Özümüzə, ailə üzvlərimizə, yaşadığımız cəmiyyətə və belə demək mümkünsə, bütün insanlığa qarşı yerinə yetirməli olduğumuz öhdəliklərimiz var. Biz bütün insanlığın bir-birinə qarşı olan vəzifələrindən danışaraq, mövzunu genişləndirmək istəmirik. Ona görə də, bız burada yalnız valideyn-övlad öhdəliklərindən danışacağıq. Mövzu ilə bağlı həkim-psixoloji konsultant, ailə məsləhətçisi Lətifə Cavadova ilə həmsöhbət olduq.

- Valideynin öhdəlikləri hansılardır?

- Ailənin bəzəyi, xoşbəxtlik və sevinc qaynağı olan uşaqlar ata-anaya Allahın əmanətidir. Valideyn uşağının tərbiyəsinə görə həm Allaha, həm cəmiyyətə, həm də uşağa qarşı məsuliyyət daşıyır. Övladına qarşı öhdəliklərini yerinə yetirərkən də həm özünə, həm övladına, həm də cəmiyyətə gözəl töhfələr vermiş olur. Övladını uşaqlıqdan ailəsinə, xalqına, vətəninə sədaqətli, vətənpərvər ruhda böyüdüb faydalı şəxs kimi cəmiyyətə hazırlamaq ata-ananın çiyninə düşən vəzifədir.
Valideyn və uşaq öhdəlikləri və hüquqlarına, əsasən, 3 aspektdən baxmaq olar: islami, psixoloji, hüquqi. Valideyn və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilir. 49-cu və 55-ci maddələrdə uşağın ailədə yaşamaq, tərbiyə olunmaq, qohumları ilə ünsiyyətdə olmaq, müdafiə olunmaq, öz fikirlərini bildirmək, ad, soyad daşımaq və əmlak hüquqları ətraflı şəkildə göstərilir ki, bu mövzunu hüquqşünaslar daha gözəl izah edə bilərlər.
Məsələyə psixoloji tərəfdən baxdıqda isə təbii ki, ailədə hər kəsin özünəməxsus vəzifələri var. İlk növbədə, uşağın fizioloji ehtiyacları (yemək, yatmaq, təmizlik, sağlamlıq) ilə psixososial ehtiyacları (sevmək, sevilmək, aid olmaq, qorunmaq) vaxtında və mütəmadi olaraq qarşılanmalıdır. Əsasən də 0-3 yaş dövründə ana ilə uşaq arasında qurulacaq emosional münasibət çox vacib olduğu üçün bu dövrdə bacardıqca uşağın yanında olmalı, əgər valideyn işləməyə məcburdursa, işdən sonra övladı ilə keyfiyyətli vaxt keçirməyə çalışmalıdır. Uşağın gələcəkdə məsuliyyətli şəxsiyyət olmasını istəyiriksə, təbii ki, onun əvəzinə bütün işləri valideyn görməməli, yəni, övladının əli-ayağı olmaq əvəzinə ona da öhdəliklər verərək, azad şəxsiyyət kimi böyütməyə çalışmalıdır. Valideyn həmçinin, uşağın görə biləcəyi asan işləri ona tapşırmalı və uşaqda qərar vermək, özünə inanmaq, məsuliyyət daşımaq kimi duyğuların inkişaf etməsinə dəstək olmalıdır.
Öz vəzifələrini dərk edən, öz işlərini bu şüurla görən və əməllərinə görə cavabdeh olduğunu bilən bir insan məsuliyyətli insandır. Məsuliyyət bəlkə də bütün insani məziyyətlərin ən üstünü olduğu üçün valideyn bu duyğunu övladına qazandırmağa çalışmalıdır. Ata-ananın uşağa münasibəti onun gələcəkdə necə bir şəxsiyyət olacağını müəyyənləşdirir. Bu baxımdan şəxsiyyətin ən böyük memarının ata-ana olduğunu deyə bilərik. Əgər valideyn demokratik şəkildə davranarsa, övladını qarşılıqsız şəkildə sevərsə, övladının maraq dairəsinə (təbii ki, həm də qabiliyyətinə) uyğun şərait hazırlayarsa, onda valideyn də mənəvi rahatlıq tapar, uşaq da özünü rahat hiss edər. Beləliklə də, özünü rahat ifadə edən və özünün söz haqqı olduğunu bilən uşaq ailədə qoyulan qaydalar çərçivəsində azad böyüyər. Ata-ana uşaqlarına gözəl nümunə olmalı, görmək istəmədiyi davranışı özü də etməməlidir. Uşaq valideynlərinə nə qədər yaxın və yaxşı tərbiyə edilmiş olsa, pisliklərdən də o qədər uzaq olar. Uşaq valideynləri ilə nə qədər xoşbəxtdirsə, iş həyatında da, quracağı ailədə də, həyatın digər sahələrində də o qədər xoşbəxt olar. Valideynləri ilə sağlam əlaqələri olan övladların bütün həyatları boyu problemləri də daha az olar. Təbii ki, valideynin psixoloji sağlamlığının, dünyagörüşünün, övladına davranış tərzinin də uşağa təsiri çoxdur.

