ağayev olan "Vidalaşmadan getməyin" və yenə də müəllifi Rövşən Ağayev olan "Bir gecənin nağılı" tamaşaları var. "Vidalaşmadan getməyin" tamaşasında peşəkar aktyor Oqtay Mehdıyev, "Bir gecənin nağılı" tamaşasında isə gənc aktyorlar Ziya Ağa və Günay Əhməd iştirak edirlər. Təbii ki, səhnə həyatını gözləyən yeni tamaşalarımız da var.