Hər xalqın tarixində elə şəxsiyyətlər var ki, həyatın hansısa sahəsi müəyyən mərhələdə onların adı ilə bağlı olur. Mirəsədulla Mirələsgər oğlu Mirqasımov da bizim üçün belə tarixi şəxsiyyətlərdəndir. O, Azərbaycanda tibb elminin inkişafına, tibbi kadrların yetişməsinə imza atmış tarixi şəxsiyyətlərdən biridir.
Mirəsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində ruhani seminariyasının müəllimi ailəsində anadan olmuşdu. Dini ritualların həssaslıqla icra olunduğu ailədə böyüyən Mirəsədulla Mirqasımov hələ kiçik yaşlarından İslami biliklərə yiyələnmiş, ərəb və fars dilləri vasitəsilə klassik şərq ədəbiyyatına imzalarını həkk etmiş böyük mütəfəkkirlərlə tanış olmuşdu. Dövrün tanınmış din xadimlərinin gəlib-getdiyi, İslami elmlər ətrafında uzun-uzadı və geniş müzakirələrin aparıldığı Mirqasımovlar ailəsində sanki akademik bir atmosfer hökm sürürdü və belə bir mühitdə yetişən Mirəsədulla elmi, dünyagörüşü ilə tay-tuşları arasında xüsusilə fərqlənirdi. O, 1908-ci ildə gimnaziya təhsilini başa vurdu. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən ictimai fəaliyyətə başladı. İndi o, qəzet və jurnallara məqalələr yazır, bu məqalələrdə xalqının dərdlərindən danışırdı. Bu məqalələrdə həm də savadsızlığın doğurduğu problemlərdən, insanlarımızın həyat standartının başqa xalqlarla müqayisədə xeyli aşağı olmasından, belə bir vəziyyətdə qarşıda duran mühüm vəzifələrdən, Şərq ölkələrində müsəlmanların acınacaqlı vəziyyətlərindən bəhs edirdi.
Çoxları elə düşünürdü ki, Mirəsədulla atasının yolu ilə gedəcək və gələcəyin böyük din xadimi olacaq, bəziləri də onun siyasi xadim olacağına inanırdı, ancaq o bütün bu düşüncələrin əksinə gedərək tibb sahəsini seçdi. Təbii ki, Mirəsədullanın bu seçimi əsassız deyildi, xalqımız arasında yazıb-oxuma faizi çox aşağı idi. Yoluxucu xəstəliklər qısa bir vaxtda çox sayda insanın ölümünə səbəb olurdu. Nə dava-dərman, nə də həkim tapılırdı. Məhz belə bir vaxtda xalqının sağlamlığının keşiyində durmağı qərara alan Mirəsədulla tibbi təhsil almağa başladı və 1913-ci ildə Odessada Novorossiya İmperator Universitetinin (hazırda İ. İ. Meçnikov adına Odessa Milli Universitetinin) tibb fakültəsini bitirdi.
M. Mirqasımov 1913-1916-cı illərdə ilk əmək fəaliyyətinə başladı və Novorossiya İmperator Universitetinin Terapevtik Hospital Klinikasında ordinator vəzifəsində, Odessa şəhər Yevangeliya Alman Xəstəxanasında isə cərrah vəzifəsində işlədi. 1916-cı ildə Bakıya qayıtdı, əvvəl hərbi lazaretdə cərrah-ordinator, Mixaylovski Xəstəxanasında baş ordinator vəzifələrində işlədi. Daha sonra o, Bakı Universitetinin tibb fakültəsinə dəvət aldı, hospital cərrahiyyəsi kafedrasına assistent təyin olundu. 1926-cı ildə o, Berlinə, Münhen Universiteti Klinikasına uzunmüddətli elmi ezamiyyətə göndərildi.
M. Mirqasımov Azərbaycanda müasir tibb təhsilinin və elminin banilərindəndir. 1927-ci ildə Mirəsədulla Mirqasımov tədqiqatlarını birləşdirərək "Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar" mövzusunda ilk dəfə doktorluq dissertasiyası müdafiə edir. M. Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə edən ilk milli mütəxəssis kimi səhiyyə tariximizdə özünə layiqli və əbədi yer tutur.
İstedadlı alim müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasının motivləri əsasında 1928-ci ildə monoqrafiya çap etdirir. Hansı ki, bu günə qədər də öz praktiki əhəmiyyətini, aktuallığını itirməmişdir. Bununla da o, ilk azərbaycanlı alim-cərrah adına yiyələnir, tibbi cərrahiyyə elmi məktəbinin əsasını qoyur. 1929-cu ildə isə M. Mirqasımov professor adını alır. O, həm də Azərbaycan SSR EA-nın və Tibb Universitetinin təşkilatçılarından biridir. 1919-1929-cu illərdə ADUnun tibb fakültəsinin dosenti olan M. Mirqasımov 1931-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun hospital cərrahiyyəsi kafedrasının müdiri seçilir və ömrünün sonunadək bu vəzifədə fəaliyyət göstərir.
