Allahverdi Cəfərov 
 

Ötən ay Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Elizabet 96 yaşında vəfat etdi. II Elizabet 1952-ci il fevralın 6-da taxta oturmuşdu və 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, SentKits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu və Yamaykanın da kraliçası idi. Kraliça eyni zamanda Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Med adalarının lordu kimi vəzifələrə sahib idi. Bunlardan başqa II Elizabet 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası adını da daşıyırdı.

Bu qədər çoxsaylı vəzifə və səlahiyyətlərə sahib olan bir şəxsin vəfatı dünya mətbuatının, o cümlədən Azərbaycan mediasının ən çox müzakirə olunan mövzusuna çevrildi. Milyonlarla insan sosial şəbəkələrdə kraliça barəsində fikirlərini paylaşdı. Müşahidələr göstərir ki, kraliça barəsində həm müsbət, həm də mənfi rəy bildirənlərin sayı kifayət qədər çoxdur.

Təkcə dünyada deyil, Böyük Britaniyada da insanlar kraliçaya birmənalı münasibət bəsləmirlər. Britaniyada kral ailəsinin dövlətin idarə olunmasında ciddi rolları və səlahiyyətləri olmasa da, bir çox insan XXI əsrdə kral və kraliçaların mövcud olmasının qəbuledilməz olduğunu bildirirlər.

Britaniya kral ailəsi ən çox dövlət büdcəsindən aldığı böyük məbləğdə vəsaitə görə tənqid olunur. Britaniya vətəndaşları hesab edirlər ki, hər il büdcədən kral ailəsi üçün bu qədər vəsaitin ödənilməsi doğru qərar deyil.

İstər Böyük Britaniyada, istərsə də dünyada bir çox insan belə hesab edir ki, kral ailəsinin xərcləri birbaşa vergilər hesabına formalaşan dövlət büdcəsindən maliyyələşir. İnsanların belə düşünməsinin səbəblərindən biri də ailənin maliyyələşməsindəki mürəkkəblikdir. Kral ailəsinin gəlirlərinə baxdıqda şəxsi və ictimai vəsaitlər arasında sərhədi müəyyən etmək o qədər də asan olmur. Bu səbəbdən də insanlar daim göz qabağında olan kral ailəsinin möhtəşəm zinət əşyalarının, saraylar və sənət əsərlərinin, bahalı avtomobillər və geyimlərinin mənbələrini tez-tez müzakirəyə çıxarırlar.

İlk baxışdan kral ailəsinin sərvətinin o qədər də böyük olmadığı görünə bilər. Məsələn, Elizabetin şəxsi sərvəti mütəxəssislərin təxmini hesablamalarına görə 400-500 milyon funt sterlinq təşkil edir. Dünyanın ən varlı adamlarının sərvəti ilə müqayisədə kraliçanın sərvəti az görünə bilər. Kraliça "Forbes" jurnalının hazırladığı "Dünyanın ən varlı 2000 insanı" siyahısına belə düşə bilmir.

Əslində, kraliçanı tənqid hədəfinə çevirən onun şəxsi sərvəti deyil. Kraliçanın 400-500 milyon funt sterlinq sərvətinə ona məxsus şəxsi daşınmaz əmlakları (məsələn, Balmoral qəsri və Sandrinqem sarayı), bəzi sənət əsərləri, köhnə sikkə kolleksiyaları, möhürləri və zərgərlik məmulatları, avtomobilləri və s. daxildir. II Elizabet öz şəxsi sərvətindən də müəyyən gəlirlər əldə edir. Amma bu qədər sərvətinin olmasına baxmayaraq kraliçanın və ailəsinin səyahət, qəbul və əyləncə xərclərini, sarayların məişət və işçi xərclərini, eləcə də, bütün kommunal xərclərini ödəmək üçün büdcədən vəsait ayrılır.

İnsanların narazılığına səbəb olan da elə bu məsələdir. Belə hesab edirlər ki, bu qədər sərvəti olan bir şəxsin kommunal xərcləri büdcədən ödənilməməlidir.

Amma kral ailəsinin maliyyələşmə mexanizminə baxdıqda belə görünür ki, büdcədən ayrılan vəsait vergi ödəyicilərinin vəsaiti hesabına formalaşmır. Kral ailəsi "The Crown Estate" ("Tac Əmlakı") adlı şirkətin gəlirlərindən maliyyələşir. Vaxtilə Böyük Britaniyada kral ailəsinə məxsus olmuş, hazırda Britaniya dövlətinə məxsus olan mülkləri bu şirkət idarə edir. Kral ailəsi bu şirkətin idarə olunmasında iştirak etmir. Yalnız şirkətin gəlirlərindən onlara müəyyən faiz ödənilir. 2016-cı ilə kimi "The Crown Estate"in ümumi gəlirlərinin 15%-i kral ailəsinə ödənilib. 2016-cı ildən 2027-ci ilə kimi isə kral ailəsinə gəlirlərin 25%-i ödəniləcək. Artımın səbəbi kral ailəsinin yaşadığı Bukinqem Sarayında aparılacaq əsaslı təmir işləridir. Bildirilir ki, 2027-ci ilə qədər davam edəcək təmir və yenidənqurma işlərinə 400 milyon funt sterlinq xərclənəcək.