- Ailə quracaq gənc qız və oğlan gələcəkdə uşaqlarına qarşı öhdəliklərini yerinə yetirə bilmək üçün nələri nəzərə almalıdır?
- Bilirsiniz ki, hazırda nikahdan əvvəl bəzi analizlərin verilməsi məcburidir. Çünki ailə qurarkən ən böyük hədəf sağlam nəsil yetişdirməkdir. Faydalı və gözəl bir nəsil yetişdirmək üçün mənəvi cəhətdən də inkişaf etmək vacibdir ki, bunun üçün ailə qurmazdan əvvəl oğlan və qızın ailənin nə demək olduğuna dair məlumatlar alması, uşaq tərbiyəsinə dair kitablar oxuması, bu mövzuda seminarlarda iştirak etməsi çox gözəl olar. Əgər məsələyə İslam dininin baxış bucağından yanaşsaq, ailənin maddi dolanışığı, geyim-kecimi, yaşayış yeri kimi məsələlərdə birinci məsuliyyət ailə başçısının, yəni, atanın çiyninə düşdüyü halda, təlim-tərbiyə, dünya və axirət səadətini təmin etmək kimi məsələlərdə isə hər iki tərəf məsuliyyət daşıyır.
Dinimizə görə gənclərin övlada qarşı məsuliyyəti evlənməzdən əvvəl başlayır. Buna görə də, dünyaya gələcək uşağın valideynləri təmiz soydan olmalı, ana hamiləykən yeyib-içdiyinə diqqət etməlidir. Təbii ki, doğulan uşağı halal qida ilə bəsləmək, gözəl ad qoymaq, yaxşı təlim-tərbiyə vermək, şəfqətli davranmaq, Quranın əmr və hökmlərini öyrətmək ata-ananın vəzifələrindəndir. Həmçinin, valideyn övladına əxlaqla bağlı təməl məlumatları öyrətməli, digər insanlarla münasibətlərində ədəb tərbiyəsi verməli, övladına gözəl davranaraq, gözəl nümunə olmalıdır.

