Ağıl nədir? Zəka nədir? Onlar arasında hansı fərqlər var? Zəkalı və ya ağıllı dedikdə nəyi nəzərdə tuturuq? Bütün zəkalı insanları ağıllı saymaq olarmı? Ağıllı olmaq üçün zəka, zəkalı olmaq üçün ağıl nə dərəcədə vacibdir? Elə isə zəkadan başlayaq...

Zəka

Zəka sözünün lüğətdəki mənası parlaq od, parlaqlıq, kəskinlik deməkdir. Fəlsəfi mənada isə zəka insanın özünü və onu əhatə edən kainatı beş hiss üzvü ilə dərk etməsidir. Hadisələrə müdaxilə, öyrənmək, analiz və sintez etmək qabiliyyətləri, beş hiss üzvündən və intuisiyadan maksimum istifadə, diqqət zəka hesabına baş verir. İnsan zəkası şüur, ağıl, vicdan, intuisiya, hiss və yaddaş kimi amillərlə sıx bağlıdır. Buna görə də, abstrakt mülahizələrlə insan zəkasını analiz etmək qeyri-mümkündür. İnsan zəkasının insanın mahiyyətindəki digər mənəvi amillərlə birbaşa bağlı olması zəka məfhumunun ən azı bir neçə tərifi olduğunu göstərir. Həmçinin, insanda (o cümlədən bəzi heyvanlarda da) zəka ilə qabiliyyət arasında sıx əlaqə olduğu üçün müxtəlif zəka tiplərindən də söhbət açmaq olar (sosial zəka, musiqi zəkası, riyazi zəka və s.). Digər tərəfdən, ruha və zəkaya malik olan varlıqların şüurlu və ağıllı olması şərt deyil. Məsələn, heyvanlar müəyyən bir zəka səviyyəsinə malik olsalar da, ağıldan məhrumdurlar. Başqa sözlə, heyvan zəkası insan zəkasından fərqlidir.

Bəs heyvanlarda öyrənmək qabiliyyəti varmı? Ümumi nəzər saldıqda heyvanlar qarşılaşdıqları qoxu, dad, əşya və ya hərəkətlə yenidən qarşılaşdıqda reflektiv reaksiya göstərirlər. Yəni, onların bu reaksiyalarında ağıl rol oynamır. Başqa sözlə, heyvanın yaddaşı da insanın yaddaşından fərqlidir. Məlumatlar yaddaşa zəka, hiss, intuisiya, mühakimə və niyyət vasitəsi ilə gəlir. Bizim üçün "mühüm olmayan" məlumatlar yaddaşa daxil olmur. Çünki bu məlumatlar üçün xüsusi diqqət sərf edilmir. Buna görə də, insanın struktur və fəaliyyət baxımından özünəməxsus bir zəkaya malik olduğunu söyləyə bilərik.

Psixologiya və zəka

Zəka, psixologiya və təfəkkür qabiliyyəti arasında sıx əlaqə var. Zəkalı olsa da, uşaqlıqda aldığı tərbiyənin mənfi təsiri nəticəsində sosiallaşmamış, qapalı qalmış, özünə inamı olmayan insanların rahat düşündüklərini, başqa sözlə, zəkalarını inkişaf etdirdiklərini demək çox çətindir. Burada Eynşteynin uşaqlıq dövrünü misal göstərmək olar. Məktəb illərində Eynşteynə utancaq olduğu üçün "Biedermeier" ləqəbini vermişdilər. Eynşteyn verilən suallara səhv cavab verməmək üçün düşündükdən sonra cavab verirdi. Hətta bir dəfə ata-anası onun xəstə olduğunu da düşünmüşdü. Bu, Eynşteynin "dəmir rejim"in hakim olduğu katolik məktəbində təhsil alması ilə bağlı idi. (Xatırladaq ki, 1880-ci illərin Almaniyasında yalnız dini məktəblər var idi).

Bu misaldan göründüyü kimi insanın yetişdiyi mühitdən çox şey asılıdır. Digər tərəfdən, insanın müəyyən ideya sahibi olması onun şəxsiyyətinin formalaşmasında, özünə inamının artmasında çox mühüm rol oynayır.

