Allahverdi Cəfərov
Son bir ildə Azərbaycanda istifadə olunan plastik kartların (ödəniş kartlarının) sayı 2 milyondan çox artıb. Əgər ötən ilin ikinci yarısının sonunda ölkə vətəndaşlarının əlində 10 milyon 51 min ədəd plastik kart olubsa, artıq bu ilin ilk yarısının sonunda onların sayı 12 milyon 244 min ədədə çatıb. Döriyyədə olan plastik kartların 87 %-ni isə debet kartları təşkil edir. Debet kartları (sosial, əməkhaqqı və digər) kart sahibinə ancaq hesabında olan pul vəsaiti qədər əməliyyat həyata keçirməyə imkan verir. İnsanlar, adətən, əllərində olan debet kartlarından nağd vəsait əldə etmək üçün istifadə edirlər.
Debet kartlarından fərqli olaraq kredit kartları hesablaşma zamanı nağd kreditdən istifadə imkanı yaradır. Bu kartlarla ödəmələr icazə verilən kredit limiti çərçivəsində həyata keçirilir.
Azərbaycanda kredit kartlarına maraq son illər sürətlə artmaqdadır. Müqayisə üçün deyək ki, son 5 ildə kredit kartlarının sayı 2 dəfədən çox artaraq, 623 mindən 1 milyon 551 minə yüksəlib. Kartların sayına paralel olaraq aparılan əməliyyatların və vəsaitlərin də həcmi artıb. Ötən ilin iyun ayında kredit kartları ilə 2,9 milyon əməliyyat (2,9 milyard manat) aparıldığı halda, bu ilin iyun ayında 52,9 milyard əməliyyat (5 milyard manat) aparılıb.
Kredit kartlarına marağın artması banklar tərəfindən təqdim olunan kartların sayını da artırır. Bəs, belə olan halda insanlar kredit kartı alarkən nələrə diqqət etməlidirlər? İlk növbədə, hansı bankın daha sərfəli şərtlərlə kredit kartı təklif etdiyini başa düşmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:
Kartın növü
Hazırda bütün dünyada, o cümlədən də Azərbaycanda əsasən iki kart növündən - "VİSA" və "Mastercard"dan istifadə olunur. Əgər siz kredit kartından yalnız Azərbaycanda istifadə edəcəksiniszə, o zaman bu iki kart arasında heç bir fərq yoxdur. Yox, əgər yalnız Azərbaycanda yox, xarici ölkədə də istifadə edəcəksinizsə, o zaman hansı kartı seçdiyinizə diqqət etməlisiniz.
Bilmək lazımdır ki, "VİSA" - ABŞ-a məxsus ödəniş sistemidir. "Mastercard" isə Avropaya. Belə olan halda "VİSA" ödəniş sistemi üçün əsas valyuta ABŞ dolları, "Mastercard" üçün isə həm ABŞ dolları, həm də avro ola bilər.
Aşağıdakı nümunədə hansı ölkədə hansı kartın daha sərfəli olduğunu görəcəksiniz:
Məsələn, siz Fransaya səfər etmisiniz. Burada "VİSA" kartla ödəniş edirsiniz. Əgər hesabınız manat hesabıdırsa, onda valyuta konvertasiyası (bir valyuta növünün mövcud məzənnəyə uyğun olaraq digər valyutaya dəyişdirilməsi) zamanı hesabınızdakı vəsait əvvəlcə dollara sonra avroya çevriləcək. Yəni, ardıcıllıq belə olacaq - AZN-USD-EUR. Lakin siz Fransada "Mastercard"la ödəniş etsəniz, onda cəmi bir konvertasiya olacaq - AZN-EUR. Belə olan halda məzənnə fərqindən əlavə itkiləriniz olmayacaq.
ABŞ-a səfər etdiyiniz zaman isə yuxarıdakı vəziyyətin tam əksi ilə qarşılaşacaqsınız. Yəni, ABŞ-da "VİSA" kartlarından istifadə "Mastercard"dan daha sərfəli olacaq.
ABŞ və Avropadan başqa bir ölkəyə səfər etdiyiniz zaman isə ən azı 3 pilləli konvertasiya ilə qarşılaşacaqsınız. Məsələn, Türkiyədə kartla ödəniş etsəniz, "VİSA" kartda konvertasiya ardıcıllığı - AZN-USD-TRY, "Mastercard"da isə - AZN-EUR-TRY şəklində olacaq.
"VİSA" və ya "Mastercard" olmasından asılı olmayaraq, banklar əsasən 4 cür - "Klassik", "Qızıl", "Platin" və "Kobrend" kartları təklif edirlər. Ən geniş yayılan kart növü isə "Klassik" kartdır. Bu kartlarda bankların təqdim etdiyi bütün standart xidmət növləri mövcuddur və bütün bank müştəriləri üçün təqdim edilir.
"Klassik" kartlardan fərqli olaraq "Qızıl" kartlarda daha yüksək kredit limiti olur. "Platin" kartlar isə adətən, daha imtiyazlı kartlar hesab olunur. Bu cür kartlar üçün banklar bir sıra əlavə xidmətlər təqdim edirlər. Məsələn, "Platin" kartı olan şəxsə bank mütəxəssisləri 24 saat ərzində xidmət göstərirlər. "Kobrend" kartları istifadəçilərə əsasən bonus proqramları ilə birlikdə təqdim olunur. Kartdan xərclədiyiniz məbləğlər sizə bonus xallar qazandırır.
