Müasir dövrümüzdə inkişaf edən texnologiya bir tərəfdən həyatımızı asanlaşdırsa da, bir tərəfdən də həyatımız üçün gizli təhlükə meydana gətirir. Çünki insan orqanizmi əslində hərəkət etmək üçün yaradılmışdır. Hərəkət etməyən orqanizmdə isə istər qısa müddət üçün, istərsə də, uzun müddət üçün problemlər meydana gəlir. Üstəlik, bu problemlərin ən başında artıq çəki dayanır. Digər tərəfdən, oynaqlarda və əzələlərdə də problemlər baş verir. Təbii ki, bu problemlər daxili orqanlardan da yan keçmir. Nəticədə, "yorğun" və "halsız" bir insan ortaya çıxır. Sonra da bu "yorğun" və "halsız" insan həkim-həkim gəzməyə başlayır. Ancaq uzun müddət şikayətlərindən xilas ola bilmədiyi üçün artıq xronikləşmiş xəstəlikləri ilə yaşamaq məcbuiryyətində qalır.
"Fibromialgiya sindromu" ağrı və halsızlıq kimi əlamətlərlə özünü göstərən çox geniş yayılmış xroniki ağrı sindromudur. Bu əlamətlər arasında isə ən əsas yeri əzələ ağrıları tutur. Bu isə həmin insanın həyat keyfiyyətində ciddi tənəzzülə səbəb olur. Xəstələrin geniş yayılmış bədən ağrıları ilə yanaşı yorğunluq və halsızlıq kimi şikayətləri də mövcuddur. Nəticədə isə bütün bunlar xəstələrdə yuxu pozğunluğuna gətirib çıxarır. Bu isə onların işə köklənməkdə çətinlik çəkmələrinə səbəb olur. Fəsillər dəyişdikdə və xüsusilə də, soyuqlar düşdükdə şikayətlər artır. Üstəlik, bu vəziyyət iş gücü itkisi baxımından da çox təhlükəlidir. Digər tərəfdən, bu qrupa daxil olan xəstələr mənbəyi məlum olmayan ağrı şikayətləri ilə əlaqədar müxtəlif sahələrin həkimlərinə müraciət edirlər. Ancaq düzgün diaqnoz qoyulmadığı və xəstələr ağrıkəsiciyə məhkum edildiiyi üçün problem tam mənası ilə aradan qaldırılmır. Nəticədə, xəstələrin şikayətləri qısa bir müddət üçün azalmış və ya keçmiş olsa da, bir müddətdən sonra yenidən təkrarlanır.
Fibromialgiya sindromu ümumilikdə qadınlarda 3-4 %, kişilərdə isə 0,5-1 % müşahidə olunur. Digər tərəfdən, ən çox bu xəstəliyə 30-50 yaş qrupuna aid olan qadınlarda və kişilərdə rast gəlmək mümkündür. Üstəlik, xəstələrin bəzi dövrlərdə şikayətləri azaldığı halda, bəzi dövrlərdə artır. Fizioloji və psixoloji travma, soyuq və rütubətli hava, gərgin və səs-küylü iş tempi kimi səbəblər xəstəliyi daha da azğınlaşdırır. Belə hallarda əsasən orqanizmin alt və/və ya üst yarısında ağrılar müşahidə olunur. Ağrılar orqanizmin ən çox istifadə edilən boyun və bel nahiyələrində daha çox müşahidə edilir. Daha sonra isə bu ağrılara baş ağrıları da əlavə olunur. Ağız quruluğu, göz quruluğu, əllərdə tərləmə və titrəmə, əllərdə keyimə və şişmə, ürək döyünməsi, nəfəs daralması və s. isə xəstələrin əsas şikayətləri arasındadır. Bu xəstəliklə bağlı aparılan analizlər əsasən normal nəticələr versə də, ikinci planda olan başqa xəstəliklərlə də müşaiyət oluna bilər. Buna görə də, laboratoriya nəticələrində anormal nəticələr müşahidə edilərsə, mütləq ikinci planda olan xəstəliyi araşdırmaq lazımdır. Digər tərəfdən, fibromialgiya sindromu depressiya, miqren, xroniki yorğunluq sindromu və miofastsial ağrı sindromu kimi xəstəliklərlə də üst-üstə düşə bilər. Həmçinin, bu xəstəliklərin bir yox, bir neçəsini eyni vaxtda bir xəstədə müşahidə etmək olar. Bəlkə də, buna görədir ki, belə xəstələrin 25 %-də depressiya, 50 %-də isə miqren müşahidə olunur.
Elə isə fibromialgiya ağrılarından necə xilas olmaq olar? Hər şeydən əvvəl xəstələrin müalicəsi müəyyən bir proqrama uyğun aparılmalıdır. Bu proqram daxilində dərman müalicəsi ilə yanaşı, idman, masaj, fizioterapiya və s. kimi müalicələr də həyata keçirilməlidir. Təbii ki, burada qidalanmanın müəyyən rejimə uyğunlaşdırılmasını da unutmaq olmaz. Digər tərəfdən, lazım gəldikdə xəstəyə psixoloji kömək də göstərilməlidir. Əslində, burada müalicə ağrılarla yanaşı, yorğunluğu və halsızlığı azaltmaq, eyni zamanda digər simptomları (depressiv simptomlar da daxil olmaqla) aradan qaldırmaq məqsədi daşıyır. Ümumilikdə götürdükdə isə fibromialgiya sindromunun konkret və standart bir müalicə üsulu yoxdur. Buna görə də, xəstə fibromialgiya sindromu ilə bağlı məlumatlandırılmalı, xəstə üçün özünəməxsus fiziki idman proqramı tərtib edilməli və hər şeydən əvvəl yuxu (daha doğrusu, yuxusuzluq) problemi həll edilməlidir. Digər tərəfdən, müalicədə müəyyən dozada və müddətdə (təbii ki, həkim nəzarəti altında olmaq şərti ilə) antidepressant dərmanlardan, həmçinin ağrıkəsicilərdən istifadə olunmalıdır. Fibromialgiya sindromu olan xəstələr uzun müddət hərəkətsiz qaldıqları üçün idman proqramına gərgin templə başlamamalıdırlar. İlk hədəf həftədə ən azı 3 gün olmaq şərti ilə yarım saat gəzmək, velosiped sürmək və üzmək olmalıdır. Üstəlik, idman proqramında əvvəlcə isinmə, sonra isə soyuma hərəkətləri edilməlidir. Unutmayın ki, bu idmanlar xəstənin təkcə əzələlərini gücləndirmir, həmçinin, əzələlərin stabil şəkildə fəaliyyətini nizamlayır.