Bəzi hallarda yuxarıdakının əksini də müşahidə etmək olar. Özünə həddindən artıq inanan, güclü analiz qabiliyyəti olan, lakin bütün bunları sintezləşdirə bilməyən insanlar da var. Onlar əsas etibarı ilə həyatda heç bir nəticəyə nail olmurlar, daha doğrusu bu barədə düşünmürlər. Çox vaxt tənqidə üstünlük verirlər. Burada onların xarakterik cizgilərinin, həmçinin aldıqları tərbiyənin də böyük rolu var.

Ağıl

Ərəb dilində müxtəlif mənalar verən "ağıl" sözü "bağlamaq" deməkdir. Burada "bağlamaq" bir-birinə uyğun olan iki əşya və ya iki məfhum arasında əlaqə qurmaqdır. Məsələn, qələm və yazmaq sözləri arasında müəyyən əlaqə var. Buna görə də, "qələm yazır" ifadəsində qeyri-adi heç bir şey yoxdur.

Zəka və ağlın mahiyyət və funksiyaları müxtəlifdir. Ağıl hikmət üçündür. Ağıl düşünmək, mühakimə etmək, hökm çıxarmaq üçündür. Qərar qəbul edən, seçən ağıldır. Çünki ağıl, eyni zamanda müəyyən iradəyə malikdir. Zəka isə iradəyə malik deyil və yalnız ağlın fəaliyyəti üçün zəruri informasiyaları toplamaqla məşğuldur. Zəka beş hiss üzvü, həmçinin, intuisiya yolu ilə daxil olan məlumatları qəbul edərək ağla ötürür. Ağıl isə öz növbəsində bütün bunların subyektiv şərhini verir. Bunu həmçinin, insanın iradəsini göstərməsi kimi də izah etmək olar. Ağıllı olmaq üçün zəka şərtdir, zəkalı olmaq üçün isə ağıl sahibi olmaq şərt deyil.

Zəka ağlın mühərrikidir. Bu mühərrikdən necə istifadə etmək isə ağıldan asılıdır. Başqa sözlə, zəka mühərrikə, ağıl isə sükana bənzəyir. Mühərrik nə qədər yaxşı olsa da, sükan ondan istifadə edə bilmirsə, heç bir mənası yoxdur. Nəticə etibarı ilə mühakimə üçün düşünmək, düşünmək üçün isə zəka lazımdır. Lakin hər düşünəni ağıllı saymaq olmaz.

İnsan, ağıl və zəka

İnsan ağlının yaradılmasındakı əsas qayəni onun Yaradanını tanıması kimi də izah etmək olar. Ağlın bütün başqa fəaliyyətləri də bu nəticəni əldə etmək baxımından mühümdür. Çox zəkalı olduğu halda dünyada bu nəticəni əldə edə bilməyən nə qədər insan var. Burada müəyyən mənada fəlsəfə-hikmət müxtəlifliyini də görə bilərik.

Məsələn, Quranın, "Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağış yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfinə yaymasında, küləyin bir səmtdən başqa səmtə əsməsində, buludların hərəkətində ağıl və düşüncə sahibi olan insanlar üçün Allahın hikmət və qüdrətinə dəlalət edən əlamətlər var." (2/164) ayəsi zəkanın fəaliyyət dairəsini məhdudlaşdıraraq ağlı ön plana çıxarır. Ona görə də, Quran "ağıl sahibləri" deyir, "zəka sahibləri" demir. Çünki zəka ağıl üçün yalnız ilkin şərtdir. Zəka yoxdursa, ağıl da yoxdur. Əsas hədəf ağıldır. Quran ağlı əsas götürür. Çünki insan ağılla dərk və ya mühakimə edir. Ona görə də, bu mənada təfəkkür zəkanın həqiqəti axtarmasıdır. Başqa sözlə, ağıl zəkanın fəaliyyəti nəticəsində toplanan məlumatların arxasındakı hikməti görür, yəni təkcə quru məlumatla kifayətlənmir. Zəka reallığı, ağıl isə həqiqəti dərk etmək üçün yaradılmışdır. Həqiqəti yalandan, yaxşını pisdən, düzü əyridən yalnız ağıl ayırd edə bilir. Buna görə də, sağlam mühakimə üçün ağıl mütləq hisslərdən ön plana keçməlidir. Ağlı hissini üstələyən insanlar üçün həqiqət birdir. Əks halda, insanların sayı qədər həqiqət olardı. Nəticə etibarı ilə zəka ağıl üçün manevr sahəsidir. Qalan şeylər isə insanın niyyəti ilə bağlıdır...