Kreditin rahat ödənilməsi
Kredit kartı alarkən kartı aldığınız bankın filiallarının sayına, iş və ya yaşayış yerinə yaxınlığına, həmçinin, "cash in" funksiyası olan bankomat şəbəkəsinin genişliyinə diqqət yetirmək lazımdır. Çünki bəzən kredit kartı alanlar buna diqqət etmirlər. Halbuki əlavə vaxt itirməmək və rahat ödəniş etmək üçün bu sadalananları nəzərə almaq lazımdır.
Güzəşt müddəti
Güzəşt müddəti kredit kartından nağd və ya nağdsız şəkildə istifadə edilmiş vəsaitlərin bank tərəfindən təyin edilmiş müddət intervalında tam faizsiz şəkildə banka geri ödənilməsi üçün təyin edilmiş bir şərtdir. Güzəşt müddətinin çox olması kredit kartının əsas üstünlüyü hesab olunur. Azərbaycanda bankların kredit kartları üçün müəyyən etdiyi güzəşt müddəti 30-45 gün arasında dəyişir.
Faizlər
Burada əsasən pul köçürmələri və pul nağdlaşdırmaları üzrə faizlər nəzərdə tutulur. Kredit kartı ilə etdiyiniz ödənişləri vaxtında (güzəşt müddəti ərzində) geri ödəmədiyiniz zaman sizdən əlavə faiz tutulur. Bu faizləri kartın sahibi olan banklar müəyyən edir və bir-birindən fərqlənir. Ona görə də, kart seçərkən bu faizlərə diqqət etmək lazımdır. Azərbaycanda bankların kredit kartları üçün müəyyən etdiyi faizlər 20-30 % arasında dəyişir. Bundan başqa, siz kartdakı vəsaiti nağdlaşdıran zaman da əlavə faiz tutula bilər. Bunu da hər bir bank fərdi şəkildə müəyyən edir. Əksər hallarda banklar onlara məxsus bankomatlardan nağdlaşdırma zamanı faiz tutmurlar. Faizi yalnız digər banklara məxsus bankomatlardan nağdlaşdıran zaman tuturlar. Bu səbəbdən də, kredit kartı aldığınız bankın bankomat şəbəkəsinin genişliyinə xüsusl diqqət yetirmək lazımdır.
İstifadə rahatlığı və əlavə imkanlar...
Bir çox kredit təşkilatları müştərilərinə kredit kartlarından istifadəni mümkün qədər sadə və rahat edən əlavə xidmətlər (pullu və ya pulsuz) təklif edirlər. Belə xidmətlərə internet bankçılıq, SMS xəbərdarlıq, 24 saat xidmət göstərən zəng mərkəzi, operator vasitəsilə telefonla əməliyyatlar aparmaq imkanı və s. daxildir.
Bundan başqa, bonus proqramlarının mövcudluğuna da diqqət yetirmək lazımdır. Kredit kartının məxsus olduğu banklar partnyor şirkətlərlə əməkdaşlıq edərək, kart sahibinə endirimlər, balların toplanması, xüsusi imtiyazlar və s. təqdim edə bilərlər. "Kobrend" kartlarla topladığınız xalları hava millərinə, benzin litrlərinə, danışıq dəqiqələrinə, alış-veriş bonuslarına və s. çevirmək mümkündür. "Cash back" funksiyalı kredit kartları ilə müştəri, məsələn, iri pərakəndə satış şəbəkələrində və müxtəlif xidmətlər göstərən şirkətlərdə xərclənən pulu (alış məbləğinin 1-5 %-i həcmində) hesaba geri qaytara bilər.
Yeri gəlmişkən deyək ki, nağd ödəniş etmədən alış-veriş etməyə imkan verən ödəniş kartları ilk dəfə 19-cu əsrin ikinci yarısında Amerika Birləşmiş Ştatlarında (ABŞ) ortaya çıxıb. İlk ödəniş kartı 1854-cü ildə "Hotel Credit Letter Company" adlı şirkət tərəfindən istifadəyə buraxılıb. Təbii ki, o zaman istifadə olunan ödəniş kartları müasir kartlardan fərqli olaraq məhdud imkanlara sahib olub. Məsələn, haqqında bəhs etdiyimiz ilk ödəniş kartının imkanlarından yalnız bir neçə turizm şirkəti istifadə edə bilirmiş. Müasir ödəniş kartları isə ötən əsrin ortalarında meydana çıxıb. O vaxtlar elektron texnologiya geniş şəkildə tətbiq olunmadığı üçün insanlar nağd ödəniş əvəzinə imzalı kağızlardan istifadə edirdilər. Eyni zamanda o dövrdə ödəniş kartına sahib olmaq hər kəsə nəsib olmurdu. Lakin ötən əsrin 90-cı illərində İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində baş verən inqilabi yeniliklər ödəniş kartlarından istifadənin də kütləviləşməsində mühüm rol oynadı.