- Valideynlər uşağa məsuliyyət şüurunu aşılamaq üçün nə etməlidirlər?
- Valideynlər öz davranışları ilə övladlarına nümunə olurlar. Əslində, ailə dövlətin qanunlarını təmsil edir. Uşaqlar bu qaydaları valideynlərindən öyrənərək davranışlarını nizamlayırlar və hər dövrdə yaşlarına uyğun məsuliyyətlər verilərək həyata hazırlanırlar. Uşağa həm məsuliyyət verilməli, həm də məsuliyyətli olmağın niyə vacib olduğu izah edilməlidir ki, şüurlu bir şəkildə anlayıb həyata keçirmiş olsun. Məsuliyyət duyğusu ailədə uşağa nə qədər vaxtında verilsə, o qədər təsirli olar. Təbii ki, seçmə haqqı ilə bərabər verilsə, uşağın şəxsiyyəti daha sağlam formalaşar.
Çünki seçmə haqqı verilən uşaq müstəqillik üçün ilk addımı atmış olur. Geyinəcəyi paltarı, oynayacağı oyuncağı seçən uşaq öz seçimini özü etmiş olur. Belə fərdlər həm nə istədiklərini ailələrinin köməyi ilə özləri müəyyən edir, həm də öz seçimlərinin məsuliyyətini özləri almalı olduqlarını özləri dərk edirlər.
Valideynin uşağın yerinə qərar verməsi uşağın məsuliyyət duyğusunun qarşısını almasına səbəb olur. Əgər məsuliyyətli uşaqlar böyütmək istəyiriksə, uşaqlarımızın fikirlərinə əhəmiyyət verməli, onların xarakterinə uyğun özlərini yaxşı hiss etdikləri sahələrdə seçim etmələri üçün onların yanında olmalı, həmçinin, azadlıq verərək (təbii ki, hər istədiklərini etməmək şərti ilə) azad fərdlər yetişdirməliyik.
Digər tərəfdən, uşağın gözündə böyüyən öhdəliklərlə onların cəsarətini qırmaq da olmaz. Əgər uşağımızın məsuliyyətdən qaçmasını istəmiriksə, məsələn: "Otağını yarım saata tər-təmiz elə", - demək əvəzinə, "Gəl işi hissələrə bölək. Məsələn, yerdəki paltarlarını yığışdıra bilərsənmi?" - demək daha məqsədəuyğundur. Əgər uşağınız ev tapşırıqlarını etmək əvəzinə kompüterin arxasından qalxmırsa, ola bilər ki, həddən çox dərsi olduğunu, buna vaxtının və gücünün yetməyəcəyini düşünsün. Fili necə yeyərsiniz? Parçalayaraq. Təbii ki, bu halda ona dərslərini necə planlı şəkildə hissələrə bölə biləcəyini, lazım gəldikdə fasilə verə biləcəyini, həmçinin, əyləncəli fəaliyyətlər üçün vaxt ayıra biləcəyini izah edə və övladımızı motivə edə bilərik. Təbii ki, valideyn bacardıqca anlayışlı, səbirli olmalı və övladı ilə empatiya qurmağı bacarmalıdır.
Uşaqla keyfiyyətli vaxt keçirmək uşağın inkişafında, eyni zamanda özünə inamında böyük rol oynayır. Çünki ona vaxt ayırmaq şüuraltına "Mən sənə vaxt ayırıram, çünki sən buna layiqsən", - mesajını vermiş olur. Tapşırıqlarını həll etdiyi, otağını səliqəyə saldığı zaman təqdir etmək lazımdır ki, bu etdiyinin doğru olduğunu anlasın. Valideyn bəzən uşağı motivə edib cəsarətləndirməli və qabiliyyətinə uyğun işlər və məsuliyyətlər verməlidir. Məsələn, ev heyvanlarına baxmağı uşağa tapşırmaq olar və ya o, mətbəxdə anasına kömək edə bilər, ya da çöl işlərində atasına yardım edə bilər və s. Qaydalara əməl etmək, seçimlərinin nəticələri qarşısında səbir nümayiş etdirmək, öz sərhədlərini bilərək başqa insanların və digər canlıların da haqlarına hörmət etmək demək olan məsuliyyət duyğusu öyrənilərək inkişaf etdirilən bacarıq və ya dəyərdir və bu məsuliyyət duyğusunu ən əvvəl ata-anadan, sonra da ətrafdakı insanlardan öyrənmək olar. Bu duyğu özünəinamla da düz mütənasibdir. Özünə inamı əskik olan bir uşaq addım atmağa qorxacağı, hər şeydə ata-anadan soruşub dəstək almaq ehtiyacı hiss edəcəyi üçün məsuliyyət almaqdan da qaçacaq.

