5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür
Təqvimin hər günü bir adla bağlıdır: Meşə günü, Yer günü, Külək günü, Dostluq günü, Sülh günü, Salamlaşma günü, Mühəndislər günü, Həkimlər günü, Müəllimlər günü və s...
Qəribədir ki, Müəllimlər günü dünya ölkələrində fərqli-fərqli günlərdə qeyd olunur. Ölkəmiz YUNESKO-nun seçimini əsas götürür və hər il oktyabrın 5-ni Müəllimlər günü kimi qeyd edir.
Hər şeydən əvvəl ərəb dilindən aldığımız "müəllim" sözünün ehtiva etdiyi məna barədə danışaq. Mahiyyətcə bir-biri ilə bağlı olan elm, alim, təlim, müəllim sözləri hamısı bir kökdəndir və "müəllim" elm təlim edən şəxs deməkdir.
Müəllimlik peşəsini rəmzi mənada belə olsa, incəsənət adlandıranlar da var. Böyük mütəfəkkirimiz Nəsrəddin Tusi müəllimi "mövcudatın ən şərəflisi olan insanı kamillik səviyyəsinə çatdırmaq məqsədi güdən" peşə sahibi adlandırır. Əslində, müəllimlik təkcə öyrətmək deyil, həm də tərbiyə etməkdir.
Müəllimlik yarı peşə, yarı valideynlikdir. Şagirdinə övladı kimi baxan müəllim yetişdirdiyi insanlardan da doğmalıq görür. Xoşbəxt o müəllimdir ki, tələbəsi ilə özü arasında bütün sədləri, trafaretləri, doqmaları yıxa bilir, öyrənməklə öyrətmək arasındakı məhrəmliyi tapa bilir.
Bu mənada bəşərin ən böyük müəllimləri Allahın elçiləri, yəni peyğəmbərlərdir. Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) həyatına baxanda mərhəmətinə, sevgisinə, ədalətinə, qətiyyətinə, əzminə heyran qalmaya bilmirsən. Övladını diri-diri torpağa basdıran insanları necə tərbiyə etdisə, onlara haqqı necə sevdirdisə, onlar təkcə insanların deyil, heyvanların, ağacların da haqqını qorumağa başladılar.
Bir çox ziyalılar öz həyat təcrübələrindən danışanda müəllimin yemək yediyini görəndə təəccübləndiklərini yazırlar. Çünki müəllim onlar üçün sıravi bir insan deyildi, xüsusi məziyyətləri olan fərqli bir insan idi. Yerişi, duruşu, danışığı, bir sözlə, hər hərəkəti ilə onlar üçün bir nümunə təşkil edirdi.
Həyatını öz xalqının müstəqilliyi, istiqlalı, azadlığı yolunda şam kimi əridən, xalqının fədakarlıq rəmzi və simvolu səviyyəsinə yüksələn dahi şəxsiyyətlər "Millətin Müəllimi" adını daşımaqla müəllim adını daha yüksək zirvələrə qaldırdılar.
Cəmiyyətdə inkişaf tempinin yüksəldiyi, elmi-texniki tərəqqinin vüsət aldığı, dəyərlərin inteqrasiyası prosesinin baş verdiyi (həm də qlobal təfəkkürün təsiri ilə), həyati məsələlərə müxtəlif mövqelərdən yanaşıldığı bir vaxtda təhsilə, müəllimə olan tələblər də dəyişir. İnformasiya bolluğunun mövcud olduğu indiki şərait şagirdlərin mütaliə həvəsinə, hətta təhsilinə təsirsiz ötüşmədiyi üçün "şəriştəli, peşəkar müəllim" daha real ehtiyac kimi ortaya çıxır. "Elin gözü tərəzidir", - deyirlər. Bu məntiqlə yanaşdıqda, heç şübhəsiz, məktəbin səviyyəsi hər kəsin nəzərində, hər şeydən əvvəl, müəllimləri ilə tanınır.
İlhamla, sevgi ilə aşılanmayan dərs səmərəsizdir və ya can qurtarmaq, vaxt öldürmək üçündür. Əgər hər dərs müəllimin bir əsəridirsə, onda müəllimlik bilik verməkdən daha başqa bir şeydir.
Müəllim dərsin həm memarı, həm fəhləsi, həm rəngsazı, həm də bağbanıdır. O, bir şey yaratmaq istəyir. Və yaradacağı o şey əsla iddia deyil. Nəyi isə sübut etmək kimi görünsə də, əslində, nəyi isə göstərməkdir. Bəlkə də, dünyanı bürüyən sirrin birini açmaq cəhdidir.
Müəllim sözü arayışın, axtarışın hərarətini hiss etmək, onun işığını bir zərrə qədər də olsa bilmək, duymaqdır.
Müəllim olmaq bilik verən olmaqdan çox insan olmaqdır. Müəllimin dediyi dərsin içində Allaha inam, iman, vicdan, insaf, ədalət, halal, haram, borc hissi, hörmət, sevgi, paylaşma, yardımlaşma yoxdursa, müəllimin öyrətdiyi elm quru, cansız sözdən, doktrinadan, rəqəmdən başqa bir şey deyil.
