Tükəzban Məmmədli 
 

Əziz oxucu, ilk sayımızdan etibarən hər ay müxtəlif kitab tövsiyələri etmişəm. Dolayısı ilə, kitab oxumağın faydalarından, uşaqlara kitab sevgisi aşılamağın əhəmiyyətindən bəhs etmişəm. Bu dəfə sizinlə mütaliəyə başqa baxış bucağından baxacağıq.

Bu yaxınlarda kitab platformalarından birində fransız yazıçısı Daniel Pennakın "Bir roman kimi" kitabı haqqında oxudum. Kitab bədii xarakter daşımır və təxminən bu cür başlayır: "Oxumaq" felinin felin əmr formasından zəhləsi gedir". Müəllif şəxsi düşüncələrinə əsasən kitabda 10 bənddən ibarət "Oxucu hüquqları"nı təqdim edir:

1. Oxumamaq hüququ;

2. Səhifə ötürmək hüququ;

3. Kitabı bitirməmək hüququ;

4. Sevdiyi kitabı təkrar-təkrar oxumaq hüququ;

5. İstədiyini oxumaq hüququ;

6. "Bovarizm" hüququ;

7. İstədiyi yerdə oxumaq hüququ;

8. Başa düşməyəcəyi səviyyədə bir kitabı oxumaq hüququ;

9. Ucadan oxumaq hüququ;

10. Oxuduğu kitab haqqında danışmamaq hüququ.

Qeyd edim ki, kitabın əsasını müəllifin şəxsi fikirləri təşkil edir və humanizmə, demokratiyaya söykəndiyi üçün mən də çox bəyəndim. İndi də gəlin, hər bir bəndi ayrı-ayrılıqda nəzərdən keçirək.

1. Oxumamaq hüququ

Nə qədər ətrafımdakılara oxumağı təbliğ etsəm də, 1-ci hüququ çox sevdim. Çünki çox oxuyan bir insan kimi örnək davranış nümayiş etdirməli, qarşımızdakı istər uşaq olsun, istər böyük, seçiminə hörmət etməli, "Oxu!" deyib məcbur etməməliyik. Biz, sadəcə olaraq, həvəsləndirə, oxumağa qarşı maraq oyandıra bilərik.

2. Səhifə ötürmək hüququ

Məsələn, mən illər əvvəl "Səfillər"i oxuyarkən Fransa inqilabı haqqında yazılan 3-4 səhifəni ötürmüşdüm, lakin vicdan əzabı çəkərək. Bəzən uzun-uzadı təsvirlər bizi yora bilər, hələ uşaqları bizdən də çox. Çünki onlar kitabın həyəcanverici yerlərinə daha tez çatmaq istəyirlər. Buna görə də, onlara belə bir hüquqlarının olduğunu bildirməliyik.

3. Kitabı bitirməmək hüququ

Adətən, başladığımız kitabı mütləq bitirmək istəyirik. Bəzən isə bunu zövq alaraq yox, məcbur olaraq edirik. Uşaqlarımızı həvəsləndirmək üçün "Bu kitabı bitirsən, sənə hədiyyə alacağam" kimi vədlər veririk. Lakin əvvəlcə soruşmalıyıq, bitirmək istəyirmi? Çünki bitirməyə məcbur olmaq onun kitablara olan marağını azalda bilər. 

4. Sevdiyi kitabı təkrar-təkrar oxumaq hüququ

Belə bir hal hər yaşda ola bilər, xüsusən də uşaqlarda. "Bəsdir, eyni kitabı oxudun, keç başqa kitaba" deyərək, həmin kitaba olan sevgilərini qırmaq olmaz. Bəlkə, həmin kitabın şəkillərini, ya qəhrəmanlarını sevir və eyni həyəcanı bir daha yaşamaq istəyir? 5. İstədiyini oxumaq hüququ İstənilən oxucu bu hüquqa sahibdir. İllah da, hər kəs "Cinayət və Cəza"nı, "Dəli Kür"ü, "Gün var əsrə bərabər"i oxumalı deyil (hər biri gözəldir, o ayrı). Hər kəsin zövqü, janr və müəllif seçimi fərqli ola bilər. Buna görə də, övladlarımıza "Onu oxuma, bunu oxu" deməməliyik (zərərli, yaşına uyğun olmayan kitablar xaric).

6. "Bovarizm" hüququ

Bovarizm ədəbiyyatla bağlı termindir. Bir əsərə və ya qəhrəmana bağlanmaq, onun gerçəkliyinə inanmaq, reallıqdan uzaqlaşmaq, xəyal dünyasında yaşamaq mənasına gəlir. Uşaqların hansısa qəhrəmana vurğunluq, ya da onun gerçək olduğuna inanmaq duyğusu olar bilər və bu, çox normaldır. Hər kəsin sevimli qəhrəmanı güclü, cəsarətli, müsbət qəhrəman olmaya bilər. Bunun üçün onlara rişxənd etmək və ya məsxərəyə qoymaq olmaz.

7. İstədiyi yerdə oxumaq hüququ

Uşaqlara ən çox edilən iradlardan biri də "Oxumağa yer tapmadın?" iradıdır. İstədiyi hər yerdə oxumaq hüququ olan uşaqlarımızın kitab oxumaq istəmələri ilə belə fəxr etməli və onlara hər cür şərait yaratmalıyıq.

8. Başa düşməyəcəyi səviyyədə bir kitabı oxumaq hüququ

Adətən, uşaq kitablarının üzərində yaş həddi yazılır. Halbuki bəzən uşaqlar yaşlarından böyük kitab oxumaq istəyə bilərlər. Buna görə də, "Sən başa düşməzsən", "Sənə görə deyil" demək onların həvəsinin qırılmasına, özlərini ağılsız hesab etməsinə səbəb olar bilər. Oxuduqlarından heç nə başa düşməsələr belə, seçimlərinə hörmət etməli, yardım istəsələr, kömək etməliyik.

9. Ucadan oxumaq hüququ

Qarşımızdakı oxucunun uşaq olduğunu unutmamalıyıq. Uşaq başa düşə bilmədiyi üçün ucadan oxuya bilər. Və ya fikrini toplaya bilmədiyi üçün ucadan oxuya bilər. Bunu onlara irad tutmamalı, əksinə, diqqətlərini yayındırmayacaq şərait yaratmalıyıq.

10. Oxuduğu kitab haqqında danışmamaq hüququ

Adətən, mütaliə etməyi sevənlər oxuduqları kitab haqqınfa fikir mübadiləsi aparmağı çox sevirlər. Lakin uşaqlar böyüklərdən fərqli ola və susmağı seçə bilərlər. Fikirlərini bölüşməyə məcbur etmək, təkidlə yadında qalanı soruşmaq doğru olmaz. Ola bilsin, oxuduqlarından heç nə başa düşmür və ya oxuduqlarından nəticə çıxarmaq üçün düşünmək istəyir və s.

Daniel Pennakın fikirləri mənim də baxış bucağımın dəyişməsinə səbəb oldu. Necə ki, insanlara dilinə, dininə, irqinə görə fərq qoymuruq, eləcə də, oxumağı sevib-sevməməyinə görə də fərq qoya bilmərik. Hər kəs kitabdan zövq almaya bilər. Və ya öyrənmə, maariflənmə üsulu fərqli ola bilər. Biri 3-4 gün bir kitabı oxumağa vaxt sərf etdiyi halda, başqa biri 2 saat bir bədii və ya bir sənədli filmə tamaşa edə bilər. Ən yaxşısı, mühafizəkar davranmamaq, uşaqlı-böyüklü hər kəsin seçiminə hörmət etməkdir.