Yuxunu bir insan üçün şüursuzluq vəziyyəti kimi də ifadə etmək olar. Ölümün qardaşı kimi də ifadə edilən yuxu öz mərhələlərinə görə müxtəlif qruplara ayrılır. Həmçinin, araşdırmalar göstərir ki, yuxunun iki müxtəlif mərhələsi var. Belə ki, biz hər gecə yuxumuzda bu iki mərhələdən keçirik: Beyin dalğalarının sürətinin azaldığı mərhələ (bunu başqa cür "yavaş dalğa yuxusu" da adlandırırlar) və gözlərimizdə sürətli hərəkətlərin ortaya çıxdığı mərhələ (bunu başqa cür "sürətli göz hərəkəti yuxusu" və ya REM yuxusu da adlandırırlar). Birinci yuxu (yəni, yavaş dalğa yuxusu) yuxunun ən "dayaz" mərhələsidirsə, ikinci yuxu (yəni, REM yuxusu) yuxunun ən dərin mərhələsidir. Üstəlik, bu yuxular tsikllər şəklində ortaya çıxır. REM yuxusu gənclərdə yuxu müddətinin 25 %-lik hissəsini təşkil edir və adi halda 90 dəqiqədən bir təkrarlanır. Bu yuxu ərzində insan o qədər də sakit olmur və əsasən sonradan xatırlanan yuxular görür.

Yavaş dalğa yuxusu

Yatan insan son dərəcə sakitdir və damarlarda boşalma müşahidə olunur. Bununla yanaşı, daxili orqanların fəaliyyətində də yavaşlama qeydə alınır. Təzyiq, tənəffüs, həmçinin, bazal metabolizm səviyyəsində 10–30 % azalma müşahidə olunur. Yavaş dalğa yuxusu "yuxusuz yuxu" kimi də adlandırılır, ancaq buna baxmayaraq yavaş dalğa yuxusunda da yuxu görmək mümkündür.

REM yuxusu (paradoksal və ya desinxron yuxu)

Normal gecə yuxusunda 5–30 dəqiqə davam edən REM yuxusu orta hesabla 90 dəqiqədən bir ortaya çıxır. İnsan çox yuxuludursa, REM yuxusunun müddəti qısalır və hətta aradan qalxır. Digər tərəfdən, insan gecə boyu get-gedə daha çox dincəldiyi üçün REM yuxusu tsikli get-gedə uzanır. Yuxu görmə faizi yüksək olan REM yuxusunda hisslər aktivləşdiyi üçün oyanmaq daha çətindir. Ancaq buna baxmayaraq, səhərlər oyanma əsasən REM yuxusu mərhələsində baş verir. Yuxu görmə vaxtı ürək və tənəffüs aktivliyi yuxu aktivliyi ilə müqayisədə dəyişiklik göstərdiyi halda, beyin metabolizmində də (başqa sözlə, beyin maddələr mübadiləsində də) 20 %-ə yaxın bir dəyişiklik müşahidə olunur. Ancaq bu aktivlik ətrafda baş verənləri hiss etməyə və oyanmağa səbəb olmur. Burada diqqəti cəlb edən əsas məsələ isə yuxuya REM yuxusu ilə getmək və yuxudan yenə REM yuxusu ilə oyanmaqdır. Məsələn, axşam işdən evə gedərkən alətləri yerinə qoyaraq, kompüteri bağlayaraq, elektrik enerjisini söndürərək və s. müəyyən bir hərəkətlilik yaşayırıq. Təbii ki, səhər işə gedərkən də yenə buna oxşar bir hərəkətliliklə qarşılaşırıq. Beynimizin REM vəziyyətini də əslində, bizim bu vəziyyətimizə bənzəyən və qısa müddət davam edən bir hazırlıq mərhələsi kimi ifadə etmək olar.

Yuxululuq və oyaqlıq mərhələləri

Yuxululuq və oyaqlıq tsikli birbaşa bioloji saatımızla bağlıdır. Ona görə də, insan üçün normal yuxu vaxtı gecədir. Gecə yuxusu insan sağlamlığı üçün də çox vacibdir. Bu məsələnin Qurani-Kərimdə dəfələrlə ifadə edilməsi də düşünən insanların diqqətini yuxunun vacibliyinə cəlb edir və Allahın (c.c.) yaratmaq barədəki hikmətlərinə işarə edir. Qurani-Kərim bəzən yuxudan bəhs edərək: "Yuxunuzu da (sizin üçün) istirahət vaxtı etdik" (Nəbə, 78/9), bəzən də gecə və gündüz yuxusunu birlikdə zikr edərək: "Gecə və gündüz yatıb dincəlməyiniz də, Onun lütfündən (ruzi) istəməyiniz də Onun (varlığının) dəlillərindəndir" (Rum, 30/23), deyə buyurur. Xüsusilə də, son ayədə gecə və gündüz yuxusunun bir yerdə zikr edilməsi bizə Allah Rəsulunun (s.ə.s.) günorta yuxusu (başqa adı ilə qaylulə) sünnətini xatırladır. Günorta yuxusu xüsusilə uşaqlar üçün çox faydalıdır. Qısaca desək, bədən hərarətinin aşağı olduğu səhərə yaxın 3.00 və günortadan sonra 14.00–15.00 radələri orqanizmin yuxuya ən meyilli olduğu vaxtlardır. Günorta yuxusu ən keyfiyyətli yuxu olub insan orqanizmi üçün uzun müddət yatmaqdan daha faydalıdır. Uşaqlıq dövründə isə günorta yuxusu beyin və bədənin inkişafı üçün çox vacibdir. Bu baxımdan, uşaqların gündə 1-2 saat günorta yuxusuna ehtiyacları var. Böyüklər üçün isə 15–20 dəqiqəlik yuxu kifayətdir. Ayədə "gecə" sözünün əvvəl zikr edilməsindən gecənin yuxuya, gündüzün isə işləməyə ayrıldığını anlamaq olar. Aparılan yeni araşdırmalarda isə gecə işləyən peşə sahiblərində (həkim, polis və s.) müşahidə edilən gecə yuxusuzluğunun ürək və beyin problemlərinə səbəb olduğu müəyyən edilmişdir. Digər tərəfdən, heyvanlar üzərində aparılan araşdırmalarda da yuxusuz qalan heyvanlarda yaraların sağalmasının qarşısının alındığı müşahidə olunmuşdur. Xüsusilə də, xəstələrin xəstəlik vaxtı və xəstəlikdən sonra sürətlə sağalmalarında yuxunun rolu böyükdür.