Müəllimlik beyin işi kimi görünsə də, ürək işidir. Müəllim - xoşbəxtlik yolunu göstərən və o yolda yaşamağa iddialı olmayan cəfakeşdir. Müəllim meyvələri insan olan və bəhrələri ilə öyünən qocaman ağacdır.
Müəllimlik hər sənətdən daha üstün sənət, hər peşədən daha üstün peşədir. Müəllimlik insan memarı olmaq, əyrini düzəltmək, çirkini gözəlləşdirmək sənətidir.
Müəllimin qeyri-adi fədakarlığı, uzaqgörənliyi, həmçinin, hadisələrə fərqli yanaşması, şagirdlərinin həyatını dəyişməsi barədə çox sayda yaşanmış hadisələr var. Həmin hadisələrdən birini əziz oxucularımızla paylaşmağı faydalı hesab edirik:
"Tanınmış bir iş adamı parkda gəzərkən müəllimini görür. Müəllim çox qocalmış, saçları ağarmış, beli bükülmüşdü. İş adamı ona yaxınlaşır, salam verir və: "Məni tanıdınız?" - deyə soruşur. Müəllim gözlüyünü düzəldir, diqqətlə ona baxır və astaca başını bulayaraq: "Yox, tanımadım", - cavabını verir. İş adamı sözə başlayır: -
Mən sözə baxmayan, ipə-sapa yatmayan şagird idim. Sinifimizdə Hüseyn adlı bir şagird var idi. O çox varlı bir ailədən idi. Hüseynin gözəl bir saatı var idi. Hərdən saatını qoluna taxar, hərdən də çıxarıb çantasına qoyardı. Bir tənəffüsdə fürsət tapıb Hüseynin saatını çantasından götürdüm. Bir azdan Hüseyn saatını axtarmağa başladı, ancaq nə qədər axtarsa da, tapa bilmədi. Siz sinifə daxil olanda Hüseyn hirsindən az qala dəli olmuşdu. Siz məsələni öyrənən kimi bizim hamımızı irəli çıxardınız və üzü divara saxladınız. Sonra da əllərimizi divara söykəməyi və gözlərimizi yummağı tapşırdınız. Həmin vaxt saat mənim cibimdə idi. O anda mənim nələr yaşadığımı sözlə ifadə etmək mümkün deyil.
Hətta bir anlığa sinifdən çıxıb qaçmaq istədim, amma sizin səsinizdəki həlimlik mənə ümid işığı oldu. Siz bir-bir ciblərimizi yoxladınız, saatı mənim cibimdən götürdünüz və bir kəlmə də demədən axtarmaqda davam etdiniz. Hər kəsin cibini axtarandan sonra bizi yerimizə oturtdunuz. Saatı da aparıb Hüseynin qoluna bağladınız. Başını oxşayaraq təbəssümlə "Saatını yaxşı qoru", - dediniz. Sonra sinifə üz tutub bircə cümlə dediniz: "Unutmayın, oğurluq yaxşı şey deyil!" O anda mən içimdə çox şeyin dəyişdiyini hiss etdim. Saatı kimin oğurladığını heç kim bilmədi, siz məni ifşa etmədiniz. İnsan olmaq üçün mənə gözəl bir imkan verdiniz. Mən də o an özümə söz verdim ki, bir daha oğurluq etməyəcəyəm. İndi o hadisədən qırx il keçir. Mən varlı bir iş adamıyam. Həyatımın ən gərgin, ən ağır, eyni zamanda ən mühüm mərhələsi o andır, sizin bizim ciblərimizi yoxladığınız, saatı mənim cibimdən götürdüyünüz və ruhuma məlhəm kimi yayılan "Unutmayın, oğurluq yaxşı şey deyil!" sözlərini dediyiniz o an. O an mən sanki yenidən doğuldum, yeni bir insan oldum. İnanıram ki, əgər onda siz məni ifşa etsəydiniz, mənim həyatım başqa cür davam edəcəkdi. Amma siz mənim əlimdən tutdunuz və içində çırpındığım o bataqlıqdan çıxardınız.
Müəllim astaca başını buladı və: - Hə, oğlum, o hadisəni xatırladım, amma etiraf edim ki, onda saatı kimin götürdüyünü mən də bilmədim. Sizə "Gözlərinizi yumun" deyəndə özüm də gözlərimi yumdum ki, saatın kimin cibindən çıxdığını görməyim. Çünki mən saatı götürənin kim olduğunu bilsəydim, içimdə ona qarşı bir küskünlük oyana bilərdi ki, mən də bunu heç vaxt istəməzdim, - dedi.
"Fraza" jurnalı adından bütün müəllimlərimizi ən səmimi arzularla təbrik edir, hər birinə can sağlığı, könül xoşluğu, ailə səadəti, yeni nəsil yetişdirmək kimi mühüm bir işdə uğurlar arzulayırıq.