24 fevral 2022-ci il tarixdən, Rusiya-Ukrayna müharibəsi başlayan gündən Azərbaycan xalqı Ukraynanın yanında oldu. Bunun əsas səbəbi isə keçmişdə SSRİ-nin tərkibində olmuş digər dövlətlər kimi bizə də mövcud vəziyyətin tanış olması idi. İllər keçməsinə baxmayaraq, eyni qanlı yolla bölgədə atılan hərbi addımlar yüzlərlə insanın ölümünə səbəb oldu. Ukraynaya qarşı yeridilən eyni siyasət dünya ölkələrini bir cəbhədə birləşdirdi. Aylardır davam edən Rusiya-Ukrayna müharibəsində on minlərlə insan öldü, şəhərlər, yaşayış məntəqələri darmadağın edildi. Ölənlər içərisində Ukraynada yaşayan azərbaycanlı mülki şəxslər də var idi. Eləcə də, onlarla azərbaycanlı Ukrayna uğrunda şəhid oldu. Bu isə təbii ki, hər iki xalqı bir-birinə daha da yaxınlaşdırdı.
Budəfəki yazımızda isə Qarabağda şəhid olmuş ukraynalı Milli Qəhrəman barədə danışacağıq. Onun adı Ruslan Aleksandroviç Polovinkodur. O, 21 oktyabr 1969-cu ildə Ukraynanın Xarkov vilayətinin Zmiyev şəhərində dünyaya gəldi. Hələ uşaq ikən idmana böyük maraq göstərirdi. Bundan əlavə, DOSAAF könüllü cəmiyyətində təhsil alır və burada paraşütlə tullanmağı və vertolyotu idarə etməyi öyrənirdi. 1987-ci ildə isə Polovinko Sızran Ali Hərbi Təyyarəçilər məktəbinə daxil olur. Oranı bitirdikdən sonra 1991-ci ildə Naxçıvan şəhərindəki "N" saylı hərbi hissəyə göndərilir. Azərbaycan Hərbi Hava Qüvvələri yeni qurulanda isə Polovinko xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında təyyarəçi-operator vəzifəsində davam etdirir. Elə həmin ildən (yəni, 1992-ci ildən) başlayaraq Azərbaycan torpaqlarına təcavüz edən ermənilərə qarşı vuruşmağa başlayır. O, düşmənə qarşı bir çox hərbi əməliyyatlarda iştirak edir.
Məlum olduğu kimi ermənilər bütün bu vəhşilikləri tək deyil, həm də muzdlu qatillərin köməyi ilə edirdilər. Ancaq bu faktı dünya ictimaiyyətinə sübut etmək lazım idi. Ruslan isə belə muzdlulardan bir neçəsinin cəsədini ələ keçirməyə nail olur. O, Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərir.
Məlumat üçün deyək ki, Ağdərə istiqamətində əməliyyatlar 1992-ci ilin iyun ayından başladı. Həmin aylarda bir neçə dəfə hərbi əməliyyatlar keçirildi və bu əməliyyatlarda düşmənə ağır zərbələr endirildi. Ancaq ermənilər də dinc durmur, qüvvə toplayaraq Azərbaycan torpaqlarına hücuma davam edirdilər. Avqust ayının əvvəlindən başlayaraq Azərbaycan Müdafiə Nazirliyi Ağdərə bölgəsində yeni bir əməliyyat planı hazırladı. Plan yenidən Kəlbəcər və Tərtər istiqamətindəki erməni ordusuna çarpaz zərbə endirməkdən ibarət idi.
13 avqust 1992-ci ildə güclü artilleriya zərbələrindən sonra Azərbaycan qoşunları hücuma keçdi. Tərtər istiqamətində irəliləyən Azərbaycan qoşunları Qasapeti azad edərək Sərsəng su anbarına yaxınlaşdılar. Qasapet uğrunda döyüşlərdə Lənkəran batalyonu, Goranboy batalyonu xüsusilə fərqlənirdi. Çox sayda şəhid verməyimizə baxmayaraq, əməliyyat uğurlu oldu və bölgədəki Ermənistanın hərbi birləşmələri zərərsizləşdirildi. Ancaq ölkə daxilində baş verən qarışıqlıq və Rusiyanın ermənilərə hərbi dəstəyi onların yenidən Azərbaycan torpaqlarına təcavüzü davam etdirmələrinə səbəb oldu.
1992-ci il 6 avqust... Həmin tarixdə Mİ-24 vertolyotunun heyəti Ruslan Polovinko, Zakir Məcidov, Cavanşir Rəhimov döyüşçülərimizin Qasapet yüksəkliyində mühasirəyə düşmələri barədə xəbər aldılar. Heyət üzvləri dərhal havaya qalxıb kömək üçün yola düşdülər. Üç dəfə təhlükəli uçuş edən hərbçilərimiz düşmənin buradakı canlı qüvvəsini və zirehli texnikasını tamamilə məhv etdilər. Üstəlik, onlar yaralılarla yanaşı, şəhidlərimizi də təhlükəli ərazidən çıxardılar. Olduqca təhlükəli olan bu addım yenidən atılmalı və onlar bir daha həmin bölgəyə uçaraq əməliyyata kömək etməli idilər. Ancaq dördüncü uçuş zamanı Mİ-24 vertolyotu ermənilər tərəfindən raket atəşinə tutuldu. Atəş nəticəsində vertolyot vuruldu və bu, onların sonuncu uçuşu oldu. Beləliklə, həmin gün bütün heyət - Ruslan Polovinko, Zakir Məcidov və Cavanşir Rəhimov şəhid oldu.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992- ci il tarixli 204 saylı fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Qəhrəman təyyarəçi doğulduğu Zmiyev şəhərində dəfn edildi. Subay idi. Hazırda təhsil aldığı Zmiyev liseyində qəhrəmanın xatirə lövhəsi var.