Yuxu və böyümə hormonu

Yuxu ilə böyümə hormonunun ifraz olunması arasında da sıx əlaqə var. Dərin yuxu böyümə hormonunun ifrazını (başqa sözlə, sekresiyasını) artıraraq, xüsusilə də, uşaqlarda böyüməyə və boy uzanmasına səbəb olur. Böyümə hormonu eyni zamanda gənclik hormonu kimi qəbul edilir və bu hormonun çatışmadığı insanlarda erkən yaşlanma halları müşahidə edilir.

Yuxu və melatonin

Gecə yuxusu zamanı "melatonin" adlanan hormon da ifraz olunur. Bu hormon orqanizmi aşındıran oksidativ streslə mübarizədə ən yaxşı antioksidant maddədir. Oksidativ stress başda xərçəng xəstəlikləri olmaqla bir çox xəstəliklərin səbəbi kimi göstərilir. Melatonin yuxuda ifraz olunaraq xəstəliklərin meydana gəlməsinin qarşısını almaqda, xəstələndikdə isə xəstəliyin daha tez sağalmasına kömək etməkdədir. Keyfiyyətli yuxudan sonra səhər saat 8.00 radələrində streslə mübarizə hormonlarının (adrenokortikotrop (ACTH) və kortizol hormonları) ən yüksək səviyyəyə çatdığı müşahidə edilir. Bu da hər səhər bizim yeni günə güclü bir şəkildə başlamağımıza səbəb olur. Səhərlər fiziki və psixoloji stresin ən yüksək olduğu vaxtlar olduğu üçün gecə yuxusunun köməyi ilə bu hormonların ifrazında artım baş verir və bu da insanın gündəlik stresə qarşı daha güclü olmasına imkan verir.

Yuxusuzluq

Yuxusuzluq mərkəzi sinir sisteminin (eyni zamanda, beyinin) funksiyalarına mənfi təsir göstərir. Uzun müddət davam edən yuxusuzluq özü ilə zehnin proqressiv disfunksiyasını və hətta bəzən sinir sisteminin anormal davranış xüsusiyyətlərini gətirir. Uzun müddət davam edən yuxusuzluqdan sonra hətta düşüncələrimizin də bulanıqlaşdığını görürük. Digər tərəfdən, uzun müddət yuxusuz qalmağa məcbur olan bir insan təkcə stress yox, psixotik xüsusiyyətlər də nümayiş etdirə bilər. Ona görə də, yuxunun həm mərkəzi sinir sisteminin normal fəaliyyətini qoruduğunu, həm də sinir sisteminin müxtəlif bölmələri arasındakı normal tarazlığı təmin etdiyini güman etmək olar. Bunu kompüterlərin və ya cib telefonlarının vaxtaşırı yenidən işə salınmasına (restart) bənzətmək olar. Yuxusuzluq zamanı bəzi beyin hissələri ilə sinir sistemi hissələri arasındakı tarazlıq pozulduğu üçün eyni prosesin mərkəzi sinir sistemində də baş verdiyini ehtimal edə bilərik. Bu baxımdan, yuxunun əsas xüsusiyyətinin neyron mərkəzləri arasındakı tarazlığı qorumaq olduğunu da irəli sürə bilərik. Yuxunun keyfiyyəti yemək vərdişləri ilə də bağlı olduğu üçün axşamlar çox yemək və yeməkdən sonra tez yatmaq yuxuya getməyi çətinləşdirir. Üstəlik, çox yemək reflüks kimi xəstəliklərə də səbəb olur. Bundan başqa, keyfiyyətli yuxu üçün vaxt tənzimlənməsinə də diqqət yetirmək lazımdır. Bioloji saatımıza uyğun olaraq yemək, işləmək və yatmaq kimi tsikllərin maneəsiz davam etməsi üçün gecə yuxuya, gündüz isə işləməyə üstünlük vermək lazımdır. Yuxuya getməyi asanlaşdırmaq və yuxunun keyfiyyətini artırmaq üçün isə işıqsız bir şəraitdə yatmağa diqqət yetirmək lazımdır. Cib telefonu, planşet və kompüterdən az istifadə etmək də yuxuya getməyi asanlaşdıra bilər.