1945-ci illərdə M. Mirqasımovun da təşəbbüskarlığı ilə Azərbaycanda Elmlər Akademiyasının təsisi ilə bağlı addımlar atılmağa başladı. Çünkı bu akademiyanın təsisi respublikada sürətlə inkişaf edən elm sahələrini, həmçinin, elmi fikirləri istiqamətləndirən vahid elm ocağının fəaliyyət göstərməsi zərurətindən irəli gəlirdi. Təbii ki, burada cəmiyyətin əyani və nəzəri tələbatları da az rol oynamırdı.
Namizədliyi irəli sürülən 41 nəfərdən 15-i respublika Elmlər Akademiyasının həqiqi üzvü (akademik) kimi təsdiqləndi. İlk ümumi yığıncaqda Elmlər Akademiyasının prezidenti yekdilliklə M. Ə. Mirqasımov seçildi. Elə həmin yığıncaqda EA-nın Rəyasət Heyətinin tərkibi təsdiqləndi və akademiklər M. Ə. Mirqasımov, Ş. Ə. Əzizbəyov, H. N. Hüseynov, M. Ə. Qaşqay və Y. H. Məmmədəliyev Rəyasət Heyətinin tərkibinə daxil oldular.
M. Mirqasımov Azərbaycanda tibbi cərrahiyə elmi məktəbinin də təşkilatçısıdır. Alimin elmi fəaliyyəti əsasən sidik daşı xəstəliklərinin etiologiyası, klinikası və müalicəsinin öyrənilməsinə, həmçinin, anesteziologiya, travmatologiya, urologiya və cərrahlığın aktual məsələlərinə həsr olunmuşdu. Yüksək ixtisaslı kadrların hazırlanmasında da onun çox böyük xidmətləri var. Belə ki, o, cərrahlıq sahəsində Azərbaycan dilində yazılmış ilk dərsliyin müəllifidir.
M. Mirqasımov Azərbaycanda urologiya elminin banisi kimi tanınan dünya şöhrətli alimlərdəndir. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsi, urokalkulyoza dair topladığı geniş materialların kimyəvi-topoqrafik metodla tədqiqi, prostatın hipertrofiyasının cərrahi müalicəsi, qarın yatalağı peritonitlərinin diaqnostikası və müalicəsi, cərrahiyyənin müxtəlif aktual problemləri təşkil edirdi.
M. Mirqasımov 90-a qədər çap olunmuş elmi işin, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi, 6 doktorluq, 20 namizədlik dissertasiyası işinin elmi məsləhətçisi və elmi rəhbəridir. Fəaliyyəti dövründə çox sayda beynəlxalq qurultay, simpozium, konfrans və konqreslərdə elmi məruzələrlə çıxışlar etmiş, xarici mətbuatda dünya səhiyyəsində maraq doğuran elmi məqalələr çap etdirmişdi.
M. Mirqasımov Ümumdünya Cərrahlar Assosiasiyasının, Ümumittifaq Cərrahlar Cəmiyyətinin, Ümumittifaq Uroloqlar Cəmiyyəti Rəyasət Heyətinin fəxri üzvü, Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri idi. O, 1936-cı ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görüldü. 1937, 1946 və 1950-ci illərdə I, II və III çağırış SSRİ Ali Sovetinə deputat seçildi, iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Qırmızı ulduz" və "Lenin" ordenləri, habelə "Qafqazın müdafiəsi", "1941-1945-ci illərin Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "1941-1945- ci illərin Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə" medalları və s.-lə təltif olundu (M. Mirqasımov Birinci Dünya müharibəsi illərində hərbi həkim kimi fəaliyyət göstərmişdi). Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Xəstəxanasına M. Mirqasımovun adı verildi və bu xəstəxananın həyətində alimin büstü qoyuldu. 2014-cü ildə isə ilk dəfə AMEA-nın "Akademik M. Mirqasımov adına mükafatı" təsis edildi. Akademik M. Mirqasımov 19 iyul 1958-ci ildə Bakıda vəfat etdi. Hazırda qəbrı Fəxri Xiyabandadır.
Qorxmaz və məğrur, amma bir o qədər də mülayim və təvazökar... O, xaraktercə də azad adam idi. Həmişə doğru bildiyi işin ardınca gedirdi. Atası da onun fikirlərinə mühafizəkarlıqla deyil, əsl ziyalı kimi dəyər verirdi. O, ömrünün sonuna qədər də azad adam oldu. Heç vaxt tərəf seçmədi, sadəcə olaraq, öz işini gördü, tibb elminə töhfələr verdi, insanların sağlamlığının keşiyində durdu.
Mirqasımovlar ailəsi də Azərbaycanın ictimai həyatında, mədəniyyətində mühüm rol oynayan istedadlı sənətkarlar yetirdi. Mirəsədulla Mirqasımov tanınmış Azərbaycan heykəltəraşı, Azərbaycan SSR xalq rəssamı Mirələsgər Mirqasımovun, istedadlı kinorejissor, Azərbaycan Respublikasının xalq artisti Oqtay Mirqasımovun atası, sevilən aktrisa, Azərbaycan Respublikasının xalq artisti Ayan Mirqasımovanın isə babasıdır.