Bu il (2021/22-ci maliyyə ili) "The Crown Estate"in xalis mənfəəti 312,7 milyon funt sterlinq olub. Bu gəlirlərin 25%-i və ya 78,2 milyon funt sterlinqi (təqribən 152 milyon manat) kral ailəsinə ödənilib. Açıqlanan son maliyyə hesabatına görə "The Crown Estate"in aktivləri 16,5 milyard funt sterlinq (yəni, 32,2 milyard manat) təşkil edib. "The Crown Estate"in idarə etdiyi mülklərə Londonda və digər şəhərlərdə yerləşən daşınmaz əmlaklar, saraylar, torpaq və meşə sahələri, faydalı qazıntı sahələri, ticarət və əyləncə mərkəzləri, otellər, parklar, hippodromlar (məsələn, məşhur Askot Hippodromu kimi), sahil xətləri və s. daxildir.

Şirkətin kənd təsərrüfatı sahəsinə həm heyvandarlıq, həm də əkinçilik daxildir. Böyük Britaniyada təxminən 106 min, Uelsdə isə 27 min hektar ümumi torpaq "The Crown Estate"ə məxsusdur. Bunlardan başqa, şirkət 10 min hektar meşə təsərrüfatına sahibdir. Faydalı qazıntıların çıxarılması hüququ təxminən 115 min 500 hektar ərazini əhatə edir. Şirkət bu ərazilərdən qum, çınqıl, əhəngdaşı, qranit, kərpic gili, kömür və digər məhsullar əldə edir.

Böyük Britaniyanın sahil ərazisinin təxminən 55%-i "The Crown Estate" şirkətinə məxsusdur. Dənizin dibinə isə tamamilə "The Crown Estate" nəzarət edir. "The Crown Estate" şirkətinin dənizdəki biznesinə külək və dalğa enerjisi, sualtı və boru kəmərləri, həmçinin, kalium hasilatı daxildir. Dənizin dibində və sahildə fəaliyyət göstərən özəl şirkətlərə də "The Crown Estate" müvafiq icazələr verir. Böyük Britaniya və dünyanın ən böyük şirkətlərindən biri olan "The Crown Estate"in gəlirləri artdıqca kral ailəsinin də gəlirləri artmış olur.

Kral ailəsinin başqa bir gəlir mənbəyi isə Lankaster Hersoqluğundan alınan vəsaitlərdir. İngiltərənin Lankaster əyalətində yerləşən və vaxtilə bu əyaləti idarə edən hersoqluğa məxsus olan əmlakdan əldə olunan gəlirlər də kral ailəsinə ödənilir. Britaniyada Lankaster Hersoqluğuna kraliçanın "şəxsi pul kisəsi" deyirlər.

Kral ailəsi bir çox maddi-mədəni irsin idarə olunmasında da iştirak edir və əldə olunan gəlirlər kral ailəsinə ödənilir. "Royal Collection Trust" adlı şirkət tərəfindən idarə olunan mədəni irsin sahibi Britaniya dövləti olsa da, kral ailəsinin himayəsindədir. Buraya saraylar və qəsrlər, qalalar və abidələr, rəsmlər və heykəllər daxildir. Ümumi dəyəri 11 milyard funt sterlinq olan bu maddi-mədəni irsin sahibi olmasalar da, onların barəsində qərarları kral ailəsi verir. Bu irsə 7000-dən çox rəsm, tarixi fotoşəkillər, mebellər, zərgərlik nümunələri, kitablar və digər sənət əsərləri daxildir.

II Elizabetin ölümündən sonra kral ailəsinin başına keçən III Çarlz ailənin ən varlı üzvü hesab edilir. "Forbes" jurnalı kralın şəxsi sərvətinin 400 milyon dollar olduğunu yazır. Bildiyimiz kimi III Çarlz həm də Uels şahzadəsidir. Lankaster Hersoqluğundan gələn gəlirlər kral ailəsinə çatdığı kimi, Kornuol Hesoqluğundan gələn gəlirlər də Uels şahzadəsi kimi Çarlza çatır. İngiltərənin 23 əyalətində hersoqluğa məxsus olan 530 kvadrat kilometr torpaq sahəsi var. Buraya müxtəlif mülklər, kənd təsərrüfatı müəssisələri və digər gəlir gətirən əmlaklar daxildir. Hersoqluğun kapital dəyəri yarım milyard funt sterlinqə bərabərdir. Hər il Kornuol Hesoqluğunun gəlirlərindən Çarlza 20-25 milyon funt sterlinq ödənilir. Rəsmi məlumata görə, Çarlz hersoqluqdan əldə etdiyi gəlirlərin hamısını xeyriyyə işlərinə sərf edir.

Britaniyada kral ailəsini tənqid edənlərlə bərabər onların ölkə iqtisadiyyatına verdikləri faydalardan danışanlar da var. Məsələn, dünyanın aparıcı araşdırma mərkəzlərindən olan "Brand Finance" hesab edir ki, kral ailəsinin Britaniya iqtisadiyyatına verdiyi töhfə hər il təxminən 2 milyard dollar təşkil edir. Buraya ticarət, xeyriyyə təşkilatlarının himayəsi və media gəlirləri, turizm və digər sahələr daxildir. Mütəxəssislər belə hesab edirlər ki, kral ailəsi bir brend olaraq ölkəyə iqtisadi fayda verir. Hər il kral sarayını görmək üçün Londona milyonlarla turist gəlir.

Görünən isə odur ki, hələ uzun illər Böyük Britaniya və dünyada kral ailəsinə münasibət birmənalı olmayacaq.