Yusif Zayıdov 
 

Sakitlik... Yaşıllıq... Gözəl bağlar... Rəngarəng çiçəklər... Türklərin öz dili ilə desək, "Arnavut kaldırımlı", yəni, daş döşəməli küçələr... Möhtəşəm malikanələr... Qidalardan qatığı ilə məşhur olan gözəl bir sahil rayonu... Bu qədər gözəlliyi bir araya toplayaraq tək bir adla adlandırmış olsaq, İstanbulun Anadolu sahilinin ən gözəl rayonlarından biri Kanlıca deməklə söhbəti tamamlamış olarıq. Kanlıcanın adı ilə də bağlı müxtəlif rəvayətlər var. Ancaq ən çox diqqəti cəlb edən rəvayət bu adın Osmanlı sultanlarından biri tərəfındən qoyulması ilə bağlıdır. Deyilənə görə sultan bir gün əmr verir və İstanbulun havası ən təmiz olan rayonunun tapılmasını istəyir. Vəzirlər bunun üçün iş başına keçirlər və sultanın dediyi o rayonu tapmaq üçün təkliflər verirlər. Vəzirlərdən biri deyir ki, şəhərin hər rayonuna üzərində qanlı ət olan dirəklər basdırılsın. Hansı rayonda ət gec xarab olsa, deməli, o rayon havası ən təmiz olan rayondur. Sultan vəzirin bu təklifinin ağlabatan olduğunu görür. Və vəzirin dediyi kimi hər rayona üzərində qanlı ət olan dırəklərin basdırılmasını əmr edir. Əmr ən qısa bir vaxtda yerinə yetirilir və nəticədə, ət ən gec bu rayonda xarab olur. Buna görə də, sultan bu rayonu "Kanlıca" adlandırır.

Beləcə, Kanlıcaya yolçuluğumuz başlasın...

Üsküdardan bura bir neçə avtobus və onların dili ilə desək, "dolmuş" hərəkət edir. Kanlıcaya uzanan yolda İstanbulun bir-birindən gözəl mənzərəli yerləri ilə də tanış olursunuz. Kanlıcaya çatana kimi tanış olacağınız məkanlar - Kuzguncuk, Bəylərbəyi, Çəngəlköy, Kandilli və Anadolu Qalası, ya da başqa adı ilə Anadolu Hisarıdır. Üstəlik, bu yerlərə gedərkən tək getməmək məsləhətdir. Yanınızda mütləq Türkiyəni həqiqətən sevən bir türk dostunuz olsun. Olsun ki, sizə o yerlərin tarixi barədə geniş məlumat versin. İndi də Kanlıcada diqqətimizi cəlb edən bəzi yerləri sizə də təqdim edək.

Mihrabad bağı

Kanlıcanın ən gəzməli yerlərindən biri də Mihrabad bağıdır. Bağ Osmanlı İmperatorluğunun son dövründə Berlin səfiri Sadullah Paşanın həyat yoldaşı Nəcibə xanım tərəfindən Misirli Abbas Halim Paşanın qızı Ruqiyə xanıma hədiyyə edilmişdir. Mihrabad bağından qarşıya, yəni, İstanbulun Avropa hissəsinə baxanda Ortaköy sahilinin, Rumeli Qalasının (və ya Hisarının), həmçinin, İstinye Körfəzinin möhtəşəm mənzərəsi ilə baş-başa qalırsınız.

Kanlıca Qazi İskəndər Paşa Məscidi

Kanlıca limanının girişində yerləşən və Qanuni Sultan Süleyman dövründə tikilən Qazi İskəndər Paşa Məscidi də o ətrafda ən diqqəti cəlb edən yerlərdən biridir. Xüsusilə də, taxtadan tikilişi ilə göz oxşayan bu məscidi görməyə dəyər. İnanın ki, bu cür məscidlər biz müsəlmanlardan çox, qeyri-müsəlmanların diqqətini cəlb edir. Fatih Sultan Mehmet Körpüsü

Fatih Sultan Mehmet Körpüsü

İstanbulda Kavacık və Hisarüstü arasında Boğaziçi Körpüsündən sonra Asiya ilə Avropanı birləşdirən ikinci asma körpüdür. Bu yerlər yalıları, yəni malikanələri ilə də məşhurdur. Hətta, buradan keçərkən Türkiyənin məşhur müğənni və siyasətçilərinin malikanələri ilə də tanış ola bilərsiniz.

Kanlıca qatığı

Adətən, biz yazılarımızda gəzməli yerlərə üstünlük veririk. Ancaq bu dəfə bir az haşiyədən çıxacaq və məşhur Kanlıca qatığından danışacağıq. Kanlıca qatığının şöhrəti və fərqi buradakı inəklərin südündən irəli gəlir. İnəklərin yediyi otlar arasında xüsusi bir ot olduğu üçün südlərinin rəngi çəhrayı rəngə çalır və bu süddən əldə olunan qatıq da çox dadlı olur. Bərə limanının ətrafındakı çay bağlarından, kafelərdən, həmçinin, marketlərdən Kanlıcanın məşhur qatığını alıb dada bilərsiniz. Hətta bəzi kafelərdə qatığın üzərinə qoyulan dondurma da ona ayrı bir dad verir. Biz Kanlıcadan qayıdarkən avtobusdan yox, vapurdan (yəni, gəmidən) istifadə etdik. Bu nəqliyyatdan istifadə etmək insana daha maraqlı gəlir. (Yazılarımızın birində vapurla (yəni, gəmi ilə) səyahətlərə də yer ayıracağıq). Çünki yol boyu həm arda-arda sıralanmış malikanələrin və tikililərin gözəlliyinə, həm də tarixi binaların füsunkarlığına tamaşa etmiş olursunuz. Yazıdan haşiyə çıxaraq deyək ki, həzz alaraq tamaşa etdiyimiz bu malikanələrin sakinləri heç də bizim onları görməyimizdən məmnun deyillər. Bəziləri buna görə pəncərələrindəki qalın ağ pərdələri günlərlə qaldırmırlar. Hətta məhz buna görə malikanələrini satan və oradan köçənlər də var.

Gəmi ilə marşrut xətləri isə belədir:

1. Çəngəlköy - İstinye xətti (Çəngəlköy - Arnavutköy - Bəbək - Kandilli - Anadolu Qalası - Kanlıca - Emirgan - İstinye)

2. Anadolu Kavağı - Üsküdar xətti (Anadolu Kavağı - Beykoz - Paşabahçe - Çubuklu - Kanlıca - Anadolu Qalası - Çəngəlköy - Bəylərbəyi - Üsküdar)

Biz isə ikinci xətdən istifadə etdik. Sonda isə həmişə xatırlatdığım bir sözü yenidən xatırlatmaq istəyirəm: "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı"...