Onda mənim 13 yaşım var idi. Ailəm bir il əvvəl Şimali Floridadan Cənubi Kaliforniyaya köçmüşdü. Artıq yetkinlik dövrünə qədəm qoymuşdum və necə deyərlər, "intiqam hissi" ilə alışıb yanırdım. Hətta bəzən ata-anam da bu intiqam hissindən yan keçmirdilər. Buna görə də, onların dediyi hər söz (xüsusilə də, mənimlə bağlı) məni özümdən çıxarırdı. Yetkinlik dövründəki başqa uşaqlar kimi, mən də dünyagörüşümə zidd olan hər şeydən uzaq olmağa çalışırdım. Hətta sevgi sözü də mənim üçün öz mənasını itirmişdi. Hər dəfə sevgi sözünü eşidəndə istəristəməz özümdən çıxırdım.

O gün də çox çətin bir gün keçirmişdim. Axşam evə gələn kimi otağıma girdim və qapını hirslə örtdükdən sonra yatdım. Yatağımda yatanda həmişəki kimi əlimi yastığımın altına saldım. Ancaq bu dəfə yastığın altında nə isə olduğunu hiss etdim. Yastığı qaldırıb baxanda bunun bir məktub olduğunu gördüm. Məktubun üstündə "Təklikdə oxu!" yazılmışdı. Otağımda tək olduğum üçün məktubu oxuya bilərdim. Məktubu açdım və oxumağa başladım. Məktubda bu sözlər yazılmışdı: "Mayk, son günlər çox çətin günlər keçirdiyini bilirəm. Əgər istəyirsənsə, problemlərini mənimlə bölüşə bilərsən. Əgər istəmirsənsə, bu yenə sənin öz işindir. Ancaq unutma ki, nə edirsənsə et, harada olursansa ol, səni həmişə sevəcəyəm və səninlə həmişə fəxr edəcəyəm. Və bu heç vaxt dəyişməyəcək. Hörmətlə: Anan"...

Bu məktub sonrakı "Təklikdə oxu!" məktublarının birincisi idi. Və mən yetkinlik dövrünü başa vurana qədər bu məktublar davam etdi. Bu gün isə mən insanlara kömək etmək üçün ölkə-ölkə gəzirəm...

Bu yaxınlarda bir seminar vermək üçün Floridada idim. Seminarın sonunda yanıma bir qadın gəldi və oğlu ilə yaşadığı problemlərdən danışdı. Birlikdə sahilə çıxdıq və söhbət etməyə başladıq. Ona anamın ölümsüz sevgisindən və "Təklikdə oxu!" məktublarından danışdım. Bir neçə həftə sonra isə o qadından oğluna ilk məktubunu yazdığını bildirən bir məktub aldım. O gecə yatanda istər-istəməz əlimi yastığım altına saldım və yetkinlik günlərimdəki "Təklikdə oxu!" məktublarımı xatırladım. Həm də mənə həmişə sevildiyimi hiss etdirən "Təklikdə oxu!" məktublarımı...