- Övladın yaşı artdıqca öhdəliklərindən yayınırsa, valideynin müdaxiləsi şərtdirmi? Yoxsa, artıq övlad özü yeni öhdəliklər götürə bilər?
- Valideyn övladı ilə söhbət edərək, onun nə düşündüyü, harada çətinlik çəkdiyi, bir işi nə üçün etmək istəmədiyi barədə danışmalı və bu haqda nələr edə biləcəklərinə dair danışaraq (təbii ki, onun da fikrini öyrənmək şərti ilə) onu anlamağa çalışmalıdır. Bundan başqa, uşaq vəzifələrindən uzaqlaşdığı zaman ona hər kəsin bir vəzifəsi olduğunu münasib dillə izah etmək olar. Həqiqətlər uşaqlara səviyyələrinə uyğun, anlayacaqları üslubla izah edilməli, təmsil və nümunələrlə onların dünyagörüşlərinə, anlayışlarına uyğunlaşdırılmalıdır. Məsələn, toyuq yumurta, inək isə süd verir, günəş bizi isitdiyi kimi ailəmizdə də ata çöl işlərində, ana ev işlərində çalışır. Gördüyün kimi hər kəsin bir vəzifəsi var, sənin də vəzifən məktəbə getmək, dərslərini oxumaq, otağını yığışdırmaqdır. Təbii ki, qınamaq, kiminləsə müqayisə etmək, fiziki və ya psixoloji təzyiq göstərmək həll yolu olmadığı və fayda vermədiyi kimi zərər də gətirir. Əgər valideyn çıxış yolu tapa bilmirsə, məsələni həll etməkdə çətinlik yaşayırsa, mütəxəssis dəstəyi ala bilər.

- Yaşa görə valideyn övlada hansı öhdəlikləri verə bilər və ümumiyyətlə, öhdəlikləri neçə yaşdan vermək olar?
- Uşaqların öhdəlikləri yaşlarına görə dəyişir. Məsələn, 3-4  yaşında əsasən özünə qulluq bacarıqlarını öyrənməyə başlayır. Dişlərini özü fırçalamalı, ayaqqabılarını özü geyməlidir. 4-5 yaşından artıq anasına ev işlərində kömək etmək, oyuncaqlarını yığışdırmaq, əl-üzünü yumaq kimi məsuliyyətləri olur. 5-6 yaşdan etibarən isə paltarlarını özü geyinə, 7 yaşdan etibarən isə məktəblə bağlı işlərini özü həll edə bilər. Təbii ki, uşaq evdə əşyalarını diqqətlə istifadə etməli, planlı, səliqəli davranmalı, valideyninin verdiyi xərcliyi qənaətlə xərcləməli, bacı-qardaşlarına sevgi ilə yanaşmalı, otağını təmizləməli və lazım gəldiyi zaman valideyninə kömək etməli, onlardan icazəsiz harasa getməməlidir ki, bunlar onun məktəbinə, valideyninə, bacı-qardaşlarına, şəxsi gigiyenasına, sağlamlığına və s. qarşı olan məsuliyyətləridir. İslam dini perspektivindən yanaşsaq, İslam dininin övladdan tələb etdikləri bunlardır: ata-anaya yaxşılıq etmək, söz və davranışları ilə incitməmək, "off" belə deməmək, valideynə qarşı gülərüz, şirindil olmaq, valideyninə qarşı sərt və hirsli olmamaq, səslədikləri zaman getmək, yanlarında yüksək səslə danışmamaq, gücsüz və ya xəstə olarlarsa, ya da maddi problemləri olarsa, onlara sevə-sevə xidmət göstərmək, valideynlərinin dostlarına yaxşılıq etmək, onlar haqqında pis sözlər deyilməsinə səbəb olmamaq, şəfqət və mərhəmətlə davranmaq, itaət və hörmət etmək, valideynlərini himayə etmək, maddi-mənəvi problemlərini həll etmək və onlar üçün fədakarlıq etmək, vəfat etdikdə rəhmətlə xatırlamaq, dua etmək. Təbii ki, bunlar insanın həm fitri, həm də vicdani vəzifələridir.

- "Bizim dövrdə belə deyildi", "Biz böyük-kiçik yeri bilirdik", "Mən sənin yaşında olanda..." kimi suallarla valideyn övladını tərbiyəmi edir, tənqidmi?
- Övladına belə qınayıcı cümlələrlə səslənən valideyn elə ilk başda üslub səhvində itirmiş olur. Çünki uşaq anlaşılmadığını, sevilmədiyini düşünüb inciyə, özünə qapanır, özünə hörməti zədələnir. Bundan başqa, o belə hallarda inadkarlıq edə, özünə inamsızlıq yaşaya, yalan söyləyə, özünü ifadə etməkdə çətinlik çəkə, valideynlə arasına sədd qoya bilər. Buna görə də, valideyn övladı ilə ilk növbədə keyfiyyətli ünsiyyət qurmağa çalışmalıdır. Nəsihət verərək, eyhamlı sözlər işlədərək qurulan təktərəfli monoloq ünsiyyət deyil. "Ünsiyyət eyni dildə danışmaq deyil, eyni duyğuları paylaşmaqdır", - deyir Hz. Mövlana. Təbii ki, hər insanın qısqanmadan, özündən daha yaxşı həyat yaşamasını istədiyi və özündən daha çox sevdiyi şəxs öz övladıdır. Yəni, hər bir valideynin övladı üçün niyyəti gözəldir. Sadəcə olaraq, üslub və yanaşması xətalı ola bilər. Və çox təəssüf ki, bu da xoş olmayan nəticələrə gətirib çıxara bilər. Övladının qarşısında haqlı ikən haqsız vəziyyətə düşə bilər.

- Bir ailə tək valideyn və övladlardan ibarət deyilsə, məsələn, ailədə nənə, baba varsa, o halda öhdəliklər necə paylanmalıdır?
- Ailənin yeni üzvü olan nəvələr nənə-baba üçün ümid və xoşbəxtlik qaynağıdır. Nənə-baba nəvələrini çox sevdikləri və onlar tərəfindən də sevilmək, xatırlanmaq istədikləri üçün bəzən qoruyucu davranırlar. Uşağın hər istəyinin yerinə yetirilməsi onun ərköyün, məsuliyyətsiz böyüməsinə səbəb ola bilər. Digər tərəfdən, nənə-babanın nəvələri ilə yaxınlığının artması ata-ananın uşağın tərbiyəsindəki rolunun və təsirinin də azalması deməkdir. Halbuki ata-ana uşağın təlim-tərbiyəsində birinci dərəcədə məsuliyyət və söz sahibi olmalıdır. Buna görə də, nənə-baba qəlblərini qırmadan, incitmədən, xoş bir tərzdə uşağın təhsil və tərbiyəsindən nisbətən uzaq tutulmalı, təbii ki, bu mövzuda nənə-baba da valideynləri dəstəkləməlidir. Başqa sözlə, onlar nəvələrinə bol sevgi və qayğı göstərməli, amma qaydalarla əlaqəli məsələlərdə uşağı öz valideynlərinə yönləndirməlidirlər ki, ailədə tutarlılıq olsun. Bəzi ailələrdə isə nənə-baba qoruyucu deyil, tam tərsi ola bilər. Onsuz da onlar bir dəfə valideyn olublar, uşağa baxıblar, bu dəfə heç bir vəzifə almaq istəməyə bilərlər, hansı ki, buna haqları da var. Onlar yalnız azad və rahat yaşamaq, nəvələrindən ötrü darıxdıqları vaxt onları görmək istəyə bilərlər ki, onların bu fikrinə hörmətlə yanaşmaq lazımdır. Əgər ailədə ana işləyirsə, nənənin də sağlamlığı imkan verirsə və razılığı varsa, təbii ki, uşağa yad birinin baxmağındansa, doğma nənəsinin baxması daha uyğundur.

- Valideynin öhdəliklərini yerinə yetirməməsi nə ilə nəticələnə bilər?
- Təbii ki, kamil insan, ləyaqətli övlad valideyn üçün üz ağlığı, fərəh hissi olduğu kimi cəmiyyət üçün də qazanılmış faydalı şəxs, İlahi dərgahda da məqbul qul sayılır. Ləyaqətli övlad valideynin xoşbəxtliyi olduğu kimi, həyatda özünü tapa bilməyən, məqsədsiz, zərərli vərdişlərin əsiri olan övlad da valideyn üçün ən böyük bədbəxtlikdir. Öz öhdəliklərinin fərqində olan və məsuliyyətlərini yerinə yetirən ailələrdə kamil övladlar yetişdiyi kimi, təəssüf ki, uşaqlarına fiziki və psixoloji təzyiq göstərən, sanki öz bədbəxtliyinin acısını övladlarına ödətdirən ailələrdə də bunun əksi olan övladlar yetişir. Nəticədə, valideyn qayğı və sevgisindən məhrum olan, travma almış insanlar yetişmiş olur ki, gələcəkdə onlar cəmiyyət üçün qanayan yaraya çevrilir.


Aygün Zayıdova